Xəbər Nazir İnam Kərimov Sabirabadda laboratoriyalara baxış keçirib, istixana kompleksi ilə tanış olub

Nazir İnam Kərimov Sabirabadda laboratoriyalara baxış keçirib, istixana kompleksi ilə tanış olub

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
Kənd təsərrüfatı naziri İnam Kərimov bölgələrə səfəri çərçivəsində Sabirabad rayon Kənd Təsərrüfatı İdarəsinin Bitki mühafizə, Aqrokimya və Toxumçuluq laboratoriyalarına baxış keçirib.

Həmçinin nazirə rayonda yerləşən və pomidor yetişdirilən istixananın istehsal gücü barədə məlumat verilib.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, istixana kompleksi Hollandiya, İtaliya və Türkiyənin texnologiyaları əsasında qurulub, tam avtomatlaşdırılmış iqlim kontrol sistemləri, istilik-mühafizə pərdələri, havalandırma və suvarma sistemləri ilə təchiz edilib. Müasir texnologiyaların tətbiqi nəticəsində istehsal prosesində enerji xərclərinə qənaət edilir ki, bu da yetişdirilən tərəvəz məhsullarının maya dəyərinin aşağı olmasına və bazara rəqabətqabiliyyətli məhsul çıxarılmasına imkan verir.

İstixanada ilkin olaraq faraş pomidor əkilir. Tanışlıq zamanı məlumat verilib ki, burada şitillərin tozlandırılması xüsusi işçi arılar vasitəsi ilə həyata keçirilir. Nəticədə yüksək məhsuldarlıq əldə olunur. İstehsal prosesində yalnız orqanik gübrə və dərman preparatlarından istifadə edilir. Məhsulların itkisiz və qısa müddətdə istehlakçılara çatdırılması məqsədilə xüsusi nəqliyyat vasitələri alınıb. İstehsal olunan tərəvəz məhsulları daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunur.

Kompleksdə məhsulların qablaşdırılması istehsal olunan tərəvəzin keyfiyyətini itirmədən istehlakçılara çatdırılmasına imkan verir.