Xəbər Azərbaycan zirvəsi

Azərbaycan zirvəsi

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Daha işıqlı gələcəyə doğru dünəndən yeni bir yol başlandı

“Mən bu seçkilərdə göstərilən yüksək etimada görə doğma Azərbaycan xalqına dərin təşəkkürümü bildirmək istəyirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm. 
Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir. Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdir... Mən 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim”.
Dünən Vətənə, xalqa və dövlətə sədaqət andı içərək yeni Prezidentlik dövrünə rəsmən başlayan cənab İlham Əliyevin bu sözləri yalnız son seçkilərin siyasi mənzərəsini əks etdirmirdi. Bu, əslində, 15 illik yüksəliş və inkişaf mərhələsinin əsl mahiyyətini, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın şərəf salnaməsini gözlərimiz önündə bir daha canlandırdı.

Nəcib əməllərin işığı

 

Prezident seçkisindən tam səkkiz gün ötür. Bu seçki də artıq tarixə qovuşdu və milli dövlətçilik salnaməmizin daha bir səhifəsinə çevrildi. Və əsla şübhə yoxdur ki, cəmiyyət üzvləri olaraq hər birimiz üçün uğurlu nəticələri ilə xalqımızın müdrikliyini, uzaqgörənliyini növbəti dəfə ifadə etdi. Cənab İlham Əliyevin timsalında sülh, sabitlik, inkişaf siyasəti Azərbaycan seçicisinin yekdil dəstəyini qazandı. Bununla da ölkəmizin tərəqqisi, işıqlı sabahı qarşıdakı 7 il üçün də təmin olundu. 
Adətən, seçki proseslərində namizədlərin vədlər yarışı başlanır. Hər namizəd öz seçki platformasının daha üstünlüyünü əsaslandırmağa çalışır. Müxtəlif perspektivlər haqqında söhbət açaraq vətəndaşların inamını qazanmağa can atır. Amma “Elin gözü tərəzidir” demişlər. İnsanlar vədlərdən çox, real işlərə inanırlar. Onların arzuladıqları işləri kimin görə biləcəyinin də fərqindədirlər. Xalqı öz milli hədəflərinə çatdırmağa kimin qabil olduğunu bilirlər. Çünki əvvəlki seçimlərin nəticələri ortadadır. Ümumxalq inamının bəhrələri göz önündədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev insanlarımızın arzularını ifadə edən yeganə liderdir. 
O, digər opponentlərdən fərqli olaraq vədlər vermədi. Necə ki, əvvəlki seçkilərdə də onun xalqa hər hansı vədləri olmamışdı. Amma cənab İlham Əliyev bir namizədin insanlara mücərrəd şəkildə təsvir edə biləcəyi bütün perspektivləri 2003-cü ildən bəri real işə çevirir. Vətəndaşlar qarşısına quru sözlərlə yox, nəcib əməllərin nəticələri ilə çıxır. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin milli inkişaf strategiyasını əzmlə həyata keçirərək Azərbaycan dövlətinə tarixinin ən böyük nailiyyətlərini qazandırır. Cəmiyyətimizdə modernləşmə xəttini sürətlə davam etdirir. İlham Əliyev üçün ən mükəmməl seçki təbliğatı onun bu illər ərzində gördüyü işlərdir. Bu işlər göz qabağındadır. Onun rəhbərliyi ilə Azərbaycan həyatında yaradılan müsbət dəyişikliklər hər bir vətəndaşımızın həyatında, gündəlik dolanışığında nəzərə çarpır. Bu quruculuq və yenilikçilik siyasətinin nəticələri paytaxtda da, ən ucqar regionlarımızda da eyni dərəcədə özünü göstərir. 
Azərbaycan heç bir zaman bu qədər xoşbəxt, firavan, əmin-aman olmayıb. Bu gün Vətən öz səadətinin zirvəsində qərar tutub. Bu, nəcib əməllərin, fədakar əməyin, müdrik siyasətin nəticəsində reallaşıb.

