Xəbər APREL ŞAPALAĞI

APREL ŞAPALAĞI

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Tərs şapalaq yaman şeydir!

Elə aprel şapalağı da ondan idi!
Əvvəla, tərs şapalaq qəfildən olur! 
İkincisi, adamın gözündən od çıxararaq qulaqlarını batırır!
Üçüncüsü, müvəqqəti də olsa, ağlını başından çıxarır!
Ən nəhayət, vahiməyə salır, qarabasmalar yaradır və insan başlayır səy-səy danışmağa... 
Ali Baş Komandan İlham Əliyevin 2016-cı ilin aprel ayında Ermənistan ordusuna və onun kriminal başçılarına vurduğu tərs şapalaq həmin effekti yaradıb!
Tərs şapalaq təkcə döyüş meydanında vurulmur. Onun da müxtəlif növləri var. Məsələn, Ermənistanın blokadaya alınması cingiltisi uzun müddət qulaqlardan çəkilməyən şapalaqlardandır! 
Dəfələrlə əli ilə üzünü tutub sahibinin yanına qaçsa da, bir köməyi olmayıb! 
Nə üzündən qızartı çəkilib, nə də qulağından səs! 
Çünki şapalaq xəstəlik deyil ki, dava-dərmanla müalicə edəsən! 
Tutuzdurdun qurtardı getdi!
İndi yalvarıb yaxarırlar ki, heç olmasa elə edin ki, növbəti şapalaq gəlməsin! “Böyük qardaş”la “böyük bacı” “keçilərinin” (Qoçu Nəcəfqulunun keçisi nəzərdə tutulmur) mühafizəsini təmin etmək üçün qoruyucuların (Avropada buna “müşahidəçilər” deyilir) sayını artırmaq barədə məsələ qaldırdılar ki, bəlkə “rusca keçi” ürəklənə. Çünki ermənini çıldağa aparmaq da mümkün deyil ki, qorxuluğunu götürələr! 
Amma o da alınmır. Əvvəla, təmas xətti boyunca o qədər müşahidəçi düzmək mümkün deyil ki, şapalaq salmağa mane ola bilsinlər. İkincisi, indiki “krizis” dövründə onların maaşını da çatdırmaq çətindir.
Amma iqtisadi şapalaqlar dalbadal dəyməkdədir!
Bakı-Tbilisi-Ceyhan Ermənistandan yan keçdi...
Bakı-Tbilisi-Ərzurum Ermənistandan yan keçdi...
Bakı-Tbilisi-Qars Ermənistandan yan keçdi...
Hələ bu harasıdır!
“Şərq-Qərb” nəqliyyat dəhlizinə Ermənistanın əli çatmır!
“Şimal-Cənub” nəqliyyat dəhlizinə Ermənistanın əli çatmır!
Üstəlik: 
Azərbaycan-Türkiyə-Rusiya yeni əməkdaşlıq formatı yaradıldı...
Azərbaycan-Rusiya-İran yeni əməkdaşlıq formatı yaradıldı...
Rəşt-Astara və Astara-Astara dəmir yolu xətti çəkilməklə İran-Ermənistan dəmir yolunun çəkilməsi niyyəti puça çıxdı. 
Pul tapılmadığına görə yox! Artıq əhəmiyyətsiz göründüyü üçün!
Bu gün Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilir!
Amma bu qovşaqda Ermənistana yer yoxdur!
Çox çalışdılar ki, bir təhər Ermənistanı beynəlxalq layihələrə soxuşdursunlar!
Alınmadı!
Azərbaycanda insan hüquqlarının “pozulması”, mətbuat və söz azadlığının boğulması barədə haray-həşir qopardılar!
Sübut edə bilmədilər!
Ermənistandan keçməyən layihələrin reallaşdırılması üçün kreditlərin verilməsinə mane oldular!
Xeyri olmadı!
Layihə gerçəyə çevrildi də, işləyib tərəfdarlarının sayını artırdı da, Azərbaycanın Cənubi Qafqazda söz sahibi olduğunu bir daha təsdiqlədi də!
Ermənistan öz havadarları ilə kənardan baxa-baxa qaldı!
Nə “Surix protokolları” kara gəldi, nə də “futbol diplomatiyası!”
Təzədən əvvəlki taktikaya qayıtdılar:
Atəşkəsin və işğalın ömrünü uzatmağa!
Hələ bəzilərinə çatmayıb ki, Qarabağ cəbhəsində atəşkəs yoxdur!
Əgər varsa, onda hər gün yüz dəfədən çox pozulan nədir?
O şey ki pozulur, ona var demək olarmı?
Ermənilər tərəfindən öldürülən azərbaycanlı mülki əhalini, o cümlədən uşaqları kimin ayağına, yaxud vicdanına yazaq?!
Məgər atəşkəs hərbçilər üçündür, onun mülki adamlara dəxli yoxdur?
Axı, əsgər və zabitlərimiz də şəhid olur! 
Erməni havadarları vəziyyətdən çıxış yolunu monitorinqlərdə iştirak edən müşahidəçilərin sayını artırmaqda görürlər!
Guya müşahidəçi çox olsa, atəşkəs pozulmayacaqdır!
Mənasız fikirdir!
Onda təmas xəttindəki hər əsgərə bir müşahidəçi təhkim ediləcək?
Ermənistan tərəfindən bunu etmək asandır. Çünki nə orduya çağırmağa adam tapırlar, nə posta qoymağa əsgər!
Azərbaycan tərəfində isə elə bir ordu yaradılıb ki, kənar müşahidəçilər ona nəzarət edə bilməzlər. 
Silahlar yeni, texnologiya müasir, ordu qüdrətli...
Nə atəşkəs, nə də müşahidəçi aprel toqquşmasının qarşısını ala bilmədi!
Böyük Qayıdışın başlanğıcı sayılan Cocuq Mərcanlı yarandı!
Daha sonra Tərtərin işğaldan azad edilmiş ərazisində yeni yaşayış massivi salındı!
Bütün bunlar iki il bundan əvvəl vurulmuş şapalaqdan sonra baş verdi!
Şapalaq qorxusu az qala digər problemləri arxa plana atır:

* Ermənilər sürətlə Ermənistanı tərk edirlər;
* millətin sayı artmır, prezidentləri nə qədər qərar qəbul edib sərəncam versə də, analar həvəsdən düşüblər, doğmaq istəmirlər;
* Ermənistandakı analar oğlanlarının Dağlıq Qarabağda əsgəri xidmət keçməsinə razılıq vermirlər, çünki övladlarının özgə torpağında ölməsini istəmirlər;
* orduda xidmət etmək üçün çağırışçı çatışmır;
təmas xəttindəki döyüş postlarında növbə çəkməyə əsgər yoxdur;
* korrupsiya və rüşvətxorluq tüğyan edir, 
işsizlik, yoxsulluq, dilənçilik dözülməz həddə çatıb...

Bir deyil, beş deyil! Hansını sayasan?!
Daha bir qəfil şapalaq isə YAP-ın VI qurultayından gəldi! Azərbaycan Prezidenti İlham Əliyev o qurultaydakı nitqində təkcə işğal olunmuş torpaqlara deyil, üstəlik, qədim Azərbaycan torpaqlarına - Yerevana və Zəngəzura da qayıdacağımızı bəyan etdi!
Ali Baş Komandanın bu açıqlaması Ermənistanda zəlzələ və vəlvələ effekti yaratdı!
Çünki ermənilər yaxşı bilirlər ki, Azərbaycanın dövlət başçısı dediyini edəndir!
Həm də Cocuq Mərcanlıya qayıdış da bu sözlərin zarafat olmadığını açıq-aydın göstərir!
Hamı yaxşı bilir ki, şapalaqdan sonra təpik gəlir!
Təpik isə adamı durduğu yerdən çox-çox uzaqlara atır!
Erməniləri qorumaq istəyənlər təpik gələnə qədər məsələni sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməlidirlər!
Sonra gec olacaq!

Həm də Ali Baş Komandanımız hər şeyin vaxtını-vədəsini hamıdan gözəl bilir!
Aprel şapalağı kimi!..

 

Bəxtiyar SADIQOV