Xəbər Üç görüşün unudulmaz təəssüratı

Üç görüşün unudulmaz təəssüratı

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
Zəmanəmizin böyük şəxsiyyəti, müstəqilliyimizin əsas qurucusu möhtərəm Heydər Əliyevlə üç görüşüm olub.

İlk tanışlığımız 1982-ci ilin qızmar avqust ayının axırlarına təsadüf edir. 
Bürkülü, cansıxıcı axşamların birində Mərkəzi Komitənin Mədəniyyət şöbəsindən mənə zəng çalındı. Tanımadığım məsul bir işçi özünü təqdim edib bildirdi ki, Heydər Əliyevin başçılığı ilə sabah Bərdə rayonuna, pambıq yığımı mövsümünün açılışına dair müşavirəyə getməliyəm. Bir qədər karıxdım. Mən hara, pambıqçılıq müşavirəsi hara? Yadıma düşdü ki, son illər pambıq toplanışı zamanı, bir qayda olaraq, belə müşavirələr keçirilir, kolxozçularla görüşə, müşavirədə iştiraka yaradıcılıq təşkilatlarından da nümayəndələr aparılır. Heç nə demədim. Çaşqınlığım daxili gərginliklə əvəzləndi. Evdə ağır xəstəm vardı. Onu xəstəxanaya çatdırmalı, müalicəsi ilə məşğul olmalı idim. Mənim tərəddüdümü anlayan məsul işçi kiçik açıqlama verdi:
- Getmək mütləq lazımdır. Tədbir iştirakçılarının siyahısına sizin adınızı Heydər Əliyeviç şəxsən saldırıb. Xahiş edirik axşam saat on tamamda dəmir yolu vağzalının “Deputatlar otağı”nda olasınız.
Ertəsi gün təyin olunmuş vaxtda vağzalın “Deputatlar otağı” adlanan xüsusi avadanlıqlı, geniş və yaraşıqlı salonunda tədbir iştirakçılarının hamısı cəm idi. Buraya toplanmış rəssamlar, bəstəkarlar, jurnalistlər, fotomüxbirlər, radio və televiziya işçiləri arasında tanıdıqlarım, salam verib, salam aldıqlarım az deyildi. Tələbəlik yoldaşım, yazıçı-publisist Nurəddin Babayevi də aralıdan gördüm. Deməli, bizim zümrədən budəfəki səfərə ikimiz qatılmışdıq. Ürəyimdə bir qədər rahatlıq yarandı. 
Heydər Əliyev gecə saat on bir radələrində gəldi. Xeyli solğunlamış sifətindən yorğunluq yağırdı. Çox yəqin ki, hansısa vacib müşavirə, yaxud büro iclası keçirmişdi. Salona qədəm qoyan kimi gülümsədi. Xoş təbəssüm tutqun çöhrəsini xeyli durultsa da, gərginlik izlərini tamam silə bilmədi. İrəli yeriyib salondakılara ümumi salam verdi və dərhal da gecikdiyi üçün üzr istədi. Nəfəsini dərib perrona - açıq havaya çıxmağı təklif etdi:
- Necə düşünürsünüz, bəlkə gedək çöldə söhbət eləyək? İçərini kondisioner sərinlətsə də, çölün havası burdakından təmizdir, - dedi. Yorğunluq səsində də aydın duyuldu.
Bayırda hava həqiqətən xoşagələn idi. Astaqanad meh əsirdi. Gecədən xeyli keçdiyindən xəfə azalmışdı. Həm də perron yaxşıca sulanmış, asfalt döşəmə yuyulub silinmiş, istisinin hovu alınmışdı. Nəfəsimiz genişləndi.
Sakit perronda Heydər Əlirza oğlunu dövrəyə aldıq. O, cərgənin əvvəlindən başlayıb, axıra qədər hamı ilə əl tutuşub görüşdü. Mənə çatanda ayaq saxladı. Diqqətlə üzümə baxdı. Yarıhəlim-yarıciddi iradla soruşdu:
- Sən niyə bizdən qaçırsan? Tədbirlərdə az-az görürəm səni. Dəvət almırsan, ya öz vaxtına qıymırsan?
Mən dinmədim. Doğrusu, incikliyim vardı... Əvvəllərdə, yəni Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib (indiki anlayışla başçı) təyin olunmazdan qabaq adlarını çəkmək istəmədiyim bəzi yüksək vəzifəlilər tərəfindən qapılar arxasında çox saxlanmışdım. 
Heydər Əliyev susqunluğumun kökünə varmadı. Vaxtın azlığındanmı, ya nədənsə yönünü çevirib məndən sonrakı yoldaşlara yanaşdı. Axırda hamıya xeyirli gecə, xoş istirahət arzuladı. Ağır, ləngərli addımlarla “xüsusi qatar”ın özünə məxsus vaqonuna istiqamət götürdü.
