Xəbər QHT-lərə Dövlət Dəstəyi Şurası 2018-ci il ikinci qrant müsabiqəsinin yekunları ilə bağlı qərar qəbul edib

QHT-lərə Dövlət Dəstəyi Şurası 2018-ci il ikinci qrant müsabiqəsinin yekunları ilə bağlı qərar qəbul edib

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın Apellyasiya Komissiyasının (AK) iclasının nəticələrinə baxılması, 2018-ci il ikinci qrant müsabiqəsinin yekunları və Şuranın 2018-ci il birinci rübdəki fəaliyyəti barədə məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub.

Vüsal Quliyev Şuranın qrant müsabiqəsi mövzularının hər zamankı kimi Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin prioritetlərinə, ictimai aktuallıq kəsb edən məsələlərə uyğun olaraq tərtib olunduğunu deyib. Sədr müavini dövlət başçısının İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalları kimi tarixi torpaqlarımıza qayıtmağımızın siyasi və strateji hədəfimiz olması ilə bağlı bildirdiyi fikirlərini əsas götürərək 2018-ci il ikinci qrant müsabiqəsinin 9 mövzusundan 5-nin bu istiqamətə həsr olunduğunu vurğulayıb.

Apellyasiya Komissiyasının sədri Sahib Məmmədov cari il aprelin 5-də AK-nin növbəti iclasının keçirildiyini qeyd edərək nəticələr haqqında Şura üzvlərini məlumatlandırıb.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2018-ci il ikinci qrant müsabiqəsi haqqında geniş məlumat verib. İcraçı direktor 2018-ci il 7 mart-30 mart tarixlərində ikinci qrant müsabiqəsində iştirak üçün 223 QHT-nin Şuraya ərizə təqdim etdiyini deyib. Onlardan sənədləri qaydasında olan 220 təşkilatın ərizəsi qeydiyyata alınıb. Bu QHT-lərdən 207-si layihə təqdim edib. 15 təşkilatın təqdim etdiyi layihə müsabiqə şərtlərinə uyğun olmadığından qeydiyyata alınmayıb. 192 layihə isə ekspertizaya təqdim edilib. İcraçı direktor müsabiqə prosesinin Şuranın təlimat və qərarlarına müvafiq şəkildə təşkil olunduğunu bildirib.

Fərasət Qurbanov Şuranın 2018-ci il birinci rübdəki fəaliyyəti barədə də ətraflı məruzə edib.

Şura üzvləri Şahin İsmayılov, Nərgiz Xələf, Emin Həsənli, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Rufiz Qonaqov və Anar Xəlilov çıxış edərək gündəlikdə dayanan məsələlərlə bağlı rəy və təkliflərini bildiriblər.

Yekun olaraq Şura üzvləri ekspertlərin və Büdcə Komissiyasının rəyini nəzərə alaraq 82 layihənin maliyyələşdirilməsi, həmçinin Apellyasiya Komissiyasının iclasının nəticələri haqqında qərar qəbul ediblər.

Müsabiqənin nəticələri ilə Şuranın www.cssn.gov.az, www.qhtxeber.az və www.e-qht.az saytları vasitəsilə tanış olmaq mümkündür.