Xəbər Mehriban Əliyeva daha 461 ailəyə yeni ev sevinci bəxş etdi

Mehriban Əliyeva daha 461 ailəyə yeni ev sevinci bəxş etdi

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
Məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində dövlətin həyata keçirdiyi siyasət uğurlu nəticələr verir

Azərbaycan dövləti hər zaman vətəndaşının yanında olduğunu, ən çətin günlərdə sonadək ona dayaq durduğunu əməldə daim sübut edib. Bu xüsusda kifayət qədər konkret misallar gətirmək mümkündür və Azərbaycan qeyd olunan yönümdə də dünyada ən yaxşı nümunənin əsasını yaradan dövlətlərdən hesab edilir. 
Azərbaycanın qaçqın və məcburi köçkünlərə münasibətdə yürütdüyü siyasət, bu qəbildən olan insanların sosial problemlərinin həlli istiqamətində atdığı addımlar, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələrin həyata keçirilməsi dünyada ən yaxşı örnəklər sırasında yer alır.

 

Hər il minlərlə ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılır

 

Məcburi köçkünlərin bir qisminin uzun illər ağır vəziyyətdə məskunlaşdıqları müvəqqəti yaşayış yerlərindən bütün sosial-texniki infrastrukturu ilə birlikdə müasir tələblər səviyyəsində inşa edilən qəsəbələr və hündürmərtəbəli yaşayış binaları komplekslərinə köçürülmələri, onların sosial müdafiəsi ilə bağlı çoxsaylı fərman və sərəncamların imzalanması dövlətin və dövlət başçısının bu sahəyə gündəlik diqqətinin təzahürüdür.
Məlumdur ki, Azərbaycan dövlətinin diqqət və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Torpaqlarımızın işğaldan azad edilməsinin, məcburi köçkünlərin doğma ocaqlarına qaytarılmasının, buna qədər isə onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının ölkəmizin qarşısında duran prioritet məsələ olduğunu daim önə çəkən dövlət başçısı bu təbəqədən olan soydaşlarımızın problemlərinin, onları narahat edən məsələlərin həlli məqsədilə qarşıya konkret vəzifələr qoyur. Dövlət başçısı mütəmadi olaraq məcburi köçkünlərlə görüşür, bu insanların maddi rifah halının daha da yaxşılaşması üçün zəruri addımlar atır.

 

Problemlərin həlli Birinci vitse-prezidentin diqqət mərkəzindədir

 

Qeyd olunduğu kimi, bu gün əhalinin həssas təbəqəsi kimi qaçqın və məcburi köçkünlərə göstərilən qayğı daim yüksələn xətt üzrə inkişaf etməkdə, bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində yeni mühüm tədbirlər həyata keçirilməkdədir. Sözügedən proses Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunmasından sonra daha geniş vüsət almağa başlayıb.
Ümumiyyətlə, Mehriban xanım Əliyevanın fəaliyyətində insanlara diqqət, şəfqət, onların, o cümlədən qaçqın və məcburi köçkünlərin problemlərinin effektiv həlli hər zaman əsas istiqamətlərdən birini təşkil edib. Bunun real təsdiqi Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətə başlamasından sonra əsas diqqəti məhz qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəltməsidir. Məhz Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın ötən il martın 9-da ilk müşavirəsini Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin qəzalı binalardan köçürülməsinə həsr etməsi deyilənlərin bariz nümunəsidir.
Mehriban xanım Əliyeva müşavirədəki çıxışında bugünkü reallığı əsas gətirərək görülən işlərlə yanaşı, hələ də ağır vəziyyətdə, qəzalı və yararsız binalarda kifayət qədər çox məcburi köçkün ailəsi yaşadığını önə çəkərək bu istiqamətdə işlərin sürətləndirilməsi üçün təxirəsalınmaz addımlar atılmasının vacibliyini qeyd edib. Çıxış yolu kimi Birinci vitse-prezident bildirib ki, Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün məcburi köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Elə müşavirədən dərhal sonra Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsinin icrası çərçivəsində işlərə başlanıldı və bu işlər mərhələli şəkildə bu gün də uğurla davam etdirilir.

