Xəbər Yeni sənaye müəssisələrinin işə düşməsi Azərbaycanda iqtisadiyyatın inkişafına güclü təkan verəcək

Yeni sənaye müəssisələrinin işə düşməsi Azərbaycanda iqtisadiyyatın inkişafına güclü təkan verəcək

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Prezident İlham Əliyev: Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir. Azərbaycanda sənayeləşmə siyasəti çox uğurla gedirHər bir dövlətin tam müstəqilliyi, siyasi nüfuzu, beynəlxalq münasibətlər sistemində yeri və rolu, ilk növbədə, onun iqtisadi potensialı, maliyyə imkanları ilə şərtlənir. Məhz yüksək iqtisadi inkişaf göstəricilərinə malik olan və özünün iqtisadi müstəqilliyini təmin edən ölkələr siyasi cəhətdən də tam müstəqil olurlar, heç bir qüvvə onlarla təzyiq dili ilə danışa bilmir. Bu mənada, müstəqil Azərbaycanın vəziyyəti nikbinlik üçün ciddi əsaslar yaradır. Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət sayəsində iqtisadi dayaqlarını əhəmiyyətli dərəcədə möhkəmləndirən ölkəmiz özünü kifayət qədər inamlı hiss edir, milli maraqlarının keşiyində qətiyyətlə dayanır və qarşıya qoyduğu strateji hədəflərə nail olur. Qeyd edək ki, bəhs olunan dövrdə respublikamız öz iqtisadiyyatını 3 dəfədən çox genişləndirməyə, həmçinin strateji valyuta ehtiyatlarını artıraraq 44 milyard dollara çatdırmağa nail olub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində milli iqtisadiyyatımızın inkişafından qürur hissi ilə bəhs edib. “İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Hətta böhranlı illərdə də biz öz iqtisadi gücümüzü qoruya bilmişik”, - deyə dövlət başçısı vurğulayıb. Son illərdə Azərbaycanda müasir sənaye müəssisələrinin yaradılması geniş vüsət alıb Müstəqil Azərbaycan müasirləşmə yolu ilə inkişaf edir. Prezident İlham Əliyevin yanaşması belədir ki, dünyada mövcud olan ən yaxşı təcrübə, ən qabaqcıl texnologiyalar, innovativ yeniliklər Azərbaycana gətirilib ölkəmizdə tətbiq edilməlidir. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq son 15 ildə Azərbaycanda həyatın bütün sahələrində hər cəhətdən müasir reallıqlar formalaşıb. Sənaye quruculuğu deyilənlərə bariz nümunədir. Qısa müstəqillik tarixində Azərbaycanın nail olduğu hərtərəfli və dinamik inkişafı həmçinin sənaye sektorunda qazanılan uğurların timsalında da izləmək mümkündür. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində sənaye quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Mütəxəssislərin qənaətinə görə, müasir sənaye quruculuğu milli iqtisadiyyatın inkişafına güclü təkan verir. Yeni çağırışlar nəzərə alınmaqla müəyyənləşdirilən strateji kursa uyğun olaraq son 15 ildə respublikamızda çoxlu sayda elm tutumlu, innovativ yanaşmalara əsaslanan sənaye müəssisələri yaradılıb və hazırda onlar uğurla fəaliyyət göstərirlər. Sənaye quruculuğuna göstərilən davamlı diqqətin və hərtərəfli dəstək tədbirlərinin nəticəsidir ki, müstəqil Azərbaycan dünya kosmos ailəsinin azsaylı üzvlərindən birinə çevrilib. Hazırda ölkəmiz orbitdəki peyklərini milli kadrlar vasitəsilə uğurla idarə edir və yeni peykini orbitə çıxartmağa hazırlaşır. Müdafiə təyinatlı müəssisələrdə buraxılan müxtəlif növ sənaye məhsullarının həm Milli Ordunun tələbatını ödəməsi, həm də xarici bazarlara çıxarılması son dərəcə qürurverici haldır. Hazırda isə respublikamızda sənayenin inkişafı ilə bağlı yeni hədəflər müəyyənləşdirilib. Son illərdə sənaye xəritəsinin regionlara doğru genişlənməsinə istinadən deyə bilərik ki, Azərbaycanda sənaye quruculuğunda yeni mərhələ başlayıb. Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində qurulan güclü infrastruktur sayəsində bölgələrdə də sənaye quruculuğu üçün münbit şərait yaranıb. Sənaye müəssisələrinin effektiv fəaliyyət göstərməsi üçün yaxşı yollar, generasiya gücü, su, qaz təminatı əsas şərtlərdəndir. İndi bütün bunlar ölkənin bölgələrində var. Belə ki, regionların infrastruktur təminatı paytaxt Bakıdan və digər iri şəhərlərdəkindən heç də geridə qalmır. Bütövlükdə, perspektivdə respublika miqyasında üçü regionlarda olmaqla 4 sənaye mərkəzinin (Bakı, Sumqayıt, Gəncə və Mingəçevir) yaradılması nəzərdə tutulub. Əsasən yerli xammalla işləyəcək sənaye məhəllələrinin yaradılması bütün ölkə boyu tarazlı inkişafın təmin edilməsi ilə bağlı qarşıya qoyulan strateji məqsədə çatmaq üçün ən optimal vasitələrdən biridir. Bölgələrdə yeni sənaye obyektləri yaradılarkən xammal bazası və satış bazarı, yerli tələbat əsas götürülür ki, bu da nəqliyyat-daşıma, logistika xərclərinin və son nəticədə məhsulun maya dəyərinin azalmasında öz əksini tapır. Bu məqamda vurğulamaq yerinə düşər ki, “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti (ASC) ölkə üzrə sənaye quruculuğuna sanballı töhfələr verir. “Milk-Pro” zavodu, “Səba” və “Azərtoxum” müəssisələri, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC də AİŞ-in payçı olduğu layihələrdəndir. AİŞ Masazırda yodlaşdırılmış və rafinadlaşdırılmış qida duzunun istehsalı üzrə “Azərbaycan Duz İstehsalat Birliyi” QSC, Səngəçalda yeni logistik terminalın inşası məqsədilə yaradılmış “Səngəçal Terminalı” QSC və Ağstafada aqrotexniki xidmətləri kompleks şəkildə həyata keçirən “Ağstafa Aqroservis” MMC-də payçı qismində iştirakını uğurla yekunlaşdırıb. Bütövlükdə, son 15 ildə respublikamızda sənaye istehsalı 2,7 dəfə artıb. Son illərdə, o cümlədən də 2018-ci ilin birinci yarısında ölkə iqtisadiyyatında ən yüksək artım dinamikası da məhz qeyri-neft sənayesində qeydə alınıb. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılış mərasimindəki çıxışında son 6 ayda ölkənin qeyri-neft sənayesində 8,8 faiz artıma nail olunmasını görülən işlərin nəticəsi kimi səciyyələndirib. “Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir. Azərbaycanda sənayeləşmə siyasəti çox uğurla gedir. Bu ilin altı ayında qeyri-neft sənayemiz 8,8 faiz artmışdır. Bu, görülən işlərin nəticəsidir”, - deyə dövlət başçısı vurğulayıb. Yeni sənaye müəssisələrində buraxılacaq məhsulun 70 faizi xarici bazarlara çıxarılacaq Hazırda respublikamızda eyni vaxtda bir neçə ünvanda iri sənaye müəssisələri yaradılır. Cari ildə polimer və azot gübrələri zavodlarının istifadəyə verilməsi nəzərdə tutulub. Bu zavodlar həm daxili bazarı tam təmin edəcək, idxaldan asılılıq aradan qaldırılacaq, eyni zamanda, ölkəmiz üçün böyük ixrac imkanı yaranacaq. Belə nəhəng müəssisələrin yaradılması müstəqil Azərbaycanın gücünü və nəyə qadir olduğunu əyani şəkildə təsdiqləyir. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı mərasimi keçirilib. Layihənin baş podratçısı qismində İtaliyanın “Maire Tecnimont” şirkəti çıxış edib. Ən yüksək standartlara və müasir texnologiyalara əsaslanan “SOCAR Polymer” zavodlarının təməli 2015-ci il oktyabrın 25-də Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Artıq polipropilen zavodu istismara tam hazırdır. Yüksəksıxlıqlı polietilen istehsal edəcək zavodda isə son tamamlama işləri görülür. “SOCAR Polymer” zavodları ildə 19 növ olmaqla 184 min ton polipropilen və 12 növ olmaqla 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. İstehsal edilən məhsulun nəql intensivliyi gündə təqribən 60 yük maşını təşkil edəcək. Hazırda ölkəmiz aşağısıxlıqlı polietileni ixrac, yüksəksıxlıqlı polietileni isə idxal edir. Açılış mərasimində qeyd edildiyi kimi, polipropilen qablaşdırma materialları, tekstil, dəftərxana ləvazimatı, avtomobil hissələri, elektron və elektrik cihazları və başqa bu kimi sektorlarda geniş çeşidli istehlak mallarının və dəstləşdirmə hissələrinin istehsalında istifadə olunan əsas ilkin materialdır. Polipropilen ticarət həcminə görə də ən vacib plastik məhsullardan sayılır. “Ekoloji cəhətdən təmiz” plastik adlandırılan polipropilen qida məhsullarının qablaşdırılması və tibb sənayesinə aid bütün sahələrdə istifadə oluna bilər. “SOCAR Polymer”in polipropilen zavodunda bazar araşdırmasına əsasən 3 növdə - homopolimer, zərbəyə davamlı so-polimer, statistik so-polimer polipropilen məhsulları istehsal olunacaq. Müəssisənin yaradılmasında beynəlxalq komanda çalışıb. Baş podratçı “Maire Tecnimont” şirkəti ilə yanaşı, sahə podratçısı olan Türkiyənin “Ustay”, Niderlandın “Fluor” şirkəti də layihənin reallaşmasına sanballı dəstək veriblər. İnvestisiyaların 60 faizi Rusiyanın “Gazprombank”, qalan hissəsi isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “Paşa Holdinq”, “Gilan Holdinq” və “Azərsun Holdinq” tərəfindən təmin edilib. “Layihə Maliyyələşdirilməsi” prinsipi əsasında 489 milyon dollar məbləğində əsas səhmdarın təminatı olmadan kredit alınıb. Bu prinsip əsasında maliyyələşdirmə ölkə daxilində birinci dəfədir həyata keçirilir. Ümumi investisiya xərcləri 816 milyon dollar təşkil edir ki, bunun da 768 milyon dolları artıq xərclənib. Zavodların istismar dövründə 6,3 milyard dollar məbləğində gəlir proqnozlaşdırılır ki, bunun 30 faizi şirkətin xalis mənfəəti olacaq. Bu, həmçinin ölkənin ümumi daxili məhsulunun artmasına da kömək edəcək. İlkin qiymətləndirmələrə görə, “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 19 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini isə 15 faiz artıracaq. İstismar müddətində zavodda 500 nəfər daimi iş yeri ilə təmin olunacaq. Layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılış mərasimindəki çıxışında yeni istehsalatların Azərbaycanın ixrac imkanlarını daha da genişləndirəcəyini nəzərə çatdıraraq deyib: “Polipropilen zavodunun istifadəyə verilməsi və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsi nəticəsində Azərbaycanın ixrac potensialı böyük dərəcədə artacaq. Hər iki zavodda hər il 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Beləliklə, Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək və ölkəmizin böyük həcmdə qeyri-neft ixracı yaradılacaqdır”. Ölkədə sənaye quruculuğuna göstərilən böyük diqqət Azərbaycanın investisiya cəlbediciliyini daha da artırıb Azərbaycanda hökm sürən davamlı ictimai-siyasi sabitlik, paytaxtda və regionlarda müasir infrastruktur qurulması, yeni nəqliyyat qovşaqlarının yaradılması sayəsində tranzit imkanlarının genişlənməsi və bu kimi müsbət reallıqlar ölkəmizin yüksək investisiya cəlbediciliyini şərtləndirir. “Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır. Son 15 il ərzində Azərbaycana 250 milyard dollara yaxın sərmayə qoyulub və biz bu zavodun timsalında bunu görürük”, - deyə Prezident İlham Əliyev bildirib. O cümlədən