Xəbər Siyavuş Novruzov: Mühacir adı altında bəzi şəxslər erməni lobbisinin dəstəyi ilə dövlətimizin əleyhinə fəaliyyət göstərirlər

Siyavuş Novruzov: Mühacir adı altında bəzi şəxslər erməni lobbisinin dəstəyi ilə dövlətimizin əleyhinə fəaliyyət göstərirlər

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
«Azərbaycanda aktiv siyasi proseslərin olduğu bir vaxtda bir qrup şəxs Azərbaycan dövlətinin, Prezidentinin əleyhinə qarayaxma kampaniyası ilə məşğuldur».

Bu fikri YAP İcra katibinin müavini,  Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

S.Novruzov bildirib ki, bu kampaniya erməni lobbisinin dəstəyi ilə həyata keçirilir. Onun sözlərinə görə, mühacir adı altında bəzi şəxslər erməni lobbisinin dəstəyi ilə dövlətimizin  əleyhinə fəaliyyət göstərirlər.

«Onlar erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı qarayaxma ilə məşğuldur. Bu vaxta qədər bir dəfə də olsun Ermənistan səfirliyi qarşısında aksiya keçirməyən şəxslər Fransada Azərbaycan səfirliyi qarşısında aksiya keçirirlər. Ermənilər artıq istirahət edə bilərlər, çünki onların funksiyasını yerinə yetirənlər var. Çox təəssüf ki, onların Azərbaycan dövləti və xalqına qarşı apardıqları siyasət ermənilərdən betərdir. Sapı özümüzdən olan baltalar belələrinə deyilir. Ölkəmizdə siyasi mübarizə aparmaq istəyənlər üçün  heç bir məhdudiyyət yoxdur. Amma  düşmənin dəyirmanına su tökmək, erməni mediasında məşhurlaşmaq ancaq bu insanlara yaraşır. Vətənə, xalqa, orduya qarşı müxalif olmaq olmaz, azərbaycanlılara qarşı soyqırım törətmiş xalqla əlbir olmaq olmaz»-deyə, YAP İcra katibinin müavini vurğulayıb.

S.Novruzov qeyd edib ki, hər kəs, o cümlədən millət vəkilləri bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoymalıdır. Onun fikrincə, cəmiyyətimiz bu məsələdə həmrəy olmalıdır: «Bu baxımdan, xalqın seçdiyi millət vəkilləri də həmin ünsürlərə qarşı mövqeyini ortaya qoymalıdır. Bu məsələdə susmaq olmaz».