Gələn il əmək pensiyası təyin edilərkən 25 il sığorta staji əlavə olunacaq

Gələn il əmək pensiyası təyin edilərkən 25 il sığorta staji əlavə olunacaq
Gələn il əmək pensiyası təyin edilərkən 25 il sığorta staji əlavə olunacaq

Pensiya, şəxsə onun pensiya hüququnun yarandığı gün təyin ediləcək. Həmçinin, onun sistemdə mövcud olan əlaqə vasitələrinin birinə pensiyanın təyin olunması, məbləği, ödəniş kartını əldə etmək üçün nə zaman və hansı banka müraciət etmələri barədə “sms” vasitəsilə  məlumat veriləcək.

Pensiya təyin olunması üçün vətəndaşın müraciətinə, onun fiziki iştirakına ehtiyac olmayacaq, ondan heç bir sənəd tələb edilməyəcək. Eyni zamanda, gələn il əmək pensiyası yaşına çatmış şəxslərin fərdi hesabında 2018-ci ilin 1 iyul tarixinədək pensiya kapitalı qeydə alınıbsa (məbləğdən asılı olmayaraq), onlara əmək pensiyası təyin edilərkən 2006-cı ilin  yanvarın 1-dək 25 il sosial sığorta stajı hesablanacaq. Əgər vətəndaşın 2006-cı ilədək faktiki sosial sığorta stajı 25 ildən çox olarsa, bu, nəzərə alınacaq.

2021-ci ildən isə qanuna əsasən müəyyən edilmiş yaş həddinə çatan şəxslərə əmək pensiyası təyin edilərkən 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı hər təqvim ili üçün bir il azaldılmaqla hesablanacaq. Məsələn, 2021-ci ildə həmin sığorta stajı artıq 25 il deyil, 24 il, 2022-ci ildə 23 il, 2023-cü ildə 22 il və s. hesablanacaq.

Əlillik qrupu müəyyən edilmiş şəxslərə isə əmək pensiyası təyin edilərkən onların 2006-cı ilədək olan sığorta stajı həmin dövrə aid əmək qabiliyyətli yaş dövrünün (15 yaşdan sonra) hər ili üçün 4 ay götürülməklə nəzərə alınacaq. Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən də bu qayda tətbiq ediləcək. 

2019-cu ildə 19,5 min nəfərədək vətəndaşın yeni dəyişikiklərlə bağlı əmək pensiyası hüququ əldə edəcəyi və onların gəlirlərinin 48 faiz artacağı gözlənilir. Ümumlikdə, bu islahatla bağlı gələn il təxminən 36 min nəfərin aylıq pensiyasında artım olacağı gözlənilir.

 “Əmək pensiyaları haqqında” Qanunda edilmiş dəyişiklik, ümumən ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsində növbəti mühüm addımdır.