“Xüsusi qatar” cəmi üç vaqondan ibarət idi. Bizi sonuncu vaqonda yerləşdirdilər. Burada hər şey üzə gülürdü. Səliqə-sahman, avadanlıq göz oxşayırdı. İçəri qədərincə sərindi, kondisioner işləyirdi. Qar ağlığında, ütülü, kraxmallı yatacaq adama şirin yuxu gətirirdi. Nurəddin Babayevlə bir kupeyə düşmüşdük. O, bərk yorulduğunu, bütün günü qaç-qovda olduğunu söylədi. Gözlərini yuman kimi də mışıldadı. 
Mən, necə deyərlər, “gecəquşu” idim. Yuxusuzluğa vərdişkardım. Ev şəraitimin pisliyi ucbatından yazı-pozu ilə yalnız gecələr, uşaqlarım dərin yuxuya gedəndən, nisbi sakitlik yaranandan sonra məşğul olur, səhərləri diri gözlə açırdım. Odur ki, vaqonun əla rahatlığı da gözlərimə uzun müddət mürgü çirişi gətirmədi...
***
Yevlaxa günəş üfüqdə təzəcə boy göstərəndə çatdıq. Vağzal bayramsayağı bəzədilmişdi. Sabahın yenicə açılmasına baxmayaraq, məktəblilər, müəllimlər, rayonun məsul işçiləri, idarə-müəssisə əməkdaşları (kişili-qadınlı) pişvaza çıxmışdılar. Balaca oğlan və qızların əllərində əlvan gül-çiçək dəstələri vardı. Bu gül-çiçəklər, lap yəqin ki, Heydər Əliyevə xalq məhəbbətinin rəmzi kimi təqdim ediləcəkdi.
Belə də oldu. Heydər Əliyev öz vaqonunun pillələri üstündə görününcə cərgələr pozuldu. Gül-çiçəkli uşaqlar hərəkətə gəldilər. Bir-birini qova-qova Heydər Əliyevi dövrələdilər. Hədiyyələrini növbə ilə ona təqdim etdilər. Heydər Əliyev balacaların kimisinin üzündən öpdü, kimisinin başını sığalladı. Sonra rayon təşkilatlarının başçıları, ağsaqqallar və müəllimlər görüşə tələsdilər. 
Heydər Əliyev əlavə təmtərağa şərait yaratmadı. Hamı ilə ümumi şəkildə salamlaşıb, yola davam etməyə göstəriş verdi. Təyinatlı maşınlara mindik. “Çayka”ların, “Volqa”ların, “Qaz-51”lərin, “Jiquli”lərin işə düşmüş mühərrikləri sabahın sakit ovqatına xələl qatdı. 
Bərdə rayonunun girəcəyinə yaxın, mənzərəli bir yerdə maşın karvanı yoldan azacıq qırağa çıxıb əyləndi. Sıx və qollu-budaqlı ağaclar çətirində uzun-uzun masalar uc-uca dayanmışdı. Süfrələrə neçə cür meyvələr, mineral sular səliqə ilə düzülmüşdü. 
Səhər yeməyinə dəvət aldıq. On beş-iyirmi dəqiqə ərzində aclığımızın, ilk növbədə susuzluğumuzun “qurd”unu öldürüb yenidən maşınlara doluşduq. 
O gün axşama qədər beş kolxozun pambıq sahələrini gəzdik. Qabaqcıl pambıqçılarla görüşdük. Yığımın gedişi, ümumi vəziyyətlə maraqlandıq. Cib dəftərçəmizə müəyyən qeydlər etdik. Fotomüxbirlər şəkillər çəkdilər. Jurnalistlər müsahibələr apardılar. Rəssamlar eskizlər götürdülər. Bəstəkarlar notlarına nəsə yazdılar. 
Heydər Əliyev hər yerdə bizim önümüzdə gedirdi. Üst-başının toz-torpağa bələnəcəyinə əhəmiyyət vermir, şax-şəvəlləri yara-yara tarlanın içərilərinə girir, kolxozçularla iş əsnasında görüşür, hal-əhval tutur, problemlərini elə oradaca öyrənirdi. Şirin söhbətlə bərabər belinə önlük bağlayıb özü də pambıq yığırdı. Beləcə sadə insanlarla qaynayıb-qarışır, səmimiyyətə, açıq söhbətə körpü salırdı. 
İşlərlə, vəziyyətlə bu sayaq tanışlıqdan sonra hər briqadanın öz “tarla çardağı” altında məsləhət-məşvərət iclası başlanırdı. İclasların gedişinə də Heydər Əliyev bilavasitə özü rəhbərlik edirdi. Kolxozçularla söhbəti elə qurur, elə səmtə yönəldirdi ki, yerli rəhbərlərin müdaxiləsinə, nəsə söyləməsinə ehtiyac yaranmırdı. Briqadirlər, manqa başçıları, sıravi zəhmətkeşlər bir-birinin ardınca ortaya çıxıb məsələ barədə rəy bildirir, dil-dil ötürdülər. Çıxışlarının axırında da könüllü öhdəliklər götürür, planı bir neçə faiz artıqlaması ilə yerinə yetirəcəklərini bildirirdilər.
Bu öhdəliklərdən, əmək coşqunluğundan məmnun qalan Heydər Əliyev lap sonda alovlu yekun nitqi söyləyirdi. Adamları daha əzmlə çalışmağa səsləyir, bol məhsulu itkisiz və vaxtında yığmaqda uğurlar arzulayır, yeni-yeni qələbələrə ruhlandırırdı. 
