Xəbər Demokratik və bəşəri dəyərlərə sadiq müdrik rəhbər

Demokratik və bəşəri dəyərlərə sadiq müdrik rəhbər

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
Otuz ildən artıq bir müddətdə Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və vətənini canından artıq sevən ən böyük azərbaycanlı, şərəfli adı bizim üçün həmişə əziz və unudulmaz olan Heydər Əliyevlə bağlı olmuşdur.

Bu illər xalqımızın milli mənlik şüurunun oyanışı, azadlıq və müstəqillik hissinin güclənməsi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının vüsətli dirçəlişi ilə əlamətdar olmuşdur. Bütün həyatını və siyasi fəaliyyətini böyük tarixi keçmişi və zəngin mədəniyyəti ilə fəxr etdiyi xalqının və vətəninin tərəqqisinə həsr etmiş Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxaraq, ölçüyəgəlməz irəliləyişə nail olmuşdur. 
1969-cu ilin iyulunda Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın taleyində və tarixində dönüş başlandı. Xalqımızın mənəvi-əxlaqi dəyərlərinə söykənən genişmiqyaslı tədbirlər həyata keçirilməsi sayəsində insanlarda nəinki milli ruhun və özünüdərkin oyanışını şərtləndirdi, həmçinin onların ictimai fəallığının və işgüzarlığının yüksəlməsinə təkan verdi. Milli qürur hissinin güclənməsi, milli şüurun yüksəlməsi sosial-iqtisadi və mədəni həyatın bütün sahələrinin dirçəlişi üçün zəmin oldu. Bu, xalq ruhuna dərindən bələd olan respublika rəhbərinin təşəbbüskarlığının və uzaqgörənliyinin nəticəsi idi. 
XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşması böyük öndərimizin titanik siyasi fəaliyyətinin nəticəsi, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə onun hakimiyyətə qayıdışının bəhrəsidir. 
Hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, xalqın birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş üçün zəmin yaradılmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirdi.
Müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının təmini məqsədilə həyata keçirilən hüquqi islahatlar içərisində ən mühümü məhz yaşamaq hüququnun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər planı olmuşdur. 1993-cü ildə Heydər Əliyevin ilk qərarlarından biri məhz ölüm cəzasının tətbiqi üzərində moratorium qoyulması oldu. 
Demokratik hüquqi dövlət quruculuğu yolunu tutmuş Azərbaycan xalqı milli müstəqillik əldə etdikdən sonra bir çox çətinliklərlə qarşılaşmışdı. O dövrdə ölkəmizdə hökm sürən hərc-mərclik, özbaşınalıq, qanunsuz silahlı birləşmələrin mövcudluğu, cinayətkarlığın tüğyan etməsi, insanların dinc və təhlükəsiz yaşamasını qəsdə məruz qoymuşdu. 
Ulu öndərin həyata keçirdiyi siyasət nəticəsində dövlətçiliyimiz möhkəmləndirildi, ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuzluqlara, zorakılığa, cəzasızlıq əhval-ruhiyyəsinə son qoyuldu. Vətəndaşlarımız təhlükəsiz yaşamaq hüququ əldə etdilər. Bütün bunlar demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə təminat verdi. 
1994-cü il mayın 12-də atəşkəs barədə sazişin imzalanması ordu quruculuğunda köklü islahatlar aparılmasına şərait yaratdı. Orduya çağırışla bağlı bütün problemlər həllini tapdı, fərarilik halları aradan qalxdı. Dövlətçiliyi və hərbçi şərəfini uca tutan zabitlər rəhbər vəzifələrə irəli çəkildi. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı digər zəruri addımlar atıldı.
