Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün bütün mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir

Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün bütün mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir
Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün bütün mümkün qabaqlayıcı və operativ tədbirlər həyata keçirilir

Ehtiyac yaranacağı təqdirdə, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da daha sərt tədbirlər tətbiq oluna bilər və ictimaiyyət buna hazır olmalıdır
İlk dəfə ötən ilin dekabr ayında Çin Xalq Respublikasında qeydə alınan yeni növ koronavirus - COVİD-19 artıq dünyanı cənginə alıb. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19-u qlobal pandemiya elan edib. ÜST-nin martın 16-na olan məlumatına əsasən, yeni koronavirus artıq dünyanın 157 ölkəsində yayılıb. Məlumatda bildirilir ki, indiyədək dünya üzrə koronavirusa 169 610 nəfər yoluxub (192 yeni yoluxma), 6518 nəfər ölüb (15 yeni ölüm), 77 776 nəfər isə sağalıb (1 600 yeni sağalanlar).
Hazırda ÜST, eləcə də ayrı-ayrı ölkələr qlobal səciyyə daşıyan pandemiyaya qarşı zəruri fövqəladə tədbirlər görür. Bir sıra Avropa dövlətləri qonşu ölkələrlə quru sərhədlərini bağlayıblar, hava nəqliyyatı ilə uçuşlar məhdudlaşdırılıb və yaxud tamam ləğv olunub. Eyni zamanda, ayrı-ayrı ölkələr COVİD-19-un yayılma arealının genişlənməsinin qarşısını almaq məqsədilə öz sərhədləri daxilində də sərt məhdudlaşdırıcı tədbirlər görürlər.
Azərbaycan hökuməti COVİD - 19-un yayılmasının qarşısının alınmasında həssas yanaşma ortaya qoyaraq şəffaf və açıq fəaliyyət göstərir
ÜST-ün və dünya ölkələrinin koronavirusun yeni növü ilə bağlı narahatlığı heç də təsadüfi deyil. Qeyd edək ki, xəstəliyin müalicəsi yoxdur, hətta dünyanın inkişaf etmiş ölkələri belə virusun qarşısını ala bilmirlər. Təhlükənin miqyası genişlənib, risklər artıb. Bununla belə, hansı ölkələr ki infeksiyaya qarşı səmərəli qabaqlayıcı tədbirlər görürlər, həmin ölkələrdə vəziyət nisbətən daha qənaətbəxşdir.
Azərbaycan hökuməti də COVİD - 19-un yayılmasının qarşısının alınmasında həssas yanaşma ortaya qoyaraq şəffaf və açıq fəaliyyət göstərir. Respublikamızda bütün mümkün qabaqlayıcı və operativ tədbirlır həyata keçirilir. Bu baxımdan, Azərbaycan hətta bir çox ölkələri qabaqlayır. Xatırladaq ki, respublikamızda koronavirusa ilk yoluxma halı müəyyənləşən kimi Azərbaycan hökuməti müvafiq məlumatları Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) və əhaliyə çatdırdı. Cəmi bir gün sonra isə müvafiq qurumların təmsilçilərinin iştirakı ilə mətbuat konfransı keçirildi. Təxminən bir saat davam edən mətbuat konfransında KİV nümayəndələrinin sualları cavablandırıldı, bütün informasiyalar paylaşıldı.
Hazırda Azərbaycanın aidiyyəti qurumları koronavirusa qarşı çox ciddi tədbirlər həyata keçirirlər. İndiyədək sərhəd bölgələrinə müvafiq heyətlər göndərilib, orada mobil laboratoriyalar qurulub, tibb işçiləri ciddi şəkildə prosesə cəlb olunublar. Azərbaycan qonşu Gürcüstan, İran və Türkiyə ilə sərhədlərini müvəqqəti olaraq bağlayıb. Xüsusilə İranla olan sərhəd bölgəsində ciddi nəzarət tədbirləri həyata keçirilir. Respublikamızda karantin və xəstəlik aşkar olunan insanların müalicəsi üçün müvafiq xəstəxanalar ayrılıb və lazımi avadanlıqlarla, tibbi ləvazimatlarla təmin edilib.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Ümumdünya Səhiyyə Təşkilatı Avropanın ən yaxşı nəticələri olan iki laboratoriyasından ilkin testləri alıb və bütün ölkələrə göndərib. O cümlədən artıq Azərbaycana testlər göndərilib və respublikamıza yeni partiyada da testlər veriləcək. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilir ki, xüsusi ayrılmış tibb müəssisələrindəki laboratoriyalar Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlər yüksəkixtisaslı kadrlar tərəfindən icra olunur, test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilir. Digər dövlət və qeyri-dövlət tibb müəssisələrində koronavirusun təyini məqsədilə laborator analizlərin aparılması qəti qadağandır! Bu tələbi pozan bütün tibb müəssisələrinə qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməsi nəzərdə tutulub.
