Azərbaycan müstəqil, prinsipial və öz milli maraqlarına uyğun siyasət yürüdür

Azərbaycan müstəqil, prinsipial və öz milli maraqlarına uyğun siyasət yürüdür
Azərbaycan müstəqil, prinsipial və öz milli maraqlarına uyğun siyasət yürüdür

Heç bir qüvvə dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik müstəqil Azərbaycan dövlətinə təzyiq göstərə bilməz
Müasir dövrdə qloballaşma şəraitində milli dövlətlərin gücünü, beynəlxalq münasibətlər sistemində yeri və rolunu müəyyənləşdirən başlıca amil həyata keçirilən strateji kursun səmərəliliyidir. Praqmatik daxili və xarici siyasət milli maraqları təmin etməklə yanaşı, ölkələrin qarşısında yeni perspektivlərin yaranmasını da şərtləndirir. Müstəqil siyasət həyata keçirən, güclü siyasi iradəyə malik olan dövlətlər beynəlxalq mövqelərini mütəmadi olaraq möhkəmləndirirlər, dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olurlar. Bu kontekstdə Azərbaycanın təcrübəsi unikal, mütərəqqi nümunə kimi çıxış edir.
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ötən müddət ərzində möhtəşəm nailiyyətlər qazanıb, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Son 16 il ərzində ölkəmizdə bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb, Azərbaycan iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib. Digər tərəfdən, bu gün Azərbaycanı dünya miqyasında fərqləndirən səciyyəvi xüsusiyyətlərdən biri müstəqil siyasət həyata keçirməsidir. Prezident İlham Əliyevin qətiyyətli siyasəti Azərbaycanın dövlət maraqlarının - milli mənafelərinin reallaşdırılmasında öz əksini tapır. Başqa sözlə, Prezident İlham Əliyev prinsipial, ardıcıl, düşünülmüş siyasət həyata keçirir, beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir, Öz qərarlarında xalqın tam və hərtərəfli dəstəyinə arxalanır, onların reallaşdırılması üçün ciddi iradə və əzm nümayiş etdirir. Beləliklə, müstəqil strateji kurs Azərbaycanın öz inkişafını davam etdirməsinə, ölkəmizin milli maraqlarının təmin olunmasına və beynəlxalq mövqeyinin mütəmadi olaraq möhkəmlənməsinə xidmət edir. Yeri gəlmişkən, martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edən Prezident İlham Əliyev bu məqamlara toxunaraq “Bu gün biz müstəqil ölkə kimi yaşayırıq, müstəqil siyasət aparırıq, heç kimin işinə qarışmırıq, heç kimə də imkan vermirik ki, bizim işimizə qarışsın. Əminəm ki, biz bundan sonra da bu müstəqillik və inkişaf yolu ilə gedəcəyik. Əminəm ki, Azərbaycan parlamenti bu işdə fəal olacaq”, - deyə bildirib.
Gənclər dövlətimizin müstəqil siyasətinə sadiq və vətənpərvər ruhda yetişməlidirlər
Bunlarla yanaşı, bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi səciyyələndirilir. Başqa sözlə, ölkəmizin milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Bütövlükdə, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında da ölkəmizdə hökm sürən etibarlı sabitlik mühiti öz əksini tapır və yüksək qiymətləndirilir. Bunlara paralel olaraq ölkəmizin milli təhlükəsizliyi yüksək səviyyədə təmin edilib. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb.
Azərbaycanı fərqləndirən səciyyəvi xüsusiyyətlərdən digəri ölkəmizdə gənclərin milli ruhda tərbiyə almalarına xüsusi diqqət yetirilməsi və həyata keçirilən tədbirlərin məhz bu məqsədə xidmət etməsidir. Ümumiyyətlə, qloballaşma şəraitində ölkələrin inkişafını təmin edən mühüm faktorlardan biri biliyə əsaslanan iqtisadiyyatın inkişafı, eləcə də cəmiyyətin intellektual səviyyəsinin mütəmadi olaraq artırılmasıdır. Bu məsələdə, şübhəsiz ki, proqressiv və dinamik qüvvə olan gənclərin üzərinə böyük öhdəlik və məsuliyyət düşür. Azərbaycanda gənclərin intellektual inkişafı üçün bütün şərait yaradılıb və dövlət tərəfindən bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Öz növbəsində Azərbaycan gəncləri ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər. Onlar ölkəmizin milli maraqlarının keşiyində durublar, öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Bu gün Azərbaycan gənclər təşkilatları yalnız ölkə səviyyəsində deyil, regional və beynəlxalq arenada mühüm layihələr həyata keçirir, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırlar. Başqa sözlə, ölkəmizi beynəlxalq miqyasda uğurla təmsil edən, eyni zamanda, respublikamızın ictimai-siyasi, iqtisadi həyatında fəal rol oynayan Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, dövlətə və Vətənə sadiq olmaqla yanaşı, ictimai-siyasi məsələlərlə bağlı əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək fəallıq və təşəbbüskarlıq göstərirlər. Beləliklə, dövlətçiliyə və milli maraqlara sadiq fəal gənclər Azərbaycanın inkişafına mühüm töhfələr verirlər. Yeri gəlmişkən, dövlətimizin başçısı sözügedən çıxışı zamanı bu məqamlara toxunaraq Azərbaycan əhalisinin mütləq əksəriyyətinin gənclər olduğunu, Azərbaycanda demoqrafik mənzərənin çox müsbət olduğunu bildirib: “Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, - misal üçün, könüllülər hərəkatı çərçivəsində, - vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində əlbəttə ki, qanunvericilikdə addımlar atılmalıdır. Gənclər milli ruhda tərbiyə almalıdırlar, xarici təsir altına düşməməlidirlər, xüsusilə indiki internet dövründə ki, istənilən yalan tezliklə yayılır və sonra elə bil həqiqət kimi təqdim olunur. Bu da bizə qarşı aparılan qeyri-təmiz siyasətin bir hissəsidir. Çünki sirr deyil ki, Azərbaycanda hazırda ictimai-siyasi vəziyyət çox sabitdir. Ölkəmizdə ictimai-siyasi sabitliyə təhlükə törədə biləcək heç bir amil mövcud deyil. Ona görə bu amilləri anti-Azərbaycan qüvvələr ölkəmizin xaricində yaratmaq istəyirlər. Burada özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya fəaliyyətini davam etdirən qruplaşmadan artıq onların əli üzülüb, onlara heç inam da qalmayıb. Ona görə yeni beşinci kolonun yaradılması istiqamətində iş aparılır. Çünki indiki beşinci kolon öz sahiblərinin etimadını doğrultmur. Azərbaycanda çevriliş edə bilməyib, dırnaqarası inqilab edə bilməyib, xalqın dəstəyini qazana bilməyib, sadəcə, onlara müntəzəm olaraq verilən pulları mənimsəyib və beləliklə, öz havadarlarını pis günə qoyubdur. Odur ki, yeni beşinci kolon axtarışı gedir. Mən bütün siyasi qüvvələri bu məsələ ilə bağlı çox ciddi xəbərdar etmək istəyirəm ki, bu yol xəyanət yoludur, bu yola gedən xalq, dövlət qarşısında xəyanət edəcək”.
Dövlət başçısı daxili problemlərin Azərbaycanın daxilində həll edilməli olduğunu bildirib. Prezident İlham Əliyev qeyd edib: “Biz, öz daxili problemlərimizi, siyasi çəkişmələri xaricə ixrac etməməliyik. Birincisi, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki bu gün dünyada elə bir qüvvə yoxdur ki, hansısa qərarı bizə aşılasın, yaxud da bizə nəyisə diktə edə bilsin. Belə qüvvə yoxdur və nə qədər ki, mən prezidentəm, belə qüvvə olmayacaqdır. Ona görə bu, tamamilə mənasızdır. Azərbaycanı hansısa təzyiq altına salmaq cəhdləri, yaxud da ki, sanksiyalarla hədələmək - bütün bunların heç bir əhəmiyyəti yoxdur. Bu, iqtidara qarşı deyil, bu, dövlətə qarşı edilən cinayətdir və bunu heç kim unutmasın”.
Şübhəsiz ki, Azərbaycanın gələcəyi gənclərə bağlıdır. Gənclər dövlətimizin müstəqil siyasətinə sadiq və vətənpərvər ruhda yetişməlidir. Onları ayrı-ayrı dairələrin təsirinə düşməkdən qorumaq lazımdır.
Qardaş Türkiyə nə üçün 4 milyon qaçqını qəbul etməlidir?!