1993-cü il noyabrın 1-də Prezidentin müvafiq fərmanı ilə Dövlət Müdafiə Şurası yaradıldı. Şuranın ilk iclasında ordu quruculuğu, müdafiə məsələləri geniş müzakirə olundu, müvafiq qərarlar qəbul edildi. Səfərbərliyin təşkili, döyüş hazırlığının, qoşun hissələrinin, şəxsi heyətin təlim-tərbiyəsinin təkmilləşdirilməsinə, sosial şəraitin yaxşılaşdırılmasına istiqamətləndirilmiş tədbirlər müəyyən olundu. Bu, olduqca vacib amillər idi və ümummilli lider ordu quruculuğuna məhz bu məsələləri həll etməklə başladı. Nəticə etibarilə bu proses dünya təcrübəsinə və milli dəyərlər sisteminə əsaslanmaqla uğurla davam etdirildi. Qısa müddətdə atılan düşünülmüş addımlar öz bəhrəsini verdi - nizami ordu yaradıldı və formalaşmağa başladı.
1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq müstəqil dövlətimizin Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas müddəalarını özündə əks etdirən Konstitusiyada insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan Konstitusiyamız hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. 
Qeyd olunduğu kimi, 1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının icrasına moratorium qoyulmuş, daha sonra ölüm cəzasının tətbiqi məhdudlaşdırılmış və 1998-ci il fevralın 10-da ölüm cəzası ləğv edilmişdir. Bu tarixi addım fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığımıza əsaslanmaqla humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan prezidentimizin gələcək nəsillərə misilsiz töhfəsi oldu. 
Bu bir həqiqətdir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi həmin il, yəni, 1995-ci ilin noyabrın 12-də keçirilən referendumda - ümumxalq səsverməsində qəbul edilmişdir. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər, fundamental hüquq və azadlıqlar öz əksini tapmışdır. 
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə xeyli tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər sırasında Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli sərəncamı ilə yaradılmış Hüquq islahatları komissiyasını xüsusi qeyd etmək lazımdır. Bu komissiya xalqımızın dövlətçilik tarixində yaratdığı ənənələri qorumaqla inkişaf etmiş dövlətlərin hüquq islahatları ilə bağlı təcrübəsindən də bəhrələnmişdir. Komissiyanın 4 may 1996-cı ildə keçirilmiş iclasında ümummilli liderimiz Heydər Əliyev demişdir:
“Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının həyata keçirilməsi prosesi hər birimizin əsas vəzifələrindən biridir. Bu baxımdan məhkəmə, hüquq-mühafizə orqanlarının islahatı ilə əlaqədar qanunların hazırlanması, qəbul olunması çox mühüm əhəmiyyət kəsb edir. İndi qarşımızda Konstitusiya əsasında qanunların qəbul olunması kimi çox böyük vəzifələr var. Hər sahədə qanunlar qəbul edilməlidir. İndi mən vaxt deyə bilmərəm - bir il, iki il, - hər halda, müəyyən bir zaman ərzində nail olmalıyıq ki, bütün sahələr üzrə müstəqil Azərbaycan dövlətinin qanunları olsun”.
Heydər Əliyevin Hüquq islahatları komissiyasındakı bu nitqi respublikamızda qanun yaradıcılığı sahəsində həyata keçirilən böyük işlərin proqram sənədi kimi mühüm əhəmiyyətə malikdir.
Hüquq islahatları sahəsində çox əhəmiyyətli sənədlərdən biri də Heydər Əliyevin 1996-cı il iyunun 8-də imzaladığı “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi haqqında” sərəncamdır. Bu sənədə əsasən, beynəlxalq standartlara uyğun “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında” qanun və digər hüquqi sənədlərin layihələri hazırlanıb Milli Məclisdə müzakirə edilmiş və müvafiq qaydada qəbul olunmuşdur.
Milli Məclisin bu günə qədər qəbul etdiyi hüquqi sənədlərin böyük bir hissəsi Heydər Əliyev tərəfindən parlamentin müzakirəsinə verilmiş qanun layihələri, konvensiyalar və sazişlərdir. Respublika parlamenti son illər ərzində bu istiqamətdə, yəni, hüquq islahatları sahəsində xeyli tarixi sənədlər qəbul etmişdir.
