Xəbər Seymur Orucov: Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir

Seymur Orucov: Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
«Azərbaycanda gənclərin sağlam ruhda böyüməsi, layiqli vətəndaşlar kimi yetişməsi üçün dövlətimiz tərəfindən sistemli tədbirlər həyata keçirilir». Bu fikri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

S.Orucov bildirib ki, ölkəmizin ictimai həyatının bütün sferalarında aktiv fəaliyyəti ilə seçilən Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində də mühüm rol oynayır. Bunun özü Azərbaycanda gənclər siyasətinin dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu göstərir. Məhz dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar bu təbəqəni cəmiyyətdə aparıcı qüvvəyə çevirməkdədir.

 «Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin edib. Bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında mühüm rola malik bir qüvvədir. Gənclərə verilən dəstək həm də ölkənin güclü və firavan gələcəyinə edilən yatırımdır»-deyə, S.Orucov vurğulayıb.