Davosda Azərbaycan zəfəri

Davosda Azərbaycan zəfəri
Davosda Azərbaycan zəfəri

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar beynəlxalq təşkilatlar və qlobal şirkətlər tərəfindən yüksək qiymətləndirilir

 

 

Yanvarın 22-dən İsveçrənin Davos şəhərində 49-cu ənənəvi illik Dünya İqtisadi Forumu başlayıb. "Qloballaşma 4.0: 4-cü Sənaye İnqilabı dövründə yeni arxitekturanın yaradılması” devizi altında təşkil edilən forumun proqramına aktual qlobal hadisələrə həsr olunan müzakirələr daxildir. Bununla bağlı fikirlərini bölüşən Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Karl Şvab bildirib ki, dünyada gedən sürətli dəyişikliklərlə bağlı beynəlxalq ictimaiyyət səylərini gücləndirməlidir.

 

 

Ölkəmizə maraq həmişə böyükdür

 

 

Beləliklə, qloballaşan müasir dünyanın əsas problemləri builki forumun diqqət mərkəzində olacaq. Dördüncü sənaye inqilabının özü ilə gətirdiyi çağırışlar ekologiyanın qorunması üçün tələblər, çoxqütblü dünya nizamı və getdikcə artan qeyri-bərabərliklə birgə addımlayır. Bütün bu inkişaf istiqamətləri qloballaşmanın yeni erasının təməlini təşkil edirlər. Buna görə də, yerli, milli və beynəlxalq idarəçilikdə vaxtında yeni şəraitə uyğun adekvat addımların atılması tələb olunur.

Xatırladaq ki, Davos Dünya İqtisadi Forumu hər il keçirilir və burada ölkələrin siyasi liderləri iştirak edir. İlk dövrlərdə Avropa İdarəetmə Forumu olaraq tanınan forum avropalı iş adamlarının ABŞ-da biznes həyatına uyğunlaşmalarını asanlaşdırmaq və Amerika üsullu kapitalizmin qaydalarını avropalılara öyrətmək məqsədini daşıyan seminarlar silsiləsi idi. 1970-ci illərin ikinci yarısından etibarən bu tədbirdə məşhur iqtisadçı, biznesmen və siyasətçilərin bir araya gəlməsi, onu əhəmiyyətli dünya məsələlərinin müzakirə edildiyi platformaya çevirdi.

Hazırda dövlət-özəl tərəfdaşlığına çalışan Dünya İqtisadi Forumu müstəqil və tərəfsiz beynəlxalq ictimai təşkilatdır. İllik toplantılarda bütün sektorları təmsil edən iştirakçılar həllərə yönəlmiş müzakirələr aparırlar. Beynəlxalq medianın iştirakı, televiziya və veb-yayımları sayəsində Davos İqtisadi Forumu geniş ictimaiyyətin diqqət mərkəzində olur.

49-cu forum 3 gün davam edəcək. Dünyanın 100-dən çox ölkəsinin dövlət və hökumət rəhbərlərinin dəvət olunduğu budəfəki tədbirdə 1000-dən artıq qlobal şirkətin rəhbər şəxsləri, beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, aparıcı media şirkətlərinin nümayəndələri iştirak edirlər.

Davos İqtisadi Forumunun əhəmiyyətini artıran mühüm göstəricilərdən biri də dünyanın bir illik iqtisadi gündəliyinin müəyyən edilməsidir. Bu işə Azərbaycan da öz töhfəsini verir. Çünki ölkəmiz artıq dünyada etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir. Forum çoxsaylı mövzular üzrə sessiyalardan ibarətdir ki, onların bir qismində müzakirə olunan mövzuların təməlində Azərbaycanın beynəlxalq əhəmiyyət kəsb edən məsələlərdəki aydın, dəqiq və konkret mövqeyi dayanır.

 

 

Azərbaycan dördüncü sənaye inqilabına doğru qətiyyətli addımlar atır

 

 

Diqqət çəkən başqa xüsusi məqam isə foruma qatılan siyasətçilərin və biznes dairələrin nümayəndələrinin Azərbaycanın dünyanın siyasi və iqtisadi sistemindəki rolunu yüksək qiymətləndirməsi, o cümlədən bəşəriyyəti narahat edən risklərin aradan qaldırılmasında ölkəmizin mövqeyi ilə hesablaşmalarıdır. Azərbaycanın malik olduğu potensial, enerji resursları daim Dünya İqtisadi Forumunun əsas diqqət ayırdığı məsələlər sırasına daxil olur. Ona görə neçə illərdir ki, Dünya İqtisadi Forumunda təmsil olunan Azərbaycana maraq həmişə böyükdür. Bunu Prezident İlham Əliyevin keçirdiyi görüşlər də təsdiq edir. Eyni zamanda Azərbaycanın beynəlxalq birlikdəki mövqeyi də Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüşlərin məzmunundan aydın hiss olunur.

