Xəbər Şahin İsmayılov: Əldə olunmuş razılaşmalar Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsinə xidmət edir

Şahin İsmayılov: Əldə olunmuş razılaşmalar Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsinə xidmət edir

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
«Bu gün Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınır». Bu fikri Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Ş.İsmayılov bildirib ki, xarici siyasətimizdə həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Onun sözlərinə görə, regionda sabitləşdirici aktor kimi çıxış edən ölkəmiz, həm də beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir.
«Azərbaycan xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Azərbaycanın xarici siyasəti dinamik və praqmatik xarakter daşıyır, ölkəmizin milli maraqlarının təmin olunmasına xidmət edir. Məhz son zamanlar müşahidə edilən proseslər və intensiv diplomatik təmaslar da bunu bariz şəkildə göstərir. Belə ki, Almaniya Kansleri Angela Merkelin Azərbaycana səfəri, Prezident İlham Əliyevin Rusiya, Qırğızıstan və Xorvatiyaya səfərləri və əldə olunmuş nəticələr Azərbaycanın xarici siyasətinin dinamikliyini, ölkəmizin yüksək beynəlxalq nüfuza malik ölkə olduğunu, dünyada Azərbaycana hörmətlə yanaşıldığını, rəyi ilə hesablaşıldığını əyani şəkildə təsdiq edir. Şübhəsiz ki, bu səfərlər nəticəsində dövlətlər arasında əldə olunmuş razılaşmalar Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsinə, dost və tərəfdaşlarının sayının artmasına xidmət edir»-deyə, deputat qeyd edib.