Yüksəliş və inkişafın təməli

Yüksəliş və inkişafın təməli
Yüksəliş və inkişafın təməli

Hər bir dövlətin taleyində mühüm əhəmiyyət daşıyan tarixi günlər olur və həmin günlər xalq tərəfindən böyük təmtəraqla qeyd edilir. 25 il əvvəl müstəqil Azərbaycanın da tarixində belə bir xoş gün yaşanıb. Tariximizin taleyüklü hadisələrlə əlamətdar olan belə günlərindən biri "Əsrin müqaviləsi”nin imzalandığı gündür.

 

25 il öncə - 1994-cü ildə Azərbaycanın iqtisadi inkişaf konsepsiyasına, neft salnaməsinə qızıl hərflərlə yazılan "Əsrin müqaviləsi” dahi şəxsiyyət Heydər Əliyevin yeni neft strategiyasının təntənəsi kimi yaddaşlara əbədi həkk olundu. 4 dildə tərtib olunmuş 400 səhifəlik bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər sırasına düşdü.

 

171 il öncə - 1848-ci ildə sənaye üsulu ilə neft hasil edən ilk ölkə Azərbaycan sonrakı iki əsrdə də qlobal neft aktoru kimi ümumdünya əhəmiyyətini qorudu. XX yüzilliyin sonunda imzalanan "Əsrin müqaviləsi” sayəsində yeni dünya düzəninin neft xəritəsinin əsas memarları sırasına daxil olan ölkəmiz XXI əsrə Avropanın əsas enerji təhlükəsizliyi təminatçılarından biri statusu ilə qədəm qoydu.

 

Azərbaycanın neft sənayesi böyük inkişaf yolu keçsə də, xalqımız yalnız XX əsrin sonralarında, müstəqillik qazandıqdan sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanıb və bu, Ulu Öndər Heydər Əliyev dühası ilə reallığa çevrilib.

 

Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində "Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə çıxış edən Prezident İlham Əliyev bu tarixi uğuru belə qiymətləndirib: "Əsrin kontraktı” Ulu Öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır. Məhz Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başlamışlar. "Əsrin kontraktı”nın imzalanması nəticəsində on minlərlə yeni iş yeri yaradılmışdır. Azərbaycanda minlərlə şirkət bu kontraktın icrasında podratçı kimi fəaliyyət göstərir. Yəni "Əsrin kontraktı”nın çox böyük faydası var”.

 

Müstəqillik tariximizin ilk illərində neft və qaz hasilatının artırılmasına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərinin aradan qaldırılmasında əsas vasitələrdən biri kimi baxılırdı. Belə bir şəraitdə xarici şirkətlərin və investorların ölkəmizə cəlb olunması strateji zərurətə çevrilmişdi. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı ölkəni bürümüş daxili ziddiyyətlər, özbaşınalıq böyük neft şirkətlərini Azərbaycandan çəkindirirdi. Eyni zamanda aparılan danışıqlarda Azərbaycanın iqtisadi maraqları tam təmin olunmurdu.

 

Azərbaycan neftinə maraq göstərən xarici neft şirkətləri ilə aparılan danışıqlar 1993-cü ilin yazında başa çatmaq üzrə idi. Həmin dövrdə Azərbaycan elə bir müqavilənin imzalanmasına yaxınlaşmışdı ki, o nəinki xalqın mənafelərini nəzərə almır, həmçinin ölkənin qiymətli təbii sərvətini talan edərək iqtisadiyyata böyük ziyan vura bilərdi.

 

Ancaq xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu.

 

Neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi.

 

Prezident İlham Əliyev aparılan danışıqlar prosesini belə xatırlayır: "Mən danışıqların son mərhələsini yaxşı xatırlayıram. Amerikanın Hyuston şəhərində bir aydan çox danışıqlar gedirdi. Bu danışıqlar həlledici rol oynamışdır. Kontraktın qüvvəyə minməsi Azərbaycanı yeni inkişaf yoluna çıxardı və bu gün "Əsrin kontraktı” bizim neft sənayemizin inkişafında öz rolunu oynayır. İki il bundan əvvəl kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması göstərir ki, 1994-cü ildə nə qədər düzgün qərar qəbul edilmişdir”.

 

1994-cü il sentyabrın 20-də "Gülüstan” sarayında dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, SOCAR, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) ilə müqavilə imzalandı. Bu saziş müstəqil Azərbaycanın yeni tarixinin şanlı səhifəsini açdı.

 

Ulu Öndər Azərbaycanı məhvolma təhlükəsindən xilas etməklə bərabər, neft sənayesini də böhran və tənəzzüldən qurtardı. Bununla da müstəqil dövlətimizin yeni neft strategiyasının və doktrinasının əsası qoyuldu.

 

1995-ci ilin fevralında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradıldı. 1997-ci il noyabrın əvvəlində isə "Əsrin müqaviləsi” çərçivəsində "Çıraq” platformasından ilkin neft alındı və hasilat başlandı. Bu, Azərbaycanın yeni neft strategiyasının uğurlarının əsası oldu. 1998-ci ildə neftimiz Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlandı. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi. "Çıraq” yatağından hasil olunan neftin Supsa limanından ixracı ilə Azərbaycan nefti ilk dəfə olaraq 2 istiqamət üzrə dünya bazarlarına çıxarılmağa başlandı. 2002-ci ildə Ülu Öndər Heydər Əliyevin şəxsən iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu və 2006-cı ilin mayında Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı.