ölkədə sənaye quruculuğunun ən yüksək səviyyədə dəstəklənməsi və yeni müəssisələrin yaradılması respublikamızın investisiya cəlbediciliyinə müsbət təsir göstərir. Belə ki, yerli və xarici iş adamları öz sərmayələrini məmnuniyyətlə müxtəlif sənaye layihələrinə yönəldirlər. İndiyədək ölkədə yaradılan sənaye parklarına 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri açılıb. Növbəti mərhələdə 1,1 milyard dollardan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Yuxarıda qeyd olunduğu kimi, investorlar Sumqayıt Kimya Sənaye Parkına böyük maraq göstərirlər. Artıq burada 7 müəssisə fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7 müəssisənin fəaliyyətə başlayacağı proqnozlaşdırılır. Ölkəmizdə müasir çağırışlara uyğun olaraq yeni sənaye quruculuğu çərçivəsində “yaşıl iqtisadiyyat”ın inkişafı da diqqət mərkəzində saxlanılır. Bakıətrafı ərazidə 7 hektar sahəni əhatə edən Balaxanı Sənaye Parkının istifadəyə verilməsi ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişafında yeni bir mərhələ açıb. Prezident İlham Əliyevin 2011-ci il dekabrın 28-də imzaladığı müvafiq Sərəncam əsasında Balaxanı Sənaye Parkının yaradılması ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən “yaşıl iqtisadiyyat”ın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir. Balaxanı Sənaye Parkında tullantıların təkrar emalı sahələri üzrə qeydiyyata alınan 5 rezident tərəfindən 23 milyon manat investisiya yatırılıb. Sənaye Parkının rezidentlərindən biri “Az.Ekol.” MMC-dir. Müəssisə plastik-PET butulkaların təkrar emalından plastik qırıntıların istehsalı üzrə ixtisaslaşıb. Layihənin ümumi investisiya məbləği 1,5 milyon manatdır. Balaxanı Sənaye Parkında rezident kimi qeydiyyata alınan “Ekokat” MMC işlənmiş mühərrik yağlarının emalı üzrə ixtisaslaşıb. İnvestisiya qoyuluşu 1 milyon manat təşkil edən müəssisənin illik istehsal gücü 3000 tondur. Sənaye Parkının daha bir rezidenti isə fərdi sahibkar Etibar Eminovun “Çapar” poliqrafiya müəssisəsidir. Müəssisənin ümumi investisiya məbləği 1 milyon manatdır, illik istehsal gücü 348 tondur. Balaxanı Sənaye Parkında qeydiyyata alınan “METAK” MMC tullantı plastik məmulatların təkrar emalı nəticəsində müxtəlif plastik qablaşdırma məhsullarının istehsalı ilə məşğuldur. Ümumi investisiya dəyəri 17 milyon manat olan “METAK” MMC-nin bu layihəsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan 1,2 milyon manat güzəştli kredit vəsaiti ayrılıb. Sənaye Parkında fəaliyyət göstərən “FORİELLA” MMC isə süngər tullantılarının təkrar emalı və mebel istehsalı üzrə ixtisaslaşıb. Ümumi investisiya məbləği 3,5 milyon manat olan müəssisənin yaradılmasına dövlət tərəfindən dəstək verilib. Prezident İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixində imzaladığı Sərəncama əsasən ölkədə qeyri-neft sənaye sahələrinin davamlı inkişafı, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılması, o cümlədən əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması məqsədi ilə Bakı şəhərinin Pirallahı rayonu ərazisində Pirallahı Sənaye Parkının yaradılmasına başlanılıb. Pirallahı Sənaye Parkında ümumi dəyəri 100 milyon dollar olan əczaçılıq və şpris istehsalı müəssisələrinin yaradılması işləri aparılır. Bəhs olunan Sənaye Parkında yeni müəssisələrin yaradılmasında qonşu İranın və Rusiyanın investorları fəal iştirak edirlər. Sənaye Parkında cari ilin sonuna istifadəyə veriləcək şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanları da yaradacaq. Mingəçevir Sənaye Parkında investisiya dəyəri 85 milyon dollar olan 2 iplik fabrikində 750 nəfər işlə təmin olunub. Neftçala Sənaye Məhəlləsində 8 müəssisə artıq fəaliyyətə başlayıb, bu müəssisələr üzrə 45 milyon manatdan çox investisiya qoyulub, 500-ə yaxın yeni iş yeri yaradılıb. Dəyəri 15 milyon ABŞ dolları və səhmlərinin 75 faizi “Azərmaş” ASC-yə, 25 faizi isə “İran Khodro” şirkətinə məxsus olan avtomobil zavodunda İran İslam Respublikasının və Avropanın aparıcı ölkələrinin müasir texnologiyaları əsasında müxtəlif avtomobil modelləri istehsal olunur. Bu avtomobillər “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaq. Reallaşdırılan yeni layihələr sayəsində Sumqayıt müasir sənaye şəhərinə çevrilib Müstəqillik illərində Azərbaycanın güclü sənaye inkişafından söhbət açarkən Sumqayıtda ekoloji cəhətdən təmiz istehsalatların yaradılmasının önəmini xüsusi qeyd etmək lazımdır. Xatırladaq ki, keçmiş ittifaq dönəmində də Sumqayıtda çoxlu sayda sənaye müəssisəsi fəaliyyət göstərib. Lakin həmin istehsalatlarda, bir qayda olaraq, mənəvi cəhətdən köhnəlmiş və ekoloji normalara cavab verməyən texnologiyalar tətbiq edilirdi ki, bu da son nəticədə şəhərin ekologiyasına mənfi təsir göstərirdi. Müstəqillik illərində Sumqayıtdakı köhnə texnologiyalarla işləyən istehsalatların fəaliyyətinə son qoyuldu. Hazırda burada innovativ əsaslı yeni nəsil texnologiyaların tətbiq edildiyi sənaye müəssisələrinin yaradılması diqqət mərkəzində saxlanılır. Belə ekoloji təmiz sənaye müəssisələrinin yaradılması şəhərin perspektiv inkişafı və əhalinin məşğulluğunun təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyev vurğulayıb ki, Sumqayıtda yaradılacaq böyük sənaye klasterində minlərlə, on minlərlə insan işləyəcək və beləliklə, şəhərin inkişafı da uğurla gedəcək. Sumqayıtın müasir sənaye şəhəri kimi inkişafından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev “Sumqayıt indi müasir sənaye şəhəridir. Cənubi Qafqazda Bakıdan sonra ikinci sənaye şəhəridir”, - deyə bildirib. Ölkədə yaradılan sənaye parkları arasında 505,6 hektar ərazini əhatə edən Sumqayıt Kimya Sənaye Parkı xüsusi yer tutur. Prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli Fərmanına uyğun olaraq yaradılan Sumqayıt Kimya Sənaye Parkının infrastruktur təminatı üçün bir sıra layihələr reallaşdırılıb. Sənaye Parkında rezidentlərin “bir pəncərə” sistemi ilə qeydiyyatı davam etdirilir. Burada 2013-cü ildən fəaliyyətə başlayan “Azertexnolayn” MMC-də Türkiyə, Almaniya və Çin texnologiyası əsasında polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edilir. Parkın rezidentlərindən biri olan “STP” Məhdud Məsuliyyətli Cəmiyyəti müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış zavodlar kompleksidir. Sumqayıt Kimya Sənaye Parkının rezidentləri arasında “Alco Lubricant Company” Məhdud Məsuliyyətli Cəmiyyəti də var. 2017-ci ilin dekabr ayında fəaliyyətə başlayan müəssisədə il ərzində avtomobil, hava və dəniz nəqliyyatında, kənd təsərrüfatı, sənaye və energetika sahələrində istifadə olunan 30 min ton müxtəlif növ yüksəkkeyfiyyətli sürtkü yağlarının istehsalı nəzərdə tutulub. “MST Engineering Services” Məhdud Məsuliyyətli Cəmiyyətində ABŞ-ın Parker texnologiyası əsasında ildə 30 min ədəd yüksək təzyiqə davamlı xortum və fitinq istehsalı nəzərdə tutulur. Bu məhsullara neft-kimya, maşınqayırma və digər sənaye sahələrində böyük tələbat var. Mübariz ABDULLAYEV