Xəbər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs” tarixi-sənədli sərgisinin açılış mərasimi olub

Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs” tarixi-sənədli sərgisinin açılış mərasimi olub

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
Mayın 10-da Heydər Əliyev Mərkəzində “Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs” tarixi-sənədli sərgisinin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Rusiya Federasiyası Prezidentinin Administrasiyası və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan sərgidə Azərbaycanın və Rusiyanın ictimai-siyasi xadimləri, ziyalıları iştirak ediblər.
Rusiya ilə dostluq münasibətlərinin qurulmasında, iki ölkə arasında strateji tərəfdaşlığın əsaslarının qoyulmasında Ulu öndər Heydər Əliyev mühüm rol oynayıb. Buna görə də Heydər Əliyev Mərkəzində əlamətdar yubileyə - Azərbaycan xalqının Ümummilli liderinin anadan olmasının 95 illiyinə həsr edilən “Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs” mövzusunda tarixi-sənədli sərginin açılması təsadüfi deyil. Bununla bağlı keçirilən mərasimdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov unikal sərginin təşkil edildiyini bildirərək, Mərkəzin və Heydər Əliyev Fondunun Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə yönələn layihələri hər zaman dəstəklədiyini diqqətə çatdırıb.
Anar Ələkbərov Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın bu istiqamətdə gördüyü işləri qeyd edib. O, Ulu öndərin irsinin araşdırılması və gələcək nəsillərə çatdırılması ilə məşğul olan Heydər Əliyev Mərkəzində təşkil edilən sərgilər və tədbirlər sırasında Rusiya mədəniyyət və incəsənət xadimlərinin işlərinin də geniş yer aldığını vurğulayıb və sərginin təşkilatçılarına minnətdarlığını bildirib.
Rusiya Federasiyası Prezidentinin Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına müraciətini oxuyub.
Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub.
Tədbirdə çıxış edən Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Heydər Əliyevi Azərbaycanın inkişafında unikal rol oynayan əfsanəvi siyasətçi kimi səciyyələndirib. Bu sərginin Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlığını nümayiş etdirdiyini deyən rusiyalı qonaq ölkələrimiz arasında əlaqələrin qarşılıqlı hörmətə, mehriban qonşuluğa, dostluğa əsaslandığını qeyd edib. Bildirib ki, indi əsas vəzifə bu estafeti gələcək nəsillərə ötürməkdir. “Uğurlu strateji tərəfdaşlığın vacib rəhni - prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsidir”, - deyən İlyas Umaxanov ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından danışıb. Onu da diqqətə çatdırıb ki, bu gün Heydər Əliyev Mərkəzində açılan sərgi Azərbaycan xalqının və onun liderinin tarixini daha yaxşı öyrənməyə imkan verəcək.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Qriqori Karasin sərginin görkəmli şəxsiyyətə həsr edildiyini, Heydər Əliyevin nəhəng cəsarətə və təcrübəyə malik olduğunu, Onun Azərbaycanın inkişafı üçün taleyüklü qərarlar qəbul etdiyini bildirib. İki dəfə Azərbaycana rəhbərlik edən Ulu öndərin fəaliyyəti barədə danışan Rusiyanın xarici siyasət idarəsinin rəsmisi deyib ki, Heydər Əliyevi insanlara və işinə olan maraq fərqləndirirdi, O, nəhəng potensiala malik şəxsiyyət idi. Qriqori Karasin qeyd edib ki, Ulu öndər Rusiya ilə münasibətlərə xüsusi əhəmiyyət verirdi. Ümummilli liderin siyasi kursunu bu gün Prezident İlham Əliyev davam etdirir. Rusiya Federasiyası xarici işlər nazirinin müavini vurğulayıb ki, məhz buna görə də Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafına nikbinliklə baxır və əmindir ki, bu münasibətlər ölkələrimizin və xalqlarımızın rifahı naminə inkişaf edəcək.
Sonra sərginin açılışı olub.
Əlamətdar tarixə - Azərbaycan xalqının Ümummilli liderinin anadan olmasının 95 illiyinə həsr olunan “Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs” Azərbaycan-Rusiya tarixi-sənədli sərgisi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Rusiya Federasiyası Prezidentinin Administrasiyası və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilib. Sərgi altı bölmədən ibarətdir. Hər bir bölmə Ulu öndərin həyatının müəyyən mərhələsinə həsr edilib. Sərgidə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 300-dən çox eksponat - fotolar, sənədlər və videomateriallar nümayiş olunur. Ümummilli liderin siyasi müdrikliyi və uzaqgörənliyi, ən mürəkkəb məsələlərin mahiyyətinə varmaq bacarığı, böyük təşkilatçılıq istedadı Ona həmvətənləri arasında və xaricdə yüksək nüfuz qazandırıb. Son dərəcə mürəkkəb tarixi dövrdə müstəqil Azərbaycana rəhbərlik edən Heydər Əliyev Azərbaycan cəmiyyətinin birləşdirilməsi üçün çox işlər görüb, xalqın həqiqi liderinə çevrilib. Heydər Əliyev Azərbaycanın uğurlu inkişafının mühüm şərtlərindən birini Rusiya ilə dostluq, mehriban qonşuluq əlaqələri yaradılmasında, qarşılıqlı faydalı əməkdaşlığı və ölkələrimiz arasında konstruktiv tərəfdaşlığı möhkəmlətməkdə görürdü. Dövlətlərimiz çoxsaylı nəsillərin topladığı mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq ənənələrini müstəqillik illərində nəinki qoruyub saxlamağa, həm də artırmağa nail olublar. Bu genişmiqyaslı sərgi tarixçilərin, arxiv mütəxəssislərinin və dövlət nümayəndələrinin birgə səylərinin nəticəsidir. Əlamətdar haldır ki, Bakıda keçirilən sərgidə həm Heydər Əliyev şəxsiyyətinin çoxşaxəliliyini görmək, eyni zamanda, Onun irsi ilə təmasda olmaq imkanı verən çoxsaylı arxiv sənədləri və fotoşəkillər təqdim edilir. Bu əlamətdar hadisə münasibətilə hazırlanan kataloqda əsası Ümummilli lider tərəfindən qoyulan siyasi kursun varisliyi aydın görünür.