 

Çətinliklərin aradan qaldırılması məqsədilə komissiya yaradılıb

 

Həmin layihəyə uyğun olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsində yerləşən Təcili Tibbi Yardım Stansiyasının yarımçıq qalmış binasında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin köçürülməsi məqsədilə Heydər Əliyev Fondunun vəsaiti hesabına Xətai rayonu ərazisində yeni binalar alınıb və Nazirlər Kabinetinin 14 fevral 2017-ci il tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq Dövlətqaçqınkomun müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən 461 məcburi köçkün ailəsinin yeni binalara köçürülməsi prosesi müvəffəqqiyyətlə başa çatdırılıb.
Köçürülmə prosesi başa çatdıqdan sonra məcburi köçkünlərin müvəqqəti qeydiyyatları müxtəlif şəhər və rayonlarda olduğu, həmçinin bəzi məcburi köçkünlərin “məcburi köçkün” vəsiqələrinin olmadığı, onların yeni yaşayış sahələri üzrə müvəqqəti qeydiyyata götürülməsi və digər bu kimi çoxsaylı məsələlərdə yaranmış çətinliklərin aradan qaldırılması məqsədilə komissiya yaradılıb.
Dövlətqaçqınkomun aidiyyəti struktur bölmələrinin məsul əməkdaşlarının tərkibinə daxil edildiyi komissiyaya yeni binalara köçürülmüş məcburi köçkünlərin qeydiyyatının təmin edilməsi məqsədilə qısa vaxt ərzində onların əvvəllər müvəqqəti qeydiyyatda olduqları rayonların icra hakimiyyətlərini və komitənin bütün rayonlar üzrə sektorlarını da bu işə cəlb etməklə qeydiyyat kartlarının alınmasını, eyni zamanda həmin kartların Xətai rayon sektoru tərəfindən yerində təsdiq edilməsini, həmin məcburi köçkün ailələrinin elektron formada və təsdiq edilmiş qaydada adlı siyahılarının dəqiqləşdirilməsini və komitəyə təqdim olunmasını, məcburi köçkünlərin vəsiqələrlə təmin edilməsini və digər zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılmışdır ki, bütün bunlar da məcburi köçkünləri narahat edən məsələlərin vaxtında həllinə və onların bu qayğılardan azad edilməsinə, rahatlıqlarının təmin olunmasına yönəldilmiş vacib addımlardandır.
Kompakt məskunlaşma obyektində Vahid Pəncərə Sisteminin tətbiq edilməsi və məcburi köçkünlərin ASAN şəkildə sənədləşmə işinin aparılması və paralel olaraq qeydiyyat kartlarının açılması, kommunal xidmət təşkilatlarındakı xidmət kartlarının onların adına yerindəcə rəsmiləşdirilməsi, məcburi köçkün vəsiqəsi ilə təmin olunmayan məcburi köçkünlərə yeni vəsiqələrin hazırlanması işləri komissiya üzvləri tərəfindən operativ şəkildə icra olunub. Bundan sonra da işlərin səmərəliliyinin artırılması məqsədilə komitə rəhbərliyi tərəfindən komissiya üzvlərinə digər kompakt məskunlaşma yerlərində də bu cür tədbirlərin keçirilməsi tapşırılıb.

 

Yeni mənzillər hər bir məcburi köçkünün ürəyincədir

 

