Xəbər Ekologiya və təbii sərvətlər naziri Bərdədə vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Bərdədə vətəndaşları qəbul edib

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mayın 25-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Yeni Azərbaycan Partiyasının Bərdə rayon təşkilatının binasında Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonlarının vətəndaşlarını qəbul edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl nazir Muxtar Babayev və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.