Xəbər Azərbaycan ilə Türkiyə arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf edir

Azərbaycan ilə Türkiyə arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf edir

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
Ekspertlərin qənaətinə görə, dünyada iki qardaş xalqın və ölkənin dostluğuna xələl gətirə biləcək güc, qüvvə yoxdur

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-25-də Türkiyə Respublikasına rəsmi səfərdə olub. Azərbaycanın dövlət başçısının qardaş Türkiyəyə rəsmi səfər proqramı kifayət qədər zəngin olub. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü baş tutub. Prezident İlham Əliyev həmçinin Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman ilə görüşüb. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib. İclas başa çatdıqdan sonra dövlət başçılarının iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.
Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir 
Azərbaycan Prezidenti İlham Əliyevin qardaş Türkiyəyə rəsmi səfəri və səfər çərçivəsində keçirdiyi görüşlər hər iki ölkədə böyük maraqla izlənilir. Ekspertlər səviyyəsində, mediada və sosial şəbəkələrdə yer alan rəylərdə iki dost ölkənin strateji əməkdaşlıq səviyyəsinə yüksələn münasibətləri təqdir edilir. Azərbaycan Prezidentinin Türkiyəyə rəsmi səfərdə olmasına və burada mühüm görüşlər keçirməsinə münasibət bildirən Milli Məclisin deputatı Sahibə Qafarova deyib ki, Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir. Millət vəkili söhbətinin əvvəlində cənab İlham Əliyevin ölkəmizdə aprelin 11-də keçirilən seçkilərdə xalqın böyük dəstəyini qazanaraq növbəti dəfə Prezident seçildikdən sonra ilk xarici səfərini Türkiyəyə reallaşdırmasını diqqətə çatdıraraq bunu iki ölkə arasında münasibətlərin çox yüksək səviyyədə olmasının əlaməti kimi səciyyələndirib. Fikirlərinə davam edən millət vəkili vurğulayıb: “Dünyada iki qardaş xalqın və ölkənin dostluğuna xələl gətirə biləcək güc, qüvvə yoxdur. Azərbaycanla Türkiyənin dostluq, qardaşlıq münasibətlərinin mahiyyəti hələ XX əsrin əvvəllərində Türkiyənin Ulu öndəri Mustafa Kamal Paşa Atatürkün ifadə etdiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, XX əsrin sonlarında isə bütün Türk dünyasının daha bir görkəmli şəxsiyyəti, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dilə gətirdiyi “Bir millət, iki dövlət” kəlamında ifadə olunub. Azərbaycanın dövlət başçısı İlham Əliyev isə bildirib ki, bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə bərabər addımlayır. Biz bütün tədbirlərdə bərabər iştirak edirik, aramızda ən yüksək fikir birliyi var. 
Türkiyə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətdir. Qardaş Türkiyə Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Ermənistanla bütün siyasi-iqtisadi əlaqələri dayandırıb, eyni zamanda, 1993-cü ildən etibarən bu ölkə ilə sərhədlərini bağlayıb. Öz növbəsində, Azərbaycan da ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri ərazi və “soyqırımı” iddialarına layiqli cavab verilməsində daim qardaş ölkənin yanındadır. Praqada Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində keçirilən iclasda Azərbaycan Prezidentinin nümayiş etdirdiyi qətiyyətli mövqe - sammitə Türkiyə təmsilçisinin qatılmamasından istifadə edərək rəsmi Ankaranın ünvanına hədyanlar qondarma “soyqırımı” sayıqlamalarını dilə gətirən Ermənistanın sabiq prezidenti Serj Sarkisyana tutarlı cavab verməsi bundan sonra da yaddaşlardan silinməyəcək. Təsadüfi deyil ki, Türkiyə ictimaiyyəti tərəfindən Prezident İlham Əliyevin sammitdə qardaş ölkəni müdafiə məqsədilə etdiyi çıxışı və Onun Sarkisyana ünvanladığı “Türkiyə burada yoxdur, mən buradayam və sizin cavabınızı da mən verəcəyəm” cavabı düşmən ölkənin rəhbərinin sifətinə vurulan tərs sillə kimi dəyərləndirildi”.