Azərbaycan ölkə ərazisində koronavirusun yayılmasına qarşı mübarizə tədbirləri çərçivəsində ÜST-lə sıx əməkdaşlıq edir, həmçinin müvafiq tədbirlər həyata keçirilərkən ayrı-ayrı ölkələrin təcrübəsindən bəhrələnir. Vurğulamaq yerinə düşər ki, ölkə Prezidenti tərəfindən qabaqlayıcı tibbi sanitar, antiviral tədbirlərin həyata keçirilməsi üçün 10 milyon manat pul ayrılıb. Respublikamızda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər sırasında 2020-ci il mart ayının 3-dən etibarən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması xüsusi aktuallıq daşıyır. Bundan başqa, respublikamızda COVİD - 19-a qarşı mübarizə tədbirləri çərçivəsində bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunur. Həyata keçirilən bütün bu və digər tədbirlər ölkəmizdə təhlükəli epidemiyanın yayılmasını məhdudlaşdırmaq və əhalinin sağlamlığını təmin etmək məqsədi daşıyır.
Yaranmış vəziyyətdə hər kəs vətəndaş mövqeyi nümayiş etdirməlidir
Əlbəttə, heç bir ölkə və şəxs heç nədən sığortalanmayıb. Buna görə də digər ölkələrdə olduğu kimi, Azərbaycanda da daha sərt tədbirlər tətbiq oluna bilər və ictimaiyyət buna hazır olmalıdır. Burada vacib bir suala da cavab tapmaq lazım gəlir. Hökumətin koronavirus infeksiyasına qarşı önləyici fövqəladə tədbirlər həyata keçirməsi öz yerində. Bəs COVİD - 19-un yayılmasının qarşısının alınması üçün əhalidən nə tələb olunur? Sual hər birimizə aiddir. Burada hər kəs vəziyyətin ciddiliyini və üzərinə düşən məsuliyyəti dərk etməlidir. Bunun üçün bizlərdən çox şey tələb olunmur. Sadəcə, ümumi və şəxsi gigiyena qaydalarına ciddi əməl etməliyik. Zəruri ehtiyac olmadığı təqdirdə evdə qalmağa üstünlük verməliyik, kütləvi tədbirlərə, qonaqlıqlara, gəzintilərə getməkdən çəkinməliyik. Ən həssas məqamlardan biri ictimai nəqliyyatdan istifafə qaydaları, həmçinin mağazalarda alış-verişlə bağlıdır. Sirr deyil ki, belə məkanlarda xəstəliyin yayılma ehtimalı daha çoxdur. Vətəndaşlar bunu nəzərə alaraq qoruyucu vasitələrdən daha ciddi istifadə etməli və öz təhlükəsizlik məsələlərinə daha diqqətlə yanaşmalıdırlar. Onu da nəzərə almaq lazımdır ki, yaşlı insanlar virusun təsirinə daha tez məruz qalır. Buna görə də onlara xüsusi diqqət və qayğı göstərilməlidir.
Cəmiyyətdə panika, ajiotaj yaradılmasına xidmət edən şəxslər müəyyənləşdiriləcək və onların barəsində ən sərt tədbirlər görüləcək
Həyata keçirilən tədbirlərin başlıca məqsədlərindən biri də hökumətin infeksiyanın miqyasının genişlənəcəyi ehtimalına daha hazırlıqlı olmasını təmin etməkdir. Vəziyyətin ciddiliyi nəzərə alınaraq müvafiq dezinfeksiya işlərinin aparılması üçün məişət və iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılmalı, Operativ Qərargah tərəfindən müəyyən edilmiş xüsusi qaydaların yerinə yetirilməsinə nəzarət gücləndirilməlidir. Məlumat üçün bildirək ki, hazırda xarici ölkələrdən qayıdan vətəndaşlarımızın karantinə yerləşdirilməsi üçün əlavə yerlər hazırlanır.
İndiki məqamda əhalinin lazımi informasiya ilə təmin olunması çox vacib məsələdir. Respublikamızda əhalinin məlumatlandırılması ilə bağlı müvafiq işlər görülür. Nazirlər Kabineti yanında Operativ Qərargah gündə bir neçə dəfə mövcud vəziyyət və görülən işlərlə bağlı ictimaiyyətə məlumat verir. Bununla belə, təəssüf doğuran haldır ki, indiki vəziyyətdən sui-istifadə etməyə, əhali arasında çaşqınlıq yaratmağa cəhd göstərənlər də var. Belələrinin nəzərinə çatdırmaq istərdik ki, cəmiyyətdə panika, ajiotaj yaradılmasına xidmət edən şəxslər müəyyənləşdiriləcək və onların barəsində ən sərt tədbirlər görüləcək.
Yeri gəlmişkən, daha bir vacib məqama da toxunmaq istərdik. Son vaxtlarda bəzi işbazlar koronavirus infeksiyanın yayılması ilə əlaqədar dövriyyəyə guya ölkədə ərzaq qıtlığının yaranacağı ilə bağlı şayiələr buraxıblar. Belə şayiələr dezinformasiya xarakteri daşıyır və həqiqəti əks etdirmir. Azərbaycanın ərzaq təhlükəsizliyi təmin olunub, ərzaq məhsulları ilə bağlı qıtlıq yaranması ehtimalı istisna təşkil edir. Müvafiq qurumların məlumatlarında bildirilir ki, anbarlarda kifayət qədər ərzaq məhsulları ehtiyatı var. İstehlak bazarında, alqı-satqı mərkəzlərində mütəmadi qaydada monitorinqlər aparılır və satılan məhsulların yeri doldurulur./yeniazerbaycan.com