Xəbər “ASAN Viza” terminalları vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportunda əcnəbilərə vizaların verilməsinə başlanılıb

“ASAN Viza” terminalları vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportunda əcnəbilərə vizaların verilməsinə başlanılıb

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Mayın 15-dən etibarən “ASAN Viza” özünəxidmət terminalları vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportunda əcnəbilərə vizaların verilməsinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, “ASAN Viza” vasitəsilə hava limanında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malayziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizalar veriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda “ASAN Viza”nın 14 terminalı quraşdırılıb: “Biz çalışmışıq ki, vizaların verilməsində insan faktoru tamamilə aradan qalxsın. Əcnəbi özü bu terminallara yaxınlaşaraq öz pasport məlumatlarını qeyd edə və maksimum 2 dəqiqə ərzində viza alaraq ölkəyə daxil ola bilər. Bundan başqa, terminalların yanında dayanan əməkdaşlar da terminallardan istifadə etməkdə çətinlik çəkən əcnəbilərə kömək göstərəcək”.

Heydər Əliyev Beynəlxalq Aeroportunda “ASAN Viza”nın qiyməti 20 dollardır. Viza Yaponiya üçün ödənişsizdir, Türkiyə üçün isə 10 dollardır. Əcnəbilər rüsumu onlayn qaydada və ya banka yaxınlaşıb ödəyə bilərlər.

“ASAN Viza” portalı və özünəxidmət terminalları 7 dildə - Azərbaycan, ingilis, fransız, ispan, ərəb, fars və rus dillərində fəaliyyət göstərir. Özünəxidmət terminalları ilə yanaşı, 4 pəncərədə viza verilməsi və bank xidmətləri də həyata keçiriləcək ki, bu da ölkəyə gələn əcnəbilərə vizaların verilməsində əlavə kömək göstərəcək.

Bu gün viza alan ilk əcnəbilər belə qısa vaxtda və rahatlıqla viza əldə etdiklərindən məmnunluqlarını bildiriblər. Onlara “ASAN xidmət” tərəfindən hədiyyələr təqdim olunub.

Qeyd edək ki, hazırda “ASAN Viza” portalı vasitəsilə 95 ölkəyə elektron viza verilməsi təmin edilir. Bütün sistem tam avtomatlaşdırılıb və mövcud elektron viza sistemi vasitəsilə ölkəyə gəlməzdən əvvəl 3 gün (standart) və 3 saat (təcili) ərzində vizaların verilməsi www.eviza.gov.az saytı vasitəsilə həyata keçirilir.