Xəbər Son 15 ildə Azərbaycanda 12 min 300 kilometr yol çəkilməsi böyük nailiyyətdir

Son 15 ildə Azərbaycanda 12 min 300 kilometr yol çəkilməsi böyük nailiyyətdir

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Prezident İlham Əliyev: Avtomobil yollarının tikintisi infrastruktur layihələri arasında önəmli yer tutan sahədir. Bu, həm iqtisadi, həm sosial sahədir

Son 15 ildə Azərbaycanın nail olduğu hərtərəfli inkişafdan söhbət açarkən bütün ölkə boyu reallaşdırılan infrastruktur quruculuğunun önəmini xüsusi qeyd etmək lazımdır. Əlamətdar haldır ki, respublikamızda 15 il bundan əvvəl regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının icrasına bütün ölkə boyu zəruri infrastruktur obyektlərinin yaradılması ilə start verilib və sonrakı illərdə də bu strateji kurs daim Prezident İlham Əliyevin diqqət mərkəzində saxlanılıb. Həyata keçirilən layihələr sayəsində Azərbaycanın infrastruktur təminatı dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə yüksəlib. Bu infrastruktur bundan sonra onilliklər ərzində xalqımıza, dövlətimizə xidmət edəcək. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində ölkədə infrastruktur quruculuğu sahəsində əldə olunan uğurlardan məmnunluq ifadə edərək vurğulayıb: “Biz bütövlükdə əsas infrastruktur layihələrinin icrası istiqamətində qarşımızda duran hədəfə demək olar ki, çatırıq”.
Ölkə boyu rahat yolların çəkilməsi infrastruktur quruculuğuna yaxşı nümunədir
Son 15 ildə paytaxt Bakıda və bölgələrdə rahat yolların çəkilməsi ölkənin infrastruktur təminatının möhkəmlənməsinə yaxşı nümunədir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə tutulub. Artıq nəzərdə tutulan layihələrin bir çoxu yüksək səviyyədə tamamlanıb. Belə ki, 2004-cü ildən bəri respublikamızda 12 min 300 kilometr yol çəkilib, 443 körpü tikilib. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə yol-nəqliyyat infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulması, qədim İpək Yolunun bərpası ilə əlaqədar yeni layihələrin reallaşdırılması, həmçinin Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin liderliyi ilə inşası uğurla başa çatdırılan və ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu respublikamızın tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Hazırda Azərbaycan özünün güclü və müasir yol-nəqliyyat infrastrukturu sayəsində regionda və qitələr arasında çox mühüm nəqliyyat-logistika məkanına çevrilib. Obrazlı şəkildə ifadə edildiyi kimi, Avropadan Asiyaya və əks istiqamətə bütün rahat və qısa yollar məhz Azərbaycandan keçir. Ölkədə yüksək standartlar səviyyəsində qurulan müasir yol-nəqliyyat-logistika infrastrukturu respublikamızın tranzit önəmini artırdığı kimi, eyni zamanda regionlarda daxili yük və sərnişin daşımalarının artmasına da müsbət təsir göstərib.
Bütövlükdə yol infrastrukturunun yenilənməsi Azərbaycanın ümumi inkişafına böyük təkan verib. Belə ki, bölgələrdə iqtisadi aktivlik əhəmiyyətli dərəcədə artıb. Dövlət vəsaiti hesabına yaradılan yol infrastrukturundan bəhrələnən sahibkarlar bölgələrdə aqrar sektorda, emal sənayesində müxtəlif layihələrin reallaşdırılmasına məmnuniyyətlə sərmayələr yönəldirlər. 
Respublikada yol-nəqliyyat infrastrukturunun yenilənməsi böyük iqtisadi önəm kəsb etməklə yanaşı, həm də ciddi sosial mahiyyət daşıyır. Nahaq deməyiblər ki, abad el yollarından bəlli olar. Hamar yollar insanların həyatına rahatlıq gətirir, onlarda məmnunluq hissi yaradır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransdakı nitqində yol infrastrukturunun iqtisadi və sosial əhəmiyyətinə diqqət çəkərək bildirib: “Avtomobil yollarının tikintisi infrastruktur layihələri arasında önəmli yer tutan sahədir. Bu, həm iqtisadi, həm sosial sahədir. Rahat, hamar yollar insanlara rahatlıq gətirir. Eyni zamanda, yol olmadan bölgələr inkişaf edə bilməz, nə turizm, nə də sənaye istehsalı inkişaf edə bilər, kənd təsərrüfatının inkişafı üçün də problemlər yaranar”. 