Ulu öndərin 22 fevral 1998-ci il tarixli “İnsan və vətəndaş hüquqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanı da hüquq islahatları baxımından mühüm əhəmiyyət kəsb edən tarixi sənədlərdəndir. Bu fərmanda ölkəmizdə insan hüquq və azadlıqlarının cəmiyyətimizdə əsas meyar olduğu xüsusilə vurğulanmış, icra strukturlarının vəzifələri müəyyən edilmişdir.
Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə ölkəmizin Avropa xalqları ailəsi ilə inteqrasiyasını gücləndirən normativ sənədlər də qəbul olunmuşdur. Parlament bu sahədə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanı, “İşgəncələrin və qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında” Avropa Konvensiyasını, “Yerli özünüidarəetmə haqqında” Avropa Xartiyasını təsdiq edən sənədləri, “Vətəndaşlıq haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunları qəbul etmişdir.
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması hüquq islahatları baxımından respublikamız qarşısında mühüm öhdəlik və vəzifələr qoymuşdu. Bu vəzifələrin yerinə yetirilməsi sahəsində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmiş, Prezidentin təşəbbüsü ilə Milli Məclisdə dövlət qulluğunu tənzimləyən bir sıra qanunvericilik aktları qəbul edilmişdir.
Hüquq islahatları sahəsində Milli Məclis Heydər Əliyevin təşəbbüsü ilə bir neçə konstitusiya qanunu da qəbul etmişdir. Bunlar “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında”, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”, “Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” konstitusiya qanunlarından ibarətdir. Bütün bu sənədlər ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasına necə böyük əhəmiyyət verildiyinin əyani təsdiqidir.
Heydər Əliyev ölkəmizdə aparılan hüquq islahatları haqqında respublikamızın dövlət müstəqilliyinin onuncu ildönümünə həsr olunmuş təntənəli mərasimdə demişdir:
“1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası qəbul olundu. Həmin o il Azərbaycanın ilk Milli Məclisi seçildi. Baxmayaraq ki, 1995-ci ildə biz hələ ağır iqtisadi vəziyyətdə yaşayırdıq, ictimai-siyasi vəziyyət ardıcıl surətdə sabitləşdirildi. Bunların hamısı bizə Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, Azərbaycana xarici investisiyanın cəlb edilməsini təmin etmək, Azərbaycanın ordusunu yaratmaq, onu möhkəmləndirmək və insanların rifah halını yaxşılaşdırmaq üçün imkanlar yaratdı.
Hər bir qanunun arxasında Azərbaycanda dövlət quruculuğunu təmin etmək, iqtisadi islahatları həyata keçirmək, siyasi islahatları həyata keçirmək, sosial islahatları həyata keçirmək məsələləri durur. Azərbaycanı keçmiş sosialist ictimai-siyasi, iqtisadi sistemindən yeni sistemə keçirmək prosesini biz bu illərdə apardıq və buna da nail olmuşuq. Məhz bunların nəticəsində indi Azərbaycanda demokratik, hüquqi dövlət öz fəaliyyətini uğurla həyata keçirir. Azərbaycan xalqı bunların nəticəsində öz müstəqil ölkəsində tam azadlığa çıxıbdır.” 
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunduqdan bir müddət sonra - 2002-ci ildə Azərbaycanın həmin dövrdəki inkişaf səviyyəsinə və perspektivlərinə uyğun olaraq keçirilmiş referendumda bir sıra mühüm məsələlər öz həllini tapmışdı, o cümlədən seçki prosesi ilə bağlı proporsional seçki sistemi ləğv olunmuş, mojaritar seçki sisteminə keçirilmişdi. 
