Xəbər İlham Əliyevin Azərbaycana layiqli xidmət missiyasının yeni mərhələsi başlayır

İlham Əliyevin Azərbaycana layiqli xidmət missiyasının yeni mərhələsi başlayır

Müəllif: Xeberim.az on in Prezident
1st Image
...Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm! Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam... Dünən Prezident əsas hüquqi və mənəvi rəmzlərə - Konstitusiyaya və Qurani-Şərifə and içərək şərəfli missiyasının yeni mərhələsinə başladı... Mövcudluğunun ən qüdrətli dövrünü yaşayan Azərbaycanın isə yeni inkişaf, yüksəliş tarixinin ilk sətirləri yazıldı...

Prezident andı

 

Vətənə, dövlətə və xalqa sədaqət andının gerçəkləşdiyi mərasim yenə də İlham Əliyevin dəyişməz üslubunda idi: bəlağətdən uzaq sadəlik, təmtəraqdan kənar səmimilik, sırf işgüzarlıq dövlət başçısının səlahiyyətlərinin icrasına başlama anının əsas məziyyətləri oldu. Fəqət, xüsusi əlamətdarlıqdan və pafoslu mərasim meyarlarından uzaq olan bu andiçmənin məğzində dövlətin və xalqın aliliyini təcəssüm etdirən olduqca mühüm məqamlar dayanırdı. 
Parlamentdə baş tutan andiçmənin rəmzi anlamı da var idi. Bu, hakimiyyətin üç qolu (icra, qanunverici və məhkəmə) arasında hüquqi bağlılığı və məsuliyyət vəhdətini mükəmməl şəkildə əks etdirirdi: mərkəzi icra hakimiyyətinin rəhbəri qanunverici orqanının - parlamentin binasında və onun üzvləri qarşısında ali məhkəmə strukturunun təmsilçilərinin iştirakı ilə and içdi! 
“İnaqurasiya” latın sözüdür, “həsr edirəm” mənasını verir. Prezident İlham Əliyev də Vətənə, xalqa və dövlətə sədaqət andını, Azərbaycana həsr etdiyi missiyasının növbəti mərhələsinin başlanğıc anını ən yüksək yerində ulu öndərin “Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır” yazılmış məkanda - parlamentdə gerçəkləşdirməklə 5 il öncə əsasını qoyduğu yeni siyasi ənənəni davam etdirdi, həm də bu formal prosedura rəmzi anlam gətirdi. 
Prezident fəaliyyət fəlsəfəsinin - “biz yalnız Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edirik”, “Biz xalqın xidmətçisiyik”, “Bizim üçün yeganə istinadgah yalnız xalqdır, onun inamı və etimadıdır” amalının dəyişməzliyini növbəti dəfə sübut etdi!
Prezident 15 il öncə elan etdiyi “əsl siyasət real iş və konkret fəaliyyətdən ibarətdir” məramına sadiqliyini göstərdi: andiçmədən və ənənəvi ziyarətlərindən sonra nə ziyafətə, nə də bayram tədbirlərinə qatıldı: birbaşa Prezident Administrasiyasına getdi, səlahiyyətlərinin icrasına başladı, həllini gözləyən problemlərin nizamlanması ilə məşğul oldu, ümumiləşdirsək isə şanlı Azərbaycan mücadiləsinin növbəti zəfər məqamlarını yazmağa davam etdi!

 

Prezident sözü Prezident imzasıdır

 

