QHT-lər Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət ünvanlayıblar

QHT-lər Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət ünvanlayıblar
QHT-lər Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət ünvanlayıblar

Hər il ölkəmizdə və dünyada yaşayan azərbaycanlılar tərəfindən geniş qeyd olunan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə, birliyin simvoluna çevrilib. Hər birimiz üçün doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məqsəd dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması olub. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsilə müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi, iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaranıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I qurultayı, 2006, 2011, 2016-cı illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının II, III, IV qurultayları keçirilib.

Azərbaycan dövləti daim xaricdə yaşayan soydaşlarımızın durumunu, problemlərini diqqətdə saxlayır, onların birliyi, qarşılaşdıqları çətinliklərin həlli üçün lazımi addımları atır, Vətənlə əlaqələrinin dərinləşdirilməsi və ümummilli məsələlərin həllində yaxından iştirakının təmin edilməsi istiqamətində irəli sürülən təşəbbüslərə dəstək verir. Sevindirici haldır ki, bu çalışmaların həyata keçirilməsində ölkəmizin aparıcı qeyri-hökumət təşkilatları, o cümlədən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası da aktiv şəkildə çalışır, müxtəlif layihələr, tədbirlər, aksiyalar, görüşlər və s. keçirməklə dövlətimizin siyasətinin həyata keçirilməsinə yaxından kömək olur.

100 yaşını qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasında 2018-ci il siyasi, iqtisadi, hərbi, təhsil, mədəni və s. sahələrdə əldə edilmiş müsbət nəticələrlə yadda qaldı. Dünyada gedən mürəkkəb geosiyasi proseslərə, müharibə və silahlı qarşıdurmalara, qaçqın və məcburi

köçkün problemlərinə, qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan Respublikası qarşıya qoyduğu böyük məqsədlərə doğru inamla irəliləyir. Bu çalışmalarda da ölkəmizin aparıcı QHT-ləri fəal rol oynayır, ən müxtəlif sahələrdə icra etdikləri layihələrlə inkişafa töhfə verirlər.

Qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş torpaqlarımızın azad olunması kimi mühüm bir məsələ dayanır. Azərbaycan dövləti, Prezident İlham Əliyev bu istiqamətdə aktiv siyasət yürüdür. Bizlər – QHT təmsilçiləri olaraq dövlətimizin bu sahədə gördüyü işlərə dəstək oluruq və olmaqda davam edəcəyik. Bu problemin tezliklə həll olunacağına, torpaqlarımızın işğaldan azad ediləcəyinə inanırıq.

İctimai təşkilatlar olaraq 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hər kəsi təbrik edir, qələbə sevinci, birlik, səadət, firavanlıq, sevinc dolu günlər aruzlayırıq.

 

“Gənclərin Töhfəsi” İctimai Birliyi

“Müasir İnkişaf” İctimai Birliyi

“Hilal” Sosial Araşdırmalar İctimai Birliyi

Müstəqil Mətbuat Mərkəzi

Dünya Gənc Türk Yazarlar Birliyi

“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi

Gəncliyə Yardım Fondu

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu

“Türk Dünyası İnfo” İctimai Birliyi

“Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi