Xəbər Masallıda yaz-tarla işlərinə uğurla başlanılıb

Masallıda yaz-tarla işlərinə uğurla başlanılıb

Müəllif: Xeberim.az on in Prezident
1st Image
İndi rayonda 18 min hektar sahə əkilib-becərilir ki, bu da sovetlər dövründəkindən xeyli çoxdur

Masallı Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Ərazisi 721 kvadratkilometr, əhalisi 224 min nəfərdir. Rayonda bir kvadratkilometrə 285 nəfər düşür ki, bu da dünya əhalisinin sıxlığından 7 dəfə çoxdur. Rayon Bakı-Astara magistral şose yolunun 232-ci kilometrliyində yerləşir. Lənkəran, Lerik, Yardımlı, Cəlilabad və Neftçala rayonları ilə həmsərhəddir. Ərazisində 168 qədim abidə mövcuddur. Onlardan bir neçəsi orta əsrlərə aiddir. 
Masallının təbiəti zəngindir. Şərqdən Xəzər dənizi, Qərbdən dağlarla əhatə olunmuşdur. Rayon ərazisindən axıb Xəzərə tökülən Viləş, Alvadıçay və Tatyan çayları öz mənbələrini Lerik və Yardımlı dağlarından götürür. Viləşçay su dəryaçası 1976-cı ildə ulu öndər Heydər Əliyevin göstərişi ilə yaradılmışdır. Nəhəng su anbarı Masallının, eləcə də Cəlilabad rayonunun yaşayış məntəqələrini içməli su ilə təmin edir. 
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində dəryaçada çox böyük genişləndirmə işləri aparılmışdır. Burada çoxlu sayda bulaqlar da var. Təkcə Ərkivan kəndi ərazisində 37 bulaq mövcuddur ki, onların da hər birinin öz adı, öz tarixi var. Ərkivana el arasında “Dünya bulaqları muzeyi” də deyirlər. Bu mənada Masallı yeraltı və yerüstü sərvətlərlə zəngin olan bir diyardır. Min bir dərdin dərmanı sayılan “İsti su” müalicə ocağında yel, oynaq, əzələ, əsəb, dəri, mədə-bağırsaq xəstəlikləri müalicə olunur. 1929-cu ildə yaradılan məşhur Qızılağac qoruğunun böyük bir hissəsi də Masallı ərazisində yerləşir. Burada 248 növ quş, 54 növ balıq qorunur. 
Masallının rəngarəng gözəlliyi, zəngin tarixi, adət-ənənələri, xalq sənətkarlığı nümunələri turizmin inkişafı üçün geniş imkanlar yaradır. Bu gün rayonda 15-dən çox turizm-istirahət mərkəzi fəaliyyət göstərir. Onlar gün ərzində 1000-dən çox turist qəbul etmək imkanına malikdir. 
Son illər Masallıda bir neçə beynəlxalq folklor festivalı keçirilmişdir. Bu da rayonda folklorun, qədim adət-ənənələrin, xalq sənətkarlığının yaşadılması, onlara xüsusi diqqət və qayğının göstərilməsi ilə bağlıdır. Keçən əsrin ortalarında yaradılan “Halay” folklor qrupu dünyanın müxtəlif ölkələrində keçirilən folklor festivallarında uğurla çıxış edərək yüksək mükafatlar almışdır. Yaranan adət-ənənəni qorumaq, inkişaf etdirmək üçün 2012-ci ilin payızında rayon icra hakimiyyətinin təşkilatçılığı ilə burada beynəlxalq folklor festivalı keçirilmişdir. Tədbirdə Masallının “Halay”, Naxçıvanın “Şərur” kollektivləri, habelə Türkiyə, İran, Latviya, Dağıstan və Kabarda-Balkar respublikalarının folklor qruplarının çıxışları böyük rəğbətlə qarşılanmışdır. Festival növbəti bir neçə ildə də davam etmişdir. 
