Xəbər Azərbaycanda əlillərə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Azərbaycanda əlillərə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Prezident İlham Əliyev: Xüsusilə, sosial cəhətdən az müdafiə olunan vətəndaşlar, işğaldan əziyyət çəkmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlar, onların yaşayışı, məşğulluğu, həyat səviyyəsi bizim üçün prioritet məsələdir. Məlum olduğu kimi, Azərbaycanda məqsədyönlü dövlət siyasəti ona istiqamətləndirilib ki, ölkənin dinamik iqtisadi inkişafından əhalinin bütün təbəqələri, ələlxüsus da xüsusi qayğıya ehtiyacı olan insanlar bəhrələnə bilsinlər. Respublikamızda cəmiyyətin ayrı-ayrı təbəqələri arasında ədalətli resurs bölgüsünü təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir və beləliklə də dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Elə bu günlərdə - avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasiminin keçirilməsi, avqustun 2-də isə dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncam imzalaması yuxarıda deyilənləri bir daha təsdiqləyir. Prezident İlham Əliyev bəhs olunan mərasimdən sonra əlil və şəhid ailələrinin üzvləri ilə görüşdəki çıxışında Azərbaycanın apardığı sosial siyasətə bir daha diqqət çəkərək bildirib ki, işğaldan və etnik təmizləmədən əziyyət çəkmiş dövlətlər arasında Azərbaycanda bu sahədə görülən işlər ən yüksək səviyyədədir. Bunu beynəlxalq təşkilatlar da, BMT də qeyd edir və Azərbaycanın təcrübəsi bir çox ölkələr üçün nümunə kimi göstərilir. “Sosial siyasət Azərbaycanda prioritet məsələlərdən biridir. Mən dəfələrlə demişəm ki, bizim bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə, sosial cəhətdən az müdafiə olunan vətəndaşlar, işğaldan əziyyət çəkmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlar, onların yaşayışı, məşğulluğu, həyat səviyyəsi bizim üçün prioritet məsələdir”, - deyə dövlət başçısı vurğulayıb. Dövlətin Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə qayğısı davamlı və çoxşaxəli xarakter daşıyır Azərbaycanda vətən torpaqlarının müdafiəsində iştirak edərək əlil olan şəxslərə, həmçinin şəhid ailələrinə cəmiyyətdə böyük hörmət bəslənilir. Eyni zamanda, dövlətin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə qayğısı davamlı və çoxşaxəli səciyyə daşıyır. Son 15 ildə Prezident İlham Əliyev Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən də onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına yönələn bir neçə Fərman və Sərəncam imzalayıb. Ölkəmizdə 2007-ci ilin əvvəlindən şəhid ailələrinin Prezidentin aylıq təqaüdü ilə təminatı həyata keçirilir. Ötən müddətdə şəhid ailələrinə ödənilən təqaüdün məbləği bir neçə dəfə artırılıb. Həmin sosial ödənişlərlə bərabər, şəhidlərin ailə üzvlərinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır. Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət də verilir. Bundan başqa, müharibə əlilləri və onlara bərabər tutulanlara aylıq sosial müavinət və ya əmək pensiyası ilə bərabər, 2008-ci ilin sentyabrından Azərbaycan Prezidentinin aylıq təqaüdü də ödənilir. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin gücləndirilməsinə yönəlib. Sərəncama uyğun olaraq Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə dövlət vəsaiti hesabına hər cür rahatlığa malik mənzillər verilir. Müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə dövlət vəsaiti hesabına minik avtomobillərinin verilməsi də ənənə halını alıb. Təkcə 2017-ci il ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər mənzil və fərdi evlə təmin olunub ki, bu da son beş ilin ən yüksək göstəricisidir. Eyni zamanda, əlilliyi olan şəxslərə 33 min ədəd protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, tibbi göstərişi olan əlillərə 1193 ədəd əlil arabası verilib, 39,8 min nəfərə bərpa xidməti göstərilib. Prezident İlham Əliyev qeyd edilən kateqoriyadan olan insanlara və ailələrə mənzillərin, minik avtomobillərinin verilməsini dövlət qayğısının təzahürü kimi səciyyələndirib: “Son iyirmi il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil verilmişdir. Altı mindən çox minik maşını verilmişdir. Yəni, bu, dövlətin sizə olan qayğısının təzahürüdür və bu siyasət bu gün də davam etdirilir”. Avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində müvafiq kateqoriyadan olan insanlara və ailələrə daha 35 mənzil və 136 minik avtomobili təqdim edilib. Müvafiq proqramda isə ilin sonunadək daha 170 mənzilin və fərdi evin tikintisi nəzərdə tutulub. Bununla belə, mərasimdə iştirak edən Prezident İlham Əliyev mənzil növbəsində dayananların sayının çox olduğunu nəzərə alaraq bu il daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyini bildirib: “Nəzərə alsaq ki, hələ də növbədə kifayət qədər insan var, - təqribən 4 minə yaxın insan növbədədir, - mən əlavə vəsait ayıraraq bu il minimum daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyəm. Beləliklə, ehtiyac içində yaşayan 500-ə yaxın insan ilin sonuna qədər mənzillərlə təmin ediləcək. Biz çalışmalıyıq ki, bu proqramı tezliklə başa çatdıraq. Əlbəttə ki, buna nail olmaq üçün kifayət qədər maliyyə vəsaiti olmalıdır. Biz imkan daxilində bu vəsaiti təmin edib, təşkil edib sizə mənzilləri təqdim edəcəyik. Hələ də mənzillə təmin olunmayan şəhid ailələri, müharibə əlilləri mütləq mənzillər alacaqlar”. Azərbaycanın dövlət başçısı 19 aprel 2018-ci il tarixində isə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb. Sənəddə vurğulandığı kimi, bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ-hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Azərbaycan Prezidentinin bəhs olunan Fərmanına əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat ödəmə veriləcək. Bu Fərman Prezident İlham Əliyevin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir. Qaçqın və məcburi köçkün soydaşlarımızın da mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır Respublikamızda Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurd yerlərini, ev-eşiklərini tərk etmək məcburiyyətində qalan 1 milyondan artıq qaçqın və məcburi köçkün soydaşımız hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Son 15 ildə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq qaçqın və məcburi köçkünlərin problemlərinin həlli məqsədilə müxtəlif proqramlar reallaşdırılıb. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, Prezident İlham Əliyev tərəfindən 2004-2018-ci illərdə məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı 55 Fərman və Sərəncam imzalanıb. Prezident İlham Əliyevin 2004-cü ilin 1 iyulunda imzaladığı müvafiq Sərəncamla “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiqlənib. Ölkə Prezidentinin 31 oktyabr 2007-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiqlənən Əlavələrə əsasən, Dövlət Proqramının icra müddəti uzadılıb və əhatə dairəsi genişləndirilib. Qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasından söhbət açarkən çadır şəhərciklərinin tamamilə ləğv edilməsinin önəmini xüsusi qeyd etmək lazımdır. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində Biləsuvar rayonunun ərazisində məcburi köçkünlər üçün salınan yeni qəsəbənin gələcək sakinləri ilə görüşündə belə bir vədlə çıxış etmişdi: “Ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq”. Prezident İlham Əliyevin bu vədi vaxtından əvvəl yüksək səviyyədə yerinə yetirilib. Belə ki, dövlət başçısının gündəlik diqqət və qayğısı sayəsində 2007-ci ilin dekabrında Biləsuvar, Bərdə, Ağcabədi, Saatlı, Sabirabad, İmişli rayonlarındakı 12 çadır şəhərciyinin ləğv edilməsi və çadırlarda müvəqqəti sığınacaq tapan soydaşlarımızın hər cür kommunal rahatlıqlara malik mənzillərlə təmin edilməsi tam başa çatdırılıb. Sonuncu çadır şəhərciyinin ləğv edilməsi ilə 4179 məcburi köçkün ailəsinin mənzil-məişət problemi həllini tapıb. 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Salınan müasir qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa edilib. İndiyədək 52 min 500-dən çox qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 6,6 milyard manat vəsait xərclənib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb. Ölkəmizdə qaçqın və məcburi köçkünlərə göstərilən hərtərəfli qayğıdan bəhs edən Prezident İlham Əliyev deyib: “Eyni zamanda, müharibədən, işğaldan əziyyət çəkən bizim köçkün, qaçqın soydaşlarımız var. Onlar da dövlət tərəfindən qayğı ilə əhatə olunurlar. Son illərdə 100-ə yaxın qəsəbə salınıb. Üç yüz minə yaxın köçkün evlərlə, mənzillərlə təmin edilib”. Müvafiq kateqoriyadan olan insanlara və ailələrə qayğı siyasəti davam etdiriləcək Müvafiq kateqoriyadan olan insanlara və ailələrə qayğı siyasəti perspektivdə də davam etdiriləcək. Prezident İlham Əliyevin imzaladığı yuxarıda bəhs olunan Sərəncama əsasən, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamının 1-ci hissəsinin icrası ilə əlaqədar, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20,0 (iyirmi) milyon manat ayrılıb. Bu vəsait yaxın perspektivdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldiləcək. Müvafiq kateqoriyadan olan insanların və ailələrin gələcəkdə sosial müdafiəsinin daha da gücləndirilməsi üçün başqa tədbirlər də nəzərdə tutulub. Qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı nəzərdə