Avropa Komissiyasının “Gənc valideynlər, gənc sahibkarlar” beynəlxalq layihəsinin II mərhələsi yekunlaşdı

Avropa Komissiyasının “Gənc valideynlər, gənc sahibkarlar” beynəlxalq layihəsinin II mərhələsi yekunlaşdı
Avropa Komissiyasının “Gənc valideynlər, gənc sahibkarlar” beynəlxalq layihəsinin II mərhələsi yekunlaşdı

Avropa Komissiyasının “Erasmus plus” layihəsi çərçivəsində Ukrayna Respublikasının Poltava şəhərində “Gənc valideynlər, gənc sahibkarlar adlı beynəlxalq təlimin II mərhələsi keçirilmişdir. Layihədə Azərbaycan, Ukrayna, İtaliya, Avstriya və Fransadan olan gənc ailələr iştirak etmişdir. Təlimin keçirilməsində əsas məqsəd gənc ailələri sahibkarlıq fəaliyyətinə cəlb etmək, onlara sahibkarlıqla bağlı ilkin bilik və bacarıqlar barədə məlumat vermək, müxtəlif ölkələrdən olan sahibkarların təcrübələrini bölüşmək olmuşdur.

         Təlimə Azərbaycandan qatılmış gənc valideyn Şəmsi Gülverdiyev məlum layihə barədə öz fikirlərini bizimlə bölüşdü:

         “İlk olaraq bildirmək istəyirəm ki, Azərbaycandan 6 gənc valideyn sözügedən layihədə iştirak hüququ qazanmışdı. Hətta, bəzi iştirkçılar öz övladları ilə layihədə iştirak edirdilər. Təlimlər beynəlxalq dərəcəli təlimçilər tərəfindən və olduqca məhsuldar keçirildi. 7 gün ərzində sahibkarlıq fəaliyyətində diqqət yetirməli məqamlar və vacib nüanslar izah edildi.

Bundan əlavə, layihə ərəfəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan gənc valideyn modeli və yerli hökumət nümayəndələri ilə tanışlıq şansımız oldu. Hökumət nümayəndələri ilə keçirilmiş dəyirmi masada gənclər, gənc ailələr və sahibkarlıq fəaliyyəti barədə Dövlət tərəfindən görülən işlər barədə fikir mübadiləsi aparıldı. Eyni zamanda Azərbaycanda olan təcrübə, o cümlədən, ASAN xidmət, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOB), Ailə Biznesinə Asan Dəstək (ABAD) barədə ətraflı məlumat verdik. Bundan əlavə, ölkəmizdə aparılan gənclər siyasəti, icra edilmiş Dövlət proqramları, keçirilmiş beynəlxalq layihələr haqqında geniş çıxış etdik.

Təlimdə ən maraqlı məqamlardan biri də, hər bir iştiakçının öz biznes ideyasını təqdim etməsi və onun üzərində müzakirələrin aparılması idi. Müzakirələr zamanı biznesə münasibətdə müxtəlif mədəniyyətə sahib olan ölkələrdən müxtəlif yanaşmaların olduğunun şahidi olduq.

Layihə çərçivəsində “milli mədəniyyət gecəsi keçirildi və gecədə Azərbaycan mədəniyyətinin təqdimatını da həyata keçirdik. Təqdimat zamanı əcnəbilər milli mətbəx nümunələrimizdən olan təamlara heyran qaldılar.

Layihənin sonunda iştirakçılara təlimi uğurla bitirmələri barədə beynəlxalq dərəcəli “Youthpass sertifikatları təqdim edildi.

         Qeyd edək ki, layihənin I mərhələsi cari ilin əvvəlində İtaliyada keçirilmiş, III mərhələsi isə bu ilin sentyabr ayında Azərbaycanda keçiriləcəkdir.