Deyirlər, təbiətlə cəmiyyət əkizdir. Birini o birindən ayrı təsəvvür etmək mümkün deyil. Düzdür, ilkin təbiətdir, insan və cəmiyyət onun övladıdır. Ancaq insan olmasaydı, təbiət də kimsəsiz, tənha qalardı. Onun gözəlliklərini qiymətləndirən, nazını çəkən insandır. İnsan isə yaranışından həm təbiətdən bəhrələnib, həm də zəhməti, biliyi, bacarığı ilə onun qoynunda xariqələr yaradıb. Torpağı əkib-becərib, özünün yaşam tərzini təmin edib. Yeri gələndə təbiətin gözəlliyini, səxavətini vəsf edib. Deyirlər, insanlar öz ata-analarına və öz zəmanələrinə oxşadıqları kimi, müəyyən qədər də yaşadıqları əraziyə bənzəyirlər. Bu cəhətdən Masallı da istisna deyil. Qədim diyardan vətəni sevən, ona qəlbən bağlı olan zəhmətkeş insanlar, alimlər, ziyalılar, hərbçilər çıxmışlar. Təkcə XX əsrdə Masallıda 230 nəfərdən çox elmlər doktoru, elmlər namizədi, 100-ə yaxın yazıçı və şair, 6 general yetişmişdir. 
Masallı ölkəmizdə gedən ictimai-siyasi proseslərdə həmişə ön cərgələrdə olmuşdur. Ulu öndər Heydər Əliyev istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində dəfələrlə burada olmuş, rayonun inkişafı üçün lazımi qərarlar vermişdir. Sovet dövründə Masallı respublika əhalisinin tərəvəz məhsulları ilə təmin edilməsində yaxından iştirak etmişdir. Eyni zamanda burada yetişdirilən nemətlər Rusiya Federasiyasının müxtəlif şəhərlərinə göndərilmişdir. 
Lakin SSRİ-nin süquta uğraması nəticəsində Rusiya ilə iqtisadi əlaqələr, demək olar ki, tamamilə kəsildi. Kolxoz və sovxozlar ləğv edildi. Əkin sahələri, çay plantasiyaları, sitrus meyvə bağları sahibsiz qaldı. Adamlar çay plantasiyalarındakı çoxillik bitkilərə biganə yanaşdılar, onları mal-qara üçün otlaq sahəsinə çevirdilər. İllərlə damla-damla, kərpic-kərpic yaradılan, tikilib-qurulanlar dağıdılaraq məhv edildi. Nə yaxşı ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdı və vəziyyəti düzəltmək, ölkəni xaosdan, hərc-mərclik bataqlığından çıxarmaq üçün yorulmaq bilmədən çalışdı. “Əsrin müqaviləsi”ni imzaladı, çoxlu sayda islahatlar apardı. 
Lakin torpaqların kəndlilərə verilməsinə baxmayaraq, ilk vaxtlar maddi çətinlik ucbatından, texnikanın olmaması səbəbindən onu əkib-becərmək çətin idi. 2004-cü il fevral ayının 11-də Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar imzaladığı ilk Dövlət Proqramı Masallı rayonunun həyatında da mühüm rol oynadı. Proqram çərçivəsində başlanan tikinti-quruculuq və abadlıq işləri 2009-2013-cü illər üçün qəbul edilən növbəti Dövlət Proqramı ilə davam etdi. Həyata keçirilən hər bir iş, tədbir Masallının görkəminə sığal çəkdi. Yeni tikilən və əsaslı təmir olunan binalar, salınan parklar, bağlar, xiyabanlar, asfaltlaşdırılan küçə və prospektlər bu qədim diyarın simasını büsbütün dəyişdi. Rayon əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olundu, ən ucqar kəndlərə belə, təbii qaz xətti çəkildi. Sahibkarlara yaradılmış şərait nəticəsində yeni turizm obyektləri, istehsal müəssisələri fəaliyyətə başladı. Onlarca təhsil, səhiyyə, mədəniyyət ocağı, digər sosial əhəmiyyətli obyektlər inşa edildi. Masallı şəhəri üçün uzun illərdən bəri arzu olunan problem həll olundu - şəhərdə su-kanalizasiya sistemi quruldu. Bu gün isə çoxlu sayda adamın iş yeri Masallı olacaq. Sənaye məhəlləsində işlər başa çatmışdır. Mühüm əhəmiyyətli bu tikililərin çoxunun təməlqoyma, açılış mərasimlərimdə Prezident İlham Əliyev iştirak etmişdir. Ümumilikdə İlham Əliyev 15 ildə Masallıya 9 dəfə səfər etmişdir.