 

“Mən ona özüm qədər inanıram”

 

İlham Əliyev dəyərli bir övlad, yaxın silahdaş kimi ulu öndərin mənəvi irsinə sadiqdir. Onun ideyalarını yaşadaraq, siyasi kursunu ləyaqətlə davam etdirərək yeni inkişaf üfüqlərinə yol açır. Digər tərəfdən, yeni minilliyimizin ən parlaq siyasi liderlərindən biri kimi, dövlətçilik təfəkkürü, insanların ona olan inamını doğrultması ilə bütün dünyaya nümunə göstərir. 
2003-cü ilin 15 oktyabrında keçirilmiş prezident seçkisində Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin “Mən ona özüm qədər inanıram” ümidinə güvənərək İlham Əliyevin ətrafında bir araya gəlmişdi. Böyük yekdilliklə Heydər Əliyev siyasətinə səs vermişdi. Seçkidə iştirak etmiş iki milyon yarım seçicinin bir milyon 800 min nəfərindən çoxu məhz İlham Əliyevi dəstəkləyərək onu ölkənin Prezidenti seçmişdi. Vətənin gələcəyini ümumxalq etimadının məsuliyyətini dərk edən elitar təfəkkürlü siyasətçiyə etibar etmişdi. 
Bu, tarixi bir seçim idi. Öz seçimi ilə Azərbaycan xalqı Heydər Əliyev siyasətinə inam və güvənini, ulu öndərin müəyyənləşdirdiyi milli dövlətçilik yoluna sadiqliyini göstərmiş, böyük itkilər, ağrı-acılar bahasına qazanılmış istiqlalımızı qorumaq əzmini ortaya qoymuşdu. Bu seçim həm də onu göstərirdi ki, Azərbaycanda həyata keçirilən hüquqi dövlət quruculuğu prosesləri, vətəndaş cəmiyyətinin inkişafı artıq öz bəhrəsini verib. İctimai təfəkkürdə, insanların düşüncə tərzində böyük dəyişikliklər var. Artıq qərarları coşqun emosiyalar deyil, dərin məntiqə, müfəssəl təhlilə əsaslanan mütərəqqi dünyagörüş müəyyənləşdirir. Bu qərarların formalaşmasında qaragüruh təsirlər yox, milli vəhdət, gələcəyə aydın baxış əsas rol oynayır. 
Azərbaycan xalqının bu seçimi Heydər Əliyev kursunun alternativsizliyini bir daha təsdiqləyirdi. Bu kursu uğurla davam etdirə biləcək yeganə lider kimi İlham Əliyevə olan yüksək inam isə onun parlaq şəxsiyyətindən, 2003-cü ilə qədər müxtəlif sahələrdə ölkəmizə qazandırdığı yüksək nailiyyətlərdən qaynaqlanırdı. Ötən əsrin 90-cı illərinin ortalarından Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və büro üzvü, Azərbaycan Milli Olimpiya Komitəsinin sədri kimi cənab İlham Əliyev dövlətimiz üçün çox işlər görmüşdü. Cəmiyyət onu bu nailiyyətlərin işığında görüb dəyərləndirməyə başlamışdı. 
Beləliklə, Azərbaycan xalqı seçimində yanılmadı. 1993-cü ilin iyununda ağır təlatümlərlə üzləşmiş ölkənin uçurumdan xilası üçün ümidini Heydər Əliyevə bağladığı kimi, ulu öndərin aydın inkişaf yoluna çıxardığı ölkənin gələcək irəliləyişlərini İlham Əliyevin rəhbərliyində görməklə də növbəti doğru qərarını verdi.

