270 milyard dollar sərmayə, 51 milyard dollarlıq valyuta ehtiyatı

270 milyard dollar sərmayə, 51 milyard dollarlıq valyuta ehtiyatı
270 milyard dollar sərmayə, 51 milyard dollarlıq valyuta ehtiyatı

Prezident İlham Əliyevin iqtisadi inkişaf strategiyası Azərbaycanı dünyanın ən əlverişli investisiya məkanlarından birinə çevirməkdədir

 

 

Cənubi Qafqazın iqtisadi mərkəzinə çevrilən Azərbaycanın coğrafi mövqeyi, böyük tranzit potensialı, nəhəng regional layihələri və əlverişli biznes mühiti ölkəmizə xarici investisiyaların cəlb olunmasına töhfə verir. Müstəqillik illərindən bugünədək Azərbaycana yatırılmış investisiyaların həcminə nəzər yetirsək görərik ki, iqtisadiyyata qoyulan 270 milyad dollarlıq investisiyanın yarısı xarici sərmayələrdir. Bu, əlbəttə ki, xarici investorların Azərbaycana olan inamının göstəricisidir.

 

 

5 ilə 64 milyard dollar investisiya artımı

 

 

Prezident İlham Əliyevin həyata keçirdiyi sistem xarakterli iqtisadi islahatlar və qlobal iqtisadi çağırışlara uyğun olaraq hazırlanmış strateji yol xəritələrinin icrası ilə Azərbaycan dünyanın ən əlverişli investisiya məkanlarından birinə çevrilməkdədir. Bunu söyləməyə əsaslar mövcuddur. Təkcə hər ötən il ölkə iqtisadiyyatına yatırılan investisiyanın həcminin yüksəlməsi bu reallığı əks etdirir.

Ölkədəki sabitlik, xarici investorlara yaradılan əlverişli şərait iş adamlarının diqqətini daim cəlb edir. Bu səbəbdəndir ki, xaricdən ölkəyə investisiya, sərmayə qoymaq istəyənlərin sayı çoxalır.

Son 16 ildə cənab İlham Əliyevin əsas hədəflərindən biri Azərbaycanı özü-özünü təmin edən, heç kimdən asılı olmayan ölkəyə çevirmək olub. Bu səbəbdən də ölkədə iqtisadi müstəqillik əsas prioritet olub və siyasi müstəqillik üçün bünövrə rolunu oynayıb.

Əgər müstəqillik dövründən 2015-ci ilədək ölkə iqtisadiyyatına 206 milyard dollar həcmində investisiya cəlb olunmuşdusa, 2019-cu ildə bu rəqəm 270 milyad dollar həcminə yüksəlib. Yəni 5 ilə 64 milyard manatlıq investisiya artımı qeydə alınıb.

Bu dövr ərzində ölkəmizdə ümumdaxili məhsul 3.3 dəfə artıb, ölkənin strateji valyuta ehtiyatları 28 dəfə artaraq 51 milyard dollara çatıb. Təkcə ötən il Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17,184,3 milyon manat vəsait yönəldilib.

 

 

Əlverişli investisiya mühiti, investorlar üçün etibarlı tərəfdaş

 

 

Möhtəşəm inkişaf və islahatlar mərhələsini yaşamaqda olan Azərbaycan investorlar üçün etibarlı tərəfdaşdır. Həm xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi, həm də bu məqsədlə əlverişli mühitin yaradılması Azərbaycan dövlətinin iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Azərbaycanın xarici investisiya üçün cəlbedici olması təsadüfi deyil. Çünki respublikamızda əcnəbi investorların səmərəli fəaliyyəti məqsədilə hər cür şərait, xüsusilə mükəmməl qanunvericilik bazası yaradılıb, "açıq qapı” siyasəti prioritet istiqamət kimi qəbul edilib. Bundan başqa, son illərdə Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı 50-dən çox saziş imzalanıb. Avropa İttifaqının 20-dən çox üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb.