...Gecikmiş naharımızı rayon mərkəzində elədik. Artıq şər qarışırdı, axşam toranlığı düşhadüş idi. Qədim Bərdə şəhəri ilə ötəri tanışlıqdan sonra mədəniyyət evinə - rayonlararası müşavirəyə toplaşdıq. Pambıqçılıqla məşğul olan yaxın rayonların rəhbər işçiləri, qabaqcıl briqadir və manqabaşçıları dəvət almış bu müşavirə çox sıxlıq idi. Böyük salonda boş yer yoxdu. Müşavirə canlı keçdi. Çıxışların arası kəsilmədi. Əksər nümayəndələr işə mane olan texniki çatışmazlıqları önə çəkib, ürəklərini boşaltdılar. Sonda yenə Heydər Əliyev geniş, məzmunlu yekun nitqi söylədi. Yeknəsəq danışıqlardan yorulub mürgüləmişləri onun gur, yapışıqlı səsi diksindirib oyatdı. Görülmüş işlərə ətraflı təhlil verib, müvəffəqiyyətləri alqışladı. İşdə buraxılmış bəzi nöqsanlardan da yan keçmədi.
Gecə ikən Yevlaxa qayıtdıq. Sərin, rahat vaqonumuzda şirin-şirin yatıb, gözümüzü Əli Bayramlıda açdıq.
Yenə də al günəş üfüqdən təzəcə baş qaldırırdı. Uzaq ənginliklər tünd qırmızı rəngə boyanmaqdaydı. Muğan düzündə gecələmiş seyrək duman ətəyini ehmal-ehmal dəstələyib göyə çəkilirdi. Çöllərə gümüşü şeh düşmüşdü. Yolumuz Sabirabada idi.
Bərdə səfərimizdəki təmtəraq burda gözə çarpmadı. Xüsusi hazırlıqla pişvazımıza çıxanlar olmadı. Yəqin ki, göstəriş belə idi. Birbaşa tarla düşərgələrinə yollandıq. Tarlalarda məhsul bol idi. Kolxozçu qadınlar alatorandan öz sahələrində idilər.
Burada da Bərdə proqramı üzrə davrandıq. Yenə beş iri kolxozu gəzdik. Eyni qaydada görüşlər, yığıncaqlar keçirildi. Yorulmaq, usanmaq bilməyən Heydər Əliyev həvəsləndirici, zəhmət qələbəsinə ruhlandırıcı nitqlərinin arasını burada da kəsmədi. Gəzdiyimiz beş kolxozun beşinin də yığıncağında ilk dəfələrdəki coşqunluq hamını heyran qoydu. Ancaq bölgə müşavirəsi ötəngünkünə bənzəmədi. Müşavirənin lap əvvəlindən Heydər Əliyev pərt görünürdü.
O, iclası başlanğıcdan tənqidi müstəviyə yönəltdi. Pambıq toplanışının yarıtmaz təşkilində kolxoz sədrlərini, rayon rəhbərlərini ciddi tənqid etdi. İşdə intizamsızlıq halları ilə rastlaşdığını bildirdi. Böyük zəhmətlə becərilmiş məhsulun yerə tökülüb toz-torpağa bələnməsini, keyfiyyətini itirməsini ziyankarlıq adlandırdı. Öz növbəsində nəyəsə açıqlama vermək istəyən rayon başçısının isə sözünü əsəbi sərtliklə kəsdi: “Vəzifənin öhdəsindən gələ bilmirsən. İşindən çox narazıyam”, - dedi. Bu kəskin ifadələrdən rayon başçısı sarsıldı. Sifəti gah ağarıb, gah qaraldı. O dərəcədə çaşdı ki, müvazinətini itirdi. Az qaldı xitabət kürsüsündən yerə yıxılsın. 
Heydər Əliyev gərginliyin qarşısını tezcə aldı. Mülayim rəftarla, zarafatla əsəb hovunu yumşaltdı. 
Ağır keçmiş müşavirədən sonra bizi ayrı bir otaqda çay süfrəsinə dəvət etdilər. Heydər Əliyev hər iki qolunu oturduğu dərin kürsünün dirsəkliyindən ağır-ağır sallandırıb, başını sağ çiyninə söykəmişdi. Günəş altında qaralmış sifətindən də, bir qədər qıyılmış gözlərindən də qədərsiz yorğunluq yağırdı. Asan iş deyildi, dünəndən bəri fasiləsiz fəaliyyətdəydi. Dikəlib şux təbəssümlə:
- Hə, dostlar, deyəsən, çox yorulubsunuz. Siz belə olanda, təsəvvür edin mən nə gündəyəm. Boynuma alıram, gücüm tükənib. Yoxsa sizi ayaq üstə qarşılayardım, - dedi.