Ölkədə siyasi, iqtisadi, sosial və hüquq islahatlarının qanunvericilik mexanizminin yaradılmasına və təkmilləşdirilməsinə yönəldilmiş yüzlərlə qanun layihəsi Heydər Əliyevin imzası ilə parlamentə təqdim edilmiş və qəbul olunmuşdur. Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi qanunvericilik aktları, o cümlədən Mülki Məcəllə, Mülki-Prosessual Məcəllə, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi, Cinayət-Prosessual Məcəllə, Cəzaların İcrası Məcəlləsi, “Torpaq islahatı haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və digər qanunlar Azərbaycanın demokratik yolla ardıcıl inkişafı üçün bütün hüquqi təminatları yaratmışdır.
Bunlar bir tərəfdən Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun təmin edilməsi, çoxpartiyalılığa, müxtəlif siyasi cərəyanların ideyalarının azad ifadə olunmasına əsaslanan siyasi sistemin yaradılması, insan və vətəndaş hüquqlarının qorunmasına qulluq edən təsisatların formalaşması, digər tərəfdən isə ölkəmizdə azad rəqabətə, inkişaf etmiş mülki dövriyyəyə, müasir bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın qurulması məqsədini güdən qanunvericilik tədbirlərini əhatə etmişdir.
Bu gün Azərbaycanda respublika Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatları ümummilli lider Heydər Əliyevin bu sahədə həyata keçirdiyi dövlət siyasətinin məntiqi davamıdır. 
İqtisadi inkişaf üçün hüquqi bazanın və islahatların əhəmiyyəti ondan ibarətdir ki, hüquqi baza və normativ əsaslara söykənərək fəaliyyət göstərən dövlət institutları əlverişli biznes mühitinin yaranmasını və tərəflər üçün bərabər imkanları təmin edir. Belə ki, xüsusi mülkiyyət hüquqlarının qorunmasını təmin edə bilən və uzunmüddətli müqavilələrin bağlanmasını təşviq edən qanunvericilik sistemi investisiyaların həcminin artması və iqtisadi inkişaf üçün mühüm şərtlərdir.
Hüquqi islahatlara olan yanaşma və onların davamlılığı sosial-iqtisadi rifahı təmin edir. Digər ölkələrin də təcrübəsi göstərir ki, məhz demokratik sistemin və hüququn aliliyinin inkişafını daha möhkəm təmin etmiş dövlətlər daha sürətli və uğurlu iqtisadi inkişafa nail olmuşlar. Eyni zamanda, iqtisadi göstəricilərin və inkişafın zəif olduğu ölkələr daha kövrək hüquq sisteminin və siyasi sabitliyin olduğu ölkələrdir. Yəni, iqtisadi inkişafı hüquqi islahatlarla paralel həyata keçirən, bir-birini tamamlayan yanaşma ortaya qoyulduqda həmin dövlətlərdə iqtisadi inkişaf və vətəndaş rifahı dayanıqlı olur.
Dövlətin inkişafı və vətəndaşların rifahı ilkin olaraq sosial-iqtisadi siyasətlə və göstəricilərlə əlaqələndirilir, ancaq bu proses paralel həyata keçirilən dərin, hərtərəfli hüquqi islahatlarsız səmərəli olmur. İlham Əliyevin prezident seçildiyi 2003-cü ildən ötən dövr ərzində ölkəmizin iqtisadi sahədə olan uğurları birmənalıdır və statistik rəqəmlərlə, eləcə də beynəlxalq qiymətləndirmələrlə təsdiqlənmişdir. Həyata keçirilən sosial proqramlar, yoxsulluq səviyyəsinin azaldılması, infrastruktur layihələri, təhsil və səhiyyə islahatları vətəndaşların rifahını əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.
