Xəbər Prezident İlham Əliyev: Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir

Prezident İlham Əliyev: Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Aprel döyüşləri Azərbaycan dövlətinin qüdrətini, Ermənistanın isə acizliyini göstərdi Regional güc mərkəzi olan Azərbaycanın xarici siyasət kursunun mühüm strateji prioritetlərindən birini Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsi təşkil edir.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət və hücum diplomatiyası sayəsində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addımlar atılıb, eyni zamanda, diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə edilib. Ümumiyyətlə, Azərbaycan tərəfi münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv mövqe sərgiləyib. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır, beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir. Müəyyən müddətdir ki, davam edən danışıqlar prosesində ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü məsələsində də ölkə rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi Ermənistan və bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb.
Aprel döyüşləri Azərbaycanın işğal faktı və mövcud status-kvo ilə barışmaq niyyətində olmadığını nümayiş etdirdi
Ermənistan rəhbərliyi isə çıxılmaz vəziyyətə düşdüyünü anlayaraq 2016-cı ilin 1-5 aprel tarixində cəbhə xəttində növbəti təxribat törədərək vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışdı. Lakin Azərbaycan Ordusunun düşmənin təxribatlarının qarşısını alması, nəticədə Ermənistan silahlı qüvvələrinin 200-ə yaxın hərbçi, çoxsaylı texnika itirməsi, həmçinin 2000 hektara yaxın ərazinin, o cümlədən Lələtəpə və Talış yüksəkliklərinin geri qaytarılması Ermənistanın niyyətlərini puç etdi. Aprel döyüşləri həm də onu göstərdi ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmaq, Ermənistanın təxribatlarına dözmək niyyətində deyil və düşmənə layiqli cavab vermək əzmi və iqtidarındadır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir, Azərbaycan əsgərinin qələbəsidir, Azərbaycan dövlətinin qələbəsidir: “Biz bütün dünyaya bir daha sübut etdik ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, bunu beynəlxalq reytinqlər də qeyd edir. Bir daha sübut etdik ki, heç vaxt Azərbaycan indiki vəziyyətlə barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcəkdir”.
Qeyd edək ki, məhz aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək.
Azərbaycan Ordusu işğal edilmiş torpaqlarımızı azad etməyə qadirdir
Aprel döyüşlərinin nəticəsi həm də Azərbaycan Ordusunun istənilən döyüş tapşırığını yerinə yetirmək əzmi və qüdrətində olduğunu göstərdi. Bir daha bəlli oldu ki, Azərbaycan dövləti, onun ordusu qüdrətlidir və istənilən təxribatçı hərəkətlərin qarşısını almaq iqtidarındadır. Şübhəsiz, Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinə layiqli cavab verən Azərbaycan Ordusunun döyüş qabiliyyətini müəyyən edən mühüm faktorlardan biri Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin silahlı qüvvələrimizə göstərdiyi hərtərəfli diqqət və qayğıdır. Digər bir məqam isə vətənpərvərlik ruhu ilə bağlıdır. Ümumiyyətlə müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biri də orduda və ümumilikdə, vətəndaşlar arasında sağlam mənəvi-psixoloji durum, ruh yüksəkliyi, özünə inam, vətənpərvərlik hisslərinin hakim olmasıdır. Bu gün Azərbaycan cəmiyyətində qeyd olunan əhval-ruhiyyə mövcuddur. Bütün bunların nəticəsidir ki, xalqımız Azərbaycan Silahlı Qüvvələrinə vahid mərkəzdən idarə olunan, maddi-texniki bazası, intellektual potensialı xeyli möhkəmlənmiş, istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir. Ordumuz gündən-günə güclənir, öz qüdrətini artırır. Beləliklə, Prezident İlham Əliyevin vurğuladığı kimi bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır: “Ordumuz üçün nə lazımdırsa biz onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir”
Beynəlxalq ictimaiyyətin mövqeyi birmənalıdır: status-kvo qəbuledilməzdir!
Azərbaycan Ordusunun şanlı aprel qələbəsi həm də beynəlxalq ictimaiyyət tərəfindən münaqişənin həlli məsələsinə adekvat yanaşmanın ortaya qoyulmasını şərtləndirib. Aprel döyüşlərindən sonra ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri, rəsmilər Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan etdilər. Bu isə onu deməyə əsas verir ki, dünya ictimaiyyəti Ermənistanın qeyri-konstruktiv mövqeyini kəskin qınayır.
Bundan başqa, ATƏT-in Minsk qrupu da mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətindədir və bu fikir açıq şəkildə ifadə olunub. Ümumiyyətlə, 2016-cı ilin aprelindən sonra beynəlxalq ictimaiyyət bir daha anladı ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış münaqişə ölkəmizin ərazi bütövlüyünə qarşı törədilmiş qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Ona görə də bu problemin həlli beynəlxalq təhlükəsizliyin diktə etdiyi zərurətdir və Dağlıq Qarabağ münaqişəsi nə qədər ki ədalətli şəkildə həll edilməyib, regionda bütövlükdə sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür. İşğalçı Ermənistan isə bütün çağırışlara qeyri-konstruktiv reaksiya verməklə yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə də məhəl qoymur. Aprel döyüşlərindən sonra yaranmış yeni hərbi-siyasi şərait Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini zəruri edir.
Tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradıla bilməz!
Beləliklə, aprel döyüşlərindən sonra əldə edilmiş hərbi-psixoloji və diplomatik üstünlük Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqeyini gücləndirdi və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri əsasında həlli üçün ciddi zəmin yaratdı. Eyni zamanda, aprel döyüşləri Ermənistan təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mifi dağıtdı, bu kimi iddiaların heç bir əsası olmadığını göstərdi. Prezident İlham Əliyev Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyində çıxışı zamanı qeyd edib ki, iki il bundan əvvəl Ermənistan döyüş meydanında üzləşdiyi məğlubiyyətdən bu günə qədər də özünə gələ bilmir: “Bu gün Azərbaycan bayrağı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının vaxtilə işğal altında olan torpaqlarında dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada və Xankəndidə dalğalanacaqdır”.
Azərbaycan həm aprel döyüşləri zamanı əldə etdiyi şanlı qələbə ilə, həm də diplomatik müstəvidə qazandığı üstünlüklə bir daha Ermənistana bu mesajı verdi ki, tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradıla bilməz. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ancaq və ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bunun başqa yolu yoxdur. Dəfələrlə demişəm, bir daha demək istəyirəm, bunu hamı bilsin ki, Azərbaycan heç vaxt imkan verə bilməz ki, bizim tarixi torpaqlarımızda ikinci erməni dövləti yaradılsın”.
Nurlan QƏLƏNDƏRLİ