Xoşməramlı missiya

Xoşməramlı missiya
Xoşməramlı missiya

Birinci vitse-prezident Mehriban xanım Əliyeva muğam sənətimizi dünyaya tanıtdı

 

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi "Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edildi.

Mehriban xanım Əliyevanın zəngin və çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycanın milli-mənəvi dəyərlərinin, qeyri-maddi irsinin qorunmasında və yalnız ölkəmizdə deyil, dünya miqyasında təbliğində böyük işlər həyata keçirilib. Onun təşəbbüsü və əməyi sayəsində Azərbaycan tarixində mühüm yer tutan, mədəniyyətimizin inkişafına öz bənzərsiz istedadları və vətənə sonsuz sevgiləri ilə misilsiz xidmətlər göstərmiş unudulmaz sənətkarlarımızın xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin təbliği istiqamətində görülən tədbirlər də təqdirəlayiqdir.

Elə Azərbaycan Bəstəkarlar İttifaqı da Mehriban xanım Əliyevaya mədəniyyətimizin inkişafında müstəsna xidmətlər göstərmiş dahi bəstəkar, müasir Azərbaycan musiqi sənətinin banisi, görkəmli musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə fəxri medalın ilk nüsxəsini təqdim etməyi qərara aldı.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2005-ci ildə Üzeyir Hacıbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə birinci muğam müsabiqəsi keçirildi. Bu mühüm tədbir sonrakı illərdə davam etdirildi. Belə ki, 2007, 2009, 2011, 2013, 2015 və 2017-ci illərdə də muğam müsabiqələri təşkil olundu. Müsabiqə qalibləri Heydər Əliyev Fondu tərəfindən mükafatlandırıldı. Diqqətə çatdıraq ki, muğamlarımızın qorunub saxlanılmasında, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılmasında, yeni ifaçılar nəslinin yetişdirilməsində bu müsabiqələrin əhəmiyyəti böyükdür.

Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2008-ci ildə dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş "Üzeyir dünyası” layihəsi işıq üzü gördü. Həmin nəşrə "Ömür salnaməsi”, "Üzeyir Hacıbəyli ensiklopediyası”, "Bədii və publisistik əsərlər” kitabları, "Leyli və Məcnun”, "Koroğlu” operaları və "O olmasın, bu olsun”, "Arşın mal alan” musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir. Həmçinin 2009-cu ildən etibarən ənənəvi olaraq bir çox ölkələrdən dünyaşöhrətli musiqiçiləri bir araya toplayan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil edilir.

2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmiş, Azərbaycan kino sənətinin əfsanəsi olan "Arşın mal alan” filmi bərpa edilərək rəngli versiyası hazırlandı.

Mehriban xanım Əliyevanın milli-mənəvi irsimizin qorunub saxlanılması, inkişafı və təbliği istiqamətində fəaliyyəti yalnız ölkəmizdə deyil, Azərbaycanın hüdudlarından kənarda da təqdir olunur. "Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən olan muğam sənəti bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcıdır”, - deyən Mehriban xanım muğam sənətimizi dünyanın ən nüfuzlu konsert salonlarına çıxartdı, bu sənəti təkcə Azərbaycanın deyil, dünyanınkı etdi.

Mehriban xanım Əliyevanın misilsiz fəaliyyəti, milli dəyərlərimizə qayğısı Azərbaycan muğamını UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil etdi.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun ölkəmizin görkəmli muğam sənətkarları ilə birlikdə reallaşdırdığı ilk layihə "Qarabağ xanəndələri” adlanırdı. Nəfis tərtibatla dinləyicilərin ixtiyarına verilmiş "Qarabağ xanəndələri” albomunun təqdimat mərasimində Mehriban Əliyeva demişdi: "Mən inanıram ki, bu albomla tanış olanda hiss etmisiniz ki, biz onu nə qədər məsuliyyətlə, digər tərəfdən də böyük məhəbbətlə hazırlamışıq. Heç də təsadüfi deyil ki, bizim ilk layihəmiz Qarabağ xanəndələrinə həsr olunmuşdur. Biz Qarabağ torpağının acısını, Azərbaycanın haqq səsini muğam vasitəsilə bütün dünyaya çatdırırıq”.

"Azərbaycan muğamı” və "Muğam aləmi” toplularının nəşri bu layihənin uğurlu davamına çevrildi. Çox keçmədi ki, belə xeyirxah niyyət, nəcib təşəbbüs Azərbaycan muğamına həsr olunmuş xüsusi ensiklopediyanı da ərsəyə gətirdi.

Mehriban xanım Əliyevanın təşəbbüsü və səyi nəticəsində 2008-ci ildə Bakının mərkəzində ucaldılan Beynəlxalq Muğam Mərkəzi ümumilikdə dünyanın çağdaş mədəniyyət tarixinin ən mühüm hadisələrindən biri oldu. Artıq on ildən çoxdur ki, bu mərkəzdə də Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin inkişafı və təbliğ olunması məqsədilə maraqlı layihələr həyata keçirilir.

Mehriban xanım Əliyeva "Muğam” adı ilə nəşr olunan, bu nadir sənətin - muğam sənətinin maarifçiliyi ilə məşğul olan jurnalın da yaradıcısı, naşiri, ilk müəllifidir.

O, hələ illər əvvəl "Azərbaycan İrs” jurnalında dərc olunmuş "Qarabağ muğamı” adlı məqaləsində bu mədəniyyət xəzinəsinin sirlərini, mətləblərini belə təsvir etmişdi: "Çoxəsrlik tarixə malik olan Azərbaycan muğamı, mütəxəssislərin rəyinə görə, Şərq intibahı çağında özünün çiçəklənmə dövrünü yaşamışdır. Sonrakı dövrlər bu sənətin mahiyyət və məzmununu əsla dəyişdirə bilməmişdir.

Bu gün də muğam bir tərəfdən keçmişdən bu günə yaşayan mənəvi sərvət, digər tərəfdən isə son dərəcə çağdaş sənət aləmi kimi bütün varlığı ilə yaşamaqdadır. Burada sənətin ənənə ilə qəti olaraq müəyyən edilmiş normaları və yaradıcılıq prosesindəki improvizasiya imkanları heyrətamiz bir vəhdət, ahəngdarlıq təşkil edir”.

Mənəvi aləmimizi zənginləşdirən, birliyimizi təmin edən, tariximizi və mədəni irsimizi ucaldan milli sərvətlərimizi qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu baxımdan Mehriban xanım Əliyeva millətin gələcəyinə hesablanmış xoşməramlı missiyanı uğurla davam etdirir, milli intibah prosesinə yeni və dəyərli töhfələrini verir.

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”