Dünyada baş verən ən son hadisələr

Dünyada baş verən ən son hadisələr
Dünyada baş verən ən son hadisələr

Fransa parlamentinin aşağı palatası olan Milli Assambleya  polislə bağlı yeni qərar qəbul edib. Qərara əsasən son həftələrdə etiraz aksiyalarının yatırılmasında iştirak etmiş polis heyətinə 300 avro müavinət ödənəcək. Qərar 110 min nəfərə şamil olunur. Ayrılan vəsaitin ümumi məbləği 33.3 milyon avrodur. Sarı gödəkçəlilər hərəkatının şirkətlərə vurduğu maddi ziyanla bağlı da müxtəlif rəqəmlər səslənir.  Son 1 ayda keçirilən aksiyalarda ölkənin yol infrastrukturuina dəyən ziyan 10 milyon avronu keçib. “ASFA” assosiasiyasının məlumatına görə hesabat dövründə 33 texniki vasitə yandırılıb, 15 yol ötürücüsü sıradan çıxıb, minlərlə paqonmetr asfalt örtüyü zədələnib. Etirazlar başa çatdıqdan sonra yolçəkənlər min tonlarla zibili daşıyaraq utilizasiya etməli olacaqlar. Aksiyalarda ticarət mərkəzləri də ziyan çəkib. Böyük şəhərlərdə təxribatçıların iş yerlərini dağıtması və yandırması nəticəsində sahibkarlara dəyən zərərin miqdarı 2 milyard avrodan çoxdur. Dəmir yollarında isə qatarların dayanması və yoldəyişənlərin sıradan çıxarılması nəticəsində sektora bir neçə milıyon avro ziyan dəyib. Bu arada, Paris ətrafında yola nəzarət edən “Sarı gödəkçəlilər” barədə süjet hazırlayan, “France 3” televiziyasının əməkdaşı hücuma məruz qalıb. Metroda isə, polis odlu silah çıxaran sərnişini həbs edib. Strasburqda polis ötən həftə terror aktı törətmiş Şərif Şekkatın əmisi oğlu və daha 2 nəfəri həbs edib. Onlara qarşı qanunsuz odlu silah saxlama ittihamı irəli sürülüb.

Böyük Britaniya hökuməti razılaşmasız "Brexit" ehtimalı ilə bağlı hazırlıqları sürətləndirib 

Böyük Britaniya hökuməti ölkənin Avropa İttifaqından heç bir razılaşma əldə olunmadan çıxması ehtimalı ilə bağlı hazırlıqları sürətləndirməyə qərar verib. Bu addım Baş nazir Tereza Meyin “Breksit” planı ətrafındakı qeyri-müəyyənlik fonunda atılıb. Nazirlər Kabinetinin toplantısında qəbul olunmuş qərara əsasən ittifaqı razılaşmasız tərk etməyə hazırlaşmaqda kömək etmək məqsədilə dövlət qurumlarına 2,5 milyard dollar ayrılacaq. Tereza Meyin mətbuat katibinin sözlərinə görə Nazirlər Kabineti hesab edir ki, hazırkı vəziyyət razılaşmasız “Breksit”ə hazırlıqları sürətləndirməyi tələb edir. Ölkədə fəaliyyət göstərən şirkətlərə məktublar göndərilərək onlara bu cür ssenariyə hazırlaşmaqla bağlı tövsiyələr veriləcək. Bundan əlavə, gözlənilməz hallara hazır olmaq məqsədilə 3500 hərbçi yüksək hazırlıq vəziyyətinə gətiriləcək. Qeyd edək ki, Böyük Britaniya Avropa İttifaqını rəsmi olaraq 2019-cu il martın 29-da tərk etməlidir. Proqnozlara görə Britaniya qurumdan heç bir razılaşma əldə olunmadan çıxsa, bu, ölkə iqtisadiyyatına cox ciddi təsir göstərəcək. Böyük Britaniya Mərkəzi Bankı xəbərdarlıq edib ki, bu cür ssenari reallaşsa, ölkə iqtisadiyyatı bir il ərzində 8% geriləyə bilər.

