Xəbər Prezident İlham Əliyev: Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik

Prezident İlham Əliyev: Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Tarixi reallıqlar və beynəlxalq hüquqi baza, eləcə də Azərbaycanın iqtisadi qüdrəti, hərbi gücü və regionda mövcud olan real vəziyyət bunu deməyə əsas verir

Müasir dövrdə beynəlxalq münasibətlər sistemi olduqca mürəkkəb xarakterə malikdir. Dünya siyasətinin başlıca aktorları olan milli dövlətlərin beynəlxalq münasibətlər sistemində yer və rolu məhz həyata keçirilən xarici siyasət kursunun səmərəliliyindən asılıdır. Səmərəli və praqmatik xarici siyasət kursu milli maraqları təmin etməklə yanaşı, ölkənin qarşısında yeni perspektivlərin yaranmasını da şərtləndirir. Bu kontekstdə Azərbaycan təcrübəsi unikal və mütərəqqi nümunə kimi çıxış edir.
Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan milli maraqlara söykənən və qətiyyətli xarici siyasət kursu həyata keçirir. Ölkəmizin xarici siyasət kursunun başlıca strateji prioritetlərindən birini Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi təşkil edir. Ümumiyyətlə, milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən, qarşılıqlı etimadı əsas götürən, separatizmin hər cür formasını rədd edən Azərbaycan Respublikası beynəlxalq münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Azərbaycan üçün başlıca prinsipial məsələ məhz beynəlxalq hüquqa və ədalətə söykənərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə nail olmaqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət və hücum diplomatiyası sayəsində Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm addımlar atılıb, eyni zamanda, diplomatik cəbhədə əhəmiyyətli uğurlar əldə edilib. Azərbaycanın bu istiqamətdə prinsipial mövqeyi ayrı-ayrı milli dövlətlər və beynəlxalq ictimaiyyət tərəfindən problemə adekvat yanaşmanın ortaya qoyulmasını şərtləndirib. Qanunauyğun haldır ki, münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantı əsas prinsip kimi götürülüb. Mərhələli həll variantı atəşkəsin tam təmin olunmasını, işğal altında olan torpaqların Azərbaycana qaytarılmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını nəzərdə tutur. Dağlıq Qarabağın gələcək statusu isə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilə bilər. Yeri gəlmişkən, iyunun 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında təşkil etdiyi iftar mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışı zamanı bu məqamlara toxunaraq deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır: “Dağlıq Qarabağ bizim tarixi torpağımızdır, biz bunu, bu həqiqətləri bütün dünyaya çatdırırıq. Bir çox elmi əsərlər, kitablar nəşr edilib, bir çox tədbirlər keçirilib. Biz tarixi həqiqətləri çatdırmalıyıq və çatdırırıq. Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması artıq heç kimdə şübhə doğurmur”.
Dağlıq Qarabağ münaqişəsinin həlli strateji zərurətdir
Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həll edilməsi strateji zərurət kimi çıxış edir. Buna görə də rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin həllinə nail olmağa çalışır. Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, 2016-cı ilin aprelində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində müşahidə olunan gərginlik və Azərbaycan Ordusunun mühüm uğuru Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni vəziyyətin yaranmasını şərtləndirdi. Daha da dəqiqləşdirsək, ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilər, rəsmilər işğalçı ölkənin təxribatçı hərəkətlərinə son qoyulmasının və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan etdilər. Eyni zamanda, ATƏT-in Minsk qrupu, o cümlədən beynəlxalq aləm əmin oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, intensiv atışmalar müşahidə olunur, insanlar ölür, çoxsaylı tələfatlar qeydə alınır. Şübhəsiz, bu vəziyyət sonsuz davam edə bilməz və hansısa məqamda böyük insan tələfatına səbəb ola biləcək hərbi əməliyyatların başlanması tam realdır. Buna görə də Minsk qrupu mövcud status-kvonun davam edə bilməyəcəyi qənaətində olduğunu ifadə etdi.