Bütövlükdə, Azərbaycan daim müstəqil, prinsipial və öz milli maraqlarına uyğun siyasət yürüdür. Ölkəmizin qüdrətinin artmasından və müstəqil siyasət yürütməsindən narahatlıq keçirən bəzi dairələr isə müxtəlif təşkilatlar vasitəsilə Azərbaycana təzyiq etməyə, respublikamızın prinsipial siyasətinə təsir göstərməyə çalışırlar. Lakin bütün azadlıqların təmin olunduğu, müsbət beynəlxalq imicə malik olan Azərbaycana “demokratiya dərsi” keçmək istəyən ölkələrin özlərində anti-demokratik proseslər cərəyan edir, insan hüquqlarının kütləvi surətdə pozulması müşayiət olunur. Özünü dünyaya “demokratiyanın beşiyi” kimi təqdim edən bir sıra Qərb ölkələrinin öz vətəndaşlarının hüquq və azadlıqlarına münasibəti aydındır. Həmin dövlətlərdə vətəndaşlara qarşı ən müxtəlif təzyiq üsullarına istinad edilir, insanlar repressiyaya və zorakılığa məruz qalırlar. Belə olan halda, bu ölkələr hansı haqla və ya əsasla demokratik dəyərlərdən və insan hüquqlarından bəhs edirlər? Sual olunur: onlar dünyaya sırımağa çalışdığı “demokratiya dərsləri”ndən özləri niyə yararlanmır?! Budurmu demokratiya və obyektiv münasibət?! Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı bu məqamlara toxunaraq “Avropanın dırnaqarası demokratiya beşiyi sayılan ölkələrdə xalqın gözü qarşısında, dünyanın gözü qarşısında dinc nümayişçiləri vururlar, əzirlər, gözlərini çıxarırlar, öldürürlər, həbs edirlər. Jurnalistləri əsassız ittihamlarla həbs edirlər, çürüdürlər onları. Göz qabağındadır, dinc nümayişçiləri itlərlə, atlarla dağıdırlar. Bir ölkədə yox, iki ölkədə yox, demək olar ki, bu, indi bizi tənqid etmək istəyən məkanda kütləvi hal alıbdır. Müsəlman miqrantlara qarşı baxın, necə münasibət göstərilir. Onları XXI əsrdə itlərlə əzirlər, qəfəsə salırlar. Sonra isə qəfəsə yemək parçaları atırlar, heyvan kimi. Budurmu münasibət?!”, - deyə bildirib.
Prezident İlham Əliyev qeyd edib: “İndi də bütün vasitələrdən istifadə edib onları əzmək fikrindədirlər. Bəs o miqrantlar haradan yarandı? Nə üçün onlar yarandı? Nəyə görə öz ölkələrini tərk etdilər? Kim onların ölkələrinə basqın etdi? Kim o ölkələri məhv etdi? Kim sabitliyi pozdu? Kim milyonlarla qaçqının yaranmasına səbəbkar oldu? Ona görə kim bunu edibsə, qoy, onun acısını da çəksin. Nə üçün Türkiyə, bizim qardaş ölkəmiz 4 milyon qaçqını qəbul etməlidir, yedirməlidir, içirməlidir, milyardlarla pul xərcləməlidir? Bunları Türkiyəmi didərgin salıb? Yox. Onları didərgin salanlar gəlib onlara sahib çıxsınlar”.
Bəli, bu gün dünyanın və Avropanın üzləşdiyi miqrant problemi məhz ictimai-siyasi sabitliyin kənar müdaxilələr əsasında pozulması nəticəsində meydana çıxıb. Milyonlarla qaçqının yaranmasına səbəb olan qüvvələr həmin insanlara sahib çıxmırlar, vəziyyətin daha da kəskinləşməsinə rəvac verən addımlar atırlar. Nəticə etibarilə, bu gün dünyanın müxtəlif ölkələri miqrant problemi ilə üz-üzə qalıb. Həmin ölkələrdə miqrantların acınacaqlı durumu göz önündədir. Dünyada mövcud olan bu problem fonunda Azərbaycanda sabitlik, milli həmrəylik hökm sürür. Mövcud sabitliyin əsasında həm də miqrasiya proseslərinin hüquq normalarına uyğun idarə edilməsi kimi şərtlər dayanır.