Bu inkişafı və artımı şərtləndirən, onun üçün zəmin yaradan və davamlılığını təmin edəcək hüquqi islahatlar da daim İlham Əliyevin islahatlar konsepsiyasının ayrılmaz hissəsi olmuşdur. 2003-cü ildən başlayaraq Azərbaycanda iqtisadi inkişafı gücləndirəcək və onun davamlılığını təmin edəcək kompleks məhkəmə, inzibati-idarəçilik və kadr islahatları həyata keçirildi. Müstəqil Azərbaycanın ilk Konstitusiyasında müəyyən edilmiş əsaslarla qurulan məhkəmə sisteminin İlham Əliyevin prezidentliyi dövründə təkmilləşdirilməsi davam etdirildi. Azərbaycan ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə, 2002-ci ildə ədalət mühakiməsində daha yüksək standartları təmin etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət hüququnu tanıyan Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya etmişdi. Möhtərəm Prezident İlham Əliyev 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apelyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almalarını tövsiyə etdi. Həmin fərmandan sonra İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox işləri Azərbaycan dilinə tərcümə olundu, hüquq-mühafizə orqanlarının əməkdaşları və ümumiyyətlə, bütün hüquqşünaslar tərəfindən geniş şəkildə öyrənilməyə başlandı.
İlkin hüquqi islahatlardan biri məhkəmə hakimiyyətində şəffaflığın artırılması idi. 2004-cü ildə “Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişikliklə kassasiya və apelyasiya instansiyası məhkəmələrinin bütün qərarlarının elektron qaydada yayılması tələbi gətirildi. Bu istiqamətdə tədbirlər daim diqqətdə saxlanıldı və müasir informasiya texnologiyalarının tətbiq edilməsi ilə təkmilləşdirildi. 2014-cü ildə Prezident İlham Əliyevin fərmanı ilə yaradılan “Elektron məhkəmə” informasiya sistemi belə tədbirlərin əhəmiyyətli nümunələrindən biridir. Bu sistem məhkəmələrdə şəffaflığın artırılmasını, prosessual hərəkətlərin izlənilməsini, məlumatların sistemləşdirilmiş şəkildə saxlanılmasını, ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulunu və ümumi olaraq məhkəmələrin fəaliyyətində informasiya texnologiyalarının tətbiqini və səmərəliliyin artırılmasını təmin edir.
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda mühüm hüquqi islahatlardan biri məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının yaradılması idi. 28 dekabr 2004-cü ildə “Məhkəmə-Hüquq Şurası haqqında” qanun qəbul edildi və 2005-ci ilin fevralından Məhkəmə-Hüquq Şurası fəaliyyətə başladı. Məhkəmə-Hüquq Şurasının yaradılması ilə hakimlərin fəaliyyətinə kənar müdaxilə olduqda, onların bu barədə Məhkəmə-Hüquq Şurasına müraciət imkanı da yaranmış oldu. Həmin qanunla həmçinin vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçkisini həyata keçirmək məqsədi ilə müstəqil qurum olan Hakimlərin Seçki Komitəsi formalaşdırıldı. Bununla da Azərbaycanda hakimlərin qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan şəffaf seçki proseduru yaradılmış oldu. Hakimlərin seçki proseduru ilə yanaşı, onların hüquqlarının müdafiəsi və məhkəmə hakimiyyətinin müstəqilliyinin gücləndirilməsi məqsədilə 2004-cü ildə hakimlərin ictimai birliklər (assosiasiyalar) yaratmaq və birləşmək hüququ qanunla tanınmış oldu. Həyata keçirilən məhkəmə islahatları bu sahə üzrə qiymətləndirmələr aparan beynəlxalq qurumlar və Avropa təsisatları tərəfindən təqdirəlayiq hesab edilmişdir.
Azərbaycanda iqtisadi inkişaf bazar iqtisadiyyatının prinsiplərinə əsaslanır. Ancaq dövlət sosial rifahı nəzərə almayan, əhalinin bir qrupunun daha çox varlandığı, digər bir qisminin isə yoxsullaşdığı iqtisadi mühiti qəbul etmir. Təbii ki, dövlətin sərbəst iqtisadi mühitdə iqtisadiyyatın əsas sahələrini öz əlində saxlaması mümkün deyil və üstəlik, hüquq sistemi də buna imkan tanımır. Ancaq dövlət iqtisadi siyasətində sosial rifahı nəzərə alır və bunu hüquq normaları vasitəsilə edə bilir. İqtisadi fəaliyyət subyektlərinin mənafeyi ilə əhalinin sosial rifahı bir-biri ilə ziddiyyət təşkil etməsə də, aradakı balansı tam qorumaq o qədər də asan deyil. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2009-cu ildə keçirilən referendumla Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi konstitusion səviyyədə dövlətin ali məqsədi kimi tanındı.