Bu mənada Dünya İqtisadi Forumu hər il yanvar ayında Davosda baş tutan toplantısında Azərbaycanın təmsil olunmasında maraqlıdır.

49-cu Davos Dünya İqtisadi Forumunda iştirak edən Prezident İlham Əliyevin ilk görüşünü forumun prezidenti Borge Brende ilə keçirməsi də Azərbaycanın dövlət başçısına olan ehtiramın və ölkəmizə olan yüksək marağın göstəricisidir. Prezident İlham Əliyev növbəti dəfə Dünya İqtisadi Forumunda iştirakından və forumla Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə etdi. Forumun dünyada gedən transformasiya prosesinin yeni təmayülləri və çağırışların müzakirəsi baxımından əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Azərbaycanın öz inkişaf strategiyasını yenilənən beynəlxalq və regional təmayüllər nəzərə alınmaqla qurduğunu bildirdi.

Qeyd edək ki, Davosda Azərbaycan Hökuməti ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzi arasında ilk dəfə olaraq əməkdaşlığın təməli qoyuldu. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev və Dünya İqtisadi Forumunun prezidenti Borge Brende arasında əməkdaşlıq sazişinin təntənəli mübadiləsi həyata keçirildi. Prezident İlham Əliyev Azərbaycanın dördüncü sənaye inqilabının hədəflərinin həyata keçirilməsində çox fəal iştirak edəcəyini bildirib.

 

 

Səfərinin əsas məqsədi Prezident İlham Əliyevlə görüşmək olub

 

 

Prezident İlham Əliyevin Davosda keçirdiyi hər bir görüş bu səfərin də ötənilkilər kimi səmərəli və məhsuldar keçdiyini göstərdi. Çünki Prezident İlham Əliyevlə görüşənlər dünyaca məşhur, nüfuzlu və qabaqcıl şirkətlərin, təşkilatların rəhbər təmsilçiləridir. Azərbaycan Prezidentinin "Visa” şirkətinin prezidenti Rayan MakInerni, BP qrupunun baş icraçı direktoru Robert Dadli, "CISCO” şirkətinin icraçı vitse-prezidenti Gerri Elliott, "SAP SE” şirkətinin baş icraçı direktoru Bill MakDermot, Dünya Bankının baş icraçı direktoru Kristalina Georgiyeva, Rusiyanın "LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov, "Total” şirkətinin baş icraçı direktoru Patrik Puyannen, "Microsoft” şirkətinin vitse-prezidenti Mişel Van Der Bel, "Signify” şirkətinin (keçmiş "Philips Lightning”) baş icraçı direktoru Erik Rondolat, "Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel və "The Boston Consulting Group” şirkətinin prezidenti və baş direktoru Riç Lesser ilə görüşlərində ölkəmizlə birgə həyata keçirilən layihələrin əhəmiyyətindən, gələcək əməkdaşlıq perspektivlərindən söz açıldı.

Bu görüşlərdə diqqəti çəkən xüsusi məqam isə həmin şirkətlərin təmsilçilərinin Azərbaycan və Prezident İlham Əliyevlə bağlı fikirləri oldu. Məsələn, "Visa” şirkətinin prezidenti Rayan MakInerni bildirib ki, bu il onun Davosa səfərlərinin əsas məqsədi məhz Prezident İlham Əliyevlə görüşmək olub. O, nağdsız ödənişlərin inkişafı üçün Azərbaycanda tətbiq edilən vergi güzəştlərinin və digər təşəbbüslərin çox faydalı olacağını qeyd edərək, bunun başqa ölkələr üçün də nümunə olduğunu bildirib.

 

 

İslahatları aparan bacarıqlı lider amili

 

 

"CISCO” şirkətinin icraçı vitse-prezidenti və satış rəhbəri Gerri Elliott isə bildirib ki, Azərbaycan regionda şirkətin əməkdaşlıqda maraqlı olduğu ən mühüm dövlətlərdən biridir. Şirkətin layihələrinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Gerri Elliott hər bir dövlətin inkişafı üçün lazım olan üç əsas istiqaməti Azərbaycanda müşahidə etdiklərini vurğulayıb. Bu baxımdan Azərbaycanda islahatları aparan bacarıqlı liderin olmasının, konkret inkişaf planlarının mövcudluğunun, bu planların reallaşdırılmasını və dövlətin inkişafını təmin edəcək hədəflərə çatmaq üçün məsul qurumların müəyyənləşdirilməsinin ölkənin tərəqqisində əsas amillər olduğunu qeyd edib.