Nurəddin Babayev müəllim dilavərliyi ilə hamıdan cəld cavab verdi:
- Sizin yorulmağınızın səbəbi məlumdur, Heydər müəllim, - dedi, - iki gündür rahatlıq nədir bilmirsiniz. Adamlarla canlı ünsiyyətdəsiniz. Hər görüşdə bir-birindən gözəl, çox mənalı, məntiqli çıxışlar edib, dərin nitqlər söyləyibsiniz. Mən yazıçılıqdan əlavə, həm də müəlliməm. Universitetdə mühazirələr oxuyuram. Aramsız danışığın insanı əldən necə saldığını öz təcrübəmdən bilirəm. Biz müəllimlər auditoriyalarda, sinif otaqlarında dərs keçirik. Siz isə açıq havada, qızmar günəş altında, günün günorta çağlarında, nəfəs çəkmək çətin olan vaxtlarda, zəhmətkeşlər əhatəsində hamı üçün anlaşıqlı söhbətlər aparıbsınız. Əlbəttə yorularsınız.
Xoş sözlər üzlərdə şən təbəssüm yaratdı. Heydər Əliyevin də kefini açdı. Minnətdarlıq edib, qəddini bir az da dikəltdi. Qollarını kürsü dirsəkliyindən götürüb qoynunda çarpazladı. Gümrah səslə, aram-aram əsas mətləbə keçdi:
- Gecə yarı olur, vaxtımız dardır. Gələk əsas məsələyə. Sizi bura çağırmaqda məqsədim səfərimiz barədə təəssüratınızı öyrənməkdir. Nə gördünüz? Nə eşitdiniz? Nələrin şahidi oldunuz? Mənim üçün bunlar çox maraqlıdır. Siz yaradıcı, aydın zəkalı insanlarsınız. Gözləriniz iti, müşahidələriniz dəqiqdir. Xahiş edirəm, buyurun, rəy açıqlayın.
Nurəddin Babayev bu dəfə də qabağa düşdü. Oçerkist idi. Qəzet və jurnal ezamiyyətləri ilə kolxozlarda, sənaye müəssisələrində çox olurdu. Oçerklər, məqalələr, reportajlar yazırdı. Təsərrüfat işlərindən müəyyən biliyi, məlumatı vardı. O, kolxozçuların əzmkarlığından, pambıqçılıq sənətinə yetərincə yiyələndiklərindən və rəhbərə - Heydər Əliyevə böyük məhəbbət bəslədiklərindən gen-bol danışdı. 
Sonra bəstəkarlar, rəssamlar, jurnalistlər səfər təəssüratlarını bölüşdülər. Ən axırda Heydər Əliyevin nəzərləri mənim üzümdə əyləndi. Ayağa durdum. Adətim üzrə bəlağətə gücüm çatmadı. Sadəcə olaraq, bəzi müşahidələrimi dilə gətirdim. Diqqəti son müşavirədə baş vermiş insidentə çəkdim. Rayonun birinci katibinin düşdüyü vəziyyəti xatırlatdım. Müvazinətini itirmiş katibi psixoloji sarsıntıdan necə çıxarmasında Heydər Əliyevin ustalıq göstərdiyini xüsusi vurğuladım. Bunu yadımda ən çox qalan yaxşı hal, yüksək keyfiyyət kimi qeyd etdim. 
Dediklərimin Heydər Əliyevə necə təsir bağışladığını bilmədim. Çünki həmin anlarda başqa intizardaydım: Bakı vağzalında yarımçıq qalmış söhbətin davamını gözləyirdim. Lakin ona qayıdılmadı. Ya yorğunluqdan unudulmuşdu, ya da yeri münasib sayılmamışdı. Geri qayıdandan beş-altı gün sonra gördüklərim əsasında böyük oçerk yazıb, o vaxtın mühüm mətbu orqanı olan “Kommunist” qəzetində çap etdirdim.
***
İkinci görüşümüz üç il sonra, Moskva şəhərində, Kremlin Qurultaylar Sarayında oldu.
Bu illərdə Heydər Əliyev Azərbaycanda işləmirdi. Vəzifəsi daha da böyüdülmüşdü. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin büro üzvü seçilmiş, SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini təyin edilmişdi.
Möhtəşəm Qurultaylar Sarayında iki gün idi RSFSR yazıçılarının qurultayı öz işinə başlamışdı. Siyasi büronun üzvləri də tədbirdə iştirak edirdilər. O cümlədən, Heydər Əliyev də rəyasət heyətində idi. Yazıçıların bəzən sərt, bəzən də mübahisəli çıxışlarını diqqətlə dinləyirdi. 
Mən bu qurultaya Azərbaycan yazıçılarının nümayəndəsi kimi gəlmişdim. 
Sarayda yerlər əlifba sırası ilə bölünmüşdü. Mən lap öndə - ikinci cərgənin ortalarında əyləşmişdim. Heydər Əliyevi buradan çox aydın görürdüm. İftixar hissi keçirirdim. Ərazicə kiçik bir respublikanın yüksək zəkalı oğlu böyük SSRİ-nin ən nüfuzlu, ən səlahiyyətli rəhbərləri cərgəsində idi. Deyəsən, Heydər Əliyevin də gözü məni almışdı. Arabir çönüb mənə sarı baxırdı.
Səhər iclası günorta, təxminən saat ikidə bitdi. 