 

 

Prezidentin Davos səfəri Azərbaycana siyasi və iqtisadi dividendlər qazandırdı

 

 

Azərbaycan bu gün qlobal enerji bazarının mühüm aktorlarından birinə çevrilib. Cənab İlham Əliyev isə qlobal iqtisadi vəziyyətə təsir edən amilləri dərindən təhlil edir və daha rəqabətli iqtisadiyyatın formalaşması üçün ideyalar verir. Yanvarın 21-24-də Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidentinin keçirdiyi görüşlərdə, iştirak etdiyi iclaslarda səsləndirdiyi təkliflər də Azərbaycana böyük siyasi və iqtisadi dividendlər qazandırdı.

Cənab İlham Əliyev Davosda çoxsaylı dövlət və hökumət başçıları, dünyanın aparıcı maliyyə-iqtisadi qurumlarının, şirkətlərinin rəhbərləri ilə görüşləri zamanı investorlara çağırış etdi.

Bu xüsusda Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolunun imzalanmasını, "Procter and Gamble Europe” şirkətinin regional mərkəzini yaratmaq üçün Bakını seçməsini, Azərbaycanın Naxçıvan və Qoşadaş yataqlarının Rusiyanın "LukOİL” şirkəti ilə birgə işlənməsi barədə qərar qəbul olunmasını, "Sighify” şirkətinin Azərbaycana yeni texnologiyalar gətirməsi məsələsinin müzakirə edilməsini, "Carlsberg Group” şirkətinin ölkəmizə investisiyalarını artırmaq niyyətində olmasını və Azərbaycanda sığorta bazarının inkişafı üçün "Swiss Re” şirkəti ilə əməkdaşlıq məsələlərinin müzakirə edilməsini nəzərə alsaq, deyə bilərik ki, 2020-ci ildə Azərbaycan iqtisadi sahədə mühüm nailiyyətlər əldə edəcək. İlk növbədə ölkəyə yatırılan investisiyaların həcmi əhəmiyyətli dərəcədə yüksələcək.

Göründüyü kimi, Azərbaycan Prezidentinin səfəri və keçirdiyi görüşlər ölkəmizin xarici əlaqələrinin inkişafı, dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, nəhəng şirkətlərin Azərbaycanla əməkdaşlıq qurması və investisiya yatırmaq imkanlarının genişlənməsi, respublikamızın regional mərkəz, dünyada nüfuzlu ölkə imicinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir.

 

 

Nə üçün məhz Azərbaycan?!

 

 

Son illərdə dünya iqtisadiyyatında baş verən mənfi tendensiyalar demək olar ki, əksər ölkələrdə sərmayə qoyuluşunu azaldıb. Ancaq Azərbaycandakı mövcud investisiya imkanları və cənab İlham Əliyevin rəhbərliyi ilə yaradılan əlverişli biznes mühiti yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir.

İnkişaf səviyyəsini xarakterizə edən bütün əsas göstəricilərin əhəmiyyətli dərəcədə yaxşılaşması Azərbaycanın regionda ən güclü iqtisadi potensiala malik olan ölkəyə çevrildiyini sübut edir.

Bütün bunlar investorların Azərbaycana olan marağını getdikcə artırır. Həm də ona görə ki, bu gün Azərbaycanın daxilində risklər yoxdur, ölkə sabitdir, inkişaf davamlıdır. Azərbaycan hakimiyyəti böyük imkanlar yaradan və hazırda həyata keçirilən geniş islahatlar gündəliyinə malikdir.

Ölkəmizə ən çox investisiya qoyan xarici şirkətlərin əksəriyyəti isə dünyanın 20 ən böyük ölkəsidir. Onların arasında Rusiya Federasiyası, Türkiyə, İtaliya, Almaniya, Böyük Britaniya, ABŞ, Yaponiya və digər ölkələr var.

Davos Forumunda dünyanin ən islahatçı Prezidenti kimi bir daha böyük şirkətləri ölkəmizə dəvət edən cənab İlham Əliyev bildirdi ki, Azərbaycan bugünkü biznes mühiti ilə bütün xarici investorların öz fəaliyyətlərini genişləndirmələri üçün çox əlverişli imkan yaradır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və Azərbaycanda yaradılan biznes mühiti xarici şirkətlərin ölkəmizdəki ofisi vasitəsilə Şərqə doğru genişlənməsinə real zəmin yaradacaq.

 

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”