Nəinki hər dövrün, hətta hər ilin, ayın, günün öz tələbi var. Dünya bazarında neftin qiymətinin birdən-birə kəskin aşağı düşməsi ölkə iqtisadiyyatı qarşısında yeni tələblər qoydu. Çevik iqtisadi siyasət yeridən ölkə rəhbəri ehtiyatda olan rıçaqları işə salmaqla kənd təsərrüfatını daha da inkişaf etdirmək və bu yolla idxaldan azad olmaq, daxili imkanlar hesabına əhalini keyfiyyətli yerli məhsullarla təmin etmək, bu sahədə ixracyönümlü məhsullar istehsal etməklə ölkəmizə valyuta daxilolmalarını çoxaltmaq, yeni iş yerləri yaratmaq və digər bu kimi vəzifələr qarşıya qoydu. Onların icrası ilə əlaqədar əsaslı islahatlar həyata keçirildi. Pambıqçılığın, baramaçılığın, çəltikçiliyin, çayçılığın, sitrus meyvəçiliyinin, fındıqçılığın, tütünçülüyün daha da inkişaf etdirilməsi ilə bağlı mühüm sərəncamlar imzalandı və Prezident ayrı-ayrı rayonlarda müşavirələr keçirdi. Aqrar sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, yüksək məhsuldarlıqlı toxum və tinglərin, heyvanların, maşın və texnikanın, mexanizmlərin respublikaya gətirilməsi və onların lizinq yolu ilə sahibkarlara verilməsi sistemli şəkil aldı. Kənd təsərrüfatı məhsullarının qiymətinin artırılması, dövlət tərəfindən subsidiyaların, güzəştli qaydalarla mineral gübrələrin verilməsi fermerlərin, torpaq mülkiyyətçilərinin işə marağını artırdı. 
Masallı əsasən kənd təsərrüfatı rayonudur. Burada, demək olar hamı əkib-becərməklə məşğuldur. Rayon ərazisinə daxil olan kimi bunu aydın görmək olur. Kimi kartof, çiyələk, sarımsaq yığır, kimi tütün şitili əkir, kimi üzüm bağlarını becərir, kimi də biçdiyi otu yığıb, mal-qarası üçün yem tədarük edir. Yaşıl çay yarpağı yığımına da başlanılıb. Çəltikçilər isə hələlik şitil yetişdirirlər. May ayının sonu - iyunun əvvəllərində onu sahələrə köçürəcəklər. Noxud, sarımsaq, bostan-tərəvəz sahələrində də qızğın iş gedir. 
