Xəbər Aprel qəhrəmanları

Aprel qəhrəmanları

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Aprel zəfəri təkcə Azərbaycan Ordusunun qüdrətini yox, həm də yeni qəhrəmanlarımızı, mərd oğullarımızı bizə tanıtdırdı. Bir daha bəlli oldu ki, Azərbaycan əsgəri bir qarış torpağına görə canından keçməyə belə hazırdır.

Dördgünlük müharibə həm də onu sübut etdi ki, illərlə Azərbaycan torpaqlarında özünün müdafiə istehkamını quran və ənənəvi uydurmaları ilə bunun “keçilməz” olduğunu yayan işğalçı Ermənistan ordusu nəinki deyildiyi kimi, heç onun yüzdə biri qədər də deyilmiş. Belə olmasaydı, Azərbaycanın igid oğulları əks-həmlə ilə 3 günə “keçilməz ohanyan sədlərini” darmadağın edə bilməzdi. Heç Azərbaycan igidlərinin qəhrəmanlığı haqqında soraqlar da el-el, kənd-kənd dolaşmazdı. 
Məhz ona görədir ki, biz yeni tarix yazmış qəhrəmanlarımızla tanış oluruq və onlarla qürur duyuruq. 
İki il öncə ordumuzun şanlı qələbəsində böyük payı olan cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissənin qəhrəmanlarını sizlərə tanıtmaq istərdik. Onlar Azərbaycanın hərb tarixində iz qoyan igidlərdir.

 

7 tank, 1 PDM, şəxsi heyətlə dolu 3 hərbi maşını məhv edən qəhrəman

 

Aprel döyüşlərində böyük qəhrəmanlıq göstərərək Azərbaycan Prezidentinin sərəncamı ilə “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenə layiq görülən zabit Mirdamət Bağıyev iki il öncə tank əleyhinə raket kompleksi bölməsinin komandiri olub. Düşmənin yeddi tankını, şəxsi heyəti daşıyan üç dolu hərbi maşınını, 1 hərbi texnikasını, bir minik avtomobilini məhv edib. 
Mirdamət döyüşlərin ilk günündə çiynindən güllə yarası alsa da, bunu kiməsə bildirməyib, yaralı-yaralı döyüşü davam etdirib. Döyüşlər səngiyəndən bir neçə gün sonra aldığı güllə yarası onu narahat etməyə başlayıb. 
Zabit yalnız bundan sonra hospitala göndərilib: “Güllə çiynimdən daxil olub boyun nahiyəmdən çıxmışdı. Heç kimə bildirmədim. Bu vəziyyətdə iki kilometr yol qət etdim. Sonra yanımda mərmi partladı və gözümə qəlpə girdi. Yenə də dayanmadım. Döyüşçülərimizlə düşmənin mövqeyini tutduq. Bir qədər vaxt keçəndən sonra ermənilər ehtiyat qüvvələri ilə əks-hücuma keçdilər. Lakin onlara irəli gəlməyə imkan vermədik. Tabeçiliyimdə olan heyətlə ümumilikdə düşmənin 17 texnikasını, yüzlərlə canlı qüvvəsini məhv etdik”. 
Komandirlərinin ciddi yaralandığını görən hərbçilər təkidlə onun hospitala göndərilməsi üçün müraciət edirlər. Mirdamət hospitala göndərilir və yarası sarındıqdan sonra oradan qaçıb döyüş bölgəsinə getmək istəsə də icazə verilmir. Sonra gözündən əməliyyat olunur və qəlpə çıxarılır. 
Döyüşlər zamanı baş verən ən maraqlı məqam isə Mirdamətin 77 yaşlı atası ilə telefon danışığı olub. Cəbhədə döyüşlərin başlandığını eşidən ata oğluna zəng edib vəziyyəti soruşur. Zabit atasının narahat olmaması üçün hər şeyin qaydasında olduğunu deyir: “Bir müddətdən sonra atam yenə təlaş içərisində zəng etdi. Yenə də dedim ki, qorxma mən arxadayam heç nə olmayıb, sağ-salamatam. Atamın cavabı gözlərimi yaşartdı: “Ay oğul, sən necə hərbçisən axı... Orada döyüşlər gedir, sən arxada gizlənib tamaşa edirsən?” Özümü güclə saxladım. Deyə bilmədim ki, ata, mən yaralı-yaralı döyüş mövqeyini tərk etmədim və qanım o torpağa tökülə-tökülə aldığım tapşırığı sonadək yerinə yetirdim. Axı, illərlə bu günü gözləyirdik. Bunu mənə necə yaraşdırırsan?!”
Bəli, bu Azərbaycan zabitinin döyüş meydanında göstərdiyi əsl hünərdir, əsl qəhrəmanlıqdır.