Yeni hədəf - kənd yollarının abadlaşdırılmasıdır
Respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsi ilə yol-nəqliyyat infrastrukturunun yenilənməsi sahəsində yeni hədəf müəyyənləşdirilib ki, bu da bütün ölkə boyu kənd yollarının abadlaşdırılması ilə bağlıdır. Dövlət başçısının qəti mövqeyi belədir ki, respublikamızda bir dənə də olsun abadlaşdırılmayan kənd yolu qalmamalıdır, bütün yaşayış məntəqələrində insanlar rahat yollarla təmin edilməlidirlər. İndiyədək regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarına uyğun olaraq ölkə ərazisində yüzlərlə kənd yolu abadlaşdırılıb.
Respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsi ildən-ilə daha geniş vüsət alır. Ölkənin iqtisadi potensialı, maliyyə imkanları genişləndikcə dövlət bu sahəyə yönəldilən investisiyaların həcmini də artırır. Kənd yollarının abadlaşdırılması baxımından 2017-ci il də istisna təşkil etməyib. 2017-ci ildə respublika ərazisində 1300 kilometr yol salınması böyük uğurdur. Əlamətdar haldır ki, Prezident İlham Əliyev ötən il regionlara səfərləri çərçivəsində çoxlu sayda yenidən qurulan yolun açılışında şəxsən iştirak edib və dəyərli tövsiyələrini verib. Prezident İlham Əliyev vurğulayıb ki, yol çəkilən bölgələrdə canlanma daha sürətlə gedir: “Hazırda kənd yollarının tikintisi geniş vüsət alıb. Biz görürük ki, harada yeni yol çəkilir, o bölgədə canlanma daha da sürətlə gedir, kənd təsərrüfatı istehsalı artır”.
2018-ci ildə ən azı 600 kəndin yolu yenidən qurulacaq
Ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenidən qurulması 2018-ci ildə də intensiv şəkildə davam etdirilir. Prezident İlham Əliyev cari ilin əvvəlindən bəri bölgələrdə yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı çoxlu sayda Sərəncam imzalayıb. 
Cari ildə Hacıqabul rayonunda 3 yol layihəsinin reallaşdırılması nəzərdə tutulub. Bəhs olunan layihələr 100 mindən çox əhalinin yaşadığı 27 yaşayış məntəqəsini əhatə edir. Yenidən qurulacaq yolların ümumi uzunluğu 108.7 kilometrdir.
Sənayenin, aqrar sektorun, turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyan yol infrastrukturunun yenilənməsi respublikamızın dilbər guşələrindən olan Gədəbəy rayonunu da əhatə edir. Hazırda rayonda uzunluğu 29 km olan 3 istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. Rayon ərazisində yenidən qurulan yollar respublika əhəmiyyətli Şəmkir-Gədəbəy avtomobil yolunun 30-cu km-dən ayrılan və 20 km uzunluğa malik yerli əhəmiyyətli Slavyanka-Qoşabulaq-Pərizamanlı, həmçinin 6,1 km-lik Çanaqçı-Haçaqaya və 2,9 km-lik Qoşabulaq-Sarıtala avtomobil yollarıdır.
Kənd və qəsəbələrarası yolların yenidən qurulması layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Samux rayonunda uzunluğu 30,9 km olan iki avtomobil yolunun yenidən qurulması işlərinə start verilib. Bunlar 18,2 km-lik Çobanabdallı-Lək-Əli Bayramlı və 12,7 km-lik Yenikənd-Lüksemburq-Qırmızı Samux avtomobil yollarıdır. Avtomobil yollarının hər biri 3 yaşayış məntəqəsini əhatə etməklə 10 min nəfər əhalinin gediş-gəlişini yaxşılaşdıracaq. 
Ümumiyyətlə, 2018-ci ildə respublika miqyasında yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı layihələrin sayı kifayət qədər çoxdur. Prezident İlham Əliyev bildirib ki, bu il ölkə ərazisində ən azı 600 kəndin yolu yenidən qurulacaq: “Bu il 2300 kilometr avtomobil yolları - həm magistral, şəhərlərarası, eyni zamanda, kənd yolları çəkiləcək. Keçən il şərti olaraq “40 yol” adlandırılan layihə çərçivəsində 500-dən çox kəndin yolu tikildi, abadlaşdırıldı. Bu il isə minimum 600 kəndin yolu tikilməlidir. Bu məqsədlə kifayət qədər vəsait nəzərdə tutulubdur. Eyni zamanda, bu il biz yeni magistral yolun tikintisi ilə ciddi məşğul olacağıq. Sumqayıt şəhərindən Rusiya sərhədinə qədər yeni yolun çəkilişi də nəzərdə tutulmuşdur”.
Mübariz ABDULLAYEV