Digər bir məqam isə budur ki, dünya ictimaiyyəti, xüsusilə də müvafiq beynəlxalq təşkilatlar, eləcə də ATƏT-in Minsk qrupu da yaxşı anlayır ki, münaqişənin “dondurulmuş” vəziyyətdə saxlanılmasına yönəlik cəhdlər ciddi fəsadlara səbəb ola bilər. Ümumiyyətlə, Cənubi Qafqaz regionu siyasi və iqtisadi potensialına, həmçinin coğrafi mövqeyinə görə Avrasiya materikində ən əhəmiyyətli geopolitik məntəqələrdən biri hesab edilir. Belə bir strateji yanaşma mövcuddur ki, Cənubi Qafqazda stabil təhlükəsizlik sisteminin təmin edilməsi nəticə etibarilə regionətrafı bölgələrdə, yəni Xəzər-Qara-Baltik-Aralıq dənizlərini əhatə edən hövzələrdə də dağıdıcı faktorların neytrallaşdırılmasına real zəmin yaradacaq. Məhz buna görə hesab olunur ki, daha stabil təhlükəsizlik arxitekturasının formalaşdırılması üçün atılmalı olan ilk addım bölgədəki destruktiv faktorların aradan qaldırılmasıdır. Bu cür dağıdıcı amillərin əsasını isə separatizm və ərazi iddiaları nəticəsində yaranmış regional münaqişələr təşkil edir.
Şübhəsiz, bu gün Cənubi Qafqaz bölgəsinin təhlükəsizlik balansını pozan əsas amil Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Münaqişə bölgənin ümumi inkişafına mane olmaqla yanaşı, yeni əməkdaşlıq platformalarının da reallaşdırılmasını əngəlləyir və qeyd etdiyimiz kimi, ciddi fəsadlara səbəb ola bilər. Birincisi, bu vəziyyət işğal olunmuş Azərbaycan torpaqlarında mütəşəkkil cinayətkarlığın daha intensiv xarakter almasına, narkobaronların bu bölgəni başlıca bazara çevirməsinə, çirkli pulların mütəmadi surətdə bu məkanda yuyulmasına, bölgənin qanunsuz miqrasiya məkanına çevrilməsinə və digər illeqal proseslərin baş verməsinə səbəb olur ki, bu da gələcək üçün olduqca ciddi fəsadlar vəd edir. Ona görə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nə qədər ki ədalətli şəkildə həll edilməyib, regionda mütləq mənada təhlükəsizlik, sabitlik və sülhdən bəhs etmək olmaz. Təcavüz faktı, ərazi iddiaları və separatizmin mövcudluğu sülh və sabitliyi təhdid etməklə yanaşı, regional əməkdaşlığı da əngəlləyən neqativ faktorlardır.
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır
Ümumiyyətlə, beynəlxalq ictimaiyyət anlayır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional miqyaslı, qlobal xarakterli destruktiv problemdir. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış münaqişə ölkəmizin ərazi bütövlüyünə qarşı törədilmiş qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional və qlobal təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Münaqişə bölgənin inkişafına, uzunmüddətli sabitliyə mane olan dağıdıcı faktorlardan biri kimi çıxış edir. Ona görə də bu problemin həlli beynəlxalq təhlükəsizliyin diktə etdiyi zəruri amildir. Belə olan halda, qeyd etdiyimiz kimi, ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar, o cümlədən münaqişənin həlli istiqamətində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz beynəlxalq hüquq normaları əsasında həllinin zəruriliyini bəyan edirlər. Bütövlükdə isə bəlli olan budur ki, yaranmış siyasi şərait Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini zəruri edir.
Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi üstünlük təşkil edir. Dünya ictimaiyyəti görür və anlayır ki, separatizm ciddi təhdidlər yaradır, bu səbəbdən dövlətlərin ərazi bütövlüyü əsas götürülməlidir. Eləcə də Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağda mövcud olan kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bu amillər, həm tarixi faktlar, həm beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri nəinki bizim mövqeyimizi gücləndirir, eyni zamanda, münaqişənin həlli üçün əsas yaradır, hüquqi baza yaradır və biz yorulmaz fəaliyyət nəticəsində buna nail olmuşuq”.