S.Qafarova bildirib ki, strateji müttəfiqlər olan Türkiyə və Azərbaycan beynəlxalq münasibətlər müstəvisində də daim bir-birini dəstəkləyir, eyni siyasi platformadan çıxış edir, birgə səylərlə ermənilərin təxribatlarının qarşısını almağa çalışırlar. S.Qafarova Azərbaycan Prezidentinin Türkiyəyə növbəti səfərinin iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacağına əminliyini dilə gətirib. Millət vəkili deyib ki, Azərbaycan Prezidentinin Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşlərində iki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsində olan münasibətlərin müxtəlif aspektləri müzakirə edilib. “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin əlaqələrimizin inkişafı baxımından əhəmiyyəti qeyd olunub. Münasibətlərimizin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Eyni zamanda, əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub. Görüşdə ölkələrimizin birlikdə həyata keçirdikləri qlobal əhəmiyyətli layihələrin əhəmiyyəti xüsusi qeyd edilib. Göründüyü kimi, müzakirə edilən məsələlərin spektri kifayət qədər genişdir. Şübhə yoxdur ki, Prezident İlham Əliyevin qardaş ölkəyə rəsmi səfəri Azərbaycan və Türkiyə arasında yeni bir səhifə açacaq”, - deyə S.Qafarova bildirib.
Azərbaycanla Türkiyənin həyata keçirdiyi layihələr sabitliyi və təhlükəsizliyi möhkəmləndirir
Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri ilə bağlı “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı Tahir Rzayev isə iki ölkə arasında getdikcə dərinləşən iqtisadi əlaqələr barədə fikirlərini bildirib: “Türkiyə ilə Azərbaycanı, eyni zamanda, müxtəlif layihələrdə fəal təmsilçilik, ortaq maraqlar birləşdirir. Son illərdə Azərbaycanla Türkiyə regional və qlobal əhəmiyyət daşıyan bir sıra enerji, nəqliyyat və digər layihələrin əsas təşəbbüskarları və fəal iştirakçıları qismində çıxış edirlər. Azərbaycanın zəngin enerji ehtiyatları məhz qardaş Türkiyədən keçən dəhlizlər, o cümlədən də Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Supsa xətləri ilə daşınaraq dünya bazarlarına çıxarılır. İki qardaş ölkənin təşəbbüsləri ilə reallaşdırılan və 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Asiya ilə Avropanı birləşdirir. 
Hazırda isə iki ölkənin birgə səyləri ilə “Cənub” qaz dəhlizinin tərkib hissəsi kimi yeni enerji layihəsi - TANAP reallaşdırılır. TANAP layihəsi üzrə saziş 2012-ci ildə İstanbulda imzalanıb. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcək. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələnin 2018-ci ildə başa çatacağı gözlənilir. 2020-ci ildə bu kəmərlə nəql olunacaq qazın həcmi ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək”.
T.Rzayev açıqlamasında diqqətə çatdırıb ki, Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə əməkdaşlığın perspektivləri kifayət qədər genişdir. “Prezident İlham Əliyevin Türkiyəyə növbəti rəsmi səfəri çərçivəsində dövlət başçılarının iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirilib, həmçinin iki ölkə arasında bir sıra sənədlər imzalanıb. İmzalanan sənədlərin bəziləri iqtisadi bloku əhatə edir. Bütövlükdə deyə bilərik ki, Türkiyə ilə Azərbaycan Avrasiyanın energetika və nəqliyyat xəritəsini tərtib edirlər. İki ölkənin fəal iştirakı ilə reallaşdırılan layihələr yalnız iqtisadi səmərə baxımından önəmli deyil. Azərbaycanla Türkiyənin həyata keçirdiyi layihələr regionda sabitliyi və təhlükəsizliyi möhkəmləndirir”, - deyə T.Rzayev vurğulayıb.
Mübariz ABDULLAYEV