Bu referendumla həmçinin Ali Məhkəmənin qərarlarının dərc edilməsi məcburiyyəti gətirildi, uşaq hüquqlarının müdafiəsi və ətraf mühitin mühafizəsi gücləndirildi, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına qanunvericilik təşəbbüsü hüququ verildi və insan hüquq və azadlıqlarının, ədalət mühakiməsinin müstəqilliyi və şəffaflığının yüksəldilməsi üçün digər əlavə və dəyişikliklər edildi.
26 sentyabr 2016-cı ildə keçirilmiş digər referendumla da Konstitusiyamıza insan hüquq və azadlıqları, xüsusilə seçki və ədalətli mühakimə hüquqlarının genişləndirilməsi, sosial, iqtisadi təhlükəsizliyin gücləndirilməsi ilə bağlı əlavə və dəyişikliklər edilmiş oldu. Beləliklə, dövlət başçımız tərəfindən təşəbbüs edilən iki referendum da xalq tərəfindən müsbət qarşılandı və nəticədə, insan hüquq və azadlıqlarına daha ali səviyyədə təminat verən, şəffaf cəmiyyət və dövlət aparatının ən qabaqcıl beynəlxalq standartlarda qurulmasını asanlaşdıran Konstitusiya və hüquq sistemi formalaşdırılmış oldu.
Hüquq sistemi islahatlara daim əlverişli və açıq olmalıdır, yeni ortaya çıxan məsələlərin tənzimlənməsində gecikməməlidir. Prezidentin son illərdə həyata keçirdiyi dərin iqtisadi islahatlar proqramları da paralel hüquqi islahatlarla müşayiət edilmiş və bu islahatların da uğurunu şərtləndirmişdir.
2015-ci ildə İlham Əliyevin təşəbbüsü ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun qəbul olundu və bu qanuna 2017-ci ildə edilən dəyişikliklə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırıldı. Bu qanunların qəbul edilməsi biznes mühitinin əlverişliliyinin artırılması barədə hüquqi-inzibati islahatların davamı idi.
İqtisadi inkişafı dayanıqlı hala gətirmək məqsədilə həyata keçirilən mülki (vergi, sahibkarlıq və s. hüququ daxil olmaqla) hüquqi sahədə islahatlara paralel olaraq cinayət qanunvericiliyi də diqqətdə saxlanılmış və dövrün tələblərinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyi iqtisadi fəaliyyət sahəsində inkişafın dinamikası ilə əlaqədar mütəmadi olaraq təkmilləşdirilmişdir. Keçən il İlham Əliyevin təşəbbüsü ilə cinayət qanunvericiliyində iqtisadi fəaliyyət sahəsini də əhatə edən köklü dəyişikliklər edilmişdir. Belə ki, Prezident İlham Əliyev 10 fevral 2017-ci il tarixində cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamında iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması məsələsini xüsusi qeyd etmiş və bunun davamı olaraq 20 oktyabr 2017-ci ildə Milli Məclisə Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihəsi ilə Cinayət Məcəlləsinə iqtisadi fəaliyyət sahəsində bir sıra cinayətlərin dekriminallaşdırılması, bir sıra cinayətlərə görə müəyyən edilən cəzaların yüngülləşdirilməsi, zərərçəkmiş şəxslə barışmaqla və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azadetməni nəzərdə tutan yüzlərlə dəyişiklik edilmişdir.