Masallı şəhərinin Seybətin döngəsinə bir neçə kilometr qalmış Ələt-Astara magistral şose yolunun solunda, palıd meşə zolağının arxa hissəsində çox da hündür olmayan dəmir karkas üzərinə polietilen örtük çəkilmiş geniş bir ərazi istər-istəməz diqqət çəkir. Burada çiyələk yetişdirilir. Bu ərazi Təzə Alvadı kəndinə aiddir. Təsərrüfatın sahibi Əbdül İsmayılovun 42 yaşı var. O, Masallının Tüklə kəndindəndir. Qardaşı Vasif İsmayılov 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Orta məktəbi bitirdikdən sonra 1994-cü ildə Rusiyaya gedən Əbdül bir neçə il Novosibirskdə tikintidə çalışıb. 2002-ci ildə Bakıya gələrək bizneslə məşğul olmağa başlayıb. Çin, Dubay və digər ölkələrdən əsasən uşaq oyuncaqları gətirib. Yaxşı qazanc götürməsinə baxmayaraq, torpaqda çalışmaq, əkib-becərmək həvəsi onu yenidən boya-başa çatdığı Masallıya çəkib. Özü ilə həmyaşıd olan bacısı oğlu Cəsarət Əzizovla işbirliyi qurmaq üçün xeyli götür-qoy ediblər. Qərara gəliblər ki, torpaqdan yapışsınlar, hamının məşğul olmadığı bir işlə məşğul olsunlar - çiyələk əkib-becərsinlər. Əvvəlcə həyətyanı torpaq sahələrində müəyyən qədər çiyələk əkiblər. Elə bu vaxt xoş bir təsadüf onların üzünə gülüb. Masallı Rayon İcra Hakimiyyəti başçısının dəvəti ilə Türkiyədən gələn və müxtəlif növ dekorativ ağacların əkilib-becərilməsində məsləhətçi qismində iştirak edən Atilla Tükəllə tanış olublar. Atilla onlara çiyələyin yetişdirilməsi təcrübəsini, texnologiyasını başa salıb və Türkiyədən onlar üçün “Sanandres” ispan çiyələk sortunun 1300 ədəd şitilini gətirib. Qısa bir vaxtda həyətyanı sahələrində həmin şitillərin sayını 7 minə çatdırıblar. 2013-cü ildə rayonun Təzə Alvadı kəndində yuxarıda söhbət açdığımız ərazidə 10 sotluq torpaq sahəsində həmin şitilləri əkiblər. Əldə etdikləri nəticə onları bu işə daha yaxından bağlayıb. 2014-cü ildə çiyələk sahəsini 1, 2015-ci ildə 8, 2016-cı ildə 20 hektara çatdırıblar. İşə həvəslə, ürəklə yapışdıqlarından uğurları da ilbəil artıb. 2017-ci ildə çiyələk sahələrinin üstünə polietilen çəkiblər. Nəticədə buradakı çiyələk açıq havadakına nisbətən 15 gün tez yetişir. Nübar məhsulu daxili və Rusiya bazarlarına göndərirlər. Qazancları yaxşıdır. Cənub bölgəsində daha bir yeniliyə imza atıblar. Çiyələyin dünya texnologiyası əsasında saxlanılması və soyudulması üçün xüsusi anbar tikirlər. Buraya alternativ enerji mənbəyi kimi generatorlar qoyublar. Yığılan məhsul burada çeşidlənərək xüsusi taralara qablaşdırılır, sonra normativə əsasən soyudulub avtorefrijeratorlara yüklənilir və lazımi ünvanlara göndərilir. Bu mövsümdən etibarən taraların bir tərəfinə xüsusi sifariş əsasında hazırlanmış “Azərbaycan məhsulu” etiketi də vurulur. Cari ildə “Uğur-SVE” adlanan bu müəssisə 20 hektarda məhsul yetişdirir ki, bundan da 8 hektarı “Abbiom”, qalanı “Sanandres” sortudur. 
Bütün işləri Əbdül İsmayılov dövlətdən kredit götürmədən etmişdir. Mövsüm ərzində burada hər gün 180-200 nəfər işçi çalışır. Sahibkar deyir ki, soyuducu kameraya elektrik enerjisi yaxınlıqdakı asfalt-beton zavodundan verilir. Gərginlik zəif olduğundan bəzən ortaya problemlər çıxır. Bu səbəbdən istəyir ki, obyektinə ayrıca elektrik xətti çəksin. Amma dəfələrlə müraciət etməsinə baxmayaraq, rayon elektrik təsərrüfatının rəhbərləri onun bu xahişini qulaqardına vururlar. 
Deyirlər, hər şey insanın öz əlindədir. İstəsə, hər şeyi öyrənər, xariqələr yarada bilər. Bu fikri boyca cüssəli, zəhmətə, torpağa bağlı Əbdül İsmayılov və Cəsarət Əzizovla söhbət apararkən bir daha yəqin etdik. Hər ikisi əkinçiliyin, çiyələk bitkisinin yetişdirilməsi texnologiyasını, sirlərini, demək olar ki, tam mənimsəyiblər. Onlar planlaşdırıblar ki, yaxın vaxtlarda çiyələk yetişdirmək üçün istilikxana yaratsınlar, ilin bütün fəsillərində bazara məhsul çıxarıb halal zəhmətləri ilə pul qazansınlar, dövlətin qarşıya qoyduğu vəzifələrin icrasında yaxından iştirak etsinlər. 
