“Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq”

“Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq”
“Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq”

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirdi. Ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü beşillik proqramın başa çatdığını, bu il dördüncü proqramın qəbul olunacağını, keçən il bölgələrə 24 dəfə səfər etdiyini deyən dövlətimizin başçısı ölkəmizdə ictimai-siyasi vəziyyətin sabit olduğunu, xarici siyasət sahəsində də bir sıra uğurların əldə edildiyini, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını bildirdi, Ermənistan istisna olmaqla qonşu ölkələrlə əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Dövlətimizin başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan Tərəfdaşlıq Prioritetləri sənədinin əhəmiyyətini vurğuladı, Azərbaycanın bu ildən Qoşulmama Hərəkatına sədrlik edəcəyini dedi, Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan Konvensiyada ölkəmizin mövqeyinin əksini tapdığını bildirdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Prezident İlham Əliyev onu da qeyd etdi ki, 2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanılıb, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olunur.