Xəbər Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin şanlı qürur səhifəsidir

Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin şanlı qürur səhifəsidir

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Prezident İlham Əliyev: Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq

Mayın 28-də Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 100 il ötür. Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələri baxımından perspektiv inkişafın əsasına çevrildi. Məhz Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə müsəlman Şərqinin mayakı rolunu oynamağı bacardı. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynadı, Cümhuriyyətin fəaliyyəti sayəsində dövlətçilik tariximizin əsasları daha da zənginləşdi. 
Şübhəsiz ki, bu gün hər bir azərbaycanlı bu şanlı tarix ilə qürur duyur. Məhz 2018-ci ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi Cümhuriyyətin Azərbaycanın dövlətçilik tarixindəki yerinə və roluna verilən böyük önəmin ifadəsidir.
Şərqin ilk demokratik respublikası olan Xalq Cümhuriyyəti mütərəqqi dövlətçilik ənənələri formalaşdırdı
1918-ci ilin 28 mayında Şərqin ilk demokratik respublikası kimi yaradılan AXC Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşdü. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük dövlətçilik tarixinə sahib olan Azərbaycanın həyatında mühüm rola malik oldu. Eyni zamanda, Cümhuriyyət dövlət quruculuğu sahəsində mühüm qərarları ilə yadda qaldı. 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul etdi. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri (Qafqaz İslam Ordusu) ilə birlikdə Nuru paşanın komandanlığı altında “Bakı Kommunası”nın qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra - avqustun 1-də verildi. Nazirlik özü isə 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edildilər. Həmin ayın 27-də isə Azərbaycanın tarixində ilk dəfə olaraq Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qərar qəbul olundu. 2 iyul 1918-ci il tarixində Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verdi. Bununla da Azərbaycan polis orqanlarının əsası qoyuldu. 1918-ci il noyabrın 9-da Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edildi. Eyni zamanda, Azərbaycan vətəndaşları haqqında qanun da qəbul olundu. 
Digər tərəfdən, uğurlu xarici siyasət Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda tanınmasını şərtləndirdi. 1918-ci il mayın 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə, Almaniya, Avstriya-Macarıstan, Fransa, Böyük Britaniya, İtaliya, ABŞ, Bolqarıstan, Rumıniya, İran, İspaniya, Hollandiya, Rusiya, İsveç, Ukrayna, Danimarka və Yaponiya xarici işlər nazirliklərinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat göndərdi. Səmərəli xarici siyasətin ən önəmli uğurlarından biri kimi Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olunması xüsusi qeyd edilməlidir. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı. 
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da keçirilən iclasında çox mühüm qərarlar qəbul olundu. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə dərəcədə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Xalq Cümhuriyyəti demokratik inkişaf yolu tutdu. 19 noyabr tarixli həmin iclasda qeyd olundu ki, Azərbaycan ərazisində yaşayan bütün millətlər parlamentdə təmsil olunmalıdır. Azərbaycan Milli Şurası ölkə əhalisinin (2 milyon 750 min nəfər) hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Onlardan 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları və 1 nəfər yəhudiləri təmsil etməli idi. Sayları çox az olduğu üçün parlament seçkilərində iştirak etmək hüquqları olmadığı halda, gürcülər və polyaklar da hər etnosa bir deputatla parlamentdə təmsil olunmalı idilər. 
1918-ci ilin dekabr ayının 7-də Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament idi. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi. Parlament qəbul etdiyi qərarlarla milli dövlətçiliyin əsaslarının formalaşması və gücləndirilməsinə tarixi töhfələr vermiş oldu.
Milli dövlətçiliyin əsaslarının gücləndirilməsi istiqamətində strateji əhəmiyyətli addımlar atıldı