 

Bir sözlə, Ulu Öndər Heydər Əliyev böyük bir missiyanı uğurla həyata keçirdi, bununla da "Əsrin müqaviləsi”ni respublikamızın tarixinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazdı. Əlbəttə ki, 25 il öncə imzalanan neft müqaviləsi məhz Heydər Əliyevin nailiyyəti, onun əzmkarlığının nəticəsi idi. Yeni yaranmış dövlətin gələcəyinə, sabitliyinə böyük və haqlı şübhə ilə yanaşan fövqəlgücləri Azərbaycanın inkişafının lokomotivinə çevriləcək bir kontraktda birləşdirmək bacarığı sayəsində Ulu Öndər bütün uğurlarımızın səbəbkarına çevrildi. Dünyanın fövqəlgücləri hesab etdiyimiz dövlətlər dahi liderə güvənərək Azərbaycanın tərəfdaşına çevrildilər, onun iqtidarına dəstək verdilər.

 

"Əsrin müqaviləsi”ndən tam 23 il sonra, 2017-ci il sentyabrın 14-də Bakıda daha bir mühüm tarixi hadisə baş verdi. Müstəqil siyasətin təməl daşı hesab olunan bu müqavilənin ildönümünə təsadüf edən təntənəli gündə yeni saziş imzalandı. Azərbaycan hökuməti və Dövlət Neft Şirkəti (SOCAR), "BP”, "Chevron”, "Inpex”, "Statoil”, "ExxonMobil”, "TP”, "Itochu” və "ONGC Videsh” şirkətləri ilə birlikdə "Azəri”, "Çıraq” yataqları və "Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş, yenidən işlənmiş saziş bağladı. Bu, "Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan saziş idi. Yeni saziş ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödənilməsini şərtləndirdi. Həmçinin SOCAR-ın payı 11,6 faizdən 25 faizə yüksəldi və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil etdi.

 

Həmin mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirdi ki, "Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu gün bütün Azərbaycan xalqı bu sazişin gözəl nəticələrini öz həyatında görür. Yeni imzalanan saziş isə 1994-cü ildə imzalanan sazişdən daha da böyük miqyaslıdır. Dövlət başçısı "Əsrin müqaviləsi”nin 23 il ərzində ölkəmizə çox böyük siyasi, iqtisadi dividendlər qazandırdığını vurğulayaraq dedi ki, bu müqavilə neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəltməyə real imkanlar verəcək.

 

XXI əsrin müqaviləsi ilə Azərbaycan Avrasiya məkanında malik olduğu əlahiddə iqtisadi və geosiyasi mövqeyinin azı daha 30 il davamlılığını təmin etdi. Həmçinin böyük neft-qaz ixracatçısı kimi gələcək inkişafın yeni etibarlı bünövrəsini formalaşdırdı.

 

Əgər "Əsrin müqaviləsi” Azərbaycanın dünya birliyində müstəqil siyasət yürütməsi üçün real zəmin yaratmış oldusa, "Yeni Əsrin Müqaviləsi” ölkəmizin sosial-iqtisadi inkişafı, dünyada söz sahibinə çevrilməsi istiqamətində bazis rolunu oynadı. Cənab İlham Əliyevin imza atdığı bu müqavilə tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın tərəqqisinin lokomotivi oldu.

 

Artıq 25 ildir ki, "Əsrin müqaviləsi” Azərbaycanın iqtisadiyyatının və xalqın rifahının yüksəlməsinə xidmət etməkdədir. Bu layihənin ən böyük əhəmiyyəti Azərbaycana böyük maliyyə ehtiyatlarının gəlməsi, bunun hesabına iqtisadiyyatının dinamik inkişaf etdirilməsi, insanların rifah halının yaxılaşması, ölkədə infrastrukturun yeniləşməsidir. 25 il öncə imzalanan müqavilə bu gün də öz aktuallığını göstərməkdədir. Məhz Azərbaycan Prezidentinin dərindən düşünülmüş neft strategiyası nəticəsində ölkəmiz regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa ilə Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan dövlətə, dünyanın əsas neft-qaz ixracatçısına çevrilib.

 

Dövlət başçısı bu uğurları dəyərləndirərkən qeyd edib ki, bu gün Azərbaycan yeni müqavilələr imzalayır, ölkəmizin neft-qaz sənayesinə böyük maraq var. Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində, enerji sahəsində böyük uğurlar əldə edib.

 

Bundan sonra da neftin satışından əldə ediləcək gəlirlər ilk növbədə, sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək ki, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edilsin.

 

Cənab İlham Əliyevin məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsinə, iqtisadi tərəqqisinin təmin edilməsinə yönəldilib.

 

Bu gün beynəlxalq aləmdə kifayət qədər tanınan, dünya birliyində siyasi, iqtisadi qüdrəti ilə fərqlənən, beynəlxalq əməkdaşlıq arenasında inam və etibarı artan, müstəqil siyasət aparan, çox yüksək və müsbət nüfuza malik olan Azərbaycanın 49 milyard dollar valyuta ehtiyatları var. İqtisadiyyatımız dinamik şəkildə inkişaf edir, neft-qaz amilindən asılılığın azaldılması istiqamətində çox önəmli addımlar atılmaqdadır. Ötən 25 ildə ölkə iqtisadiyyatına yatırılan 263 milyard dollarlıq investisiya da təsdiq edir ki, Azərbaycan Cənubi Qafqazda əlverişli biznes məkanı və ən etibarlı tərəfdaşdır.

 

R.BAXŞƏLİYEV,

 

"Azərbaycan”