Masallıda sahibkarlığın, xüsusilə zamanın tələbindən irəli gələn kənd təsərrüfatının inkişafı üçün münbit şərait var. Bu baxımdan rayon camaatının bəxti də gətirib. Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov təcrübəli mütəxəssisdir. Uzun illər aqrar sahədə fəaliyyət göstərib, yaxşı, əsaslı təhlilləri, məntiqli göstərişləri ilə yerli əhalinin torpağa bağlılığını, işə inamını daha da artıra bilib. Rayonun Kolatan kənd sakini, təcrübəli fermer Hacı Etibar Sadıqovla söhbət zamanı bunu bir daha yəqin etdik. Fermer deyir ki, Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafı ilə əlaqədar qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün Masallıda ardıcıl tədbirlər görülür: “Mülkiyyətçilər dövlətin verdiyi kreditlərin, subsidiyaların, etdiyi güzəştlərin sayəsində torpaqdan möhkəm yapışmışlar. Mənim 4 hektar çay plantasiyam, 4 hektar feyxoa, 2 hektar fındıq, 
1 hektar sitrus meyvə bağım, inkubator sexim, balıq gölüm var. Göydə Allah, yerdə hökumət mənə həmişə dayaq olub. Əldə etdiyim gəlirdən çalışıram ehtiyacı olanlara, kimsəsizlərə, əlsiz-ayaqsızlara da çatsın. Hər bayram onlara sovqat paylayıram. Bura gələrkən yəqin kənd yolumuzu, yeni tikilən evləri gördünüz. Bunların hamısı son illərdə yaradılıb. Yuxarıda, dağın ətəyindəki sitrus bağını keçən il salmışıq. Bu il üstündə tək-tək meyvə var. Tingləri Cənubi Koreyadan gətirilib. Bağın salınmasının səbəbkarı icra hakimiyyətimizin başçısı Rafil müəllimdir. Doğrusu, çətinlik çəkirdim. “Darıxma, hər işin başlanğıcı çətin olur. Xeyrini görəndə hər şeyi unudacaqsan”, - dedi. Qısa müddət ərzində buraya elektrik xətti çəkdik, transformator qoyduq, artezian quyusu qazdıq. Bunlar əkilən tingləri vaxtlı-vaxtında suvarmağa imkan verir. Dağın başında bir ləm də tikirəm. İnşallah, gələn dəfə oraya qalxıb çay içərik. Ləmə qalxanda Xəzər dənizi kənardan ayağının altında olduğu kimi görünür”. 
Söz-sözü çəkir. Məlum olur ki, Hacı Etibarın sitrus bağından yuxarıda - Sığaçola ərazisində “Azərsun-Holdinq” MMC-nin çay sahələri var. MMC 2014-cü ildə burada 10, 2015-ci ildə 30 hektar çay plantasiyası salıb. Dövlət başçısının çayçılığın inkişafı ilə əlaqədar məlum sərəncamından sonra çay əkilən ərazi ümumilikdə 100 hektara çatdırılıb. Plantasiyanın yerləşdiyi sahə təbiətin gözəl bir guşəsidir. Hər tərəf dağlarla, meşələrlə əhatə olunub, təmiz dağ havası var. 100 hektar ərazidə “Kolxida” sortundan olan 2 milyon 200 min çay kolu əkilib. Bunların toxumunu qardaş Türkiyədən gətiriblər. 2014-cü ildə əkilmiş sahələrdən bu günlər ilk məhsul yığılacaq. Digər bitkilər kimi, çay üçün də suvarma suyunun olması başlıca şərtdir. Bu məqsədlə ərazidə 9 min kubmetrlik süni göl yaradılıb. Dağlardan gələn sızqa bulaq suları bura toplanır, sonra damcı və süni yağışyağdırma yolu ilə sahələr sulanır. Burada 60 nəfər çalışır. Biz orada olarkən qızlar çay kollarının cərgələri arasını alaq otlarından təmizləyirdilər.
Sahibkar mürəkkəb relyefinə baxmayaraq, maşınların hərəkəti, gediş-gəlişi üçün əraziyə yol çəkmişdir. Təsərrüfatın nə üçün belə bir ərazidə yaradılması ilə maraqlanırıq. Hacı Etibar bildirir ki, durduğumuz bu yerdə 1939-cu ildə “Kommunizm yolu” çayçılıq təsərrüfatı yaradılmışdı: “Lakin əldən-ayaqdan uzaq olduğu və gəlirlə işləmədiyi üçün 1974-cü ildə ləğv edilib. Rayon icra hakimiyyətinin başçısı Rafil müəllim bir dəfə bizim Kolatan kəndinə gəlmişdi. O, təsərrüfat işləri ilə maraqlananda mən də çayçılıqdan az-çox başı çıxan bir adam kimi burada keçən əsrin ortalarında çay əkildiyini dedim. Bir neçə gündən sonra Sığaçola dediyimiz bu əraziyə gəldi, ərazini addım-addım gəzdi, torpağını yoxladı. Sonra isə burada çay əkib-becərməyin mümkün olması barədə yuxarı orqanlara məlumat verdi. 2014-cü ildə “Azərsun-Holdinq” MMC burada plantasiyalar salmağa başladı”. 
İstixana təsərrüfatlı ölkədə genişlənir. Keçən il kənd təsərrüfatı üzrə ölkəmizə ən çox valyuta gətirən həmin istixanalarda yetişdirilən pomidor olmuşdur. Masallı rayonunda da bu sahədə uğurlar var. Şərəfə kəndi ərazisindəki “Masallı istixanası” 2012-ci ildə yaradılıb. İlkin halda 2 hektar olan təsərrüfat sonradan 10 hektara çatdırılıb. İstixanada təkcə pomidor yetişdirilir. Toxumu Türkiyədən gətirilən “Bandita” sortu yaxşı satılır. 
İstixana yüksək səviyyədə qurulmuş sənaye müəssisəsini xatırladır. Burada əl əməyindən az istifadə olunur. İstixana sahibi İlkin Şükürov Moskvada tərəvəz ticarəti ilə məşğul olub. Ölkəmizdə sahibkarlar üçün yaradılan şəraiti görərək 2012-ci ildə Masallıya qayıdıb və sözügedən təsərrüfatı yaradıb. Hazırda burada yetişdirilən məhsul daxili bazarla yanaşı, Moskvaya da göndərilir. İsixanada 30 nəfər işçi çalışır. 
Rayonda aqrar sahənin ixtisaslaşdırılması ilə əlaqədar da müəyyən tədbirlər görülür. Fermerlər arasında torpaq və iqlim şəraitinə uyğun olan kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi məqsədilə izahat və maarifləndirmə aparılır. Taxılçılıq burada az rentabelli sahədir. Rayonda ən yaxşı halda hər hektarın məhsuldarlığı 20-22 sentner olur ki, bu da ölkə üzrə orta göstəricidən aşağıdır. Elə buna görə də rayon rəhbərliyi fermer və torpaq mülkiyyətçilərini Masallı üçün şəraitə uyğun rentabelli bitkilərin əkilməsinə istiqamətləndirən lazımi göstəriş və tövsiyələr verib. Nəticədə çəltik, noxud, sarımsaq, kartof, pomidor, tütün sahələri ildən-ilə genişlənir. Bu ilin məhsulu üçün 1051 hektar kartof, 570 hektar badımcan, 233 hektar xiyar, 878 hektar noxud, 172 hektar paxla, 73 hektar mərci, 3 hektar lərgə, 66 hektar lobya, 122 hektar bibər, 349 hektar yemiş, 85 hektar kələm, 144 hektar çiyələk, 159 hektar soğan, 19 hektar zəfəran və digər bitkilər əkilmişdir. Hazırda çəltik və tütün sahələrində əkin aparılır. 294 hektarda çəltik, 50 hektarda tütün əkilməsi planlaşdırılmışdır ki, bu da müvafiq olaraq keçən ildəkindən 99 və 19 hektar çoxdur. Keçən il isə “Masallı nemətləri” MMC çəltik zavodu tikmişdir. 