"SAP SE” şirkətinin baş icraçı direktoru Bill MakDermot Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların və Azərbaycanın inkişaf proqramlarının onlarda böyük maraq oyatdığını bildirib. Şirkətin artıq Bakıda ofis açdığını deyən Bill MakDermot Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin reallaşdırılmasında və rəqəmsal iqtisadiyyatın formalaşmasında "SAP SE” şirkətinin dəstək verməyə hazır olduğunu ifadə edib. Qeyd edib ki, şirkət həm dövlət sektorunda, həm də özəl sektorda rəqəmsal iqtisadiyyatın, ümumiyyətlə, rəqəmsallaşmanın inkişafına töhfə verə bilər. Azərbaycan dövlətinin başçısının həyata keçirdiyi iqtisadi siyasət onlarda bu inamı yaradır.

 

 

"Doing Business” reytinqinin tarixində ən uğurlu və böyük nailiyyətlərdən biri

 

 

Dünya Bankının baş icraçı direktoru Kristalina Georgiyeva Prezident İlham Əliyevi ölkədə aparılan uğurlu islahatlar və Azərbaycanın Dünya Bankının "Doing Business 2019” hesabatında 25-ci yerə yüksəlməsi münasibətilə təbrik edib. Bildirib ki, bu, Dünya Bankının "Doing Business” reytinqinin tarixində ən uğurlu və böyük nailiyyətlərdən biridir. O, bu uğurlu islahatların bundan sonra da davam etdirilməsinin önəmini vurğulayıb.

Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu bildirən Kristalina Georgiyeva onu da qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi struktur islahatlarının və iqtisadi islahatların əhəmiyyəti son illər dünyada iqtisadi artım sürətinin azalması fonunda daha da artmaqdadır. Onun sözlərinə görə, Dünya Bankı Azərbaycanda reallaşdırılan iqtisadi siyasəti və islahatları dəstəkləyir. Çünki bu islahatlar Azərbaycanda iqtisadiyyatın davamlı inkişafına, yeni iş yerlərinin yaranmasına mühüm dəstək verəcək.

Dünya Bankının baş icraçı direktoru onu da bildirib ki, Azərbaycan vaxtilə Dünya Bankından yardım alan ölkədən qısa müddətdə donor ölkəyə çevrilib. Bu da son iyirmi ildə Azərbaycanda bütün sahələrdə həyata keçirilən islahatların nəticəsində mümkün olub.

Vitse-prezident Mişel Van Der Bel dünyanın aparıcı texnoloji şirkəti olan "Microsoft”un Azərbaycanda həyata keçirilən layihələrə dəstəyinin bundan sonra da davam etdirəcəyini deyib.

 

 

Əlverişli biznes mühiti xarici şirkətləri həvəsləndirir

 

 

"Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel son illərdə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların müsbət nəticələr verdiyini vurğulayıb. Qeyd edib ki, ölkədə yaradılan biznes mühiti və investorlar üçün şərait başqa şirkətlər kimi, "Procter and Gamble” şirkətini də Azərbaycanda öz fəaliyyətini genişləndirməyə həvəsləndirir. Bu məqsədlə şirkət Bakıda fəaliyyətini böyütməklə Orta Asiya və digər region ölkələrinə öz məhsullarının satışını artırmaq marağındadır. Azərbaycandakı mövcud biznes mühiti bu şirkətin regional mərkəz kimi Bakını seçməsinə səbəb olub.

"The Boston Consulting Group” şirkətinin prezidenti Riç Lesser də Azərbaycanla əməkdaşlıqdan məmnun olduqlarını ifadə edib, ölkəmizdə keçirilən islahatları, yaradılan biznes mühitini və sürətli inkişafı dəstəklədiklərini bildirib.

Göründüyü kimi, öz qabaqcıl fəaliyyətləri ilə dünyada tanınan şirkətlərin rəhbərləri Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları yüksək qiymətləndirir və Azərbaycanda yeni layihələr həyata keçirməkdə maraqlı olduqlarını gizlətmirlər. Çünki həyata keçirilən son islahatlar Azərbaycandakı biznes mühitini, sərmayələrin yatırılmasını, yeni iqtisadi layihələrin həyata keçirilməsini daha da əlverişli edib. Təsadüfi deyil ki, məşhur şirkətlər də bunu görür, dəyərləndirir və Azərbaycanla əməkdaşlığa səy göstərirlər.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”