Əli Əhmədov: Xaricdə yaşayan mühacir azərbaycanlıların etiraflarını onların dövlətimizlə əməkdaşlıq etmək istəyini yüksək qiymətləndiririk

Əli Əhmədov: Xaricdə yaşayan mühacir azərbaycanlıların etiraflarını onların dövlətimizlə əməkdaşlıq etmək istəyini yüksək qiymətləndiririk
Əli Əhmədov: Xaricdə yaşayan mühacir azərbaycanlıların etiraflarını onların dövlətimizlə əməkdaşlıq etmək istəyini yüksək qiymətləndiririk

“Xaricdə yaşayan bəzi mühacir azərbaycanlıların etiraflarını onların dövlətimizlə əməkdaşlıq etmək istəyini yüksək qiymətləndiririk . Biz istəyərdik ki, Azərbaycanın siyasi həyatında iştirak edən insanların hər biri ölkəmizin maraqlarına xidmət etsin və bu maraqları daim  uca tutsunlar, dövlətimizin maraqlarına uyğun fəaliyyət göstərsinlər”. Bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Əli Əhmədov bildirib ki, düzgün yolla hərəkət edən insanların fəaliyyəti  cəmiyyətimiz tərəfindən müsbət qiymətləndiriləcək. Digər tərəfdən, onların doğru yola gəlməsi  milli maraqlarımızın  daha da gücləndirilməsinə xidmət göstərəcək: “Ümummilli Liderimiz Heydər Əliyevin vaxtilə dediyi bu fikirlər  böyük məna kəsb edir  ki, kim müxalifətdə olmaq istətyirsə olsun, amma heç kim öz dövlətinə və xalqına müxalifətdə olmamalıdır. Bizim istəyimiz odur ki, əqidəsindən, siyasi dünyagörüşündən asılı olmayaraq hər bir azərbaycanlı ilk növbədə, Azərbaycan vətəndaşı  olduğunu dərk etsin, dövlətimizin maraqlarına xidmət etsin, davranışları ilə dövlətimizin adına ləkə gətirməsin, ölkəmizin imicinə zərər vurmasın. Bizim indiyə qədər müxalifətin bəzi təmsilçiləri ilə əlaqədar söylədiyimiz tənqidi fikirlərin kökündə bu dayanır ki, xidmət etdiyi hansısa maraqları Azərbaycan dövlətinin maraqlarından üstün tuturlar. Bundan savayı, bizim onları tənqid etməyimiz üçün hər  hansı səbəb yoxdur. Əgər bu yoldan çəkiləcəklərsə, normal və  konstruktiv mövqedə  olacaqlarsa, Azərbaycan iqtidarı, YAP onların fəaliyyətinə qarşı tənqidi fikirlər işlətməyəcəkdir. Düzgün yolda olanlara uğurlar arzulayıram”.

YAP Sədrinin müavini qeyd edib ki, dünyanın o ölkələrində sözün həqiqi mənasinda siyasi cəhətdən sabitlik olur ki, orada  müxalifət ölkənin maraqlarını uca tutur, buna uyğun fəaliyyət göstərir və hər hansı xarici qüvvənin əlində alətə çevrilmir: “Ölkəmizdə də siyasətlə məşğul olan insanlar yalnız və yalnız Azərbaycanın dövlət maraqlarına uyğun hərəkət etməlidir. Keçirilən seçkilərdə də bu amil əsasdır. Əks halda, başqa variantlar onlara uğur gətirə bilməz, əksinə siyasi uçuruma yuvarlanacaqlar”.