Xəbər Elmira Süleymanova: Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyub

Elmira Süleymanova: Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyub

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
«1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyub. Azərbaycan Xalq Cümhuriyyəti xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb».

Bu fikirləri Ombudsman Elmira Süleymanova deyib.

E.Süleymanova bildirib ki, Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə olaraq Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verməklə bütün dünya demokratiyasına böyük töhfə verib. Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti yaranan zaman ölkə və regionda vəziyyət çox ağır olub. Cəmi 23 ay yaşamış müstəqil respublika bir sıra uğurlar əldə edib. AXC qısa müddətdə tarixi bir missiyanı yerinə yetirərək çox genişmiqyaslı demokratik islahatlar həyata keçirib. Cümhuriyyət dövründə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul olunub. Azərbaycan parlamenti bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament olub.

«Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verib, həmin dövrün dövlətçilik tariximizin parlaq səhifələrindən olduğunu söyləyib. Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında” Sərəncamını xatırladan ombudsman 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini xalqımızın həyatında mühüm hadisə kimi dəyərləndirib. Vurğulanıb ki, bu, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinə verilən tarixi qiymətdir. Xalqımız 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Cümhuriyyətin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müasir müstəqil Azərbaycan dövlətini yaradıb»-deyə, Ombudsman qeyd edib.