Hüquqi islahatlar həmçinin korrupsiyanın qarşısının alınması və açıq hökumət prinsiplərinin tətbiqi sahələrini də geniş əhatə etmişdir. 2004-cü ildə ilk dəfə korrupsiyaya qarşı mübarizə sahəsində dövlət proqramının imzalanması, sahəvi qanunların təşəbbüs edilməsi ilə bu sahədə möhkəm siyasi iradə ortaya qoyulmuş və həmin istiqamətdə davamlılığın təmin edilməsi üçün mütəmadi proqramlar və milli fəaliyyət planları qəbul edilmişdir. İnzibati-iqtisad məhkəmələrinin yaradılması, məhkəmə qərarlarının elektron formada yayılması, korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış orqanların yaradılması iqtisadi fəaliyyətin subyektləri üçün iqtisadi mühitdə atılacaq hər addımın nəticələrini qabaqcadan görməyi asanlaşdırır, sağlam, proqnozlaşdırıla bilən sahibkarlıq mühitinin mövcudluğunu təmin etmişdir.
Hüquq sisteminin təkmilləşdirilməsi yüksək iqtisadi inkişafı şərtləndirən və onun ayrılmaz hissəsidir. Eyni zamanda, uyğun hüquqi çərçivə təmin edilmədən iqtisadi inkişaf uzunömürlü ola bilməz. Bu qarşılıqlı asılılığı hər mənada dərk edən və idarəçiliyi buna uyğun təşkil edən dövlətlərin inkişafı digərlərindən müsbət mənada xeyli fərqlənir. Hüquqi islahatlarla bağlı son 15 ildə Prezident İlham Əliyevin iradəsi və mövcud nailiyyətlər tətbiq edilən yanaşmanın səmərəli və düzgün olmasını bir daha təsdiq edir və gələcəkdə bu sahənin inkişafını, iqtisadiyyatın daha da güclənməsini və vətəndaş rifahının artmasını təmin edəcəkdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən inamla, uğurla həyata keçirilir. Hərbi sahədə əsaslı islahatlar aparılması ilə yanaşı, ordumuz yeni silah və texnika ilə təchiz edilir. Yeni inkişaf mərhələsinə qədəm qoyan Silahlı Qüvvələrimiz regionun ən güclü ordusu və xalqımızın güvənc yeri, müstəqilliyimizin, dövlətçiliyimizin qarantıdır. 
Azərbaycanın Silahlı Qüvvələri bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən ordularından biridir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesi davamlı surətdə təkmilləşdirilir, hərbi hissələr ən müasir hərbi texnika ilə təchiz olunur, yüksək şəraitə malik hərbi şəhərciklər, döyüş poliqonları yaradılır. Bütün bunların nəticəsidir ki, hazırda torpaqlarımızı düşməndən azad etməyə qadir, yüksək döyüş ruhuna malik ordumuz formalaşıb. Bu, özünü uğurlu aprel döyüşləri zamanı əyani şəkildə təsdiqlədi.
Bu gün Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasətin parlaq nəticələrindən biri ondan ibarətdir ki, Qərb ölkələri, bir sıra xarici siyasi dairələr, onların maraqlarına xidmət edən təşkilatlar və antimilli ünsürlər tərəfindən aparılan qara piara, ölkəmizə qarayaxma cəhdlərinə baxmayaraq, Azərbaycan sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkə olduğunu nümayiş etdirir. 
Öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu olan müstəqil Azərbaycan dövlətinin son illərdə mötəbər beynəlxalq tədbirlər mərkəzinə çevrilməsi ölkəmizin daha geniş müstəvidə mövqelərinin möhkəmlənməsini şərtləndirən əsas amillərdəndir. Təkcə ötən il ərzində Azərbaycanda həyatın müxtəlif sahələrini əhatə edən 40-dan çox beynəlxalq tədbirin keçirilməsi buna bariz sübutdur. 
2018-ci ilin ilk aylarında da ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilib. Onlardan biri tarixdə ilk dəfə baş tutan dörd region dövlətinin - Azərbaycan, Türkiyə, İran və Gürcüstanın xarici işlər nazirlərinin dördtərəfli formatda görüşüdür ki, bu, diplomatiya tariximizə növbəti bir uğur kimi yazılıb. Belə ki, həmin görüşdə müzakirələrin nəticəsi olaraq imzalanmış bəyannaməyə görə, Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri ilə yanaşı, “Cənub-Qərb” nəqliyyat marşrutunun da mərkəzinə çevrilib.
