“DOST” mərkəzləri müasir Azərbaycanın siması kimi

“DOST” mərkəzləri müasir Azərbaycanın siması kimi
“DOST” mərkəzləri müasir Azərbaycanın siması kimi

Xalqımız “dost” sözünü, “dost” kəlməsini həmişə əziz tutur, dosta böyük hörmət, məhəbbət bəsləyir. Tarixinə, keçmişinə, dəyərlərinə hər zaman sadiq olan xalqımızın “dost” haqqında saysız-hesabsız atalar sözləri var ki, bunlar illərin süzgəcindən keçərək bu günümüzə qədər gəlib çatıb.

İnsanın dar günündə, sıxıntılı anlarında hər zaman yanında olacağı, sevincini, kədərini paylaşacağı, problemlərini birgə həll edə biləcəyi bir dosta ehtiyacı var. Təbii ki, hər kəsin bir dostu var. Bu gün hər bir Azərbaycan vətəndaşının etibar edəcəyi, sosial, məişət problemlərini bölüşərək həll edə biləcəyi “DOST”u var.

 

Məqsəd şəffaflıq və insanların rifah halının yaxşılaşdırılmasıdır

 

Xalqa ləyaqətlə xidmət etməyi hər zaman özünə şərəf sayan və ona arxalanan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial siyasəti insanların rifah halının yaxşılaşmasına, bu sahədə mühüm layihələrin həyata keçirilməsinə, ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına zəmin yaradıb. Sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsipinin qorunmasıdır. Dəfələrlə çıxışlarında siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayandığını vurğulayan dövlətimizin başçısı hər zaman Azərbaycan xalqının yanındadır və xalqın dəstəyinə arxalanır. Prezidentin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Ölkə başçısının “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsidir. Prezident İlham Əliyev “DOST” mərkəzinin açılış mərasimindəki nitqində bunu bir daha vurğuladı: “Sosial sahə hər bir ölkə üçün böyük önəm daşıyır. Azərbaycanda da bu sahəyə böyük diqqət göstərilir. Bizim siyasətimiz sosialyönümlü siyasətdir. Çalışırıq, bütün əlavə gəlirlərimizi sosial sahəyə yönəldək ki, vətəndaşların rifah halı daha da yaxşılaşsın, işsizliklə bağlı problemlər daha da yüksək səviyyədə həll olunsun və ölkəmizin dinamik inkişafı təmin edilsin”.

DOST Agentliyi Birinci vitse-prezident Mehriban Əliyevanın dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı və nəzakətlilik prinsipi və sadə prosedurlar əsasında təqdim olunması təşəbbüsünün nəticəsidir. DOST Agentliyinin yaradılması “ASAN xidmət”in müsbət tendensiyasının davam etdirilməsi məqsədini daşıyır. Bu cür mərkəzlərin yaradılması məşğulluğun artırılmasının, həm də ölkəmizin dayanıqlı inkişafının təmin olunmasına xidmət edir. Məqsəd həm də dövlət büdcəsinə artıq yük olan xidmətlərin ödənişli əsaslarla agentliklər vasitəsilə verilməsidir.

Bu il may ayının 9-da istifadəyə verilən ilk “DOST” mərkəzi gün ərzində 350 vətəndaşı qəbul etmək imkanına malikdir. İlkin mərhələdə Bakının Yasamal və Səbail rayonlarının əhalisinə xidmət edən mərkəzdə vətəndaşa “bir pəncərə” prinsipi ilə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində 126 xidmət göstərilir. Mərkəzdə 96 nəfər, “Gənc DOST” proqramı üzrə isə 50 könüllü fəaliyyət göstərir. Azərbaycan vətəndaşları mərkəzin məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri, həmçinin sosial-hüquqi, sosial-məişət xidmətləri, sosial-pedaqoji və s. sahələr üzrə xidmətlərindən rahatlıqla yararlana bilirlər. Beləliklə, mərkəz vətəndaşların nazirlik üzrə bütün xidmətlərdən “bir pəncərə”yə müraciət etməsinə və “bir pəncərə”dən faydalanmasına imkan verir. Mərkəz vətəndaşlara məsləhət və məlumat xidmətləri də göstərməklə, onların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərini həyata keçirir. Statistikaya görə, indiyədək 10 min vətəndaş “DOST” mərkəzinin fəaliyyətindən yararlanıb. Mərkəzdə il ərzində 100 mindən çox vətəndaşa xidmət etmək nəzərdə tutulur.

 

DOST – Azərbaycanın yeni brendi

 

“DOST” mərkəzləri əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 126 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən, əhatə dairəsi geniş olan, innovativ yenilikləri özündə birləşdirən nadir layihələrdəndir. Bu, “DOST” mərkəzlərinin ölkəmizin dövlət sosial xidmətləri sahəsində “ASAN xidmət”dən sonra Azərbaycanın yeni brendinə çevriləcəyini deməyə əsas verir. DOST Agentliyi mərkəzlər vasitəsilə "bir pəncərə" prinsipi ilə 2,8 milyon şəxsə xidmət göstərmək imkanına malikdir. Agentliyin 2019-2025-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 “DOST” mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. DOST Agentliyinin mərkəzi aparatında 315 nəfər, “DOST” mərkəzlərində kateqoriyasından asılı olaraq 50-100 nəfər xüsusi təlim keçən sosial agentlər və sosial işçilər fəaliyyət göstərir. “Gənc DOST” könüllülər proqramı əsasında könüllülər artıq işə başlayıblar. Hər mərkəzdə 30-50 könüllünün, gələcəkdə isə yaşlıların cəlbi də nəzərdə tutulur. Layihədə DOST Agentliyinin E-sosial portalı, E-pensiya və məşğulluq altsistemi də fəaliyyət göstərir. Mərkəzə hər gün 400-500 vətəndaş müraciəti qeydə alınır.