Münaqişənin mövcudluğu regional təhlükəsizliyə ciddi təhdidlər yaradır
Qeyd etdiyimiz kimi, milli dövlətlərin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyən Azərbaycan münasibətlərin milli dövlətlərin suverenliyi və milli maraqlara hörmət prinsipi əsasında inkişaf etdirilməsinin tərəfdarı kimi çıxış edir. Amma beynəlxalq hüquq normalarına məhəl qoymayan işğalçı Ermənistan milli dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipini də heçə sayır, təcavüzkar mövqeyini davam etdirir. Bunlara paralel olaraq Ermənistan münaqişənin həlli müddətini uzatmağa və danışıqlar prosesini pozmağa çalışır. İşğalçı dövlət həmçinin ərazi iddialarını davam etdirir, hətta daha da irəli gedərək ərazi bütövlüyü prinsipini heçə saymaqla subyektiv olaraq xalqların öz müqəddəratını təyin etməsi məsələsini önə çəkir. Bu isə tarixi Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması ideyasına xidmət edir. Çünki ermənilər öz müqəddəratlarını təyin edərək Ermənistan dövləti yaradıblar. Əlbəttə, 20 faiz ərazisi işğal edilmiş, 1 milyondan çox əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş Azərbaycan bu cür cəhdlərə izin verməyəcək.
Ölkəmizin ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz və beynəlxalq hüquq normaları da Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Ermənistan onu da nəzərə almalıdır ki, Azərbaycan öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək iqtidarındadır və işğal altında olan ərazilər istənilən yolla azad ediləcək. Bu, Azərbaycanın beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ali siyasi hüququdur. Ordunun döyüş və müdafiə qabiliyyətinin artırılması Azərbaycanın öz torpaqlarını nəyin bahasına olursa olsun işğaldan azad edəcəyinə dair əminlik yaradır. Ümumiyyətlə, milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyin möhkəmləndirilməsi, ilk növbədə, milli ordunun maddi-texniki və mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsindən asılıdır. Müharibə şəraitində yaşayan ölkə kimi, Azərbaycanın güclü orduya, təkmilləşmiş hərbi sistemə, inkişaf etmiş müdafiə sənayesinə malik olması ölkənin və əhalinin təhlükəsizliyi baxımından böyük önəm kəsb edir.
Nəticə etibarilə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Əminliklə söyləmək olar ki, Azərbaycan istənilən halda işğal altında olan torpaqları azad edərək öz ərazi bütövlüyünü təmin edəcək. Dövlətimizin başçısının vurğuladığı kimi: “Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur. Həm tarixi həqiqətlər, hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, bizim iqtisadi gücümüz, hərbi gücümüz və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir”.
Real danışıqlar prosesinə start verilməsi üçün Ermənistanın yeni rəhbərliyi köhnə hakimiyyətin səhvlərini təkrar etməməlidir
Qeyd etdiyimiz kimi, işğalçı Ermənistan bu zamana qədər bütün çağırışlara qeyri-konstruktiv reaksiya verib, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə məhəl qoymayıb. İşğalçı ölkədə hakimiyyətdə olmuş əvvəlki kriminal rejim danışıqlar prosesini pozmağa çalışmaqla təcavüzkar niyyətini gerçəkləşdirməyə çalışıb. İşğalçı siyasət həmçinin Ermənistanda ciddi sosial, iqtisadi və demoqrafik böhranın yaranmasına səbəb olub və bu ölkə faktiki olaraq uçuruma sürüklənib. Prezident İlham Əliyev bu məqamlara toxunaraq deyib: “Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali kürsüsündən - BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir”.
Dövlətimizin başçısı əlavə edib ki, nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib: “O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdür, o rejim ki, onun yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb. Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək”. 
Əslində, Ermənistan anlayır ki, bundan sonrakı dövrdə danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu qoruyub saxlamaq mümkün deyil, beynəlxalq ictimaiyyət bu mövqeni qəbul etməyəcək. Odur ki, hazırkı şəraitdə işğalçı Ermənistan qeyri-konstruktiv mövqedən əl çəkməli, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş sözügedən təklifləri nəzərə almalıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər”.
Nurlan QƏLƏNDƏRLİ