Axşam iclası da yekunlaşdı. Siyasi büro üzvləri rəyasət heyətini nəyə görəsə tələm-tələsik tərk etdilər. Heydər Əliyev ayaq saxladı. Qanrılıb mənə sarı bir də baxdı. Mən güman içində, aralıdan ona salam verdim. O, salamımı xoş təbəssümlə alıb, əli ilə yanına çağırdı. Ona doğru iki-üç addım atmışdım ki, mülki paltarda, ətli-canlı iki oğlan qarşımı kəsdi. Anladım ki, mühafizə işçiləridir. Həmən anda Heydər Əliyevin rus dilində rəsmi müraciəti eşidildi:
- Buraxın gəlsin!
Mühafizəçilər dərhal kənara çəkildilər. Görüşə şərait yaratdılar. İrəli getdim. Heydər Əliyev özü də bir neçə pillə aşağı endi. Əl tutuşub, mehribanlıqla hal-əhval soruşdu:
- Nə var, nə yox? Necəsən?
Bir qədər tutularaq:
- Çox sağ olun, pis deyiləm, - dedim. Belə səmimi söhbətə hazırlıqsız olduğum üçün səsim də xeyli həzin çıxdı. Heydər Əliyev çaşqınlığımı, şübhəsiz ki, sezdi. Həqiqi siyasət adamının gözü və duyumu iti olur. Söhbəti sərbəst məcraya yönəltdi:
- Yazıçı yoldaşların nə ilə məşğuldurlar? İşləriniz necə gedir?
- Hər şey qaydasındadır. Hamının sizə salamı var, - söylədim.
Heydər Əliyevin mehriban baxışlarının nisbətən soyumasından duydum ki, cavablarımdan razı qalmayıb. Elə özümün də özümdən xoşum gəlməmişdi. Sözü ağzımdan sanki kəlbətinlə çəkib çıxarırdılar. Neyləyim ki, bir para qələm yoldaşlarımda olan gözəgirmək, tezcə şirin münasibət yaratmaq qabiliyyətindən kasıbam. Bu sarıdan qıfılbəndli dilim heç yerdə məni yarıtmayıb. 
Heydər Əliyevin həlim sifət cizgiləri bir qədər dəyişsə də, səsinin xoş ahəngi dəyişmədi. 
- Mənə nə sözün, xahişin? - soruşdu.
Xahiş olunacaq məsələm, əlbəttə, vardı. Mənzil şəraitim son dərəcə dözülməz idi (bu məsələm heç indi də qəlb oxşamır). Əlaqədar təşkilatlara ərizələr, xahiş məktubları ilə dəfələrlə müraciətlər etmişdim. Hətta ən yuxarı instansiyalara teleqramlar vurmuşdum. Müsbət bir nəticə yox idi. 
Budur, indi əlimə yaxşıca fürsət düşmüşdü. Məsələnin yüz faizlik həlli üçün Allahtərəfi imkan yaranmışdı. Di gəl ki... nitqim bağlanmışdı, o deyildi ki, utanırdım, ya nədənsə çəkinirdim. Sadəcə, ayaqüstü söhbətdə şəxsi dərddən danışmağa arlanırdım.
Heydər Əliyev vaxt itirmədi. Cibindən “vizit kartı”nı çıxarıb mənə uzatdı.
- Al, - dedi, - yanıma gəlmək istəsən, zəng elə. Telefona köməkçim yaxınlaşacaq. Deyərsən ki, səni özüm çağırtdırmışam. 
Kartı məmnunluqla aldım. O, bir də əl tutuşdu. Səmimiyyətlə sağollaşıb aralandı. Mən isə yerimdən tərpənmədim. Onun arxasınca heyrətlə boylandım. 
Ertəsi gün münasib vaxtda zəng etdim. Qarşıdakı söhbətə daxilən hazırlaşırdım. Nədən, necə danışacağımı kifayət qədər düşünüb-daşınmışdım. Dəstəyi, deyildiyi kimi, köməkçi götürdü. Məni dinləyib, nəzakətlə bildirdi ki, Heydər Əliyeviç çox vacib bir məsələ ilə əlaqədar ezamiyyətə gedib. Həftənin axırına qayıdacaq.
Təəssüfləndim. Həftənin axırını gözləmək imkanım yox idi. Qurultay işlərini bitirmək üzrə idi. Nümayəndələrə geri qayıtmaq üçün yol biletləri artıq paylanmışdı. Mehmanxanada əlavə günlər qalsam, xərci öz cibimdən olacaqdı. Xərcliyimin də, necə deyərlər, başına daş salmışdım. Özümlə götürdüyüm pula uşaqlara əyin-baş almış, Bakıda çox az tapılan bəzi ərzaq tədarükü görmüşdüm. 
Nə isə, gözləyəsi olmadım. Fikirləşdim ki, gedib Bakıdan telefonla əlaqə saxlayaram. 
Bu ümidlə evə qayıtdım. Bakıdan ayrı-ayrı vaxtlarda bir neçə dəfə telefon açdım, köməkçisi ilə danışdım. İş nəhsə düşdü. Bəxtimdən küsüb daha əlaqə saxlamadım...
