Ermənistanda etirazlar səngimir

Ermənistanda etirazlar səngimir
Ermənistanda etirazlar səngimir

Ermənistanda etirazların ardı-arası kəsilmir. İşğalçı ölkənin eks-prezidenti Robert Köçəryan tərəfdarları bu dəfə İrəvan şəhər məhkəməsi  və baş prokurorluğun binası qarşısında etiraz aksiyası keçiriblər.

İrəvanda sabiq prezident Robert Köçəryanın tərəfdarları sabaha qədər fasiləsiz etiraz aksiyalarını davam etdirəcəklərinə qərar veriblər. Həmin vaxt qanlı “1 mart” hadisələrinə görə, 14 aydır həbsdə saxlanılan ölkənin 2-ci prezidenti Robert Köçəryanın məhkəmə prossesinin keçirilməsi nəzərdə tutulur. Etirazçılar  məhkəmənin baş tutacağı binanın qarşısında Köşəryanın xeyrinə qərar çıxarılması tələbi ilə şüarlar səsləndiriblər. Daha sonra  şəhərin mərkəzi ilə baş prokurorluğun binasına doğru yürüş ediblər. Onlar baş prokuror Artur Davtyanın  Köçəryanın sərəbəst buraxılması ilə bağlı yayılan məlumatların  cəfəngiyyat olması,  istintaqı hələ tamamlanmayan “1 mart” hadisələrində bir çox şübhəli və qaranlıq məqamların qalması barədə bəyanatlarını pisləyiblər.  Aksiyaçılar bəyan ediblər ki, hələ sentyabrın 4-də  Konstitusiya Məhkəməsinin qərarı ilə Köçəryan sərbəst buraxılmalı idi. Çünki, məhkəmə sədrinin çıxardığı qərarda açıq-aşkar bildirilirdi ki, “1 mart” hadisələri ilə bağlı eks-prezidentin əməllərində cinayət motivlərinin izləri qeydə alınmayıb”. Etirazçılar Baş nazir Nikol Paşinyandan  qanunlara hörmətlə yanaşmağı tələb ediblər. Onlar bildiriblər ki, Ermənistanın sabiq prezidenti Köçəryana qarşı tətbiq edilən sifarişli məhkəmə prossesləri dayandırılmalı və dərhal qeyri-şərtsiz azadlığa buraxılmalıdır. Köçəryanın tərəfdarları tələbləri yerinə yetirilənə qədər etirazlarını xarici ölkələrin diplomatik korpusları qarşısında oturaq aksiyalara davam etdirəcəklərini bildiriblər.  İşğalçı ölkədə Paşinyan komandası ilə “Respublikaçı”lar arasında da gərginlik artır. Sabiq prezident Serj Sakisyan tərəfdarları sosial şəbəkələr vasitəsilə Baş nazir Nikol Paşinyanın ünvanına sərt tənqidlər yağdıraraq erməni xalqını ayağa qalxmağa səsləyirlər. Növbəti dəfə sosial şəbəkələr vasitəsilə bu cür bəyanatla “Respublikaçı”lar partiyasının ən fəal üzvü eks-prezidentin qudası Mikayıl Minasyan edib. Sitat: “Təqribən il yarım  əvvəl  Ermənistanda demokratik inqilab yox, hakimiyyətin qanunsuz zəbt edilməsi baş verdi. Başda Paşinyan olmaqla bir qrup səriştəsizlər xalqı küçələrə tökərək yalan vədlər verməklə Ermənistanda qanunsuz olaraq hakimiyyəti ələ keçirdilər. Paşinyan və onun komandası ölkədə monarxiya idaraetmə üsulu yaradaraq birpartiyalı sistem qurub. Belə olmasaydı parlamentdə azı  bir-iki müxalifətyönümlü  partiya təmsil olunardı”. Sitatın sonu.  Minasyan erməni xalqını əsl inqilaba çağırıb.