Xəbər Ağacan Əbiyev: "Bakı 2015"də planı 150 faiz yerinə yetirmişik" MÜSAHİBƏ

Ağacan Əbiyev: "Bakı 2015"də planı 150 faiz yerinə yetirmişik" MÜSAHİBƏ

Müəllif: Xeberim.az on in Müsahibə
1st Image
Boksçularımız Prezidentin etimadını layiqincə doğruldurlar

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Ağacan Əbiyevin SİA-ya müsahibəsi:

- Ağacan müəllim, “Bakı 2015” ilk Avropa Oyunlarının təşkilatçılıq səviyyəsini necə qiymətləndirirsiniz?

- İlk Avropa Oyunlarının təşkilatçılığı gözəl səviyyədə təşkil olunub. Həm xarici görünüşünə, həm də aparılmasına görə təşkilatçılıq yüksək səviyyədədir. Oyunların Açılışı Mərasimi çox möhtəşəm olduğu kimi yarışlar da yüksək səviyyədə həyata keçirilir. Bunu ölkəmizdə olan xarici idmançılar da etiraf edirlər. Yarışlar dəqiqəsinə kimi yazılır və vaxtı-vaxtında da keçirilir. İlk Avropa Oyunlarının açılışı hər kəsi heyran etdi. İnanıram ki, Bağlanış Mərasimi də yüksək şəkildə baş tutacaq. Ümumiyyətlə heç kim bizim oyunları belə yüksək səviyyədə təşkil edə biləcəyimizə inanmırdı.  Lakin təşkilatıçıq gözlənildiyindən də yüksək şəkildə həyata keçirildi.  Bütün bunlar Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında baş tutdu.

İdmançılarımızın qazandığı uğurlu nəticələr I Avropa Oyunlarının Bakıda keçirilməsinin təsadüfi olmadığını sübut etdi. Milli Olimpiya Komitəsinin prezidenti, dövlət başçısı İlham Əliyev gənclərin, idmanın, olimpiya hərəkatının inkişafına böyük qayğı göstərir. Məhz bu qayğının nəticəsidir ki, gün idmançılarımız yüksək nəticələr əldə edirlər. Hətta elə idman növü var ki,  o bizdə yeni inkişaf edir. Boksda, cüdoda, taekvondoda və digər idman növlərində medallar Azərbaycanın idman sahəsindəki hərtərəfli inkişafını göstərdi.  Artıq istənilən idman yarışı ölkəmizdə keçirilə bilər. Biz Oyunlara iki müddətində hazırlaşdıq. Bizim daha artıq vaxtımız olsaydı bundan da yüksək hazırlaşa bilərdik. 

- I Avropa Oyunları çərçivəsində könüllülər dəstəsi yaradıldı. Onların fəaliyyəti haqqında nə deyə bilərsiniz? 

- İndiyədək bizdə könüllülər dəstəsi olmamışdı. İlk könüllülərimiz Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsi ərəfəsində yaradıldı. Həmin vaxt isə könüllülər o qədər də çox deyildi. Amma bu ilk Avropa Oyunlarına 18 minə yaxın könüllü qatıldı. Hesab edirəm ki, bizim könüllülərimiz öz öhdələrinə düşən işi yüksək səviyyədə bacardılar və öyrəndilər. Bizə xaricdən könüllü gətirmək lazım deyil. Hətta deyərdim ki, bu Azərbaycanın bir addım da irəli əlavə inkişafına rəvac verdi. Azərbaycan ilk Avropa Oyunlarının açılışında həm qədim, həm də bugünkü mədəniyyətini göstərdi. Azərbaycan əsl Avropa ölkəsidir və inkişaf etmiş böyük dövlətdir.

- İdmançılarımızın boks yarışlarındakı nəticələri sizi qane etdi?

- Yrışlar başlamamışdan əvvəl məndən bu barədə soruşanda  demişdim ki, bizdə yalnız 5-6 medal olacaq. Amma yarışlarda əldə etdiyimiz medal sayına baxanda nəticələr bizi çox sevindirir. Sözün düzü belə nəticə gözləmirdik. İnanıram ki, bugünkü oyunlarda da həm qızıl, həm də gümüş medalımız olacaq. Biz planı 150 faiz yerinə yetirmişik. Gözlədiyimdən 50 faiz artıq uğura nail olmuşuq. Bu gün tək boksda deyil, bütün idman növlərində uğurlarımız var. Ölkəmizdə bütün idman növlərinə diqqət eynidir. Hələ indiyədək Azərbaycan komandasının tərkibində iki dünya, iki Avropa çempionu, beynəlxalq turnirlərin qalibi və Olimpiyada bürünc medal alan idmançılar olmamışdı. O ki qaldı boksçularımıza onlar Prezident İlham Əliyevin etimadını layiqincə doğruldurlar.