***
Yenə aradan illər ötdü. Sovet quruluşu dağıldı. Sosialist respublikalarının ittifaqı uçub-söküldü. Müstəqillik qazandıq. Bəxti kəm şairimiz Məhəmməd Hadinin arzuladığı imzamızı mühüm imzalar cərgəsinə qoyduq. Lakin şadyanalığımız uzun sürmədi. Xarici və daxili bədxahlarımız bizə çətin problemlər yaratdılar. Partiyalar arasında didişmələr, çəkişmələr baş alıb getdi. Düşmən hədəflərindəki kəndlər, şəhərlər, qəsəbələr xəyanətkarlıqla boşaldıldı, fitnəkar erməni birləşmələrinə müqavimətsiz təhvil verildi. Nəyəsə ümid etmək, İlahidən imdad diləmək artıq mənasız bir şey idi, ondan heç nə hasil deyildi. Dövlətə başçılıq etməyə, ümumi rəhbərliyə yetərli ağlı, qətiyyəti, siyasi işlərdə zəngin təcrübəsi olan adamın köməyinə kəskin ehtiyac duyuldu. Uzun axtarışsız-filansız Heydər Əliyev yada düşdü.
Heydər Əliyev həmin vaxtlarda Naxçıvanda Ali Məclisin Sədri idi. Siyasi büro üzvlüyündən çıxarılmış, Moskvadan qayıtmış, bu müdrik, dərin zəkalı şəxs doğulub ərsəyə gəldiyi Naxçıvan şəhərinə gedərək tez bir zamanda camaatla qaynayıb-qarışmış, orada canlı, səmimi ünsiyyət yaradaraq böyük etimad qazana bilmişdi. Bu etimadın səbəbinə də yenidən yüksək vəzifə kürsüsündə əyləşdirilmişdi. 
Ən gərgin, ziddiyyətli anlarda “cəbhəçilər” ona minnətçi düşmək məcburiyyətində qaldılar. Yanına tanınmış ziyalılardan təvəqqeçilər göndərdilər, Bakıya dəvət etdilər. Çox get-gəllərdən sonra, nəhayət ki, razılıq alındı. Heydər Əliyev Bakıya təşrif buyurdu. əvvəlcə Milli Məclisə Sədr seçildi. Daha sonra (Əbülfəz Elçibəy Kələkidə məskunlaşanda) isə prezident səlahiyyətləri də ona həvalə edildi. Və respublikada idarəçilik oz çəmini yavaş-yavaş tapdı. Təşvişli, təlatümlü cəmiyyətdə sabitlik, sakitlik bərqərar oldu. Lakin cəbhə xətlərində, qanlı döyüş meydanlarında vəziyyət hələ də qəlb ağrıdırdı. 
Bir axşam televiziya xəbərlərində çox təsirli, həyəcanlı bir hadisə göstərdilər. Ağbirçək bir qadın hərbi paltarda, əlində silah cəbhəyə yollanırdı. Diktor dedi ki, bu qadının yeganə oğlu vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. İndi ana oğlunun əsgər paltarını geyinib onun intiqamını almağa gedir.
Hadisə məni son dərəcə təsirləndirdi, hətta kövrəltdi də. Bir neçə saat həmin təsir sıxıntısında evin içində vurnuxdum. Handan-hana beynimdə “Ana intiqamı” adlı povest süjeti yarandı. Dərhal qələmə sarıldım. İki-üç ay müddətində intensiv işləyib povesti tamamladım. Qarabağ müharibəsindən bəhs edən, ədəbiyyatımızda ilk irihəcmli əsər olan bu povest o dövrün ən çox oxunan “Səhər” qəzeti səhifələrində hissə-hissə çapdan çıxdı, geniş oxucu marağı qazandı.
Povest qəzetdə tam çap olunub qurtaran günün ertəsi Milli Akademik Dram Teatrının direktoru və bədii hissə rəhbəri, istedadlı aktyor Həsənağa Turabov mənə zəng vurub “Ana intiqamı”nın əlyazmasını istədi: “Əsəri qəzetdə axıracan izləyə bilməmişəm, - dedi. - Amma yoldaşlardan izləyən olub. Xüsusən də Leyla xanımın (Leyla Bədirbəylinin - V.B.) könlünə yaman yatıb. Oğlunu döyüşdə əvəz eləyən qəhrəman ana obrazını səhnədə yaratmaq həvəsindədi. Xahiş edirəm povesti mənə çatdır, oxuyum. Və onu səhnələşdirmək barədə düşünək”.
“Ana intiqamı”nın özümdə olan nüsxəsini Turabova çatdırdım. İki-üç gecəyə oxuyub məni teatra çağırtdırdı. Povestin səhnə variantını yazmaq üçün rejissor Bəhram Osmanovu mənə məsləhətçi təyin etdi.