Belçika kralı baş nazir Şarl Mişelin istefasını qəbul etməyib

Belçikanın baş naziri Şarl Mişel istefa ərizəsi ilə ölkə kralına müraciət edib. O, bu qərarını Belçika BMT-nin miqrasiya paktını imzaladıqdan sonra yaranmış siyasi böhranla əlaqələndirib. Ölkə kralı öz növbəsində Şarl Mişelin istefasını qəbul etməyib. Parlamentdə çıxışı zamanı  baş nazir miqrasiya sazişinə etiraz olaraq hakim koalisiyadan çıxmış müxalif “Yeni flamand alyansı” partiyası ilə razılığa gələ bilmədiyini  etiraf edib. Sosial Demokratlar və Yaşıllar partiyası isə parlamentdə hökumətə etimad səsverməsinin keçirilməsi təklifini irəli sürüblər. Qeyd edək ki, Şarl Mişel nazirlər kabinetində bir sıra dəyişikliklər edib.  2019-cu ilin mayında isə Belçikada parlament seçkilərinin keçiriləcəyi gözlənilir.

İspaniya Ali Məhkəməsində kataloniyalı separatçıların işi ilə bağlı ilk iclas keçirilib

İspaniya Ali Məhkəməsində kataloniyalı separatçıların işi ilə bağlı ilk iclas keçirilib. Qapalı keçən birinci iclasın gündəliyinə prosedur məsələləri daxil edilib. İş üzrə məhkəmə qarşısına 18 nəfər - Kataloniyanın sabiq yüksək rütbəli məmurları, siyasətçilər və ictimai xadimlər çıxarılıb. Qərarı 7 nəfərdən ibarət hakimlər kollegiyası verəcək. Ekspertlərin fikrincə,  məhkəmə prosesi 4-5 ay davam edəcək, hökm iyulun sonunda çıxarılacaq. Kataloniyalı separatçılar 2017-ci il oktyabrın 1-də Kataloniyanın İspaniyadan ayrılması ilə əlaqədar referendumun təşkilində və regionun müstəqilliyinin elan olunmasında ittiham olunurlar. Onların əksəriyyətinə qarşı qiyamda iştirak və büdcə vəsaitinin mənimsənilməsi maddələri üzrə ittiham irəli sürülüb. Referendum və onun nəticələri İspaniya Konstitusiya Məhkəməsi tərəfindən qanunsuz elan edilib. 

Kasablankada miqrant düşərqəsində yanğın baş verib

Mərakeşdə miqrant düşərqəsində qüclü yanğın baş verib. Yerli informasiya vasitələrinin məlumatına görə, insidentə qaz partlaması səbəb olub. Hadisə yerinə yanğınsöndürən briqadaları cəlb olunub. Kasablanka şəhərinin yaxınlığında yerləşən bu düşərgədə afrikalı miqrantların sığındığı bildirilir. Zərərçəkənlər barədə məlumat verilmir. 

Braziliyanın Manaus şəhərində güclü yanğın baş verib

Braziliyanın Amazonas ştatının Manaus şəhərində güclü yanğın olub. Nəticədə 600-dən çox ev külə dönüb, 2500 nəfərə yaxın insan isə evsiz qalıb. Bu yanğın öz miqyasına görə regionun tarixində 2-ci yeri tutur. Yanğının səbəbi hələ də müəyyən edilməyib. 

Sietl şəhərində tornado ciddi dağıntılara səbəb olub 

ABŞ-ın Sietl şəhərində tornado ciddi dağıntılara səbəb olub. Təbii fəlakətdən ən çox Kitsap dairəsi ziyan çəkib. Qasırğa azı 7 evin damını uçurub. Sakinlər evlərdən təxliyə ediliblər. Güclü külək elektrik naqillərini qırıb, onlarla ağacı aşırıb. Bundan əlavə azı 20 evin qaz təchizatında problemlər yaranıb. Kitsap dairəsinin şerifi  tornadonun əraziyə böyük həcmdə maddi ziyan vurduğunu bildirib.