 

Düşmən qorxaqcasına qaçdı

 

Ordumuzun aprel zəfərinin digər qəhrəmanı, tank bölməsinin komandiri olmuş zabit Elmin Həsənovdur. Rəhbərlik etdiyi bölüklə Talış kəndi istiqamətindəki yüksəklikləri müdafiə edən zabit Azərbaycan Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib: 
- Aprelin 1-də gecə xəbər verildi ki, Ermənistan silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupu mövqelərimizə hücum edir. Rəhbərlik etdiyim bölməyə tapşırıq verildi və biz 10 tankla müdafiə olunmağa başladıq. Şəxsi heyət aprelin 2-dən 4-dək qəhrəmançasına döyüşdü. Düşmənin xeyli texnikasını, canlı qüvvəsini məhv etdik. 
Düşmən Azərbaycan Ordusunun güclü müqavimətini görüb geri çəkilməyə başladı. Biz də əks-həmlə ilə onlara ciddi zərbələr vurduq. Düşmənin 3 Kamaz, 1 minik avtomobilini və xeyli sayda canlı qüvvəsini məhv etdik. Şəxsi heyət bu döyüşlərdə böyük şücaət göstərdi. Tankçılarımız cəsarətlə vuruşurdular. Mərmilərin gurultusu dağlarda əks-səda verib ətrafı silkələyirdi. Tankların arxasınca gedən piyadalar da hücuma qoşuldu. Güclü əks-həmlə nəticəsində ermənilərin mövqelərini darmadağın etdik, yüksəklik azad olundu. Düşmən geriyə tələsik çəkildiyinə görə, həm meyitlərini, həm silah-sursatlarını, həm də şəxsi əmlaklarını, mobil telefonlarını, hətta bəzi vacib sənədlərini də atmışdılar. Onlar qorxaqcasına qaçmışdılar. 
Biz əsasən termal görüntülü gecəgörmə cihazlarından istifadə edərək düşmənə ağır zərbələr endirdik. Cəmi bir tankımız zədə aldı və bir günə bərpa edilərək döyüşə çıxarıldı. 
Bölmənin şəxsi heyəti döyüşlərdə böyük hünər və qəhrəmanlıq göstərdi. Düşmən üzərinə hücum zamanı əsgərlərimin gözündə intiqam qığılcımı və qisas yanğısı gördüm. Bu şücaətimizə görə Ali Baş Komandan İlham Əliyev və müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən mükafatlandırıldıq. Bölmədə olan 3 hərbçi “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenə layiq görüldü.

 

“Keçilməz Ohanyan” müdafiə sistemini qısa zamanda darmadağın etdik

 