Pyesi yay müddətində yazıb bitirdim. Payızda bədii şuradan keçdi. Bəhram Osmanovun rejissorluğu ilə məşqlər başlandı. Bir ay ərzində tamaşa hazır oldu. Teatrdaxili baxışdan sonra Turabov qoluma girib məni xidməti otağına apardı. Adəti üzrə dodaqucu qımışa-qımışa: “Tamaşa pis alınmayıb, - dedi. - İnanıram ki, ictimaiyyət tərəfindən də rəğbətlə qarşılanacaq. Gəl sən belə bir iş elə: götür, mənim “hökumət telefonum”la cənab Prezidenti tamaşanın premyerasına dəvət elə. Səni tanıyır. Sözünü yerə salmaz”. Mən tərəddüd göstərdim. Bu hərəkəti etikadan kənar saydım. Respublikada işlərin hədsiz gərgin, problemlərin aşıb-daşan, macalın dar vaxtında Heydər Əliyevin tamaşaya gələcəyini ağlıma heç cür sığışdıra bilmədim. Turabov ciddi təkidə keçdi: “Mən deyənə qulaq as! Səndən nə gedir, qəbahət bir iş tutmursan ki?! Çox vacib mövzuda, günün tələbinə uyğun əsər yazıbsan. Qarabağ uğrunda ölüm-dirim mübarizəsini qələmə alıbsan. Biz də öz tərəfimizdən onun uğurlu səhnə təcəssümünü vermişik. Düşünürəm ki, bu dəvət hörmətli Prezidentimizin ürəyincə olacaq. Dövlət qayğıları başından aşsa da, vaxt ayırıb mütləq gələcək. O, teatrı çox sevir”.
Mən tərəddüdümdə davam etdim. Çiynimi çəkib susdum. Turabov incidi: - “Ayrı söz demə, sadəcə, Prezidentin köməkçisinə arzumuzu bildir. Kollektiv adından danış...”
Mən yerimdən qımıldanmadım. Əl-qolumu bağlayan səbəbi duruxa-duruxa açıqladım:
- Qorxuram qınaq sahibi olaq, - dedim, - cənab Prezident düşünər ki, respublikanın bu ağır, hərcəhətli gərgin vəziyyətində biz şan-şöhrət hayındayıq. Ondan hansısa bir ənam, mükafat umuruq.
Turabov aktyor təbiri ilə bərk yırğalandı. Boynunu sağa-sola burub, təəssüflə fısıldadı. Sonra ürək yanğısı ilə həzin-həzin dilləndi:
- Əlbəttə, cənab Prezidenti kollektivimiz adından mən özüm də dəvət edə bilərəm. Heç bir problem yoxdur. Ancaq sənin bir müəllif kimi ona müraciətin, zənnimcə, məqsədə daha uyğundur. 
İnada yer qalmadı. Telefona yaxınlaşdım. Nömrələri Turabovun özü yığdı. Prezident köməkçisi məni tanıdı. Ərzimi ünvanına mütləq çatdıracağını bildirdi. Nə üçünsə buna az inandım.
Evə gəldim. Qabağıma təzəcə bir stəkan çay qoymuşdular ki, telefonumuz ötkəm-ötkəm cingildədi. Şəhərlərarası rabitə zənginə bənzədi. Təlaş keçirdim. 
Dəstəyi həyəcanla götürdüm. Xətdəki qadın bir qədər rəsmi ahənglə:
- Sizinlə Prezidentin köməkçisi danışacaq, - dedi, - xahiş edirəm, gözləyin. 
Gözlədim. Ürəyim xeyli toxtadı. Pis xəbər eşitmədiyimə görə sevindim. Köməkçi mənimlə bir daha salamlaşıb, cənab Prezidentlə danışacağıma işarə vurdu: - Hələlik dəstəyi qoyun yerinə. Bir də zəng olacaq.
Dəstəyi yerinə qoydum. 
Telefon təkrar cingildədi. Dəstəyi qulağıma yaxınlaşdırdım. Yenə köməkçinin səsi eşidildi:
- Vidadi müəllim, xətdə olun, bu dəqiqə sizi cənab Prezidentlə calaşdırıram.
“Calaşma” xeyli ləngidi.
- Salam, necəsən? - Heydər Əliyev çox yorğun danışdı. - Mənə zəng edibsən deyirlər. Nə məsələdi?
Diqqətinə görə təşəkkür edib, məramı eynən söylədim.
Araya sükut çökdü. Heydər Əliyev fikirli-fikirli xəbər aldı:
- Premyera haçandı?
- Mayın 14-dədir, - dedim.
Bir neçə an susub, yenə xəbər aldı:
- 14-nə niyə salıblar? 
Cavab verdim ki, bu barədə bir söz söyləyə bilmərəm. Mədəniyyət Nazirliyi ilə teatrın rəhbərliyi belə məsləhət görüb.
Sükut təkrarlandı. Heydər Əliyevin səsi tutqunlaşdı:
- O günə işlərim coxdu. Xaricdən qonaqlar gələcəklər. Baxım, görüm imkan tapacağammı? - deyib duruxdu. - İkinci premyera nə vaxtdı?
- Ayın 16-dadı, - söylədim.
Heydər Əliyevin səsində birdən-birə gümrahlıq yarandı. Qətiyyətlə:
- Bax, ona gələrəm, - dedi. - Mütləq gələrəm. Mənə başqa sözün?
Səmimi rəftar dilimin abır kilidini qırdı, ötkəmləndim:
- Sizə sözüm çoxdur, Heydər Əliyeviç, - dedim. - Bəzi çətinliklərim var...
