Deputat: Parlamentin yeni tərkibi köklü islahatların daha da dərinləşməsi işinə öz töhfəsini verəcək

Deputat: Parlamentin yeni tərkibi köklü islahatların daha da dərinləşməsi işinə öz töhfəsini verəcək
Deputat: Parlamentin yeni tərkibi köklü islahatların daha da dərinləşməsi işinə öz töhfəsini verəcək

Azərbaycan Prezidentinin apardığı dərin köklü islahatlar hər bir vətəndaşların ürəyincədir. Qanunverici orqan kimi Milli Məclisdə də dəyişikliklərin edilməsi və yeni tərkibin formalaşdırılması zərurət və zamanın tələbi idi. Fevralın 9-da keçirilən Milli Məclisə seçkilərdə ən layiqli namizədlər parlamentə üzv seçildilər. Yenilənmə həm parlamentin tərkibində, həm də rəhbərliyində, yəni, spiker və onun müavinləri, eləcə də komitə sədrlərinin formalaşması prosesində də özünü göstərdi. Parlamentin yeni tərkibi onu deməyə əsas verir ki, qanunverici orqan ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

O deyib: “Ölkəmizdə 2018-ci ildən start verilən köklü islahatların nəticəsi özünü çox gözlətmədi. Demək olar ki, bütün sahələrdə müsbət dəyişikliklər baş verdi. İnzibati dövlət, icra və idarəetmə orqanlarında kadr dəyişikliyi, gəncləşmə siyasətinin aparılması Azərbaycan vətəndaşları tərəfindən məmnunluqla qarşılandı. Vətəndaşları xüsusilə məmnun edən sosial sahədə reallaşdırılan layihələr oldu. Dövlətimizin başçısının apardığı islahatların nəticəsi olaraq insanların əməkhaqqının, pensiya və müavinətlərin məbləğinin artması əhalinin rifah halının yaxşılaşdırılmasına yönəldilib”.

Gənc deputat bildirib ki, Azərbaycan parlamenti tarixində ilk dəfə qadın nümayəndənin Milli Məclisin sədri seçilməsi ölkəmizdə qadın hüquqlarının qorunmasından, gender bərabərliyindən təmin olunmasından xəbər verir. Digər tərəfdən, Milli Məclisin yeni tərkibi çoxpartiyalılıq prinsipi əsasında formalaşıb. Sevindirici haldır ki, bitərəf və azlıqda olan partiyaların nümayəndələri də Milli Məclisin daimi komitələrinə üzv seçildilər.

“Altıncı çağırış Milli Məclisin ilk iclasındakı nitqi zamanı Prezident İlham Əliyevin dəyərli tövsiyələri bizə stimul verdi, işimizdə daha məsuliyyətli və çalışqan olmağa ruhlandırdı. Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, xalqın seçdiyi deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar. Prezident onu da qeyd etdi ki, Milli Məclisdə qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır. Təbii ki, iqtisadi inkişaf olmadan heç bir tərəqqidən, irəliləyişdən söhbət gedə bilməz. İqtisadiyyatın inkişafı həm də vətəndaşların rifah halının yaxşılaşdırılması üçün yeni imkanlar yaradır”, - deyə deputat vurğulayıb.

K.Nurullayeva qeyd edib ki, hər bir xalqın gələcəyi onun sağlam düşüncəli, dünyagörüşlü, Vətənə, dövlətçiliyə sadiq gənclərindən asılıdır. Prezident İlham Əliyev hər zaman gənclərə dəstək göstərir, onların idarəetmə və icra orqanlarında çalışmaları üçün şəraitin yaradılmasını təmin edir. 2020-ci ilin “Könüllülər ili” elan edilməsi də dövlətimizin başçısının gənclərə olan diqqət və qayğısının bariz nümunəsidir.

“İnanırıq ki, Milli Məclisin yeni tərkibi islahatlar kursunu əsas götürərək dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və müdafiəsi naminə normativ-hüquqi bazanın möhkəmləndirilməsinə öz töhfəsini verəcək”, - deyə K.Nurullayeva bildirib.