 

İntibah memarı

 

31 oktyabr 2003-cü il tarixində keçirilmiş andiçmə mərasimində Prezident İlham Əliyev demişdi: “Biz gələcəyə baxmalıyıq. Biz gələcəyə həm böyük nikbinliklə, həm də böyük ümidlərlə baxmalıyıq. Bizi gələcəkdə nələr gözləyir, o bizim özümüzdən asılıdır. Azərbaycan xalqından asılıdır”. Və o, Vətənin gələcəyi ilə bağlı üzərinə düşən, ölkənin rəhbəri kimi ondan asılı olan bütün vəzifələri yerinə yetirdi. Ötən müddət ərzində Azərbaycanın keçdiyi hərtərəfli və sürətli inkişaf yolu ilə dövlət başçısı ona olan bütün ümidləri doğrultdu. Sübut etdi ki, Heydər Əliyev yolu ilə gedərək Azərbaycanı böyük ustalıqla öz uğurlu sabahına doğru aparmağa qadirdir. Onun ilk qərarı da xalqımızın həyatının daha da yaxşılaşdırılmasına dair oldu. Sonradan Prezident İlham Əliyev bu məqama toxunaraq deyəcəkdi: “...Respublika sarayında təntənələrin başa çatmasından sonra keçən ilk saatlardan, hətta ilk dəqiqələrdən etibarən mən qarşımda duran əsas vəzifəni - insanların həyatını imkan daxilində sürətlə və səmərəli şəkildə daha yaxşı, daha xoşbəxt, daha təhlükəsiz etmək vəzifəsini yerinə yetirməyə başladım”.
Bəli, o, prezidentliyinin ilk anlarından xalqının güzəranını daha da yaxşılaşdırmaq haqqında düşünən liderdir. 
Prezident İlham Əliyevin müstəqil Azərbaycanın gələcək tərəqqisi naminə Heydər Əliyev siyasi xəttinə sadiqliyi ölkəmizin və cəmiyyətimizin böyük uğurlarına açar oldu. Azərbaycan tarixində yeni intibah mərhələsi başlandı. Bu möcüzəli yüksəlişin müəllifi cənab İlham Əliyev idi. O, Azərbaycana bütün uğurları özünün yüksək intellekti, möhkəm əqidəsi, siyasi iradə və qətiyyəti, əzmkarlığı, mütərəqqi idarəçilik qabiliyyəti, ən əsası isə xalqına, millətinə sonsuz sevgisi ilə qazandırdı.

 

Yeni dövrün lideri

 

Yeni dövrün siyasətçisi kimi öz simasında kübar rəftarın, sadəliyin, rasional düşüncə tərzinin, sarsılmaz vətənpərvərliyin, praqmatizmin milli mentalitetlə uğurlu sintezini yaratmış İlham Əliyev bu keyfiyyətləri ilə Azərbaycan siyasətinə müasirlik əhvalı gətirdi. Liderlik xüsusiyyətinin əksəriyyət tərəfindən qəbul olunmaq, geniş siyasi spektrin inamını qazanmaq, elektoral dəstəyə malik olmaq kimi politoloji məqamları özündə ehtiva etdiyini nəzərə alsaq, bu termini bütün kateqoriyaları üzrə cənab İlham Əliyevə şamil etmək mümkündür. 
