Xəbər Ağstafanın düşmənlə həmsərhəd kəndində yeni məktəb binası istifadəyə verilib

Ağstafanın düşmənlə həmsərhəd kəndində yeni məktəb binası istifadəyə verilib

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Ağstafa rayonunun düşmənlə təmas xəttində yerləşən Köhnəqışlaq kəndində müasir tələblərə uyğun inşa olunmuş 108 şagird yerlik tam orta məktəb binası istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, N saylı hərbi hissələrin komandirləri, kənd sakinləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri açan rayon icra hakimiyyətinin başçısı qeyd edib ki, bu gün cəbhə bölgəsində yaşayan əhaliyə xüsusi diqqət və qayğı ilə yanaşılır. Onların sosial rifahlarının yüksəlməsi istiqamətində zəruri tədbirlər icra olunur. Sosial layihələr həyata keçirilir, müasir inzibati binalar inşa olunur, içməli su təminatları yaxşılaşdırılır, avtomobil yolları əsaslı təmir olunur, yeni körpülər tikilir, elektrik enerjisi və təbii qaz təminatı daim nəzarətdə saxlanılır. Bu dövlət dəstəyini Köhnəqışlaq kəndinin timsalında da görmək mümkündür. Bu yaxınlarda rayonun cəbhə bölgəsində yerləşən dörd yaşayış məntəqəsini əhatə edən və uzunluğu 24 kilometr olan Vurğun-Köhnəqışlaq avtomobil yolu əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bu gün isə ən müasir tələblərə cavab verən Köhnəqışlaq kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi qeyd olunur. Bütün bunlar dövlətimizin başçısı tərəfindən ağstafalılara göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Sonra rayon təhsil şöbəsinin müdiri Kamran Abbasov çıxış edərək son illərdə rayonda təhsil sahəsində əldə olunmuş nailiyyətlər barədə məlumat verib.

Tədbirdə çıxış edən məktəbin müəllimləri, kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri son dövrlərdə Ağstafada məktəblər üçün inşa olunan yeni binalara, rayon təhsilinin maddi-texniki bazasının gücləndirilməsinə görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. Binanın inşası zamanı coğrafi mövqe baxımından təhlükəsizlik amilləri tam nəzərə alınıb. İkimərtəbəli məktəb binasında xarici dil və informatika dərsləri kabinetləri müvafiq proqram təminatlı kompüter avadanlıqları ilə təchiz edilib, əyani vəsaitlər quraşdırılmış fənn laboratoriyaları yaradılıb, eləcə də idman və akt zalları, kitabxana, sinif və inzibati otaqlar da ən müasir inventarlarla təchiz olunub. Bina istilik sistemi ilə təmin edilib, həyətdə açıq tipli idman meydançası yaradılıb, ətraf abadlaşdırılıb.