2 şəhərcik, 2005 mənzil

2 şəhərcik, 2005 mənzil
2 şəhərcik, 2005 mənzil

Müstəqilliyini bərpa etdikdən sonra sürətli inkişaf yolu keçən Azərbaycanın qazandığı bütün uğurlar otuz ildir davam edən müharibə şəraitində əldə edilib. Bir tərəfdən siyasi və iqtisadi müstəqilliyini təmin etməyə çalışan dövləti möhkəmləndirmək, digər tərəfdən işğalçı Ermənistanın hərbi təcavüzü nəticəsində doğma el-obasından didərgin düşmüş 1 milyondan çox vətəndaşının sosial qayğısı ilə məşğul olmaq gündəlik fəaliyyət proqramına çevrilib.

 

 

Dövlətin əsas qayğısına çevrilən məsələ

 

 

Doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın bütün qayğıları, problemləri dövlətin gündəlik qayğısına çevrilib. Əlavə edək ki, məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə Azərbaycan dünyada ilk yerlərdən birini tutur. 1 milyona yaxın qaçqın və məcburi köçkünə 30 ildən çox müddətdə qayğı göstərmək həddindən artıq böyük bir yükdür.

Tarix unudulmur... yurdundan didərgin düşmüş qaçqın və məcburi köçkünlərimizin acınacaqlı durumu, həqiqətən də indi keçmişə baxanda dəhşətli mənzərəni xatırladır hər kəsə. Respublikanın 62 şəhər və rayonunda, 1600-dən çox obyektdə müvəqqəti yaşamağa məhkum olan insanların böyük əksəriyyəti 12 çadır düşərgəsində, 16 fin tipli yığma evlərdən ibarət qəsəbədə, ferma, yeraltı qazma və yol kənarlarında, dəmir yolu üzərindəki yük vaqonlarında, ictimai binalarda, yataqxanalarda, təhsil müəssisələrinə məxsus binalarda və uşaq bağçalarında, sanatoriya, pansionat, istirahət evlərində, turist bazalarında, tikintisi yarımçıq qalmış binalarda, qohum evlərində və digər kommunal şəraiti olmayan, sanitar normalara cavab verməyən yerlərdə çox ağır şəraitdə məskunlaşmışlar.

 

 

Yük vaqonları, yataqxana, çadır düşərgəsindən tam təmirli mənzillərə

 

 

Ulu öndər Heydər Əliyevin bu istiqamətdəki fəaliyyətini 2003-cü ildən yeni dövrün tələblərinə uyğun davam etdirən İlham Əliyevin prezidentlik fəaliyyətinin prioritetlərindən birini məhz bu siyasət təşkil etdi və Azərbaycan bu təbəqədən olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən, yüksək nəticələr əldə edən ölkə kimi tanındı.

2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət komplekslər salındı.

Dekabrın 24-də Abşeron rayonunun ərazisində 1000, dekabrın 27-də isə Sumqayıt şəhərində 1005 qaçqın və məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksləri bir daha göstərdi ki, İlham Əliyev bu təbəqədən olan insanların ən böyük hamisidir. Beləliklə, üç gündə iki şəhərciyin açılışı 2005 ailəyə sevinc payı bəxş etdi. Bununla da bu il ərzində mənzillə təmin edilən məcburi köçkün ailələrinin sayı 6805-ə, inşa olunan yaşayış komplekslərinin sayı isə 102-ə çatdı.

Abşeron rayonunun ərazisində tikilən şəhərciyin açılışı zamanı çıxış edən dövlət başçısı il ərzində bu qədər məcburi köçkün ailəsi üçün fərdi evlərin tikilməsini rekord göstərici adlandırdı.

Prezident bütün köçkün ailələrinin normal şəraitlə təmin olunacaqlarını deyərək bəyan etdi ki, işğal altında olan torpaqlar azad ediləndən sonra orada şəhərlər, kəndlər yenidən qurulacaq. Ancaq yenə də bu, müvəqqəti yaşayış yeridir, gün gələcək belə gözəl şəhərciklər bu gün işğal altında olan torpaqlarda da salınacaq. Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin 3 ay müddətində bərpası bunu təsdiq edən real faktdır.

 

 

Sosial problemlər üçün 7,1 milyard manat vəsait xərclənib

 

 

Ümumilikdə, bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manat vəsait xərclənib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən isə 2 min 74 məcburi köçkün sahibkara 44,3 milyon manat güzəştli kredit verilib.

Bu mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatı - əkinçilik, heyvandarlıq, bitkiçilik, arıçılıq ilə bağlı layihələrə yönəldilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.

 

 

Sözlə əməlin vəhdət nümunəsi

 

 

Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdır.

Hakimiyyət sükanının arxasında durduğu ilk gündən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağını vəd edən və ötən 15 il ərzində sözlə əməlin vəhdət nümunəsini ortaya qoyan İlham Əliyev bütün səy və bacarığını respublikamızın davamlı inkişafına, iqtisadi və hərbi cəhətdən qüdrətlənməsinə, mədəni və elmi cəhətdən çiçəklənməsinə sərf etməkdədir.

Sözlə əməlin vəhdəti şəxsiyyətin bütövlüyünü təsdiq edən əsas şərtdir. Söz sahibinin fəaliyyəti xalqın diqqət mərkəzində olanda, hər addımı ictimaiyyət tərəfindən maraqla izlənəndə sözügedən fikrin məna yükü dəfələrlə artır. Göründüyü kimi, cənab İlham Əliyev son 15 ildə bu təbəqədən olan insanların sosial rifahının yaxşılaşdırılması, problemlərinin həlli istiqamətində çox mühüm addımlar atıb.

Ümumiyyətlə, Azərbaycan dövlətinin qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli istiqamətində gördüyü tədbirlər dünyada çox nadir təcrübədir. Doğum gününü hər zaman məcburi köçkünlərlə birgə qeyd edən və sözü ilə əməli arasında heç bir fərq olmayan Prezident İlham Əliyev bu il də on minlərlə məcburi köçkün ailəsinə sevinc bəxş edərək böyük savab qazanmış oldu.

"Azərbaycan”