İnamlı yüksəliş, davamlı tərəqqi

İnamlı yüksəliş, davamlı tərəqqi
İnamlı yüksəliş, davamlı tərəqqi

İlham Əliyevin yeni inkişaf konsepsiyasının uğurla icrası nəticəsində 2018-ci il də mühüm nailiyyətlərlə yadda qaldı

 

 

Geridə qoyduğumuz 2018-ci il Azərbaycanın ictimai-siyasi həyatında, daxili və xarici siyasətində mühüm uğurlarla yadda qaldı. İstər regionda, istərsə də qlobal iqtisadiyyatda baş verən proseslərə baxmayaraq, ölkədə həyata keçirilən sosial layihələrin heç biri dayandırılmadı. Azərbaycanın təşəbbüsü, iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşməsi istiqamətində atılan addımlar ölkəmizin nüfuzunun daha da yüksəlməsinə səbəb oldu.

 

 

Dərin iqtisadi islahatlar, inkişaf və sabitlik

 

 

Prezident İlham Əliyevin şəxsi təşəbbüsü, həmçinin Azərbaycanın iştirakçısı olduğu beynəlxalq layihələrin reallığa çevrilməsi, ölkə daxilində mühüm sosial-iqtisadi infrastrukturların inşası verilən vədlərin vaxtında yerinə yetirildiyini təsdiqləyən faktlardır.

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyev ötən ilin uğurlarını dəyərləndirərkən bu məsələlərə bir daha toxundu. Dövlət başçısı vurğuladı ki, dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq, ölkəmiz uğurla, sürətlə inkişaf edib, 2018-ci il tarixə dərin iqtisadi islahatlar ili kimi düşüb.

Azərbaycanı inkişaf, tərəqqi, sabitlik ölkəsi adlandıran Prezident respublikamızın daha böyük uğurlara doğru inamla addımladığını vurğuladı.

Əlbəttə, bütün bu işləri görmək üçün iqtisadi güc olmalıdır. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. Bütün uğurların da səbəbi məhz bu amildir.

 

 

İxrac idxalı üstələyir

 

 

Qazanılan uğurları dəyərləndirən cənab İlham Əliyev öncə regionların üçüncü sosial-iqtisadi inkişafı dövlət proqramının icrasına toxunaraq beşillik proqramın artıqlaması ilə yerinə yetirildiyini söylədi.

Bu proqram bölgələrdə infrastruktur layihələrinin icrasının daha sürətlə getməsinə, yüz minlərlə yeni iş yerlərinin, yeni sənaye müəssisələrinin yaradılmasına, kənd təsərrüfatının daha sürətlə inkişaf etməsinə təkan verib. Artıq regionların dördüncü sosial-iqtisadi inkişafı dövlət proqramı da hazırdır.

İxracla bağlı göstəricilər də yaxşıdır. Belə ki, ixrac 36 faiz artıb və ümumi rəqəmi götürsək, 19 milyard dollara çatıb. Xarici ticarət balansında müsbət saldo - yəni, ixracın idxalı üstələməsi 8,6 milyard dollar təşkil edir.

Bu da bir daha təsdiq edir ki, artıq ixrac idxalı üstələyir. Göründüyü kimi, ölkəmizə ixracla bağlı 8,6 milyard dollar pul daxil olub. Əgər buraya xarici turistlərdən gələn vəsaiti əlavə etsək, onda bu rəqəm bir qədər də artar. Əlavə edək ki, 2018-ci ildə Azərbaycana 2 milyon 850 min xarici vətəndaş gəlib. Bu, 6 faiz artım deməkdir. Aparılan hesablamalara görə, xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər.

Cənab İlham Əliyev bütün qazanılan uğurları qiymətləndirərkən vurğuladı ki, dünyanın istənilən ölkəsi bu göstəriciləri böyük qəhrəmanlıq kimi qəbul edə bilər, Azərbaycan üçün isə bu, adi haldır. Çünki Azərbaycanda düşünülmüş iqtisadi siyasət həyata keçirilir.

 

 

15 ildə 28 dəfə artan valyuta ehtiyatları

 

 

Ümumiyyətlə, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Çünki bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə, strateji valyuta ehtiyatları 28 dəfə, xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi isə 6 dəfə artıb.

Əldə olunan nailiyyətlər ölkədə sistemli şəkildə həyata keçirilən islahatlar nəticəsində iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi sayəsində mümkün olub.

Azərbaycan vətəndaşının, onun sosial qayğılarının, rifahının, sağlamlığı və təhlükəsizliyinin təmin olunduğu strateji xəttə uyğun olaraq əhalinin sosial müdafiəsinin güclənməsinə səbəb olan mühüm sosial layihələr reallaşdırılıb, yeni sosial obyektlərin tikintisi istiqamətində əhəmiyyətli işlər görülüb.

