Xəbər 31 mart soyqırımı erməni terrorizminin daha bir sübutudur

31 mart soyqırımı erməni terrorizminin daha bir sübutudur

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Prezident İlham Əliyev: 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın, demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər

Tarix boyu Azərbaycan xalqı dəfələrlə ermənilərin fitnə-fəsadına tuş gəlib. Öz tarixlərini saxtakarlıqla yazan, əzəli Azərbaycan torpaqlarında dövlət quran, maddi və mədəniyyət abidələrimizi, mətbəximizi mənimsəyib öz adlarına çıxmağa çalışan ermənilər, eyni zamanda, zaman-zaman azərbaycanlılara qarşı misli görünməyən vəhşiliklər, qətliamlar törədiblər. Etnik mənsubiyyətlərini yalan üzərində formalaşdıran ermənilərin 1918-ci ilin martında havadarlarının köməyi ilə azərbaycanlılara qarşı törətdikləri soyqırımının miqyası isə daha böyükdür.
50 mindən çox soydaşımız erməni vəhşiliyinin qurbanı olub
Buqələmun kimi cilddən-cildə girməyi yaxşı bacaran ermənilər azərbaycanlılara qarşı məkrli planlarını reallaşdırmaq üçün ayrı-ayrı dövrlərdə formalaşan tarixi şəraitdən maksimum dərəcədə bəhrələnməyə çalışıblar. 1905-1907-ci illərin bəlli hadisələrindən sonra ermənilər xalqımıza qarşı növbəti məkrli planlarını 1918-ci ilin yazında təkrarladılar. Bu dəfə onlar həmin dövrdə regionda yaranan vəziyyətə uyğun olaraq bolşevizm ideyalarından sui-istifadə etdilər. Sıralarında çoxlu sayda erməninin “lövbər” saldığı Bakı Kommunası əks-inqilabçılara qarşı mübarizə şüarı altında 1918-ci ilin martında Bakı quberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi kimi cinayətkar planın icrasına başladı.
Azərbaycanlıların soyqırımı yalnız Bakı ilə məhdudlaşmadı. Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə də azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bakının küçələri, qeyd olunan bölgələr, necə deyərlər, qan gölünə qərq olmuşdu. O dövrün mətbuatında dərc edilən statistikaya əsasən təkcə Bakıda 30000 nəfər xüsusi qəddarlıqla qətlə yetirilib. Şamaxıda 58 kənd dağıdılıb, 7000 insan xüsusi qəddarlıqla öldürülüb. Qubada 122, Qarabağda 150, Zəngəzurda 115 kənd yerləyeksan edilib...
Deyilənlərdən də göründüyü kimi, 1918-ci ilin martında və sonrakı aylarda ermənilərin törətdikləri vəhşiliklərin miqyası kifayət qədər genişdir və xüsusi qəddarlığı ilə diqqəti cəlb edir. Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışındakı çıxışında erməni quldur dəstələrinin Azərbaycanın, demək olar ki, bütün ərazilərində qətliamlar törətdiklərinə diqqət çəkərək deyib: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın, demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur”.
31 mart soyqırımına Ulu öndər Heydər Əliyev tərəfindən ilk dəfə siyasi və hüquqi qiymət verilməsi mühüm tarixi əhəmiyyətə malikdir
Tarixin hansısa qatlarında baş verənlər elə keçmişdə də qalmamalıdır. Erməni xisləti elədir ki, onlara qarşı hərb meydanında və ideoloji müstəvidə layiqli cavab verilmədikdə daha da azğınlaşırlar. Tarixin dərsləri nə qədər acı olsa da, biz ondan ibrət götürməliyik. Xüsusilə gənc nəsil keçmişdə xalqımızın düçar olduğu qətliamlar, soyqırımları barədə ətraflı bilgilərə malik olmalıdır. Bu, ilk növbədə, gələcəyimiz üçün, faciələrimizin təkrarlanmaması naminə zəruridir.
