“Heydər Əliyev və Azərbaycan tarixi”

“Heydər Əliyev və Azərbaycan tarixi”
“Heydər Əliyev və Azərbaycan tarixi”

Binəqədi rayonunda Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib. 

Konfrans iştirakçıları əvvəlcə ulu öndərin rayondakı  abidəsini ziyarət ediblər. Daha sonra ümummilli liderin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə ümummilli liderin 96-cı ildönümü ərəfəsində məktəblilər arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin keçirilməsinin təqdirəlayiq hal olduğu, bunun şagirdlərdə tarixə, mədəniyyətə diqqət və marağı artırmaq, onlara elmi araşdırma, tədqiqat aparmaq bacarığı aşılamaq məqsədi daşıdığı diqqətə çatdırılıb. Eyni zamanda, məktəblərdən göndərilən 5 mövzu üzrə 125 referatın təşkil edilən müstəqil komissiyaya  təqdim olunduğu bildirilib. Komissiya tərəfindən 5 ən yaxşı referat seçilib.     
Çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov ümummilli lider Heydər Əliyev dühasının Azərbaycan tarixində yeri və rolu, xalqı, dövləti qarşısındakı misilsiz xidmətləri barədə ətraflı bəhs edib. 
AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik  Vaqif Abbasov  dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrün çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindən olduğunu xüsusi vurğulayıb.  
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov çıxışında diqqətə çatdırıb ki, memarı və qurucusu ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikası möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti, müdrik rəhbərliyi nəticəsində bu gün regionun ən inkişaf etmiş ölkəsinə çevrilib.  
YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov  ulu öndərin gərgin əməyi və qətiyyəti sayəsində müasir Azərbaycan dövlətinin qurulduğunu, ölkəmizin dünya məkanında öz layiqli yerini tutduğunu xatırladıb.     
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxışında bildirib ki,  Azərbaycanın bugünkü inkişafı, ilk növbədə, xalqımızın ümummilli lideri Heydər Əliyevin yeritdiyi siyasi xəttin hazırda  uğurla  davam etdirilməsinin nəticəsidir. Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünüb,  Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirib.  
Sonda Bakı şəhəri üzrə keçiriləcək geniş elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilərə rayon icra hakimiyyəti başçısının fəxri fərmanı və hədiyyələr  təqdim olunub. Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanova məktəblilər tərəfindən xatirə olaraq Qarabağın rəmzi olan “Xarı bülbül” hədiyyə edilib.