Qeyd olunan məsələlərlə bağlı bir-birinin ardınca komissiya üzvlərinin çalışdığı qərargaha müraciət edən və məsələlərinin yerindəcə həll olunduğundan razılıqlarını bildirən məcburi köçkünlər də “Dövlətqaçqınkom”un bu təşəbbüsünü dövlətin onlara qayğısı kimi dəyərləndiriblər.
Məcburi köçkünlərdən Könül İbrahimova bildirib ki, indiyədək Binəqədi rayonu ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarımçıq binasında məskunlaşmışdılar: “Bu illər ərzində nələr çəkdiyimizi heç kəsə arzulamıram. Bu gün isə Prezidentin və Mehriban xanım Əliyevanın biz məcburi köçkünlərə qayğısı sayəsində hərtərəfli şəraitlə təmin edilmiş və çoxdan arzusunda olduğumuz belə bir binada yaşayırıq. Mənzil problemimiz öz həllini tapıb. Dövlətqaçqınkomun bu təşəbbüsü isə bizi bir çox qayğılardan azad edib. Çünki əvvəlki yaşayış yerindən qeydiyyatdan çıxmaq, burada qeydiyyata düşmək üçün Binəqədi-Xətai rayonları arasındakı get-gəllərdən canımız qurtarıb. Buna imkan və vaxtımız da yoxdur. Mən bu məsələ ilə bağlı komissiyaya müraciət etdim, olduqca səmimi və xoş münasibətlə rastlaşdım. Müraciətim diqqətlə dinlənildi və yerindəcə özünün müsbət həllini tapdı. Bütün bunlara görə əməyi olanların hər birinə minnətdarlığımı bildirirəm”.
Anar Muradov isə qeyd etdi ki, yeni binada ailə tərkibinə uyğun olaraq ikiotaqlı mənzillə təmin olunub: “Azərbaycan Prezidentinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müntəzəm diqqət və qayğısını ailəmizin real həyatında hiss edirik. Bütün bunlara görə onu da yaxından duyub anlayırıq ki, bizim sahibimiz - hər bir vətəndaşının qayğısına qalan Prezidentimiz var. Məhz onun tapşırıq və tövsiyələri ilə həyata keçirilən hər bir təşəbbüs bizim vəziyyətimizin yaxşılaşdırılmasına, narahatlıq yaradan problemlərimizin aradan qaldırılmasına yönəlib. “Dövlətqaçqınkom”un bu təşəbbüsü isə bizi bir çox problemlərdən azad etdi. Düzü, neçə gündür ki, işimdən aralanıb yeni qeydiyyat kartı açdırmağa, həmçinin kommunal xidmət kartlarının adıma rəsmiləşdirilməsi üçün tələb olunan sənədləri düzəltməyə, toplamağa vaxt tapa bilmirdim. Ancaq komitənin əməkdaşlarının burada şənbə və bazar günləri də daxil olmaqla fasiləsiz çalışmaları və bizim müraciətləri vaxt itirmədən qısa müddətdə yerindəcə müvafiq qaydalar çərçivəsində həll etmələri təkcə mənim yox, bax burada müxtəlif məsələlərlə bağlı müraciət edən hər bir məcburi köçkünün ürəyincədir”.
Rafiq Cavadov dedi ki, bu gün dövlət tərəfindən bütün problemlərimizin həlli istiqamətində atılan addımları, görülən işləri miqyasına görə dəyərləndirdikdə bir daha əmin olursan ki, doğrudan da bu ölkə humanist dəyərləri özündə cəmləşdirərək bu ideyalara sadiqliyini qoruyub inkişaf etdirməkdədir: “Erməni təcavüzü nəticəsində üzləşdiyimiz çətinliklərin aradan qaldırılmasında humanizm siyasətinə sadiqliyini nümayiş etdirən dövlətimiz bizim vəziyyətimizin yaxşılaşdırılması, problemlərimizin həlli istiqamətində nə lazımdırsa, onu da edir. Bu isə bizdə gələcəyə böyük inam yaradır. Biz məcburi köçkünlərin sosial müdafiəsi istiqamətində atılan addımlar, görülən və görülməkdə olan işlər göz önündədir. Mənim də yeni mənzillə təmin olunduğum bu binada məskunlaşan bütün məcburi köçkünlər bunlardan razılıqlarını ifadə etməklə minnətdarlıqlarını bildirirlər. 
Qısa müddətdir ki, buraya köçürülmüşük. Təbii ki, yeni yaşayış yerində yeni qaydalara uyğun qeydiyyatdan çıxma, yeni qeydiyyat üçün müvafiq sənədlər, ərizə formaları və sair tələb olunur. Bunları isə toplamaq üçün əvvəlki məskunlaşma yerinə, hətta qeydiyyatda olduğumuz digər şəhər və rayonlara gedib-gəlmək tələb olunurdu. Lakin “Dövlətqaçqınkom”un sədrinin imzaladığı əmrə uyğun yaradılmış komissiya bizi bütün bu problemlərdən azad etdi və biz bütün məsələlərimizi yaradılmış komissiya vasitəsilə yerindəcə həll etdik”. 
Söhbət etdiyimiz digər məcburi köçkünlər də “Dövlətqaçqınkom”un bu təşəbbüsünü yüksək qiymətləndirməklə bütün bunlara görə dövlət rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, işğal altında olan bütün torpaqlarımız Azərbaycan Prezidentinin yeritdiyi müdrik siyasət nəticəsində tezliklə işğaldan azad olunacaq. 
Bütün bunlar Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlər üçün həyata keçirdiyi və ölkə ictimaiyyəti, həmçinin beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirilən, dünyada oxşar problemi yaşayan ölkələr üçün nümunə kimi dəyərləndirilən belə tədbirlər özlüyündə bir daha təsdiq edir ki, bu təbəqədən olan soydaşlarımızın problemlərinin həlli daim Azərbaycan dövlətinin gündəlik diqqət mərkəzindədir.

Elçin CƏFƏROV,
“Azərbaycan”