Deyilənlər baxımından 31 mart soyqırımına Ulu öndər Heydər Əliyev tərəfindən ilk dəfə siyasi və hüquqi qiymət verilməsi mühüm tarixi əhəmiyyət daşıyır. Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görüb. Lakin Xalq Cümhuriyyətinin ömrü az oldu və başlanılan işlər yarımçıq qaldı. Sovet hakimiyyəti illərində isə 1918-ci ilin yazında xalqımıza qarşı törədilən vəhşiliklər cəmiyyətə tamam başqa rakursdan təqdim edilirdi. Soyqırımının təşkilatçıları lənətlənmək əvəzinə, qəhrəmanlar kimi dərsliklərdə təbliğ edilirdilər, onlara heykəllər ucaldılır, şənlərinə mahnılar bəstələnirdi. Müstəqilliyimizin ilk illərində zorla hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarı da bəhs olunan soyqırımı hadisəsinə hüquqi-siyasi qiymət verməyə tələsmədi. Halbuki ermənilərin respublikamıza qarşı yeni ərazi iddiaları ilə çıxış etdikləri, elan olunmamış müharibəyə başladıqları bir dövrdə bu, çox vacib idi.
Xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanın siyasi rəhbərliyinə gələn Heydər Əliyev 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” müvafiq Fərman imzalayıb. Fərmanda 1918-ci ildə baş verən soyqırımı hadisəsinə siyasi-hüquqi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 
Ötən 20 il ərzində üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib. Xocalı soyqırımı erməni vəhşiliyinə növbəti sübutdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu faciə dünyanın gözü qarşısında baş verib: “Xocalı soyqırımını törədənlər bu gün Ermənistan rəhbərliyində təmsil olunan adamlardır. Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni biz bunu “erməni soyqırımı” mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri - bütün bunlar həqiqətdir və reallıqdır”.
1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam bəşəri cinayət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədi daşıyır
Məlumdur ki, Azərbaycanın dövlət başçısı mötəbər tribunalardan erməni vəhşilikləri, terrorları barədə qətiyyətli fikirlər səsləndirib. Eyni zamanda, Prezident İlham Əliyev Öz çıxışlarında tarixi ədalətin gec-tez bərpa olunacağına dərin inam ifadə edir. Prezident İlham Əliyev inamla və qətiyyətlə bildirib ki, biz tarixi torpaqlarımıza qayıdacağıq. Dövlət başçısının ifadə etdiyi fikirlər bizim yaddaşımızı təzələyir, bizi qarşısıalınmaz bir qüvvətək o yerlərə çəkir. Bəli, biz o yerlərə dönəcəyik. Bu, mütləqdir! “Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır. Erməni faşizminə o vaxt düzgün qiymət verilmədiyi üçün sonra tarixin müxtəlif dövrlərində erməni faşizmi öz yırtıcı sifətini nümayiş etdirmişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb. 
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. 
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu böyük rol oynayır
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında dövlət qurumları ilə yanaşı, həmçinin Heydər Əliyev Fondu da çox mühüm rol oynayır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması Fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir. Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun roluna diqqət çəkərək deyib: “Bu gün Azərbaycan dövləti və Azərbaycanda fəaliyyət göstərən ictimai qurumlar, ilk növbədə, Heydər Əliyev Fondu Xocalı soyqırımının dünyada soyqırımı kimi tanıdılmasında çox böyük işlər görür. Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasında da Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə vurğulamaq istəyirəm. “Xocalıya ədalət!” kampaniyasının başlanması və uğurla davam etdirilməsində də Heydər Əliyev Fondu, bizim diaspor təşkilatlarımız və əlbəttə ki, Azərbaycan dövləti bir nöqtəyə vurur və artıq tədricən istədiyimizə nail oluruq. Artıq bir neçə ölkə rəsmi qaydada Xocalı soyqırımını soyqırımı kimi tanıyıb və bu proses davam etdirilir”.
Mübariz ABDULLAYEV