Heydər Əliyev tələsdi. Sözümü yarıda kəsdi:
- Elə mənim də sənə deyiləsi sözüm az deyil. Gələrəm, teatrda görüşüb, arxayın söhbətləşərik. Di sağ ol! Yoldaşlara salam yetir.
Dəstək xırıldadı. Əlaqə qırıldı. Nəfəsimi məmnunluqla dərib sevincək Turabova zəng vurdum, muştuluqladım. Həsənağa şadlıqdan aşıb daşa-daşa qışqırdı:
- Əla e, əla! Səni xeyirxəbər olasan! Ürəyimi dağa döndərdin. Afərin! - Sonra sərənəsi yatdı. Hay-küydən sakit danışığa keçdi. - Gərək ikinci premyeraya səyimizi artıraq. Daha məsuliyyətlə hazırlaşaq. 
Hər ikimiz o xoş günü böyük ümidlərlə gözlədik! Di gəl ki...
Dədələr nahaq deməyiblər ki, sən saydığın qoy dursun, gör fələk nə sayır. Uğurum yenə gəlib çiləkənə ilişdi. Heç gözlənilmədən faciə baş verdi. Tamaşada ana rolunu ifa edən Leyla Bədirbəylinin həyat yoldaşı qəflətən vəfat etdi. Aydındır ki, Leyla xanım səhnəyə çıxa bilməzdi. Və çıxmadı da. Onu əvəz edən (dublyor) olmadığından tamaşa qırx gün müddətinə bağlandı. Sonra da teatr yay tətilinə getdi.
***
Aradan iki il yenə keçdi. 1997-ci ilin oktyabrında Milli Akademik Dram Teatrında yubileyim keçirilirdi. Yetmiş yaşım qeyd olunurdu. Təntənənin qızğın gedişində arxadan kimsə qulağıma pıçıldadı ki, cənab Prezident səni telefona çağırır. Yerimdən durub pərdə arxasına keçdim. Nəfəsimi dərib dəstəyə əl yetirməyimlə Heydər Əliyevin həlim səsi qulağımı oxşadı. Salamlaşdıqdan sonra böyüklük, alicənablıq göstərib üzr istədi:
- Bağışla, - dedi, - mənə gec xəbər veriblər, yubileyində iştirak edə bilmirəm. Sənə möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Qələmin daha iti olsun!
Belə həssaslıqdan, qədirbilənlikdən hədsiz məmnun qaldım. Necə də isti, mehriban münasibət! Bu sayğı təkcə mənəmi idi? Əlbəttə yox. Yazımın bir qədər əvvəllərində qeyd etmişdim ki, onun tanınmış ziyalılara - elm, ədəbiyyat, incəsənət xadimlərinə xüsusi rəğbəti vardı. Hərəyə öz istedad çəkisi, ictimai nüfuzu müqabilində dövlət qayğısı göstərirdi. Ağır iqtisadi durumumuz, maddi çətinliyimiz zamanında önəmli adamlarımıza, o cümlədən də mənə prezident təqaüdünün təsisi məhz həmin sayğının nəticəsi idi.
Burada onun həqiqi rəhbər xüsusiyyətini, yüksək insani keyfiyyətini səciyyələndirən bir mühüm çalar da xatirimdə canlandı. Haşiyə çıxaraq onu da oxucu nəzərinə çatdırmağı vacib sayıram.
1995-ci ilin qızmar iyul ayı idi. Dostum, çox istedadlı yazıçı və seçimli ictimai xadim, bütöv şəxsiyyət İsmayıl Şıxlı ilə vida mərasiminə toplaşmışdıq. Şəhriyar adına əzəmətli mədəniyyət klubu mərasim iştirakçılarını tutmurdu. 
Vida iclası təyin olunmuş vaxtdan çox gec başladı. Hamı Heydər Əliyevin gəlməsinə müntəzir idi. Göstəriş vermişdi ki, mərasim onsuz başlamasın. Həmin günlərdə Ukrayna Prezidenti respublikamızda rəsmi səfərdəydi. İsmayıl Şıxlının dəfni təsadüfən Leonid Kuçmanın yolasalınma mərasimi ilə üst-üstə düşmüşdü. Heydər Əliyev aeroportdan saat beş radələrində qayıtdı. Son dərəcə üzgün olsa da, fəxri qarovulda dayandı. Hərarətli çıxış etdi. İsmayıl Şıxlının ruhuna özünün dərin hörmətini büruzə verdi.
Mən yenə də heyrətdə qalmışdım. Bu böyük şəxsiyyətin ürək genişliyindən, xalqa gərəkli ziyalılara mehrindən əfsunlanmışdım. Əgər onun yerinə başqa bir dövlət başçısı olsaydı, çox yəqin ki, vidalaşmağa gəlməzdi. Baş qarışıqlığını, rəsmi dövlət tədbirini bəhanə edərək özünə əlavə zəhmət verməzdi. Onda isə o, əlbəttə ki, mərifət elminin Heydər Əliyevi olmazdı. Onun hər hərəkəti, hər davranışı həyat dərsidir. Bu dərsdən bəhrələnənlər heç nədə uduzmazlar. 
Ruhu şad olsun!

Vidadi BABANLI