Yeni Azərbaycan Partiyası uğurlar partiyasıdır

Yeni Azərbaycan Partiyası uğurlar partiyasıdır
Yeni Azərbaycan Partiyası uğurlar partiyasıdır

Oktyabrın 4-də Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının ərazi ilk partiya təşkilatlarının sədrlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura, İdarə Heyətinin üzvləri, ilk partiya təşkilatının sədrləri və partiya fəalları iştirak ediblər.

 

Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov xalqımızın ümummilli lideri Heydər Əliyevin nurlu ideyalarının mükəmməl daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının müasir müstəqil Azərbaycan tarixində bugünkü yeri və rolundan danışıb. Vurğulayıb ki, partiyamız Heydər Əliyev ideyalarına əsaslanır, Heydər Əliyevdə əks olunan mənəvi gücü cəmiyyətimizə transfer edir. Ümumiyyətlə, partiyamız uğurlar partiyasıdır və ötən 26 il ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.

 

Daha sonra Hikmət Şikarov cari ilin dekabr ayında ölkəmizdə növbəti bələdiyyə seçkilərinin keçiriləcəyini deyərək partiyamızın bu siyasi kampaniyaya ciddi şəkildə hazırlaşdığını diqqətə çatdırıb. YAP Pirallahı rayon təşkilatının inzibati binasında seçki qərargahının yaradıldığını və bu işlərdə ilk partiya təşkilatlarının səfərbər olunmasının vacibliyini bildirib: “Seçki məntəqələrində məşvərətçi və müşahidəçilərin seçilməsi istiqamətində işlərə başlanılıb. Namizədlərin müəyyən olunmasında partiya sıralarında xüsusi fəallıq göstərən gənclərə üstünlük veriləcək.”

 

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı aparatının məsləhətçisi, sosial şəbəkələrlə işin əlaqələndiricisi Vüqar Nəsirov bildirib ki, bu gün sosial şəbəkələrin imkanlarından düzgün olmayan şəkildə istifadə edilir: “Müxalifətin əsas məqsədi cəmiyyətdə qarışıqlıq yaratmaq, Azərbaycandakı sabitliyi pozmaqdır. Təbii ki, onların arxasında bəzi xarici dairələr dayanır. Həmin insanları maliyyələşdirənlər sırasında erməni lobbisi xüsusi yer tutur. Biz partiya fəallarının üzərinə düşən vəzifə isə bu cür anti-milli ünsürlərlə sosial şəbəkələrdə mübarizə aparmaqdır.”

 

İclasın sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.