Dövlət başçımız müasir dünyamızdakı qloballaşmadan, yeni geosiyasi reallıqlardan irəli gələn mənzərənin tələblərinə cavab verən siyasi xəttin daşıyıcısıdır. Milli maraqları və mənəvi dəyərləri ümumbəşəri ideallarla ahəngdar şəkildə uzlaşdırmaq bacarığı, intellektual səviyyə, universal bilik və akademik təhsil, dəmir məntiq və möhkəm iradə - bütün bunlar cənab İlham Əliyevin siyasi obrazını tamamlayan mühüm keyfiyyətlərdir. 
Milli dövlətçilik təfəkkürünə bağlı olan cənab İlham Əliyev əsrlərin süzgəcindən keçərək günümüzə gəlib çatmış mənəvi-əxlaqi sərvətlərimizə müsbət anlamda mühafizəkarlıq prizmasından yanaşır. Bu mənada, millilik Prezident İlham Əliyevin siyasi düşüncəsinin, təfəkkürünün əsas mənbəyidir. Onun öz xalqının ruhuna uyğun olan, balanslaşdırılmış siyasəti Azərbaycanın əbədi və əzəli milli maraqlarına istinad edir. Cənab İlham Əliyevin müasir azərbaycanlı təfəkküründə Vətən və xalq təəssübkeşliyi, Şərqin pozitiv ənənəçilik meylləri, türk mədəni-əxlaqi dəyərləri, habelə Qərb və Avropa təmayülləri sintez təşkil edir. Prezident İlham Əliyev klassik siyasətdən XXI yüzilliyin modern siyasətinə uğurlu keçid formulunu ilk dəfə, özü də müvəffəqiyyətlə sınaqdan keçirmiş siyasətçi obrazının daşıyıcısı olaraq siyasətdə, diplomatiyada eyni dərəcədə mühafizəkar, ənənəçi və yenilikçi, liberal olmaqla mötədil dəyərləri uzlaşdırmağı bacarır. 
Azərbaycanda ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin qorunub saxlanması naminə nümayiş etdirdiyi prinsipiallıq, ölkəmizdə köklü islahatların həyata keçirilməsindən ötrü ortaya qoyduğu qətiyyət, cəmiyyətdə naqis hallara qarşı mübarizə sahəsində tutduğu əzmkar mövqe, dünyanın siyasi arenasında baş verən gərgin və dəyişkən proseslərdə, dörd bir yandan ölkəmizə qarşı yönələn xarici təzyiqlərə münasibətdə, qlobal təşəbbüslərin irəli sürülməsi və icrasında Azərbaycanın milli maraqları ilə bağlı sərgilədiyi yüksək iradə, siyasi səbat və təmkin, Prezident İlham Əliyevin öz çevik və optimal qərarları ilə istənilən çətin situasiyadan ölkəni böyük hünərlə çıxara bilmək bacarığını göstərir. Bu baxımdan, cənab İlham Əliyev Azərbaycanın zəngin dövlətçilik irsinin müəyyən etdiyi yüksək amalları, böyük hədəfləri faktlaşdıraraq həyat gerçəkliklərinə çevirən qüdrətli siyasi fenomendir. Dövlət başçısının yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradır.

