Bu gün Azərbaycan gəncliyi "qızıl dövrünü" yaşayır

Bu gün Azərbaycan gəncliyi "qızıl dövrünü" yaşayır
Bu gün Azərbaycan gəncliyi "qızıl dövrünü" yaşayır

Ənvər Haqverdiyev: "Biz firəvan dövrümüzün, təməl daşları min bir əziyyətlə atılmış, yüzlərlə sınaqdan çıxmış bir nəslin müasirləriyik"

 

"Gənclik hər bir cəmiyyətin lokomotivi və aparıcı qüvvəsidir. Gənclərin qüvvəsindən, demək olar ki, hər bir sahədə istifadə etmək, onların potensialından faydalanmaq mümkündür". Bu fikirləri "Səs" qəzetinə açıqlamasında YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev bildirib. Qeyd edib ki, gənclik o zaman cəmiyyətdə real qüvvəyə - faydalı iş əmsalına çevirilə bilir ki, onun gücü, qüvvəsi, kreativliyi təcrübə və siyasi iradə ilə birləşsin, ən yüksək səviyyədə gənclər qayğı və diqqətlə əhatələnsin. O halda, gənclər cəmiyyəti öz nurları hesabına işıqlandıra bilərlər: "Biz xoşbəxt dövlətin xoşbəxt vətəndaşları, xoşbəxt gəncləriyik! Çünki öz firəvan dövrümüzün, təməl daşları min bir əziyyətlə atılmış, yüzlərlə sınaqdan çıxmış bir nəslin müasirləriyik. Gələcəyin, məhz gənclərin əlində olduğunu yaxşı bilən Ulu Öndər hələ Sovet hakimiyyəti illərində Müstəqil Azərbaycanın gələcək kadr ehtiyatını hazırlayır, keçmiş SSRİ-nin ən nüfuzlu universitetlərinə azərbaycanlı tələbələri göndərir, onların yetişib, Azərbaycana qayıtmalarına və öz xalqına faydalı olmalarına böyük diqqət yetirirdi. Ölkəmiz müstəqil olduqdan sonra, məhz həmin kadrlar hər bir sahədə Müstəqil Azərbaycanın inkişafına öz töhfələrini verdilər və verməyə davam edirlər".

 

Ulu Öndər Heydər Əliyev Şah əsəri olan müstəqil Azərbaycan Respublikasının təməl daşlarını qoyduğu ilk illərdə, məhz gənclərlə bağlı Fərman imzalamasını, gənclərin qurultayının çağırılmasını və onların mövcud problemlərinin dinlənməsini və operativ şəkildə öz həllini tapmasını böyük tarixi hadisə olduğunu bildirib: "Ulu Öndər Heydər Əliyev, siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, gənclər sahəsində də Ulu Öndər Heydər Əliyev siyasi xəttinə sadiq qalaraq, bu sahənin misilsiz inkişafına səbəb olmuşdur. Cənab İlham Əliyevin dəmir iradəsi, uzaqgörən siyasəti və gənclərə olan yaxın, dost münasibəti sayəsində bu gün Azərbaycan gəncliyi özünün "Qızıl Dövrünü" yaşayır".

 

"Bilirsinizmi, həqiqət müqayisədə ortaya çıxar" deyən Ə.Haqverdiyev qeyd edib ki, bugünkü gəncliyimizin imkanlarını özümüzdən əvvəl yaşamış nəsillərin gəncliyinin imkanları ilə bir tutmaq olmaz. Bu gün Azərbaycan gəncliyinin hər tərəfli qayğı ilə əhatə olunduğunu bildirib. Gənclərin böyük təhsil imkanları, dövlət idarə etməsində aktiv rolu onlara dövlətmiz tərəfindən yaradılan şəraitdir. İstər dövlət qulluğu olsun, istərsə də, seçkili orqanlarda gənclərin təmsil olunma faizinə görə Azərbaycan nəinki öz regionunda, eyni zamanda, bütün dünyada hörmətə layiq yerlərdən birinə malikdir.

 

Ə.Haqverdiyev qeyd edib ki, Azərbaycanın dünyanın ən sabit ölkələrindən biridir və dünyada sözünə etibar edilən, dünya miqyaslı layihələrin həyata keçirildiyi, etimad olunan dövlətlərdəndir: "Azərbaycan dünya miqyasında bir çox siyasət, iqtisadiyyat, idman və mədəniyyət sahələrində keçirilmiş tədbirlərə ev sahibliyi edib. Bu tədbirlərin hazırlanmasında, gələn qonaqların öz milli qonaqpərvərliyimizə uyğun qarşılanıb, yola salınmasında, dünyaya Azərbaycan brendinin tanıdılmasında, Azərbaycan həqiqətlərinin, Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin dünya birliyinə çatdırılmasında gənclərimizin rolunun çox böyükdür".

 

"Mən ötən il Gənclər Günü ilə bağlı Prezidentlə görüşün iştirakçısı olmuşam" deyərək, ötən bir ildə dövlət başçısının gənclərin qarşısında qoyduğu hədəflərə çatması üçün həm gənclər tərəfindən, həm də, dövlət orqanlarının onlara münasibəti nöqteyi-nəzərindən böyük dəyişiklik olduğunu bildirib: "Şəxsən Prezidentin könüllülüklə bağlı çağırışından sonra bir çox mərkəzi və yerli icra hakimiyyətləri və özəl təşkilatlarda könüllü gənclərə imkanlar yaradıldı. Bu prossesə qoşulmuş bir neçə gənc dostumuz, hətta işlə təmin olunmuşdur. Bunlar hamısı Cənab Prezidentin iradəsinin və gələcəyimizin təminatçısı olan gənclərə münasibətinin təcəssümüdür. Gənclərlə bağlı dövlətin həyata keçirdiyi növbəti uğurlu addım Cənab Prezident tərəfindən 2020-ci ilin "Könüllülər İli" elan olunması oldu. Əslində, dünyanın bəlkə çox az xalqının dilində könüllü sözü könül, ürək, qəlb sözü ilə bir bu qədər assosiasiya təşkil edir. Xalqımız müdrik və humanist xalqdır. Hər zaman təmannasız əldən tutmuş, yardım etmiş və ümid yeri olmuşdur. Lakin bu prossesi ümumxalq birliyinə, çağırışına çevirən Cənab Prezident, xüsusilə gənclərin könüllülüyə dəstək verməsini və faydalanmağını bir vəzifə kimi qarşımızda qoymuş oldu. Biz gənclər də, bu fürsətdən maksimum faydalanaraq, həm özümüzə, həm də cəmiyyətə faydalı ola bilərik".

 

Bir gənc olaraq, ona göstərilən etimadı da dilə gətirib: "Mən düz 13 il əvvəl ilk gənclik illərimdə Yeni Azərbaycan Partiyasına qoşularaq, bütün zamanlarda gənclər üçün ən böyük məktəbə, ocağa öz könlümü, könüllü olaraq, vermişəm. Bütün şəxsi inkişafım doğma partiyamın adı ilə bağlıdır. Daha sonra bir gənc kimi etimad göstərilib, doğma evim hesab etdiyim YAP Suraxanı rayon təşkilatında məsləhətçi vəzifəsinə təyin olunmuşam. Partiya rəhbərliyi tərəfindən Suraxanı rayonu Yeni Suraxanı Qəsəbə Bələdiyyəsinə namizədliyim irəli sürülüb və sakinlərin etimadı ilə bələdiyyə üzvü seçilmişəm. Bu, elə mənim simamda bir gəncin könüllülükdən karyeraya addımladığı yolu, qısa da olsa, təsvir etmiş olur. Dünyanın çox az ölkəsində qeyd edilən və Ulu Öndərin saysız- hesabsız töhfələrindən olan "Milli Gənclər Günü" münasibəti ilə hər bir Azərbaycan gəncini və özünü gənc hiss edən Azərbaycan vətəndaşlarını təbrik edirəm. Bu gün bu gözəl və Azərbaycan gəncliyinə məxsus bayram ərəfəsində, mən arzu edərdim ki, Azərbaycan gəncliyinin səsi təhsil ocaqlarından, elm-irfan ocaqlarından gəlsin. Azərbaycan gəncliyi xalqını ən yüksək zirvələrdə təmsil etmək qabiliyyətində olan bir gənclikdir. Arzu edirəm ki, gənclərimiz Ulu Öndərin arzularını gerçəkləşdirsinlər və dövlət başçımızın etimadını doğrultsunlar".