Mehriban xanım ƏLİYEVA: “Fəxr edirəm ki, belə qardaşlarım var”

Mehriban xanım ƏLİYEVA: “Fəxr edirəm ki, belə qardaşlarım var”
Mehriban xanım ƏLİYEVA: “Fəxr edirəm ki, belə qardaşlarım var”

Birinci vitse-prezident Aprel döyüşlərinin qəhrəmanlarına bu cür müraciət etdi

 

 

2016-cı ilin zəfərli Aprel döyüşlərində şəhid olmuş əsgər və zabitlərin ailələrinə, sağlamlığını itirmiş hərbçilərin səhhətinin yaxşılaşdırılmasına qayğı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Bu günlərdə Heydər Əliyev Mərkəzində savaş qəhrəmanları ilə keçirilən görüşdə onlarla səmimi söhbət etməsi, qeydlərinə qalması bir daha göstərdi ki, Aprel döyüşçülərinə qayğı Birinci vitse-prezidentin xalq və dövlət naminə çoxşaxəli fəaliyyətinin ayrılmaz hissəsidir.

Üç il əvvəli - Azərbaycanın birinci xanımının xalqımızın həyatındakı o günlərdə qələbə, qürur və bunları bizə bəxş edərək şəhidlik zirvəsinə yüksəlmiş oğullarımız üçün yaşadığımız kədər dolu olaylara münasibətini xatırlayaq. Heydər məscidində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından şəhid olmuş hərbçilərə ehsan verildi. Tədbirin rəsmi adı belə idi. Əslində isə Azərbaycanın birinci xanımı öz ciyərparasını itirmiş anaların, körpəsi atasız qalmış gəlinlərin dərdinə şərik çıxması, kədərini bölməsi və bütün bunlarla bahəm onlara təsəlli verməsi, vətən yolunda qəhrəmanlıq göstərmiş əzizləri üçün qürur keçirməli olduqlarını deməsi idi. Bunları deyərkən özünü də qəhər boğdu, kövrəldiyini gizlədə bilmədi. Bu da qadın, ana, bacı qəlbinə xas olan əlamətdir...

Çətin məqamda, kədərli anda hər kəsin yanında ən yaxın adamı olar. Dərdli insanın göz yaşını həmişə ya bacısı silər, ya da anası. Şəhid ailələrinin o çətin günündə Mehriban xanım bunu da etdi, böyük Analıq missiyasını bu dəfə də qəlbindən qaynaqlanan bir təbiiliklə yerinə yetirdi.

Bu il aprelin 3-də keçirilən görüşdə də Mehriban xanım Əliyeva savaş qəhrəmanlarına əsl Azərbaycan qadınına xas olan bacı canıyananlığı, bacı qüruru ilə onlara "qardaşım” dedi: "Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var. Mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır. Doğrudan da, Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetirib”.

Azərbaycanın Birinci vitse-prezidentinin bu sözləri öz bəhrəsini verən çoxsaylı əməli tədbirlərlə təsdiq olunur. Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi "2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsini xatırlatmaq kifayətdir. Belə ki, 2017-ci ildə Heydər Əliyev Fondunun və müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə yaradılan işçi qrupu 2016-cı il Aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabitlə görüşlər keçirib. Onlara fərdi yanaşma tətbiq olunub. Nəticədə əsgər və zabitlərin fərdi xüsusiyyətləri, onların aktivlik dərəcələri, həyat tərzləri, məşğuliyyətləri və protezlərə olan fərdi tələbləri təhlil edilib. Hərbçilər üçün dünyada müasir protez istehsalçısı olan ən qabaqcıl şirkətlərin yüksək texnologiyalı məhsulları seçilib.

Məsələyə tibbi baxımdan yanaşdıqda qeyd etmək lazımdır ki, bu protezlərin texniki imkanları amputasiya olunmuş hissə ilə hərəkət uyğunluğu yaradır. Bunun sayəsində ayaq, yaxud əl protezlə maksimum uyğunlaşır. İstifadəçi protezi bədəninin itirilmiş hissəsinin davamı kimi hiss edir, rahat addım ata, fəal hərəkət edə bilir.

Təqdirəlayiq haldır ki, Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı siyasətinə dəstək məqsədi daşıyan bu layihənin davamı olaraq keçən il və bu ilin əvvəlindən daha bir qrup əlil yüksək texnologiyalı protezlərlə təmin edilib. Ümumilikdə isə layihə çərçivəsində protezlərlə təmin olunan 100-dən çox Qarabağ müharibəsi əlili artıq fəal həyat tərzinə qayıdıb və əmək fəaliyyəti göstərir.

Bu il aprelin 3-də keçirilən görüşün iştirakçılarına Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müraciətində deyildiyi kimi: "Azərbaycan dövləti və xalqı üçün hər bir əsgər əzizdir, dəyərlidir. Sizin sağlamlığınızın bərpası və normal həyata qayıtmağınız üçün Azərbaycan dövləti bütün lazımi addımları atır və bundan sonra da atacaqdır”.

 

Flora SADIQLI,

"Azərbaycan”