Digər həmsöhbətimiz aprel savaşının fəal iştirakçısı, döyüş meydanında tank bölməsinin komandiri kimi vuruşmuş zabit Səxavət Baxışovdur. O, da döyüş zamanı digər zabit və əsgərlər kimi, Vətənin bir qarış torpağına görə canını fəda etməkdən çəkinməyib. Silahdaşları ilə çiyin-çiyinə verib Azərbaycan torpağında növbəti vəhşiliyi həyata keçirməyə cəhd edən erməni qüvvələrini yerində oturtmaqla nəyə qadir olduğunu göstərə bilib.
Qəhrəmanımız həmin günləri belə xatırlayır: “Gecə yarısı idi, alınan komanda ilə təcili döyüş xəttinə yollandıq. İstiqamət Tapqaraqoyunlu kəndi idi. Düşmən yenə də mövqelərimizi ağır artilleriyadan atəşə tutub hücuma keçmişdi, basqınlar ara vermirdi. Rəhbərlik etdiyim tank bölməsi və digər döyüş bölmələri ilə qısa zamanda ora çatdıq. İlk döyüş gecəsi əks-həmlə ilə düşmənin kəşfiyyat-diversiya dəstəsinin hücumunun qarşısını aldıq. Onların “keçilməz sədlərini”, mühəndis istehkam qurğularını qısa zamanda məhv etdik. Məqsəd itki vermədən düşmənin təxribatının qarşısını almaqla yanaşı, onlara sarsıdıcı zərbə endirmək, təyin olunmuş yüksəklikləri ələ keçirmək idi... 
Döyüş zamanı rəhbərlik etdiyim tank bölməsindən cəmi bir tank xəsarət aldı. Döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirə bildik, təyin olunmuş hədəfə çatdıq. Düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv etdik. Əvvəl müqavimət göstərsələr də, sonra başını itirmiş düşmənin öz mövqelərini necə tərk etdiklərinin, silahlarını atıb qaçdıqlarının şahidi olduq. Təxminən 3 kilometr məsafədə Tapqaraqoyunludan Talış kəndinə tərəf irəliləyə bildik və buradakı mövqeləri ələ keçirdik...”
Bu şücaətinə görə Səxavət Baxışov və rəhbərlik etdiyi tank bölməsinin demək olar ki, əksər şəxsi heyəti mükafatlandırılıblar. Onların bir neçəsi yüksək medallarla təltif olunublar. Ali Baş Komandan İlham Əliyev zabit Səxavət Baxışova “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalı şəxsən təqdim edib.

 

Tankların önündə düşmənə tərəf şığıyan igid

 

İgidliyinə və döyüş bacarığına görə aprel döyüşlərində fərqlənən digər hərbi qulluqçu “N” saylı hərbi hissənin giziri Əli Eynullayevdir. Yəqin onu son iki ildə internet portallarında yayımlanan videogörüntüdən də yaxşı tanıyırsız. O, döyüşün ən qızğın yerində - topa, mərmiyə məhəl qoymadan mövqeyini tərk edərək düşmən üzərinə yeriyən Azərbaycan tanklarının qarşısına keçib istiqamət göstərmiş, döyüş istiqamətləri haqqında məlumat vermişdi: “Biz döyüş gedən yerləri əvvəlcədən yaxşı tanıyırdıq. Dəfələrlə düşmən postlarını aşıb keçmişdik, ərazinin relyefinə və döyüş nöqtələrinə bələd idik. Həmin gecə tapşırıq alan kimi 10 nəfərlə birbaşa düşmən mövqelərini hədəf seçərək irəlilədik. 3 yüksəkliyi azad etdik. Düşmənlərin az qala mühasirəsinə düşürdük. Onlar nə qədər çalışsalar da, geri çəkilmədik. Üç gün həmin yüksəkliklərdə qaldıq. Bu müddət ərzində ehtiyat ərzaqla qidamızı təmin etdik, sadəcə susuzluqdan əziyyət çəkirdik. Sonra digər ordu birləşmələrimiz düşməni daha geri çəkilməyə məcbur etdi və bizə də kömək gəldi. Çox keçmədən həmin ərazilərdə bizim əsgərlər mövqelərini möhkəmlətdilər. Yeni hədəflərə doğru irəlilədik”. 
Aprel döyüşlərindən sonra yayımlanan videogörüntülərdəki igid Azərbaycan hərbçisi Əli Eynullayev hər kəsə bir daha əsl qəhrəmanlığın nə olduğunu göstərdi. Sinəsini düşmən gülləsinin önünə sipər edib dayanmadan irəliləyən bu mərd oğulu Ali Baş Komandan İlham Əliyev “İgidliyə görə” medalla təltif etdi. Bu, ona yaraşan medal idi.
Bəli, bunlar hələ adını bilmədiyimiz, qəhrəmanlığı haqqında eşitmədiyimiz minlərlə Azərbaycan igidlərindən bir neçəsidir. Aprel zəfəri onları bizə tanıtdırmaqla yanaşı, digər gənclərimiz üçün də örnək oldu. 
Yolumuz ön cəbhəyə, düşmənlə təmas xəttinədir...

(Ardı var)

Rəşad BAXŞƏLİYEV,
Elnur HADIYEV,
“Azərbaycan”