Prezidentin inaqurasiya mərasimində hər kəsin - həm xalqın, həm də ümumiyyətlə, dünyanın gözlədiyi əsas an dövlət başçısının proqram çıxışında toxunduğu məqamlar idi. Azərbaycanın qarşıdakı yeddi il ərzində daxili, xarici, iqtisadi, sosial və digər sahələr üzrə siyasətinin əsas koordinatlarını əks etdirən nitq dolğun, aydın və konkret idi. Hər kəs bir daha anladı ki, doğru yoldayıq, müstəqilliyimizin və inkişafımızın davamlı olması üçün məhz bu yolla irəliləməliyik və Prezident dövlətin, xalqın maraqlarının təmini, istiqlaliyyətimizin qorunması üçün nə gərəkdirsə, onu da edəcək!
Prezidentin sözü də, sözünün ahəngi də dəyişməz idi. 
Prezident həmişəki kimi qətiyyətli idi. Xarizması və xalqından növbəti dəfə aldığı möhtəşəm dəstəyin mənəvi gücü Ona kürsüdə xüsusi əzmkarlıq verirdi. 
Prezident həmişəki kimi lider görkəmində idi. O, yeniləşdirdiyi Azərbaycanın iftixar icmalını verir və qarşıdakı yeddi ildə yaradacağı Azərbaycanın yeni inkişaf təmayüllərini elan edirdi.
Prezident həmişəki kimi səmimi idi. Sözünün və özünün - fikirlərinin və əməllərinin tam vəhdəti bu dəfə də tam aydınlığı ilə görünürdü. Sadə, anlaşılan dillə, siyasi sofistikadan və pafosdan uzaq çıxışla dünyaya yeni Azərbaycanın yeni siyasətinin mesajlarını çatdırırdı.
Prezident həmişəki kimi milli maraqları ifadə edirdi. Heç bir məkrli qüvvənin Azərbaycanda hansısa ssenari həyata keçirməsinə imkan verilməyəcəyinin, ölkəmizin müstəqil siyasətinin daha inadla və uğurla davam etdiriləcəyinin bəyanatını verirdi.
Prezident həmişəki kimi hər bir azərbaycanlının rəhbəri, dostu, himayədarı kimi danışırdı. O, Azərbaycan insanının bu dövlətin, xüsusən də öz fəaliyyətinin ən müqəddəs dəyəri olduğunu və bu yanaşmanın daha güclü Azərbaycanla daha güclü məna kəsb edəcəyini söyləyirdi.
Prezident həmişəki kimi bu çıxışında da misilsiz natiq, uğurlu islahatçı, qətiyyətli sərkərdə, müdrik siyasətçi, qabiliyyətli iqtisadçı, bacarıqlı diplomat..., ən nəhayət, Azərbaycan dövlətinin və xalqının həm xidmətçisi, həm də Lideri olduğunu təsdiq etdi!

 

Qarşıdakı 7 il...

 

Prezidentin növbəti yeddi il üçün elan etdiyi proqramında ilkin olaraq ötən 15 ilə nəzər salındı. Keçilən yolu, qazanılan nailiyyətləri xatırlamaq gərəkli idi: çünki görülən işlər görüləcək işlərin zəminidir! 
Prezident sonra sabahdan danışdı. Və bu sabah əslində, qarşıdakı yeddi ili yox, onillikləri əhatə edirdi. Bu inkişaf qaçılmazdır və onun dinamikasının daha da yüksələcəyi tam əsaslandırılıb. 
Tək bir şərt var: müstəqillik yolundan, Heydər Əliyev kursundan dönməmək və İlham Əliyev missiyası ətrafında ümummilli səfərbərliymizi davam etdirmək!
Prezidentin cəmiyyətə, dünyaya mesajları müfəssəl, hərtərəfli və əsaslandırılmış idi. Prezident heç bir vəd vermədi, görəcəyi işlərin, nəzərdə tutduğu planların qısa icmalını çatdırdı. Qarşıdakı yeddi il ərzində bu missiyanın uğurla həyata keçəcəyinə şahid olacağıq. Necə ki, ötən 15 il kontekstində Prezident İlham Əliyevin sözünə də, əməlinə də, fəaliyyətinə tam qiymət vermək mümkündür.
Prezident xalqına gələcəyə nikbinliklə baxmağı tövsiyə etdi. Azərbaycanın daha güclü dövlət olacağını bildirdi. Və sonda hər bir vətəndaşa qürur gətirən sözlərini söylədi: “Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik.”. 
Müstəqilliyimizin təminatı, dövlətçiliymizin sükanı etibarlı əldədir!
Heç şübhəsiz, öz taleyinin sahibi olan xalq tarixin ən qüdrətli Azərbaycanını yaradan Liderin rəhbərliyi altında bütün hədəflərə çatacaq! 
Qarşıdakı 7 il Azərbaycanın ən şanlı salnamələrinin yazılacağı dövr olacaq - İlham Əliyev bunu da bacaracaq!

İxtiyar HÜSEYNLİ,
“Azərbaycan”