 

Sərkərdə

 

Azərbaycan Prezidenti həyata keçirdiyi çoxşaxəli, ardıcıl islahatlarla sübuta yetirir ki, güclü iqtisadiyyata, müstəqil xarici siyasətə, demokratik imicə, mənəvi yüksəlişə malik olmayan xalq güclü dövlət qura bilməz. Məhz bu islahatların nəticəsi olaraq beynəlxalq aləmdə Azərbaycanın nüfuzu güclənib. Ölkəmiz dünya miqyasında daha yüksək mövqelər əldə edib. Təşəbbüskarı və əsas icraçısı olduğu qlobal layihələrlə, beynəlxalq arenada qazandığı böyük nüfuzla Azərbaycan regionda əsas söz sahibinə çevrilib. Dövlət rəhbərinin ortaya qoyduğu yüksək siyasi iradə, sarsılmaz qətiyyət hesabına Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi enerji-kommunikasiya layihələri xəyaldan reallığa dönüb. Bu layihələrin ardınca Azərbaycanın hazırda uğurla davam etdirilən “Cənub qaz dəhlizi” layihəsi ilə ümumən Avropa regionunun enerji təhlükəsizliyinin əsas təminatçısına çevrilməsi, 1994-cü ildə dünyanın aparıcı neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi”nin müddətinin ötən il 2050-ci ilə qədər uzadılması beynəlxalq aləmdə müstəqil dövlətimizin və xalqımızın layiqli yerini müəyyənləşdirir.
Bütün bunlar Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın qeyd-şərtsiz azad olunması, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli üçün illərdir apardığımız haqq davasında da Azərbaycanın mövqelərini gücləndirir. Azərbaycan dövləti torpaqlarımızın işğalçılardan təmizlənməsi üçün qətiyyətli mövqe nümayiş etdirir. Azərbaycanın sosial-iqtisadi yüksəlişi müqabilində təcavüzkar mövqeyinə görə özünü bütün regional layihələrdən, inkişaf proseslərindən təcrid etmiş Ermənistan getdikcə zəlil duruma düşür. Ölkə sürətlə boşalır, Ermənistan cəmiyyətində səfalət, işsizlik, yoxsulluq son həddə yaxınlaşır. Təcavüzkar düşmən informasiya müharibəsində də bizə uduzur. Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə cəsarətlə çatdırılır. Beynəlxalq ictimaiyyət bu məsələdə haqqın, ədalətin kimin tərəfində olduğunun artıq fərqindədir. Cənab İlham Əliyevin bu münaqişə ilə bağlı mövqeyi birmənalıdır: “Azərbaycan heç zaman ərazilərimizdə ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək”. Bu bəyanatı dilə gətirən lider siyasi səriştəsi, dövlət idarəçiliyi sahəsində yüksək bacarıqları ilə yanaşı, eyni zamanda, zəmanəsinin böyük Sərkərdəsidir. Əminik ki, tariximizə qızıl hərflərlə yazılacaq ən böyük nailiyyətimizin, ən böyük qələbəmizin müəllifi də möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyevin özü olacaq.

 

Yeni tarixi mərhələ

 

Qloballaşma dövründə ölkələrin demokratik inkişafının daha bir göstəricisi də siyasi hakimiyyətin xalqa xidmət səviyyəsidir. Cəmiyyət qarşısında üzərinə götürdüyü öhdəliklərə sadiqliyidir. Dövlət idarəçiliyinə müasirlik ruhu gətirmiş cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca qayəsi də elə insanlara layiqli xidmətdir. Onların rifahını yaxşılaşdırmaqdır. O, lider kimi əsl siyasəti konkret işdə görür. Hər bir məsələdə vətəndaş maraqlarını önə çəkir. İnsanların rifahını, cəmiyyətin sabitliyi və inkişafını əsas məqsəd kimi müəyyənləşdirir. Ona görə də bu gün Azərbaycan xalqı cənab İlham Əliyevi ölkə prezidenti kürsüsündə görməkdən çox məmnundur. Çünki ölkənin heç bir vətəndaşı məmləkətin gələcəyindən, övladının sabahından nigaran deyil. Dövlət rəhbərimizin həyata keçirdiyi siyasət Azərbaycan insanı qarşısında aydın, firavan bir gələcək yaradır. Vətəndaşların güzəranı yaxşılaşır. Bir çox sosial problemlər həllini tapır. İllər əvvəl deyilsəydi ki, qısa zamandan sonra Azərbaycanın hətta ən ucqar kəndlərində də rahat asfalt yollar, qaz, su, müasir rabitə xətləri olacaq, bunun belə tez bir zamanda baş verəcəyinə kim inanardı? Amma bütün bunlar artıq reallıqdır. 
İndi son illər dünyanın ən cazibədar şəhərlərindən birinə çevrilmiş Bakıdan azca uzaqlaşan kimi, sanki başqa bir aləmə düşürsən. Nəinki yolüstü şəhər və qəsəbələri, hətta magistral yolların kənarlarını da tanımaq olmur. Azərbaycan başdan-başa abadlıq meydanına çevrilib. Hər şey yenilənir, görkəmini dəyişərək müasirləşir. Bu zahiri dəyişikliklər çağdaş tariximizdə yeni bir keyfiyyət dəyişikliyindən, mahiyyətcə büsbütün yeni bir mərhələnin başlanmasından da xəbər verir. İnsanlar zaman keçdikcə xırda məişət qayğılarından uzaqlaşır. Cəmiyyətdə mənəvi dəyərlərə, milli irsə, mədəniyyətə qayıdış meyilləri güclənir. Hazırda bütün dünyada mükəmməl bir Azərbaycan brendi olaraq qəbul edilən və başqa ölkələrdə də mütərəqqi təcrübə kimi öyrənilən “ASAN xidmət” kimi sivil platformalar yeni vətəndaş nəsli yetişdirir. Bütün bunlar çox gözəl dəyişikliklərdir. Və bu dəyişikliklərin memarı, qurucusu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. 
Son onilliklərdə elə bir vətəndaşımız yoxdur ki, maaşı, pensiyası dəfələrlə artmasın. Ölkənin hər yerində baş verən inkişaf dəyişikliklərini öz gündəlik məişətində, evinin təknəsində, süfrəsinin ruzisində hiss etməsin. Qısa müddətdə Azərbaycanda milyonlarla iş yerləri açılıb. Dövlət ölkənin sosial-iqtisadi inkişafına fayda verə biləcək hər bir layihəni dəstəkləyir. Bütün Azərbaycan boyu irili-xırdalı yeni istehsal-emal müəssisələri açılır. Biznes ideyaları gerçəkləşdirilir. Bütün bunları reallaşdıran, yeni iş yerlərində çalışıb gündəlik dolanışığını təmin edən, arzuladığı daha yaxşı işlərdə çalışmaq üçün xeyli seçim imkanları yaranan öz həmvətənlərimizdir. Bu, insanlarımızın yüksələn rifahı, dəyişən həyat tərzi deməkdir. 
Əgər iqtisadçıların dili ilə danışsaq, bütün bu dəyişiklikləri rəqəmlərin dili ilə daha dəqiq ifadə etmək mümkündür. Amma iqtisadçı olmadığımdan və statistik rəqəmlərlə danışmağı bir o qədər sevmədiyimdən başqa maraqlı bir müqayisə vasitəsinə diqqət yönəltmək istərdim. Bilirik ki, mətbuat cəmiyyətin aynasıdır. Cəmiyyətdə baş verən dəyişiklikləri çox zaman ictimai müzakirə mövzularına nəzərən müəyyənləşdirmək olur. İllər əvvəl mətbuatın əsas müzakirə qayğıları insanlarımızın dolanışığı idi. Bu müzakirələrdə işsizlik, əhalinin məşğulluğu, yoxsulluq probleminin həlli, vətəndaşların bir parça çörəyin sıxıntısını yaşamaması üçün yollar axtarılırdı. İndi bugünün müzakirə mövzularına diqqət edək. Tanınmış ziyalılarımız, ictimai xadimlərimiz haqlı olaraq xeyir-şər məclislərimizdəki israfçılıqdan gileylənirlər. İnsanlarımızı qazandıqlarını boşuna israf etməməyə çağırırlar. Öz pullarını mənasız dəbdəbələrə, şahanə məclislərə, bir günlük parıltılara sərf edib havaya sovurmaqdansa, investisiya etməyə, müəyyən biznes layihələrinə, övladlarının mükəmməl təhsilinə, fərdi inkişafına yatırmağa öyrətməkdən ötrü müəyyən maarifləndirmə işləri aparırlar. İsrafçılıq hallarından narahatlığını dilə gətirən ziyalılarımız öz mövqelərində tam haqlıdırlar, bu öz yerində. Cəmiyyətin mədəni səviyyəsi yüksəldikcə bu məsələlər zamanla öz həllini tapacaq. Buna da şübhə yox. Amma bu cür məsələlərin ictimai müzakirə mövzusuna çevrilməsinin özü Azərbaycanda həyat tərzinin, insanların yaşayışının dəyişməsi deməkdir.

 

Qüvvət elmdədir

 

İlham Əliyevin yürütdüyü siyasətin əsas məqsədlərindən biri də elə ictimai həyatımızın bütün sahələrində dəyişiklik yaratmaqdan, cəmiyyəti müasirləşdirməkdən, ölkəmizi XXI əsrin tələblərinə, çağırışlarına uyğunlaşdırmaqdan ibarətdir. Çünki zaman belə tələb edir. Gələcək belə bir ehtiyac yaradır. Yeni əsr yeni kəmiyyət və keyfiyyət standartları irəli sürür. 
Dövrün qarşıya qoyduğu ən mühüm zərurət insanın fərdi inkişafıdır. Hər bir ölkənin öz milli hədəflərinə yetişməsindən ötrü insana yatırım etməsidir. İnsan kapitalı formalaşdırmasıdır. Bu zərurət, əslində, tək indi yox, elə tarixən də olub. Sivilizasiyaların tarixi təcrübəsi göstərir ki, elmə, təhsilə yüksək qiymət verən dövlət başçıları həmişə cəmiyyəti irəli aparıblar. Bununla öz ölkələrinin iqtisadi və mədəni yüksəlişinə nail olmaqla bahəm, bəşər mədəniyyətinə də dəyərli töhfələr bəxş ediblər. Ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin təhsilə yüksək diqqət və qayğısı hər zaman nümunə olub. Heydər Əliyevin ömrü boyu hazırladığı və praktik şəkildə həyata keçirdiyi təhsil siyasəti həm də kamil pedaqoji nəzəriyyədir. Milli təhsilimizin ideya mənbəyidir. Hazırda bu siyasət İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil sahəsində ardıcıl, çoxşaxəli dövlət proqramları reallaşdırılır. Xüsusilə, azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramının müvəffəqiyyətlə yerinə yetirilməsi neft kapitalının insan kapitalına çevrilməsi, gənclərimizin xarici ölkələrin ən nüfuzlu ali təhsil müəssisələrində yüksək səviyyəli mütəxəssislər kimi yetişməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla bağlı başqa bir məqama diqqəti çəkmək istərdim: bu humanist addımlar bütün təbəqələrdən olan ailələrin istedadlı övladlarının yüksək səviyyədə təhsil almasına geniş imkanlar yaradır. Bu, ulu öndər Heydər Əliyevin hələ ötən əsrin 70-ci illərində bütün İttifaq məkanında böyük əks-səda doğurmuş “Qoy ədalət zəfər çalsın” prinsipinə sadiqlik deməkdir. Hələ sovet Azərbaycanına rəhbərliyi dövründə ali məktəblərin ən nüfuzlu ixtisaslarının qapılarını fəhlə-kəndli balalarının üzünə açan, onları bir valideyn qayğısı ilə keçmiş İttifaqın tanınmış ali məktəblərinə təhsil ardınca göndərən ulu öndərin formalaşdırdığı ənənələrin davamıdır. 
Təhsil və dövlətçilik qoşa qanaddır. Bunlar bir-birindən ayrılmazdır. Onların vəhdəti xalqın mənəvi, iqtisadi və siyasi qüdrətini, uğur faktorunu müəyyən edir. Cəmiyyəti irəliyə aparır. Bunu nəzərə alan cənab İlham Əliyev də təhsili həmişə ön planda tutur. Bu sahənin inkişafına xüsusi diqqət yönəldir. Və təhsil sektorunda aparılan islahatlar öz səmərəli nəticələrini verir. 
Elm və təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, uğurlu gənclər siyasəti də sağlam təfəkkürlü, milli-mənəvi dəyərlərimizə sadiq, Vətəninə, xalqına bağlı, sədaqətli Azərbaycan gəncliyinin yetişməsini təmin edir. Azərbaycan gəncliyi qloballaşma dövrünün mütərəqqi dəyərlərini mənimsəyir. Eyni zamanda, milli ənənələrə yüksək sayğı, sarsılmaz Vətən sevgisi, əzm və fədakarlıq nümayiş etdirir. Azərbaycanda necə bir gəncliyin yetişdiyinə 2016-cı ilin aprel döyüşləri zamanı gənclərimizin misilsiz qəhrəmanlıq, vətənpərvərlik nümunəsində hamımız şahid olduq. Bu gün Azərbaycan gəncləri dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşib. Onun rəhbərliyi ilə həyata keçirilən siyasəti böyük məhəbbətlə, yekdilliklə dəstəkləyir.

 

Sülh və tolerantlıq ünvanı

 