Bu ilin ilk rübü Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda ölkəmizdə keçirilən konfransı və Bakıda təşkil olunan “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Bakı Qlobal Forumu ilə yaddaqalan olub. 50-dən çox ölkədən 47 fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısının iştirakı ilə keçirilən bu forumda da beynəlxalq münasibətlərin gündəliyindəki ən mühüm məsələlər müzakirə edilib. Yeri gəlmişkən, Qlobal Bakı Forumunun əhəmiyyəti ildən-ilə artmaqdadır və dünyanın düşünən başları mütəmadi olaraq Bakıda toplaşıb bəşəriyyətin qarşısında duran bu və ya digər problemlə bağlı fikir mübadiləsi aparmaq imkanı qazanır.
İdman ölkəsi olduğunu dünyaya nümayiş etdirən Azərbaycanın baş şəhəri Bakı artıq dünyanın idman paytaxtlarından hesab olunur. Ölkəmizin dünyada etibarlı tərəfdaş, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik olması belə tədbirlərə evsahibliyi etməsi imkanlarını artırır və bir çox hallarda digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur. 
I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” Qran-prisi və digər irimiqyaslı idman tədbirlərinin keçirilməsi üçün etimadın göstərilməsi, əslində, ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi yüksək nüfuzunun ifadəsidir.
Bununla yanaşı, son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək, aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin çox böyük əksəriyyəti artıq beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfdən gəlib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan mədəniyyətinin böyük hamisi Mehriban xanım Əliyevanın dəstəyi və bilavasitə təşkilatçılığı ilə ölkəmizdə reallaşdırılan nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri respublikamızı dünyanın mədəni həyatının mərkəzinə çevirib.
Hər bir beynəlxalq tədbirlə əlaqədar gələn qonaqlar ölkəmizlə əyani tanış olur və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vasitəçilik edirlər. Bundan başqa, hər bir qonaq respublikamızda yatırımlar üçün əlverişli şəraitin və imkanların olmasını, eyni zamanda, sabitliyin hökm sürdüyünü görür. Bu mənada beynəlxalq tədbirlər investisiya cəlbi üçün də böyük əhəmiyyət kəsb edir.
Bir sözlə, son 15 il ərzində Azərbaycanın əldə etdiyi uğurlar, nailiyyətlər kifayət qədərdir. Bu uğurları iki mərhələyə də bölmək olar: ümummilli lider Heydər Əliyevin hakimiyyət dövrü sabitlik və inkişaf, İlham Əliyevin prezidentlik dövrləri isə müasirləşmə və yeniləşmə mərhələsidir.
Azərbaycanda bu ilin 11 aprel tarixində keçirilən və demokratiyanın təntənəsi kimi dəyərləndirilən prezident seçkiləri bir daha sübut etdi ki, xalqımız məhz tərəqqiyə və inkişafa, əldə edilən uğurların davamına səs verdi. Vətəndaşlarımızın mütləq əksəriyyətinin növbəti dəfə səs verdikləri 15 illik uğurlarımızın müəllifi cənab İlham Əliyev bu gün dövlətimiz qarşısında taleyüklü məsələləri xalqımızın dəstəyi ilə həll etməkdə və ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik irsini öz quruculuq fəaliyyəti ilə daha da zənginləşdirməkdədir. Məhz bu fəaliyyətin nəticəsidir ki, keyfiyyət baxımından yeni mərhələyə daxil olmuş dövlətimiz beynəlxalq etirafa nail olmuş güclü dövlət statusu qazanmışdır. Belə dövlətin vətəndaşı olmaq isə şərəf və fəxarətdir.

Ziyafət ƏSGƏROV,
Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü