Xəbər Ombudsman Aparatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan elmi-praktiki konfrans keçirilib

Ombudsman Aparatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan elmi-praktiki konfrans keçirilib

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
Mayın 22-də Ombudsman Aparatında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan elmi-praktiki konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən ombudsman Elmira Süleymanova 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyduğunu söyləyib. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə olaraq Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verməklə bütün dünya demokratiyasına böyük töhfə verib.

İnsan hüquqları üzrə müvəkkil bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti yaranan zaman ölkə və regionda vəziyyət çox ağır olub. Cəmi 23 ay yaşamış müstəqil respublika bir sıra uğurlar əldə edib. AXC qısa müddətdə tarixi bir missiyanı yerinə yetirərək çox genişmiqyaslı demokratik islahatlar həyata keçirib. Cümhuriyyət dövründə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul olunub. Azərbaycan parlamenti bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament olub.

Elmira Süleymanova deyib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verib, həmin dövrün dövlətçilik tariximizin parlaq səhifələrindən olduğunu söyləyib. Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında” Sərəncamını xatırladan ombudsman 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini xalqımızın həyatında mühüm hadisə kimi dəyərləndirib. Vurğulanıb ki, bu, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə verilən tarixi qiymətdir. Xalqımız 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Cümhuriyyətin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müasir müstəqil Azərbaycan dövlətini yaradıb.

AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov konfransda çıxış edərək bildirib ki, Cümhuriyyət dövrü Azərbaycanın şərəfli tarixidir. Müsəlman Şərqində, türk dünyasında ilk respublika olan, tarixin ən çətin, ən mürəkkəb dövründə yaranan Azərbaycan Xalq Cümhuriyyəti demokratik ənənələrə malik idi. Ona görə də Cümhuriyyətin yaranması tarixi bir hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixində öz demokratikliyi ilə seçilirdi. Biz bütün Şərq üçün nümunə göstərdik. Cümhuriyyət irqi, milli, dini və sinfi bərabərsizliyi ləğv edərək, bütün vətəndaşların hüquq bərabərliyini təmin edib. Cümhuriyyətimiz dünyaya göstərdi ki, biz keçmişlə yaşamırıq, gələcəklə yaşayırıq, humanist dövlətik. Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin adı belə çəkilmirdi, indi isə həmin dövrün həqiqi tarixi dərindən öyrənilir və təqdim olunur.

Müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu deyən Milli Məclisin deputatı Elman Nəsirov Cümhuriyyətin xarici siyasətindən bəhs edib. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti xarici siyasət məsələlərinə xüsusi diqqət yetirirdi. İstiqlaliyyətin qorunub saxlanılması daha çox xarici amillərlə bağlı idi. Birinci Dünya müharibəsinin getdiyi mürəkkəb beynəlxalq şəraitdə - iştirakçı ölkələrin Qafqaz və onun zəngin guşələrindən olan Azərbaycan uğrunda hərbi əməliyyatları genişləndirdiyi dövrdə Azərbaycanın dövlət müstəqilliyinin qorunması onun uğrunda mübarizələrdə yetişmiş siyasətçilərdən və dövlət xadimlərindən hər an dəyişən vəziyyətə uyğun çevik siyasi manevretmə bacarığı tələb edirdi. Azərbaycan diplomatiyasının bu çətin vəzifənin öhdəsindən gəlməsi üçün 1918-1920-ci illər ərzində təşkil olunmuş müxtəlif hökumət kabinetlərində Xarici İşlər Nazirliyinin möhkəmləndirilməsi və təşkilati strukturunun təkmilləşdirilməsinə böyük diqqət yetirilirdi. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin həyata keçirilməsində dövrünün ziyalıları, dünya siyasətinin sirlərinə bələd olan, çevik diplomatik bacarığa malik şəxslər yaxından iştirak ediblər.

Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin

rəisi Faiq Qurbanov bildirib ki, böyük dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi var. Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətində ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verilirdi. Odur ki, Ədliyyə Nazirliyi məhz dövlətimizin yarandığı gün - 1918-ci il may ayının 28-də təsis edilib. Ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar verilib, o cümlədən 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. Cəzaçəkmə yerlərində aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilib, nazirliyin təşəbbüsü ilə “İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında”, “Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında”, “Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında” və digər qanunlar parlamentin müzakirəsinə çıxarılıb.

F.Qurbanov qeyd edib ki, Azərbaycan ikinci dəfə müstəqil olduqdan sonra ədliyyə sistemi ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmayıb. Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilib.

Müdafiə Nazirliyinin idarə rəisinin müavini Aydın Əyyubov Milli Ordunun yaranması tarixindən danışıb. Qeyd edib ki, 1918-ci il iyunun 26-da hökumətin qərarı ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırılıb. General-leytenant Əliağa Şıxlinski korpusun komandiri kimi vəzifəsini davam etdirib. Ordu quruculuğu sahəsində irəliləyişə nail olmaq üçün hökumət bir sıra tədbirlər həyata keçirib. İyun ayının əvvəllərindən Gəncə Hərbi Məktəbi fəaliyyətə başlayıb. Hökumətin qərarı ilə çağırışçılar üçün yaş senzi 19 yaşa endirilib. Ordu quruculuğunu gücləndirmək məqsədilə 1918-ci il noyabrın 1-də Hərbi Nazirliyin yenidən bərpa edilməsi qərara alınıb. Hökumətin qarşısında duran tarixi vəzifələrin həllində bu struktura çox böyük əhəmiyyət verildiyi üçün ilk vaxtlar ona rəhbərliyi Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski öz üzərinə götürüb. Nazir müavini isə tam artilleriya generalı Səməd bəy Mehmandarov təyin edilib və nazirliyin formalaşdırılması ona tapşırılıb. Ordu quruculuğu prosesinə rəhbərlik edəcək mərkəzi hərbi idarəetmə orqanlarının təşkilinə başlanıb. Qısa müddət ərzində Hərbi Nazirliyin aparatı yaradılıb. Noyabrın 15-də ordunun ümumi qərargahının təsis edilməsi barədə Səməd bəy Mehmandarovun müvafiq əmri imzalanıb.

Müdafiə Nazirliyinin rəsmisi müasir müstəqil Azərbaycanın Ordusunun təşkil olunmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən də danışıb. O qeyd edib ki, Ümummilli Liderin yaratdığı ordu bu gün Prezident İlham Əliyev tərəfindən modernləşdirilib.

Konfransda digər çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və çoxşaxəli fəaliyyəti barədə fikirlərini bildiriblər.