AXC dövründə milli dövlətçiliyin əsaslarının gücləndirilməsi istiqamətində strateji əhəmiyyətli addımlar atıldı. Cümhuriyyət parlamenti milli dövlətçiliyin gücləndirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyan - xalq maarifinin inkişafına çox mühüm təkan verən vəzifələrdən birini reallaşdırdı. Ali qanunverici orqan tərəfindən 1918-ci il 27 iyun tarixli qərar qəbul edildi. Qərara əsasən, Azərbaycan dili dövlət dili elan olundu. Lakin ana dilini mükəmməl bilən ixtisaslı kadrların olmaması qərarın həyata keçirilməsini müəyyən qədər çətinləşdirirdi. Buna görə də inzibati idarə orqanlarında, məhkəmə işində və başqa sahələrdə Azərbaycan dilini bilən ixtisaslı kadrlar hazırlanana qədər müvəqqəti olaraq digər dillərdən istifadəyə yol verilirdi. Cümhuriyyət hökuməti milli kadrların yetişdirilməsinə, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. 
Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. Azərbaycan dilini bilməyən şagirdlər üçün üçüncü və dördüncü siniflərdə ana dili intensiv şəkildə tədris olunurdu ki, 2 ildən sonra həmin şagirdlər artıq öz dillərində təhsillərini davam etdirə bilsinlər. Cümhuriyyət Parlamentinin 1919-cu ilin sentyabr ayının 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun isə xüsusi əhəmiyyətə malikdir. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin xalqımız qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı. 
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Azərbaycan xalqının son 400 illik tarixi ərzində ilk dəfə olaraq Azərbaycan dilinə dövlət dili statusu verdi və digər dövlət orqanları ilə yanaşı, məhkəmə sisteminin də dövlət dilində fəaliyyət göstərməsi haqqında qərar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin “Dövlət dili haqqında” 27 iyun 1918-ci il tarixli qərarında dövlət dilinin Azərbaycan türkcəsi kimi təsbit edildiyi, bundan sonra bütün məhkəmə orqanları və digər qurumlarda vəzifələr daşıyanların bu dili bilənlər olacağı bəyan edilmişdir. 
Azərbaycan dövləti Cümhuriyyət tarixi və dəyərlərinə böyük ehtiramla yanaşır 
Bu gün AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur. Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan böyük dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirirdi. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan edib. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması Ümummilli liderin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətini məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməsi ölkəmizin beynəlxalq ictimaiyyətə tanıdılması baxımından da müstəsna əhəmiyyətə malikdir. Çünki bununla dünya ictimaiyyəti görür və dərk edir ki, Azərbaycanın zəngin dövlətçilik tarixi və ənənələri var, müasir müstəqil Azərbaycan zəngin dövlətçilik ənənələri əsasında formalaşıb.
Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyi, Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncamları da xüsusi olaraq qeyd edilməlidir. AXC-nin 100 illik yubileyi ilə bağlı dövlətimizin başçısının imzaladığı Sərəncam milli dövlətçilik tariximizə diqqət və qayğısının bariz göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bu məqamlara toxunaraq deyib ki, bu il Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib: “Biz demokratik respublikanın 100 illik yubileyini il ərzində qeyd edirik və bu, cari ilin əsas hadisəsidir. Bilirsinizmi, tarixə nəzər salanda düşünürsən, təsadüfi deyil ki, müsəlman aləmində ilk demokratik respublika məhz azərbaycanlılar tərəfindən yaradılıb. Yəni bu hadisə xalqımızın keçmişindən, onun azadlıqsevər, məğrur və mütərəqqi xarakterindən qaynaqlanır. Azərbaycan ədəbiyyatının klassiklərini oxuyanda görürsən ki, onların əsərlərində məhz bu gün aktual olan məsələlərlə bağlı fəlsəfi mövzular kifayət qədərdir. Buna görə də 100 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bizim üçün tarixi hadisədir”.
Müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası inkişaf yolunda əmin addımlarla irəliləyir. Hazırda Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkə kimi tanınır. Təbii ki, bu inkişafın və sabitliyin əsasında uğurla reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların davamlı olaraq həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir. Siyasi islahatlar üçün qısa müddətdə çox böyük işlər görülüb. Təkcə bunu qeyd etmək kifayətdir ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib, bir sıra başqa mühüm qərarlar qəbul edilib”.
Digər tərəfdən, müstəqil Azərbaycan demokratik dəyərlərə sadiqdir. Demokratik inkişaf istiqamətində həyata keçirilən islahatlar Azərbaycanın tərəqqisinə, qüdrətinin artmasına xidmət edir. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında yüksək beynəlxalq nüfuza malik olan demokratik ölkə kimi tanınır. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.
Nurlan QƏLƏNDƏRLİ