Baramaçılığın inkişafı üçün də işlər görülür. Ötən il ayrı-ayrı kəndlər üzrə 12 kümçü ailəsinə 20 qutu baramaqurdu toxumu paylanılmış və ümumilikdə 469,5 kiloqram barama istehsal olunmuşdur. Cari il isə yaşayış məntəqələrində mövcud olan tut ağaclarının qeydiyyatı aparılmış, onların becərilməsi ilə əlaqədar mütəxəssislər tərəfindən tövsiyələr verilmişdir. Kənd və qəsəbələrdə 3 min yerli tut tingi əkilmişdir. Həmçinin Çin Xalq Respublikasından gətirilmiş 5 min tut tingi Seybətin yaşayış məntəqəsi ərazisində əkilmişdir. 
Məlum həqiqətdir ki, fermer yetişdirdiyi məhsulun yaxşı qiymətə getdiyini görüb həvəslənir, əkin sahəsini genişləndirir. Amma eyni zamanda həmin bitkini hamı əkir. Bu da bazarda təklifin tələbi üstələməsinə səbəb olur. Məsələn, keçən il Masallı və Cəlilabad rayonlarında sellofan altında yetişdirilən kartof 1,5 manata satıldığı halda, indi 40 qəpiyədir. Açıq havada yetişdirilən və yaxın günlərdə yığılması gözlənilən kartofun daha ucuz olacağı ehtimalı yaranır. Noxud və sarımsaq əkinləri də keçən ildəkindən qat-qat çoxdur. Kəndli indi sahədən yığacağı məhsulu kimə, hansı qiymətə satacağı qayğısı ilə yaşayır. Halbuki o, əkdiyi sarımsağın kiloqramını 5 manata almışdır. Bütün bunlar Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərini narahat etməlidir. Ölkə rəhbərinin sərəncamı ilə kənd təsərrüfatı naziri təyin olunan İnam Kərimovun rayonlara səfər etməsi, məhsul istehsalçıları ilə görüşüb söhbətlər aparması əhali arasında böyük bir ümid yaratmışdır. Fermer, torpaq mülkiyyətçisi inanır ki, yaxın gələcəkdə zəhmət çəkib yetişdirdiyi məhsulun satılması qayğısından azad olacaq. Bir çox ölkələrdə olduğu kimi, əlaqədar qurumlar əvvəlcədən bağlanılacaq müqaviləyə əsasən, onun məhsulunu gəlib bilavasitə tarladan alacaqlar. Burada digər bir məsələni, tədarük olunan kənd təsərrüfatı məhsullarının soyuducu anbarlarda saxlanılması üçün zəruri tədbirlərin görülməsinə ehtiyacın olduğunu vurğulamaq istərdik. Belə olan halda ölkə əhalisini ekoloji cəhətdən keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə ilboyu təchiz etməyə imkan yaranar və hər il oktyabr-noyabr aylarından başlayaraq qonşu İran və Türkiyədən kartof-soğan alıb gətirməyə ehtiyac qalmaz. 
Ölkəmizdə ərzaq bolluğu yaratmaq üçün hər cür əlverişli şərait var. Dövlətin həyata keçirdiyi siyasət belə deməyə əsas verir ki, daxili tələbatı tam və dolğun ödəməklə, ixrac potensialını da artırmaq mümkündür. Bu isə öz növbəsində həm ölkəyə valyuta qazandırar, həm də aqrar sahədə çalışan insanların gəlirlərinin çoxalmasına, onların sosial-rifah halının yüksəlməsinə səbəb olar. Masallıda görülən işlər, həyata keçirilən tədbirlər də bu məqsədə xidmət edir.

Seyran CAVADOV, 
“Azərbaycan”