tutulan layihələrin miqyası da kifayət qədər genişdir. Məlum olduğu kimi, ölkəmizdə 2017-ci ildə qaçqın və məcburi köçkün soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə yeni layihənin icrasına başlanılıb. Bəhs olunan layihə Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin yeni mənzillərə köçürülməsini əhatə edir. Layihənin icrası Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın ciddi nəzarətindədir. Qeyd edək ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident vəzifəsində 2017-ci il martın 9-da keçirdiyi ilk müşavirədə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsi məsələsi müzakirə edildi. Birinci vitse-prezidentin yanında keçirilən ilk müşavirədən sonra birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsi üçün tədbirlər planı hazırlandı. Bəhs olunan müşavirədən cəmi bir neçə ay sonra isə - 2017-ci il may ayının 30-da Mehriban xanım Əliyevanın iştirakı ilə Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən “Ümid” yaşayış kompleksinin təməli qoyuldu. Bundan başqa, çox qısa müddətdə məcburi köçkünlərə Abşeron rayonunun Masazır, Mehdiabad, o cümlədən Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil verildi. Cari ilin mayında istifadəyə verilən “Qobu Park” yaşayış kompleksində hər biri 2 bloklu, 9 mərtəbəli, 1026 mənzilli 11 yaşayış binası inşa olunub. Yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri yaradılıb. “Qobu Park”da görülən işlərdən məmnunluğunu bildirən Prezident İlham Əliyev bildirib ki, 2018-ci ilin sonunadək 4 min köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq: “Bu il Qaradağ rayonunun Qobu qəsəbəsində min mənzillik yeni köçkün qəsəbəsi salınmışdır. Orada da bütün infrastruktur, məktəb, bütün lazımi məsələlər öz həllini tapıb. İlin sonuna qədər isə 4 min köçkün ailəsi, təqribən 20 min insan yeni mənzillərlə təmin ediləcək. Yəni, biz ancaq bu layihələri nəzərə alsaq görərik ki, nə qədər böyük qayğı göstərilir və bu məqsədlərə çatmaq üçün dövlət nə qədər vəsait xərcləyir”. Ölkə ərazisində özünüməşğulluq proqramının əhatə dairəsi genişlənir Respublikamızda Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən səmərəli özünüməşğulluq proqramı uğurla həyata keçirilir. Proqramın əsas məqsədi insanları layiqli iş yerləri ilə təmin etməkdən ibarətdir. Proqram çərçivəsində 2017-ci ildən başlayaraq müvafiq kateqoriyadan olan ailələr özünüməşğulluq fəaliyyətinə və ailə biznesinə çıxış imkanları qazanmaq üçün aktivlərlə təmin edilirlər. İndiyədək özünüməşğulluq layihəsi çərçivəsində 76 şəhər və rayon üzrə 1170-dən çox ailə aktivlərlə təmin edilib. Onlar dövlət dəstəyindən bəhrələnərək müxtəlif fəaliyyət istiqamətləri üzrə kiçik ailə təsərrüfatları yaradıblar. Ailə təsərrüfatlarında hazırlanan məhsulların satış problemi də həllini tapır. Belə ki, bəhs olunan təsərrüfatlar barədə məlumatların “ABAD” mərkəzlərinə ötürülməsi barədə razılığa gəlinib. “ABAD” mərkəzləri kiçik ailə təsərrüfatlarının məhsullarının müxtəlif sərgilərə çıxarılmasına və satışına öz dəstəyini göstərir. Prezident İlham Əliyev bildirib ki, müharibə əlilləri və şəhid ailələri də özünüməşğulluq proqramı ilə əhatə olunmalıdırlar: “Biz indi genişmiqyaslı özünüməşğulluq proqramının icrasına başlamışıq. Hər il ən azı 7 min ailə bu proqramla əhatə olunacaq. Hər bir ailəyə minimum 5 min manat dəyərində ləvazimat, vəsait, müxtəlif təyinatlı avadanlıqlar veriləcək ki, onlar öz biznesini, öz işini qura bilsinlər. Göstəriş verilmişdir ki, müharibə əlilləri, şəhid ailələri də mütləq bu proqramla əhatə olunsunlar. Artıq bu işlər başlamışdır, təlim kursları aparılır. Beləliklə, biz məşğulluq probleminin həllinə də çox ciddi töhfə vermiş olacağıq”. Qeyd etmək yerinə düşər ki, müharibə əlillərinin, şəhid ailələrinin məşğulluq imkanlarının artırılmasına Heydər Əliyev Fondu da öz töhfəsini verir. Xəbər verildiyi kimi, bir neçə gün bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair memorandumun imzalanması mərasimi keçirilib. Mərasimdə vurğulanıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə regionlarda aztəminatlı və şəhid ailələri üçün salınmış meyvə bağları özünüməşğulluğun təmin edilməsi və həmin ailələrin maddi rifahının yaxşılaşdırılmasında mühüm rol oynayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə imzalanan əməkdaşlıq memorandumu da özünüməşğulluğa dəstək istiqamətində fəaliyyəti genişləndirmək və regionlarda “Sosial bağlar” layihəsinin birgə həyata keçirilməsi məqsədi daşıyır. Memorandum çərçivəsində regionlarda 125 ailə üçün intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Mübariz ABDULLAYEV