İlham Əliyevin ölkəmizə rəhbərliyi dövrü digər inkişaf istiqamətləri kimi, Azərbaycanda qadın fəallığı ənənələrinin də yüksəlişi mərhələsidir. Bu inkişaf xətti öz başlanğıcını ulu öndər Heydər Əliyevin qadınlarla bağlı dövlət siyasətindən götürür. Azərbaycan qadınının bugünkü fəallığının, cəmiyyət həyatının müxtəlif sahələrində uğur və ləyaqətlə təmsilçiliyinin təmin olunmasında Heydər Əliyevin xidmətləri misilsizdir. Sevindirici haldır ki, bu siyasət hazırda cənab İlham Əliyev tərəfindən daha böyük uğurla davam etdirilir. Görülən işlər, həyata keçirilən tədbirlər sayəsində Azərbaycan qadınları bu gün dövlət quruculuğunda, ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Cəmiyyətin sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına, mədəniyyətimizin inkişafına layiqli töhfələrini verirlər. Ən ümdəsi isə Vətən üçün milli-mənəvi dəyərlərimizin qoruyucuları olan, nəsillər arasında varisliyi ləyaqətlə davam etdirən övladlar tərbiyələndirib yetişdirirlər. 
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti bu gün ölkəmizdə və dünyada qadın fəallığı ənənələrinin mükəmməl örnəyidir. Dünya Mehriban xanımın timsalında Qərb və Şərq dəyərlərini öz şəxsiyyətində bir araya gətirən müdrik, peşəkar siyasətçi obrazını görür. İnsanlar onu mədəni incilərin qədirbilən hamisi, bütün dünyada yüksək mənəvi dəyərlər aşılayan sülh, xeyirxahlıq, mərhəmət mücəssəməsi kimi tanıyır və şəxsiyyətinə böyük ehtiram bəsləyir. 
Dövlət rəhbərimizin, həmçinin Mehriban xanım Əliyevanın irəli sürdüyü bir çox təşəbbüslər hesabına bu gün Bakı silsilə beynəlxalq tədbirlərin - qlobal humanitar forumların, müxtəlif idman və mədəniyyət tədbirlərinin mərkəzinə, mədəniyyətlərarası dialoq, multikulturalizm, sülh və tolerantlıq ünvanına çevrilmişdir. Dövlətimizin nüfuzunu bütün dünyada getdikcə artıran, Azərbaycanı dünyanın sülh və əməkdaşlıq paytaxtına çevirən belə tədbirlərin ən yüksək səviyyədə təşkilində Mehriban xanımın xidmətləri misilsizdir. 
Adı cəmiyyətimizdə xeyirxahlıq, insanlara təmənnasız kömək, nəciblik, alicənablıq məzmunu ilə assosiasiya olunan Mehriban xanım Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyətinin Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının artmasında, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin güclənməsində rolu böyükdür. Ulu öndər Heydər Əliyevin yaratdığı və hazırda cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasında təmsil olunan qadınlarımız da bu ənənələrin qorunması və inkişafında yaxından iştirak edirlər. YAP-ın Qadınlar Şurası partiyamızın fəal bir hissəsidir. 11 aprel prezident seçkisində xanımlarımız yaxından iştirak edərək ölkəmizi tarixinin ən qüdrətli mərhələsinə yetirmiş rifah siyasətinə səs verdilər. Cənab İlham Əliyevin timsalında dünyaya, bəşəriyyətə sülh çağırışlarına, mədəniyyətlərarası dialoqa, davamlı tərəqqiyə, Vətənin aydın sabahına, cəmiyyətimizin firavanlığına səs verdilər. 
Dünən Prezident İlham Əliyev haqlı olaraq bəyan etdi: “Bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir, seçkilər və onun nəticələri bunu bir daha təsdiqləyir”. Bəli, 11 aprel seçkisi xalqın öz alternativsiz liderinə - müstəqilliyin, dövlətçiliyin, inkişafın yeganə təminatçısına növbəti etimad mandatı verməsini səciyyələndirdi. Bütün dünya, Azərbaycanda xalq-iqtidar birliyinin, bütövlüyünün təntənəsinin şahidi oldu.

Və dünəndən etibarən Azərbaycandan daha işıqlı gələcəyə doğru yeni bir yol başlandı. Bu yol bizi arzularımıza doğru aparan yoldur. Bu yol bizi hədəflərimizə yetirən yoldur. Bu yol bizim yolumuzdur. 
Yolun açıq olsun, Azərbaycan!..

Nurlana ƏLİYEVA,
YAP İdarə Heyətinin üzvü, 
YAP Qadınlar Şurasının sədri, professor