Milli Məclisin deputatı Kamilə Əliyeva deyir ki, insanların rifah halının yaxşılaşdırılmasına xidmət edən və onların məmnunluğunu təmin edən DOST Agentliyi və “DOST” mərkəzi məmur özbaşınalığının, korrupsiyanın qarşısını alır, vətəndaşların vaxta qənaət etmələrini təmin edir. Bu layihədə reallaşdırılan könüllülər proqramı gələcəyimizi etibar edəcəyimiz gənclərin həyatda özlərinə yer tapmalarında, karyeralarını qurmalarında, layiqli vətəndaş kimi yetişmələrində önəmli rol oynayır.

Dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət və islahatların nəticəsi olaraq vətəndaşların maddi rifah halı xeyli yaxşılaşıb, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sistemi təkmilləşdirilib, insan kapitalının və sosial infrastrukturun inkişafına nail olunub, yoxsulluq və işsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib. Təkcə onu demək kifayətdir ki, bu ilin birinci rübündə 3 milyondan artıq vətəndaşın rifahına mühüm dəstək olan layihədə minimum əməkhaqlarının və pensiyanın məbləği 40 faizədək, sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb. Ötən il şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 626 mənzil verilib, 265 nəfər isə avtomobillə təmin olunub. Bu ilin ötən dövründə 377 avtomobil artıq öz sahiblərinə təqdim edilib. Ümumilikdə götürdükdə, indiyədək müharibə əlillərinə 6521 minik avtomobili verilib. İlin sonunadək azı 800 mənzilin və 600 avtomobilin qeyd olunan kateqoriyalara aid şəxslərə verilməsi planlaşdırılıb.

2019-cu ilin ötən dövründə təqdim olunan iki sosial islahat paketinin reallaşması nəticəsində bu il minimum əməkhaqqı iki dəfəyə yaxın, minimum pensiya 72,4 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdləri orta hesabla 100 faiz artırılıb. Bu artım məcburi köçkünlərə verilən müavinətin, tələbələrin təqaüdlərinin artırılmasında özünü göstərib. Sosial paketdən problemli kreditləri olan vətəndaşlar da məmnun qalıblar.

Sosial sahədə bir önəmli təşəbbüs də özünüməşğulluq proqramıdır. Ölkəmizdə insanlar bu proqrama böyük maraq göstərirlər. Ölkə rəhbərinin təşəbbüsü ilə Dünya Bankı da bu işə cəlb edilib. Bankın maliyyə dəstəyi ilə bu il təqribən 10 minə yaxın vətəndaş özünüməşğulluq proqramı ilə əhatə olunacaq. Gələcəkdə bu işin miqyasının artması gözlənilir. Özünüməşğulluq proqramının qeyri-neft sektorunun, kənd təsərrüfatının, xidmət sektorunun inkişafı üçün çox mühüm əhəmiyyət daşıyır. Ötən il özünüməşğulluq proqramından 7267 ailə istifadə edib. Bu il 10 min ailənin bu proqrama qoşulması nəzərdə tutulur. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətləri hər bir sahədə özünü göstərir. Dayanıqlı İnkişaf Gündəliyindəki məqsədlərə nail olunması sahəsində ölkəmizdə məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Təsadüfi deyil ki, Azərbaycan BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən 8-ci məqsədin (Layiqli əmək və iqtisadi inkişaf) icrası ilə bağlı region üzrə fokus ölkə seçilib.

 

“DOST” mərkəzlərində gənclərin könüllü iştirakının təmin

olunması bu mərkəzlərin fəaliyyətində mühüm yer tutacaq

 

Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın regionun aparıcı dövlətlərindən birinə çevrilməsi, ölkəmizin dünya miqyasında nüfuzunun artması, yüksək səviyyəli beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsi, şəhər və regionlarımızın simasının gözəlləşməsi, eləcə də insanların maddi və mənəvi rifah halının yaxşılaşdırılmasında öz əksini tapıb. Bu siyasətin uğurlu nəticələrindən biri də DOST Agentliyinin və “DOST” mərkəzinin yaradılmasıdır. Necə deyərlər, innovasiya, yeni texnologiyalar, mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir. Hər zaman yeniliyi dəstəkləyən, gənclərə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin sözləri də bunu təsdiqləyir: “İslahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək.

Mən çox şadam ki, burada işləyənlərin demək olar, hamısı gənclərdir və gənclər üçün yaradılan şərait gələcəyə qoyulan sərmayədir. Çünki gənclər gələcəkdə ölkəmizi idarə edəcəklər, öz töhfələrini verəcəklər. Gənclər bilikli, savadlı, vətənpərvər və qayğıkeş olmalıdırlar. Əminəm ki, siz burada vətəndaşlara çox yüksək xidmət göstərəcəksiniz”.

Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas məqsədləri əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və əhalinin rifah səviyyəsinin yüksəldilməsidir. Bu istiqamətdə aparılan islahatlar, görülən işlər təqdirəlayiqdir və hər bir Azərbaycan vətəndaşı tərəfindən rəğbətlə qarşılanır. Çünki dövlətimiz vətəndaşının mənafeyinə xidmət edir.

Yazı Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim olunur.