 

 

İqtisadi cəhətdən heç kimdən asılı olmayan ölkə

 

 

Bütün bunlar Azərbaycanın sosial-iqtisadi inkişafının əsas göstəriciləridir. Əlbəttə, bu, bir həqiqətdir ki, dövlətin qarşıya qoyduğu bütün vəzifələrin həyata keçirilməsi üçün iqtisadiyyat uğurla inkişaf etməli və bu istiqamətdə ardıcıl addımlar atılmalıdır.

Prezident İlham Əliyevin söylədiyi kimi, əgər bu gün Azərbaycanın güclü iqtisadi imkanları olmasaydı, bu layihələrin heç birini reallaşdırmaq mümkün olmazdı. Lakin ölkəmizdə heç bir sosial layihə indiyədək təxirə salınmayıb. Çünki Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil.

Bu gün İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı, fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü olan güclü dövlətdir.

Prezidentin söylədiyi kimi, iqtisadi baxımdan son illərdə Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur. İlham Əliyevin innovasiyayönümlü, yüksək rəqabətqabiliyyətli istehsala əsaslanan sosial-iqtisadi siyasəti Azərbaycan iqtisadiyyatını keyfiyyətcə yeni, daha yüksək mərhələyə çıxarıb və respublikamız dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən ölkəsi imicini qazanıb.

 

 

2019-cu ildə də bütün layihələr uğurla icra ediləcək

 

 

Ötən ilin uğurlarını dəyərləndirən dövlət başçısı yeni hədəflər və qarşıda duran əsas vəzifələrlə bağlı ciddi tapşırıq və tövsiyələrini verdi.

Prezident ölkədə qazlaşdırma, içməli su və yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində yeni-yeni layihələrin həyata keçiriləcəyini söyləyərək bildirdi ki, ötən il ölkədə qazlaşdırma 95 faizə çatıb, 920 kəndin yol infrastrukturu yaxşılaşıb, yeni yollar salınıb. Bu il yeni Sumqayıt-Rusiya sərhədi yolunun tikintisi üçün də böyük vəsait nəzərdə tutulub. Bu, sahil boyu ilə Rusiya sərhədinə gedən tamamilə yeni bir yoldur. Yəni, bu, şimaldan Rusiya sərhədinə gedən ikinci yol olacaq.

38 şəhərin içməli su məsələsi tam həllini tapıb. Hazırda 12 şəhərdə işlər gedir və yaxın gələcəkdə o şəhərlərin də içməli su ilə tam təminatı təşkil ediləcək. Bu il beş şəhərdə işlər başa çatacaq. Bu sahədə görülən işlər daim diqqət mərkəzindədir. İçməli su layihələrinin icrası insanların sağlamlığına verilən böyük töhfədir.

Cənab İlham Əliyev şəhid ailələrinin vərəsələrinə ödənilən vəsaitə də toxundu və bildirdi ki, bu günə qədər siyahıda 10 minə yaxın vərəsə var. Onların hamısına 11 min manat veriləcək. Eyni zamanda, siyahılara baxılır, dəqiqləşdirilir və bu məsələ ilə bağlı təkliflər də irəli sürülür: "Mən artıq bu barədə sözümü demişəm. Burada əlbəttə ki, sosial ədalət prinsipi əsas olmalıdır. Qanun və ədalət. Əminəm ki, biz bu istiqamətdə də istədiyimizə nail olacağıq. Yəni, bu təşəbbüs, bu addım bir məqsədi güdürdü ki, vaxtilə o vəsaiti almayan ailələr o vəsaiti alsınlar. Bunu da biz təmin edirik. Yenə də demək istəyirəm ki, siyahılar dəqiqləşdirilir və bu məsələ ilə bağlı bundan sonra da açıqlamalar veriləcək”.

Göründüyü kimi, uğurlu missiya davam edir. Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə, rifah halının daim yaxşılaşmasına yönələn bu yorulmaz fəaliyyət hər keçən il öz müsbət nəticələrini daha bariz göstərir.

Bütün bunlar Prezident İlham Əliyevin reallaşdırdığı strateji inkişaf kursunun uğurla həyata keçirilməsi və iqtisadiyyatın şaxələndirilməsi siyasətinin məntiqi nəticəsidir. Ötən il ölkə iqtisadiyyatı yüksək inkişaf dinamikasını saxlamağa müvəffəq olub, mürəkkəb xarici risklər və çağırışlar şəraitində yüksək dayanıqlılıq və sabitlik nümayiş etdirib.

Əldə edilən bu nailiyyətlər və reallaşmaqda olan yeni-yeni sosial-iqtisadi layihələr onu deməyə əsas verir ki, 2019-cu ildə də qarşıya qoyulan bütün vəzifələr uğurla icra ediləcək, Azərbaycan iqtisadiyyatı öz inkişaf dinamikasını qoruyub saxlayacaq.

"Azərbaycan”