Gökçən Acar: Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz fəxr edirik ki, azərbaycanlıyıq

Gökçən Acar: Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz fəxr edirik ki, azərbaycanlıyıq
Gökçən Acar: Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz fəxr edirik ki, azərbaycanlıyıq

Azərbaycanın nüfuzlu ali məktəbləri keçmiş sovet dövründə də xarici tələbələrin üz tutduğu məkanlardan olub. O dövrdə daha çox Əfqanıstan, Misir, Laos, Kuba, Hindistan, Vyetnam və digər ölkələrdən Azərbaycana təhsil almağa gələnlərin sayı-hesabı yox idi. Müstəqillik bərpa olunandan sonra isə bu sıraya Türkiyə və İran da daxil oldu.

 

Sentyabrın 17-də Türkiyənin İğdır şəhər Mədəniyyət Sarayında 1918-ci ildə Bakının erməni-bolşevik işğalından azad olunmasının 101-ci ildönümü münasibətilə təşkil olunan konfransın aparıcısı Gökçən Acar Azərbaycanda təhsil almış gənclərdəndir. Naxçıvan Dövlət Universitetində doktorantura təhsili alan Gökçən Acar Azərbaycan əsilli olmaqla bərabər tanınmış ictimai xadim, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acarın qızıdır. Türkiyənin şərq bölgəsindəki azərbaycanlılar barədə ən geniş bilgiyə sahib olan Ziya Zakir Acar saxta “erməni məsələsi”ndən doğan problemlərlə bağlı hər zaman ciddi çağırışlar edib. Məhz bunun nəticəsidir ki, onun qızı Gökçən Acar da Azərbaycan sevdası ilə yaşayır, davamlı olaraq Dağlıq Qarabağ münaqişəsi barədə Türkiyə ictimaiyyətini məlumatlandırır. Qeyd edilən konfransda Qafqaz İslam Ordusunun xilaskarlıq missiyası barədə müfəssəl məlumat verən aparıcının Azərbaycan, vətənimizin gözəlliyi, Qarabağ barədə söylədiyi şeirlər iştirakçıları duyğulandırdığı kimi qürurlandırdı da. Ölkəmizə bəslədiyi bitib-tükənməyən sevdasını görəndə Gökçən Acara “Müasir Azərbaycan sizi necə qarşıladı” sualı ilə müraciət etdim. O, isə “Azərbaycan hər zaman hamıya qonaqpərvər olub”, - deyə qısa bir cavab verdi və sonra bir az susub bir bənd şeir söylədi:

 

Ayrılmaz başımdan buraxmaz məni artıq,

 

Salamsız-sabahsız bir üzüntü.

 

Ürəyim min illik dastanlara bərabər,

 

Böyüyür Azərbaycan qədər.

 

Azərbaycan ürəyimdə bir şah damardır!

 

Müsahibim sözlərinə belə davam etdi: “Bizim dədə-babalarımız qədim torpağımız olan İrəvandan gəliblər. Kəndimiz Canfıda Araz çayının o biri tayındadır. Atam Ziya Zakir Acar və babam hər zaman o tayın həsrəti ilə yaşayıb, gördüklərini, bildiklərini, eşitdiklərini biz nəslin nümayəndələrinə danışıblar. Ailəmiz bu duyğularla böyüyüb. Hər zaman erməni cəlladların xalqımıza qarşı etdiyi ağır zülmlər barədə eşitmişik. Ona görə də Azərbaycan deyəndə ürəyimiz çırpınır. Atam Ziya Zakir babalarımızın yaşadıqları çətinlikləri, əzab-əziyyəti, ermənilərdən gördükləri işgəncələri, xəyanəti “İçimdəki acı” və “Görənlərin gözüylə İğdırda erməni qətliamı” kitabında yazıb. Biz bu duyğularla böyüdük. Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz fəxr edirik ki, azərbaycanlıyıq”.